
NAR PARADI
Azərbaycan ilk dəfə olaraq "İnəklər paradı" beynəlxalq art-festivala qatılıb və milli rəmzimizi təqdim edib
Müəllif: Zərifə BABAYEVA Nərminə VƏLİYEVA Bakı
Nar giləmeyvədir. Azərbaycanda bu giləmeyvəyə xüsusi, demək olar ki, sayğılı münasibət var. Narı dünyanın bir çox ölkələrində becərsələr də, Azərbaycanda onun bütün - "Vələs", "Şirin", "Gülöyşə", "Şıxbaba" sortlarını becərmək mümkündür. Bəli biz, xalqımız tərəfindən zənginlik, bolluq və məhsuldarlıq rəmzi sayılaraq, "meyvələrin şahı" adlandırılan bu ecazkar nemətin bütün sortlarının tək sahibiyik. Avropa mədəniyyətində, hətta belə bir fikir var ki, narın quyruğu kral tacının özünəməxsus ilkin obrazıdır.
Nar həm də optimizm rəmzidir. Təsadüfi deyil ki, Göyçay rayonunda ənənəvi nar bayramı keçirilir. Çox əsrlərdir ki, Göyçayı nar cənnəti adlandırırlar. Payız günləri orada hər yan nara bürünür - küçədə nar paylayırlar, narla fala baxırlar, onu kürədə bişirirlər, qızardırlar və qaynadırlar. Yerli nar sortlarının əsas xüsusiyyətləri çəkisinin ağır, qabığının nazik və dənələrinin isə iri olmasındadır. Bu nar cənnətinə baxmaq üçün Azərbaycanın hər yerindən və başqa ölkələrdən də insanlar bura gəlir. O, həddindən yararlıdır və əsl güc mənbəyidir, qışın soyuğunda üşüməməyə də yardım edir.
Nara, doymadan saatlarla tamaşa etmək olar. O, çox gözəldir, xüsusilə də Qız qalasının üzərində işıqla şou-təqdimatı keçirilən zaman göz oxşayır. Nar bizdən ötrü adi bir şeydir. Biz onun mövcudluğuna alışmışıq, amma elə ölkələr var ki, narı yalnız payızda görürlər və orada çox baha qiymətə delikates kimi satılır.
Ventspilsin al narları
Bu günlərdə Latviyanın Ventspils şəhərinin küçələri, parkları, bağları və meydanları ilə gəzərək, inəkləri görmək olardı. Yox, bu inəklər örüşə çıxmayıb, onlar sadəcə, yerli sakinlərin və şəhərin çoxsaylı qonaqlarının gözünü oxşayırdı. Bu inəklər şüşə liflərdən düzəldilib, çox parlaqdırlar, gözəldirlər və həmişə diqqəti cəlb edirlər. Bunlar, hər il dünyanın iri şəhərlərinin küçələrində keçirilən "İnəklər paradı" beynəlxalq art-festivalın iştirakçılarıdırlar. Bu il tədbir Ventspilsdə keçirilib.
Art-festivalın gedişində rəssamlar və heykəltəraşlar tərəfindən böyük inək heykəlləri yaradılıb və şəhərin küçələrində, ictimai mərkəzlərdə yerləşdirilib. Bundan sonra bu inəklər hərraca çıxarlıb və əldə edilən pullar xeyriyyə fondlarına keçirilib. Bu il həmin festivala azərbaycanlı rəssam Müseyib Əmirov da qatılıb və inəyin üzərində ölkəmizin milli rəmzi olan nar şəklini çəkib. Rəssam etiraf edib ki, latışlar onun işinə çox maraq göstəriblər. Tədbirin 24 iştirakçısının işlərinin təqdim edildiyi meydana gələn hər bir kəs, demək olar ki, "nar inəyi" ilə maraqlanıb və sual verib ki, niyə rəssam məhz latışlar üçün ekzotik olan bu giləmeyvəni təsvir edib. Ventspils şəhərinin sakinləri və qonaqları beləcə Azərbaycanın bir hissəsi - sağlamlıq və uzun ömürlə yanaşı, həm də əsil Azərbaycan fəlsəfəsini əks etdirən al-narla tanış olublar. Bu il art-festivala Latviya və başqa ölkələrdən 40 000 adam baş çəkib.
Bu "İnəklər paradı"nın unikal incəsənət əsərləri hazırda latış şəhərinin hər yerində ictimai baxışa qoyulub və payız hərracını gözləyir. Əgər azərbaycanlı turistlərdən kiminsə yolu bu şəhərə düşərsə, onda turizm məlumat mərkəzlərindən almağın mümkün olduğu "Ventspils şəhərinin inəklər paradı" gəzinti marşrutu xəritəsindən istifadə etməklə, bu ala-bula inəklərin hamısını tapmaq olar. Xəritə, latış, rus və ingilis dillərində buraxılıb. Bu əlvan nəşrdə rəssamların yaratdığı bütün inəklər barədə məlumat tapmaq olar. Nəşrdə rəssamların əl işi olan inək heykəllərinin eskizləri çap edilib, işin gedişi barədə məlumat da verilir və heykəllərin yerləşdiyi ünvanlar göstərilir. Bizim "nar inəyi"mizin payızda keçiriləcək hərracda satılması mümkündür, bundan sonra o ya Latviyada qalacaq, ya da başa ölkəyə gedərək, Azərbaycan mədəniyyətinin rəmzi rolunu oynayacaq.
Məlumat ötürücüsü
Niyə məhz nar? Axı Azərbaycan mədəniyyətinin başqa rəmzləri də var. Cavab müəyyən qədər də "nar inəyi"nin müəllifi, Azərbaycanın əməkdar rəssamı Müseyib Əmirovun təbiəti ilə bağlıdır. O, vaxtının böyük bölümünü öz emalatxanasında keçirir və heç bir şeyə baxmadan növbəti şəkil üzərində işləyir. Onun əsərləri inanılmaz koloritlidir və həyat eşqi ilə doludur. O, özünü optimist və xoşbəxt insan sayır. Rastlaşdığı bütün çətinliklərə və problemlərə baxmayaraq, o, yaradıcılığını heç vaxt dayandırmayıb və öz xoşbəxt ulduzuna inanır. Bu gün Azərbaycan Rəssamlıq Akademiyasının "Eksperimental rəsm" sinfinin müəllimi, əməkdar rəssam Müseyib Əmirovun işləri bir çox muzeylərdə və fərdi kolleksiyalarda da saxlanır.
"Məndən ötrü "İnəklər paradı" özünəməxsus oyun idi. Mən inəyin tərtibatında nar rəsmlərindən istifadə elədim, çünki "meyvələrin şahı" olan bu al-qırmızı meyvə Azərbaycanın milli rəmzlərindən biridir. Bir növ, ölkənin vizit kartıdır. Bizim Göyçayda hər il nar bayramı keçirilir və orada bu meyvənin müxtəlif sortlarını görmək, dadmaq olur. Mən öz inəyimi al narlarla bəzədim və onun buynuzlarından birinə şirəli keramik nar keçirdim, onu xüsusi olaraq Bakıdan gətirmişdim. Təsəvvür edin, bizim narlarla bəzənmiş bu parlaq inək art-festivala gələnlər arasında necə çılğınlıq doğurdu? Bir anlıq tutqun Ventspils səmasını düşünün, onlarda, hətta yayda belə bizim inək kimi parlaq günəş yoxdur.
O və Azərbaycan narları hamı üçün maraqlı idi. Bu maraq çox yaxşı iz buraxırdı. Mən izah edirdim ki, nar rəmzi həm rəngi, həm forması, həm də daxili quruluşu ilə seçilib, birliyi və bütövlüyü, çoxluğu və rəngarəngliyi əks etdirir. Bu, məhsuldarlığın, çiçəklənmənin və ailənin rəmzidir. Bu gün həddindən xoşbəxtəm ki, Azərbaycan mədəniyyətinin bu rəmzi haqqında məlumatın özünəməxsus ötürücüsü məhz mən olmuşam".
Yeri gəlmişkən, "İnəklərin paradı"na həsr edilmiş latış saytında bildirilir ki, Azərbaycan rəssamı özü üçün narı ona görə seçib ki, o, Azərbaycanın əsas rəmzlərindən biri sayılır.
Müseyib Əmirov deyir ki, "İnəklərin paradı" art-festivalında iştirak dəvətnaməsinə o dərhal cavab verib. Artıq ora yola düşən zaman nəyin rəsmini çəkəcəyini bilirmiş. Hər il keçirilən "Qız qalası" festivalına qatılaraq belə narlardan Qız qalasının maketi üzərinə də çəkmişdi. "Qız qalası" qalereyasının yardımı ilə Azərbaycan "İnəklərin paradı" art-festivalı tarixində ilk dəfə olaraq tədbirə qoşulub. Bu iştirak layiqli olmaqla yanaşı, həm də informativdir. "Düşünürəm ki, hər bir rəssam arzulayır ki, yüz illər keçəndən sonra, onun rəsmləri ətrafdakıları sevindirsin, onlara nəsə öyrətsin. Siz təsəvvür edin... Yüz ildən sonra mənim əsərlərimi indi heç anadan olmamış gənc insanlar görəcəklər. Rəssam üçün ən önəmli məsələ əsərlərinin öləndən sonra da yaşamasını bilməsidir. İnsanlar gəlirlər və gedirlər, amma rəsm əsərləri yüzilliklər boyunca qalır", - deyə öz həyatını kətansız, fırçasız və boyasız təsəvvür edə bilməyən Müseyib Əmirov bildirir.
BU MARAQLIDIR:
Nar finikiyalılarda həyatın rəmzi sayılırdı və günəş tanrısının atributu idi. O, həmçinin Şərqin müqəddəs ənənə kitablarında, o cümlədən, Bibliyada da yada salınır və orada gözəllik obrazı, həmçinin, dünyanın vəhdətinin rəmzi kimi təqdim edilir.
Narın şəfaverici xüsusiyyətləri də var ki, bu da ona "ilahi" meyvə statusu verilməsinə səbəb olub. Hesab edilir ki, Parisin alması, Həvvanın alması, həmçinin, Skandinav mifologiyasındakı dirilik alması nardır. Nar bəzi dövlətlərdə yuxarı hakimiyyətin rəmzinin yaradılmasında iştirak edib, ola bilər ki, tac bir növ, bu meyvənin burun tərəfindəki dişli çətirə bənzədilib.
MÜSEYİB ƏMİROVUN SƏRGİLƏRİ:
2011 - Azərbaycan rəssamlarının sərgisi, Seul, Cənubi Koreya
2010 - "Sərbəst uçuş" beynəlxalq incəsənət festivalı, Vilnüs, Litva
2010 - "Qız Qalası" beynəlxalq incəsənət festivalı, Bakı, Azərbaycan
2007 - Fərdi sərgi, "Berlin-Baku GmbH Gallery", Berlin, Almaniya
2007 - Fərdi sərgi "Qiz Qalasi Gallery", Bakı
2006 - Beynəlxalq incəsənət festivalının qran-prisi, Aktau, Qazaxıstan
2005 - "Kişi və qadın" sərgisi, "Qiz Qalası Gallery", Bakı
2004 - "Bakı - İstanbul" sərgisi, "Premier Agency", İstanbul, Türkiyə
2004 - Art Exhibition "Bakı - Paris. 20 rəssam", "Orangeride Senat", Paris, Fransa
2004 - Azərbaycanın çağdaş rəssamlarının sərgisi, "IMF Gallery", Vaşinqton, ABŞ
2003 - Beynəlxalq incəsənət festivalı, Lüksemburq
2003 - Beynəlxalq incəsənət festivalı, "Grands et Jeunes d'Aujourd'hui", "Espace Auteuil", Paris, Fransa
MƏSLƏHƏT GÖR: