Müəllif: Fuad Hüseynzadə Bakı
Mətbuatın yaydığı məlumata görə, Konqres Rusiya təcavüzünün qarşısının alınması, Ukrayna, Moldova və Gürcüstana NATO-ya daxil olmayan müttəfiqlər statusunun verilməsinə dair qanun qəbul edib. Bundan başqa, konqresmenlər Azərbaycanla hərbi əməkdaşlığı da genişləndirməyi təklif edirlər. Siz bunu necə dəyərləndirirsiniz? Bununla bağlı ABŞ Azərbaycana hansı dəstəyi verə bilər?
- Bir məqamı dəqiqləşdirmək istərdim. Bu qanun layihəsi Beynəlxalq Əlaqələr Komitəsinə təqdim edilib. Onun Senatdan keçməsi inandırıcı görünmür, çünki Senata nəzarət edən demkratlar, çətin ki, buna yol versinlər. Bundan başqa, bu, prezident Obamanın Rusiyaya qarşı siyasətinə də təsir göstərər və dövlət başçısı, çox güman ki, bunu istəməzdi.
Buna rəğmən, qanun layihəsi keçsə belə, o daha çox praktiki deyil, simvolik əhəmiyyət daşıyacaq. Çünki bu sənəd müəyyən hərbi üstünlüklər vəd etsə də (məsələn, hərbi yüklərin verilməsi), ABŞ bu ölkələrin müdafiəsi üçün üzərinə heç bir öhdəlik götürmür. Bu addım həmin ölkələrlə Rusiya arasında münasibətləri poza bilər və bu dövlətlərin müdafiə qabiliyyətini gücləndirmədiyi halda, rusiyalı hərbçilərin dünyagörüşünə də hansısa təsir göstərməyəcək.
- Necə bilirsiniz, ənənəvi olaraq Konqresdə güclü mövqelərə malik olan erməni lobbisi bu hərbi əməkdaşlığa hər hansı maneə yarada bilərmi?
- Təbii ki, erməni lobbisi ABŞ-la Azərbaycan arasında münasibətlərin güclənməsinin qarşısını almaq üçün hər şeyi edəcək. Hərçənd, 11 Sentyabr hadisələrindən sonra erməni lobbisinin Vaşinqtondakı nüfuzu xeyli zəifləyib: həmin dövrdən sonra Amerika qərbyönümlü müttəfiqlərlə münasibətlərə yerli lobbilərlə əlaqələrdən daha çox önəm verməyə başlayıb və lobbilər artıq öz maraqlarını ABŞ-ın milli mənafeləri ilə əlaqələndirə bilmirlər. Bu amil erməni lobbisinin öz niyyətini reallaşdırmasına mane olur.
- Sizcə, ABŞ-ın Ukrayna, Gürcüstan və Moldova üçün təklif etdiyi müttəfiq statusunun Azərbaycana da tətbiq olunması rəsmi Bakının maraqlarına uyğundurmu?
- Bu, Bakının bu addımdan doğacaq nəticələrlə yaşamağa hazır olub-olmamasından asılıdır. Bu nəticələr isə hər hansı hərbi mənfəət əldə etmədən, Rusiyanın qıcıqlandırılması olacaq. İlk növbədə anlamaq lazımdır ki, ABŞ NATO-ya daxil olmayan müttəfiqlərinin ərazi bütövlüyü və suverenliyinə çox abstrakt yanaşdığı halda, Rusiya özünün Qafqazdakı maraqlarının qorunması siyasətinə sadiqdir. Rusiya ilə diplomatik və ya hərbi münaqişə baş verərsə, ABŞ Azərbaycanın tərəfində olmayacaq. Bakı 2008-ci ilin "gürcü dərsi"ni heç vaxt unutmamalıdır.
- Ümumilikdə, Ukraynadakı hadisələr Cənubi Qafqazdakı duruma necə təsir göstərəcək?
- Xüsusilə, "Malayziya hava yolları"na məxsus təyyərinin vurulmasından sonra, Avropa Rusiyanın bu qitəyə qarşı qeyri-konstruktiv və qərəzli yanaşması faktı ilə üz-üzə qalıb. Bu, Avropanın və Amerikanın Rusiya və Cənubi Qafqazla münasibətlərinə təsirsiz ötüşməyəcək. Buna rəğmən, keçmiş SSRİ xalqları Ukraynada baş verən hadisələrdən dərs çıxarmalıdırlar: Birləşmiş Ştatlar simvolik xarakterli addımlardan kənar addım atmayacaq. Avropanın addımlarına gəlincə, o, daha zəifdir.
- Bəs ümid etmək olarmı ki, Ukrayna hadisələrindən sonra ABŞ Dağlıq Qarabağ nizamlanmasında daha aktiv olacaq? Və ümumiyyətlə, belə bir aktivlik nə dərəcədə məhsuldar ola bilər?
- Yox. Açıq hərbi əməliyyatlar başlamayınca, ABŞ son onilliklər boyu Qarabağ münaqişəsindəki "iştirak"ından fərqli mövqe tutmayacaq. Bu mövqe isə nizamlanmaya, o cümlədən Minsk prosesinə ritorik dəstək vermək, amma eyni zamanda, bu prosesdə irəliləyiş üçün hər hansı siyasi və ya diplomatik kapital xərcləməməyə əsaslanır.
- Onda ABŞ-ın Cənubi Qafqazdakı gələcəkdəki rolunu necə görürsünüz?
- Cənubi Qafqaz Amerika maraqları üçün prioritetlər siyahısında deyil. Və bu situasiyaya məhz bu kontekstdən yanaşmaq lazımdır. İsrail və HƏMAS arasındakı hərbi əməliyyatlar və terror təşkilatının (İŞİD) aktivləşməsi - bu təşkilat "Əl-Qaidə"dən də radikaldır və Suriya ilə İraqda yeni-yeni ərazilər tutmaqdadır - Yaxın Şərq yenidən alovlanıb. Avropadakı durum isə qitədə ərazisinə görə ikinci dövlət olan 45 milyonluq Ukraynadakı vətəndaş müharibəsi ilə daha da gərginləşib. Cənubi Çin dənizi ərazisindəki böyük ərazilərə iddiasını ortaya qoyan Pekin Şərqi Asiyada aktivləşir. Yaponiyanın yeni baş naziri daha sərt xarici siyasi kurs elan edir və s. Amerikanın diqqəti və diplomatik kapitalı bunlara yönəlib. Bakı, İrəvan, Tiflisin maraqlarına zidd səslənsə də, demək lazımdır ki, Vaşinqton üçün bu region prioritet deyil.
- Sonda, sizin ABŞ-ın Azərbaycandakı yeni səfirinin - çox güman ki, bu, Robert Sekuta olacaq - təyinatından sonra, Vaşinqtonla Bakının münasibətlərinin inkişafına dair proqnozlarınızı eşitmək maraqlı olardı.
- Düzü, mən hansısa namizədin digərindən üstün olduğunu düşünmürəm. İstənilən halda, hər bir səfir Dövlət Departamenti və Ağ Evdən gələn tapşırıqları əsas götürəcək. Odur ki, ABŞ və Azərbaycan arasındakı əməkdaşlığın miqyası və dərinliyi diplomatik personaldan yox, Amerikanın maraqlarından asılıdır.
MƏSLƏHƏT GÖR: