
LONDON PEKİNİ KÖLGƏDƏ QOYDU
"Olimpiada-2012"nin açılış mərasimi möhtəşəmliyi və sürprizləri ilə özündən əvvəlki bütün mərasimləri üstələdi
Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
Azərbaycan üçün Londonda keçirilən XXX Yay Olimpiya Oyunları Olimpiya kəndində Dövlət Bayrağının qaldırılması ilə başladı. Artıq hər kəs səbirsizliklə Olimpiadanın rəsmi açılışını gözləyirdi.
Təntənəli açılış mərasimi yeni, xüsusi olaraq bu yarış üçün inşa olunmuş 80 minlik Olimpiya stadionunda baş tutdu. "Möcüzələr adası" adlanan şounun ssenarisi tam gizli saxlanılırdı. Yalnız o məlum idi ki, təşkilatçılar şounun təşkilinə 42 milyon dollardan artıq vəsait və həddindən artıq güc sərf etməklə indiyədək keçirilmiş bütün açılış mərasimlərini, xərclənmiş vəsaitin həcminə görə rekordsmen olan Pekini də kölgədə qoymağa ümid edirdi.
Və onların gözləntiləri özünü doğrultdu. "Xarabalıqlardan olan milyonçu" filminin Oskar laureatlı rejissoru Denni Boylun yaratdığı şouya heç kəs biganə qalmadı.
İTAR-TASS-ın məlumatına görə, Olimpiya Oyunlarının açılış mərasimini canlı efirdə izləyənlərin sayı rekord həddə olub. Yalnız Britaniyada şounu, təxminən, 27 mln televiziya tamaşaçısı izləyib. Bu, ötən il şahzadə Uilyam ilə Keyt Middltonun toy mərasimi zamanı qeydə alınmış rekordu geridə qoyub. Bütünlükdə, dünyada isə bayram tədbirini, təxminən, 1 milyard insan izləyib.
Mərasim üçqat olimpiya çempionu, "Tur de Frans-2012" velosiped yarışının qalibi Bredli Uiqqansın stadionda quraşdırılmış 27 tonluq zəngə vurduğu zərbədən sonra başlayıb. Xüsusi olaraq Olimpiada üçün hazırlanmış bu zəng dünyanın ən böyük zəngi idi. Onun hündürlüyü 2, eni isə 3 metrdir.
Mərasimin rəsmi hissəsinə London vaxtı ilə saat 21:00-da start verildi. Şou isə bir qədər əvvəl başlamışdı. Stadionun üzərində Britaniya HHQ-yə məxsus qırıcıların uçuşundan sonra, səmada Britaniya bayrağının rənglərinin izi qalmışdı. Mərasimin başlanmasından 5 dəqiqə əvvəl isə stadiona kraliça ailəsi gəlib. Kraliçanın özü isə oraya bir qədər sonra "uçaraq" təşrif buyurub. Onun stadiona gəlişini şounun ən orijinal məqamı adlandırmaq olar: videoklipdə Deniel Kreyqin canlandırdığı Ceyms Bond kraliça Yelizavetanı stadiona gətirirdi. Stadionun üzərinə çatdıqda vertolyotdan paraşütlə iki nəfər atılır və bu anda Yelizaveta Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəhbəri Jak Roqqenin müşayiəti ilə kraliça lojasında peyda olur. Paraşütçülər isə məhz kraliça və bond kimi geyinmişdilər. Publika əməlli-başlı şokda idi.
Mərasimin ilk 30 dəqiqəsində tamaşaçılara qısaca olaraq Böyük Britaniyanın tarixi elə britaniyalıların ifasında nümayiş etdirildi. "İdeal kənd həyatı hamının gözü qarşısında sənaye inqilabı ilə əvəz edildi. Məhz bu inqilab Britaniyanı bütün dünyanın tanıdığı dövlətə çevirib və ölkəni uzun müddətə Qərb dünyasının siyasi və iqtisadi liderliyinə yüksəldib", - deyə şounu təsvir edən RİA "Novosti" əməkdaşı bildirir.
Təşkilatçılar uşaqları da yaddan çıxarmamışdılar. Şounun pərdələrindən biri xəstə uşaqlara, onlara qayğı göstərilməsinə, həmçinin ingilis uşaq ədəbiyyatına həsr olunmuşdu. Böyüklər isə Piter Pen ilə Kapitan Kryukun döyüşünü uşaq diqqəti ilə izləyirdilər.
London Olimpiadasının açılışına Ceyms Bond, kraliça ІІ Yelizaveta və Roulinqin personajları ilə bərabər, mister Bin - müasir Böyük Britaniyanın ən tanınmış komik ustası olan Rouen Atkinson da iştirak etdi. Açılış mərasimində ifa edən simfonik orkestrə "soxulmuş" bacarıqsız musiqiçi Bin mərasimin ən populyar personajına çevrildi. O, Twitter mikrobloqunda xatırlananlar sırasında da liderliyi ələ aldı.
Ənənəyə uyğun olaraq, milli komandaların paradı da keçirildi. Stadionun cığırı ilə 204 nümayəndə heyəti keçdi. Yürüşü Olimpiya Oyunlarının əsasını qoymuş Yunanıstanın yığma komandası açdı.
Azərbaycan paradda 100 idmançı, məşqçi və digər mütəxəssislərlə təmsil olunurdu. Azərbaycan Respublikasının Dövlət Bayrağını olimpiyaçıların kapitanı, Pekin Olimpiadasının çempionu Elnur Məmmədli daşıyırdı.
İdmançıların paradından sonra, açılış mərasiminin rəsmi hissəsi başlandı. Salamlama nitqini Jak Roqqe və Olimpiya Oyunlarının Təşkilat Komitəsinin rəhbəri Sebestyan Kou səsləndirdilər. Daha sonra Böyük Britaniya kraliçası II Yelizaveta XXX London Yay Olimpiya Oyunlarını açıq elan etdi.
"Mərasimin kulminasiyası məşəlin yandırılması oldu. Yarış təşkilatçıları intriqanı sonadək saxlaya bildilər: hətta BOK prezidenti belə, Olimpiya məşəlini yandırmağın kimə həvalə olunacağını bilmirdi", - deyə RİA "Novosti" xəbər verir.
Məşəli Temze ilə katerlə gələn məşhur futbolçu Devid Bekhem gətirib. Stadiona isə onu 50 yaşlı britaniyalı, akademik avarçəkmə üzrə beşqat Olimpiya çempionu Stiv Redqreyv gətirərək, burada Britaniyanın idman ümidləri olan gənc idmançılara təqdim edib.
Hər bir nümayəndə heyəti Londona çatar-çatmaz üzərinə ölkəsinin adı və "XXX London Olimpiadası-2012" sözləri döyülmüş mis yarpaq əldə edib. Açılış mərasimində hər ölkənin idmançıları öz yarpağını yerinə qoyub. 7 gənc məşəldaşıyan stadionun mərkəzində yarpaqlardan birini yandırıb və bunun ardınca yerdə qalan 203 yarpaq da yanmağa başlayıb. Açılış mərasimi ser Pol Makkartninin ifasında ölməz The Beatles Hey Jude hitinin sədaları altında möhtəşəm atəşfəşanlıqla bitib. Olimpiya Oyunları avqustun 12-də başa çatacaq.
Bu il Olimpiadada 26 idman növü üzrə 302 dəst medal oynanılır. Olimpiya çempionu titulu uğrunda 204 ölkədən 10 mindən artıq idmançı mübarizə aparır.
Afina və Pekin olimpiadalarında olduğu kimi, Londonda da Azərbaycan Günü keçirilib. Mərasimdə FİFA prezidenti Yozef Blatter, əfsanəvi atlet Sergey Bubka, şahzadə Eduard və digər qonaqlar iştirak ediblər. Tədbirdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin müstəqil dövlət kimi Olimpiya Oyunlarında 5-ci dəfə iştirak etdiyini xatırladıb. İlk medalımızı 1996-cı ildə Atlantada qazanmışıq. O zaman komandamız yalnız 1 qızıl medal əldə edə bilmişdi. Sonradan 2000-ci ildə Sidneydə 3, 2004-cü ildə Afinada 5, 2008-ci ildə Pekində artıq 7 medal qazanıldı. Dövlət başçısı azərbaycanlı idmançıların Londonda da layiqincə çıxış edərək, mükafatların sayını artıracaqlarına ümidini ifadə edib.
MƏSLƏHƏT GÖR: