15 Mart 2025

Şənbə, 01:34

"MƏN HƏR ŞEYDƏ BİRİNCİ OLMAĞA SƏY GÖSTƏRMƏLİYƏM…"

Tanınmış Azərbaycan bolerosu Ülvi Əzizov əfsanəvi xoreoqraf Con Noymayerin "Kameliyalı qadın" baletində oynamağı arzulayır

Müəllif:

01.08.2012

Balet sərraflarına rəqqas Ülvi Əzizovun adı yaxşı tanışdır. O, Rudolf Nuriyev adına XVI beynəlxalq «Dünya baletinin ulduzları» festivalının prestijli «Balet incəsənətinin inkişafına töhfəyə və peşəkarlıq ustalığının yüksək səviyyəsinə görə» mükafatının sahibidir. Həmçinin, Budapeştdə Macarıstan Milli Operasının rəhbərliyi altında keçirilmiş XVIII beynəlxalq «Dünya baletinin ulduzları» qala-konsertində «People’s Choice Award» mükafatına layiq görülüb. Bu gün o, Praqada yaşayır və dünyanı öz istedadı ilə sevindirməyə davam edir. «R+» Ülvi Əzizovla görüşüb, söhbət etməyə nail olub. 

- Baletə sevginizin olduğunu nə vaxt anladınız? 

-  16 yaşımda mən məqsədli şəkildə baletlə məşğul olmağa başladım. Elə o vaxtdan da incəsənətin bu növünə vurğunam. 

- Sizin peşə seçminizə atanız - Azərbaycanın xalq artisti Rafiq Əzizovun fikri də təsir göstərdimi? 

- Əlbəttə. Uşaqlıqdan mən çox fəal olmuşam, idmanla məşğul idim, bir yerdə durmurdum.  Mənim maraqlarım həmişə müxtəlif olub: karate, futbol, kinologiya. Mənim itlərim, hətta bir dəfə respublika birincisi olmuşdu. Bir sözlə, mən çox enerjili və fəal olmuşam. Valideynlərim də bu enerjiyə düzgün istiqamət verməyi qərara almışdılar. 

- Atanızın şöhrəti və statusu sizə dərs zamanı yardım edib, yoxsa əksinə, mane olub? 

- Atam məsləhətləri ilə yardım edirdi. O mənə dayaq idi. Əgər xoreoqrafiya dərslərində hansısa hərəkət alınmırdısa, atam bunu necə etməyi mənə göstərirdi. Mən tam gücümlə çalışırdım. Ətrafdakılara sübut etməyə çalışırdım ki, özüm də nəyəsə qadirəm. Yadımdadır, atam həmişə mənə deyirdi ki, sən hər şeydə birinci olmalısan. 

- Uşaqlıqdan atanızla bağlı ən parlaq xatirələriniz yadınızda qalıbmı? 

- Altı yaşım olanda atam məni indiki Heydər Əliyev Sarayında keçirilən bir konsertə aparmışdı. Biz keçəndə camaatın dönüb baxması, böyük hörmətlə atamı salamlaması indiyə kimi yadımdadır. Onda bu mənə böyük təsir bağışlamışdı. Həm də atam mənə 1970-ci illərdə böyük Mixail Barışnikovun ona qonaq gəlməsini danışmışdı. Onlar birlikdə Fransaya festivala getməli imişlər. Axşam möhkəm içirlər və səhər tezdən atam özlərinə gəlmək üçün Mixaili xaşa dəvət edir, amma axşam o qədər içibmişlər ki, xaşdan sonra da ayaqları sözlərinə baxmırmış. 

- Belə fikir var ki, rəqqasların bədəni balerinalara baxanda daha tez gücdən düşür, çünki həm də rəqqasəni «daşımaq» lazım gəlir. Bu, doğrudur? 

- Orqanizmin gücdən düşməməsi üçün öz üzərində çox çalışmaq, düzgün qidalanmaya diqqət yetirmək lazımdır. 

- Tərəfdaşınız rəqqasə necə olmalıdır?

- Ən önəmlisi, tərəfdaş rəqqasənin rəqsə münasibətidir. Tərəfdaşımın elədiyinə inanması, etdiyi rəqsi başa düşməsi mənə çox xoşdur. Tərəfdaş rəqqasə təbii və eyni zamanda artistik olmalıdır. 

- Səhnə sizdən ötrü nədir? 

- Sadəcə, iş deyil, həyatımın ən sevimli məşğuliyyətidir. 

- Sevimli partiyanız varmı? 

- Son zamanlarda mənim sevimli partiyalarım sırasına «Qu gölü» baletində şahzadə Ziqfrid, «Yatmış gözəl» baletində prins Dezire, «Jizel»də Albert və «Don Kixot»da Bazil daxil olub. 

- Xanımınız Olqa da baletlə bağlıdır? Necə tanış olduğunuzdan danışın... 

- Olqa təhsilcə iqtisadçıdır. Latviya universitetini bitirib. Baletlə yalnız uşaqlıqda məşğul olub. Hazırda isə «Etoile Ballet Gala» adlı qala-konsertin banisi və bədii rəhbəridir. Bizə birlikdə xoşdur, çünki eyni işlə məşğuluq. Həmişə bir-birimizi dəstəkləyirik. 

- Ülvi, hazırda nəyin üzərində işlədiyinizi deyə bilərsinizmi?

- Bu yaxınlarda Saratovdan qayıtmışam, orada 25-ci beynəlxalq «Sobinov festivalı»nda iştirak etmişəm. «Jizel» baletində qraf Alberti oynamışam. Gözəl təəssüratım var! Gözəl təşkil edilmişdi və çox isti atmosferi var idi. Yaxın zamanlarda «Dünya baletinin ulduzları» adlı iki qala-konsertdə iştirak etməyi planlaşdırıram. Biri Varnada möhtəşəm XXV beynəlxalq balet müsabiqəsinin bağlanışıdır ki, 1964-cü ildə yaradılıb və dünya üzrə ilk peşəkar balet müsabiqəsidir, bir vaxtlar ona Vladimir Vasilyev, Natalya Makarova, Mixail Barışnikov, Silvi Gil kimi ustalar qatılıblar. İkinci qala-konsert isə Mayamidə olacaq -  avqustun 24-dən sentyabrın 16-na kimi keçiriləcək beynəlxalq balet festivalının bağlanışı münasibətilə təşkil ediləcək. Orada, həmçinin, Paris Qrand-operasının, Berlin dövlət baletinin artistləri iştirak edəcəklər. 

- Həyatda baletdən başqa nəyi sevirsiniz?

- Mən səyahət etməyi, teatrlara və muzeylərə, kinoteatra getməyi çox sevirəm. Bu yaxınlarda arvadımla Praqa Qradında olmuşam, o, Praqa üzərində yüksələn təpəlikdə Qradçanda yerləşir, ora memarlıq, incəsənət və tarixi xəzinələrlə çox zəngindir. İnanılmaz təəssüratdır! 

- Hansı partiyanı ifa etməyi  arzulayırsınız?  Gələcəyə nə planlarınız var? 

- Əfsanəvi xoreoqraf Con Noymayerin «Kameliyalı qadın» baletində oynamağı arzulayıram. Planlara gəldikdə isə onlar yetərincədir. Gerçəkləşdirdikcə, mən mütləq bu barədə oxucularla bölüşəcəyəm. Hələ ki, işlərim çoxdur. 

- Sizin sevimli ailəniz, sevimli məşğuliyyətiniz, daimi qastrollarınız, tamaşalarınız var, tez-tez ora-bura uçursunuz. Nə vaxtsa dayanmaq, evlə, ailə ilə məşğul olmaq istəmirsiniz?

- Həyat yoldaşımla mənim üçün balet ümumi işdir. O, mənim heç bir tamaşamı buraxmır, həmişə yanımdadır. İmkan olduqda mənimlə qastrollara gedir, axı bu həm də onun özü üçün maraqlıdır - o, artistləri görüb tanış ola, onları təşkil etdiyi qala-konsertlərə dəvət edə bilər. Buna görə də «dayanmağın, evlə və ailə ilə məşğul olmağın» bir az bizə dəxli yoxdur.



MƏSLƏHƏT GÖR:

627