14 Mart 2025

Cümə, 22:41

ZİNTANLA MİSURATANIN MÜHARİBƏSİ

Liviya parçalanma və dövlətçiliyin itirilməsi təhlükəsi ilə üzləşib

Müəllif:

05.08.2014

Liviya yenə dünya birliyinin diqqət mərkəzindədir. Müəmmar Qəddafinin devrilməsindən sonra hələ də özünə gələ bilməyən ölkə vətəndaş müharibəsinin yeni fazasını yaşayır və bu faza dinc əhali arasında qurbanların sayının çoxluğu ilə müşayiət olunur.

Bir vaxtlar diktator M.Qəddafi ölkəni nəzarətdə saxlayırdı və Liviya vahid dövlət idi. Amma Cəmahiriyyənin devrilməsindən sonra Qərbin bu ölkədəki hərbi əməliyyatları nəticəsində Liviya artıq üçüncü ildir dağılmağa doğru gedir. 

Şübhə yoxdur ki, Qəddafini devirən dünya qüvvələri bilərəkdən və ya bilmədən Liviyanın bütün dövlət sisteminin yaşamasını təmin edən hava yolunu, sanki qapatdılar. Və əslində, bu gün sürətlə uçuruma doğru yuvarlanan, xaos və vətəndaş müharibəsinə sürüklənən Liviya buna görə məhz onu Qəddafi tiraniyasından xilas etmiş ABŞ, Fransa, Böyük Britaniya və digər Qərb dövlətlərinə "minnətdar olmalıdır".

Beləliklə, hələ 10 il əvvəl sosial orientasiyalı iqtisadiyyata malik və ən sabit inkişafda olan ərəb dövləti sayılan Liviya bu gün hansı vəziyyətdədir? Ölkə sanki ərazi-tayfa prinsipi ilə qurulmuş və bir-biri ilə ölüm-dirim savaşına qalxmış saysız-hesabsız silahlı qruplaşmaların ixtiyarına verilib. Və bu mübarizə bu ilin martında baş nazir Əli Seydanın vəzifədən uzaqlaşdırılmasından sonra daha da güclənib. Yeni hökumətin formalaşdırılması Əbdül ət-Taniyə həvalə edilsə də, nazir postları uğrunda savaşan müxtəlif qüvvələrin təzyiqi altına düşən bu siyasətçi missiyanın öhdəsindən gələ bilmədi. Ən kəskin mübarizə müdafiə naziri postu uğrunda başladı. İslamçı radikallar bu posta Abdel Hakim Belhacinin təyin olunmasını tələb edirdilər. Ət-Taninin bu şantajı rədd etməsinə cavab olaraq, baş nazirin evi atəşə tutuldu. Beləliklə, Müvəqqəti hökuməti formalaşdırmağı bacarmayan Ət-Tani geri çəkilməli oldu.

Bundan sonra deputatlar radikal islamçılarla sıx təmasda olan Əhmət Matikin baş nazir seçilməsinə səs verdilər. Yeni baş nazirin təsdiq edilməsi prosedurun bütün qayda və normalarının pozulması ilə keçirilməsi, Liviyadakı daxili siyasi xaosun əsl səviyyəsini göstərdi. Məsələ ondadır ki, Əhməd Matikin baş nazir seçilməsi üçün tələb olunan 120 deputat səsi olmadığı halda, spiker islamçıların namizədini şəxsən təsdiqlədi.

Və belə bir şəraitdə meydana radikal islamçılara müharibə elan etmiş general Xəlif Xaftar çıxdı. General hərbi komandanlığın yüksək rütbəli nümayəndələrinin, həmçinin nüfuzlu siyasətçilər Mahmud Cibriyil və Əli Zeydanın da dəstəyini almağı bacardı. Bu qüvvələr Əhməd Matikin legitimliyini tanımaqdan imtina etdilər. Analoji mövqe tutan Konstitusiya Məhkəməsi də Ə.Matikin seçilməsini qeyri-qanuni elan etdi. General Xəftar islamçılara qarşı hərbi əməliyyatları genişləndirərək, onların əsas dayağı olan Benqaziyə hücuma keçdi. General bu əməliyyatı "Liviyanın şərəfi" adlandırdı.

İyunun 25-də Liviyada keçirilən parlament seçkiləri "Müsəlman-qardaşlar"ın və onların müttəfiqlərinin mövqelərinə böyük zərbə oldu - onlar 200 deputat mandatından cəmi 25-ni əldə etdilər. "Konstitusiya bəyannaməsi"nə əsasən, islamçıların nəzarətində olan Ümummilli Konqresin səlahiyyətləri yeni parlamentə - Nümayəndələr Palatasına keçəcək. 

Məlum oldu ki, Nümayəndələr Palatası islamçıların qəbul etdiyi qanunvericiliyə dəyişiklik edəcək və qüvvələr balansını onların əleyhinə dəyişəcək. Hakimiyyətin yeni parlamentə keçməsi ərəfəsində islamçılar yeni qanunverici orqanın inauqurasiyasını pozmaq üçün hərbi əməliyyatları aktivləşdirdilər.

"Ərəb inqilabı"nın qalib gəldiyi ölkədəki vətəndaş münaqişəsini nisbi olaraq Zintan və Misurata arasında müharibə də adlandırmaq olar. Bir-biri ilə savaşan bu "briqada"ların adları onların silahlı birləşmələrinin yerləşdiyi şəhərlərin adlarından götürülüb. Misuratanın əsas qüvvəsi Saleh Badinin rəhbərliyi altındakı islamçı dəstələrdir. Zintan isə "Kaakaa" və "Savak" hərbi birləşmələrinə arxalanan və general Xəlif Xaftarı dəstəkləyən "liberallar"dan ibarətdir.

Geniş mənada götürsək, Zintan və Misurata arasındakı müharibə "liberal" Tripoli ilə "islamçı" Benqazi arasında hələ Qəddafinin devrilməsi zamanı başlanmış qarşıdurmanın davamıdır. Liviya daxilindəki bu münaqişə yalnız ideoloji (dünyəvi və klerikal dairələr) deyil, həm də regional, tayfa, etnik ziddiyyətlərdən doğur. Çünki Liviya demoqrafik baxımdan çox "zəngin" dövlətdir.

Hazırda əsas döyüşlər Tripoli hava limanı və Benqazi uğrunda gedir. Tripoli hava limanını müdafiə edən Zintan qüvvələrinə Murzuk şəhərindəki tubu tayfası da dəstək verməyə hazırlaşır. Tripoliya hücum edən islamçılara qarşı çıxan tubunun Hərbi Şurasının rəhbəri Bark Varduqu xəbərdarlıq edib ki, "biz dövlətçiliyi məhv etmək istəyən qüvvələrin əməllərini kənardan izləmək niyyətində deyilik".

Benqazi uğrunda döyüşlər isə general Xəftarın qoşunları ilə islamçı dəstələr arasında gedir. İslamçılar daxilində iki qanad var: "Müsəlman-qardaşlar" və "Əl-Qaidə"yə yaxın hesab edilən "Ənsar əş-Şaria" ("Şəriət tərəfdarları") təşkilatından olan sələfilər. General Xəftarın hücumunun qarşısını almağa çalışan bu dəstələr bütün qüvvələrini səfərbər ediblər, üstəlik, Surimya və İraqda döyüşən 3 minədək cihadçı da onlara köməyə gəlib.  Nəticədə, islamçılar ordunun Benqazidəki əsas bazasını ələ keçiriblər. 

Hərbi əməliyyatlar, çoxsaylı insan tələfatı ilə yanaşı, həm də Liviyanın mülki infrastrukturunu, nəqliyyat-kommunikasiya sistemini, faktiki olaraq, məhv edir. Tripolinin cənubundakı elektrik stansiyasını sıradan çıxarmaqla, islamçılar Liviya paytaxtı ilə dünya ölkələrinin əlaqəsini tam kəsib. Üstəlik, Liviya ekoloji fəlakətlə üzləşə bilər. Belə ki, raketin Tripoli hava limanı rayonundakı neft anbarına düşməsi nəticəsində yanğın başlayıb. Anbardakı 65 min tondan artıq yanacaq alışarsa, 3-5 kilometr məsafəni dağıtmaq gücündə olan partlayış baş verə bilər. Ona görə də Liviya hökuməti beynəlxalq ictimaiyyətdən yanğının söndürülməsi üçün təcili yardım istəyir.

Bu arada isə ABŞ, Böyük Britaniya, Türkiyə kimi ölkə səfirlikləri artıq Liviyadakı diplomatik personallarını ölkədən çıxarmağa başlayıblar. Beləliklə, Liviyadakı dövlət böhranı ölkəni faktik olaraq, beynəlxalq təcrid vəziyyətinə sala bilər.

Hamının-hamıya qarşı vuruşduğu, Zintanla Misurata arasındakı düşmənçiliyin gücləndiyi, bir-birini əvəz edən hökumətlərin səriştəsizliyi və s. Liviyadakı vəziyyətin yaxın perspektivdə sabitləşəcəyinə ümid yeri qoymur.  ABŞ və ümumilikdə, Qərbin Liviyaya zorla demokratiya yeritmək cəhdi baş tutmadı. İndi ümid etmək qalır ki, Liviya zorla demokratikləşmədən sonra, faktik olaraq, vahid müstəqil dövlət kimi iflasa uğramış İraqın taleyini yaşamayacaq.



MƏSLƏHƏT GÖR:

743