Müəllif: Sabirə MUSTAFAYEVA Bakı
Ən yaxşısı, çimərliyin yanında ev sahibi olmaqdır. Amma bu, istək və arzudur. İnşallah, hamının bu arzusu həyata keçsin. Abşeron çimərliklərində daha çox vaxt keçirdikcə, bu barədə lap ciddi düşünməli olursan. Necə deyərlər, yayı və onun istisini heç kim təxirə salmayıb. Hərdən adam bu istiləri dənizdə "yola vermək" istəyir, hər halda, dəniz hamımızın ümumi malıdır. Amma təcrübə göstərir ki, bir yay mövsümündən o biri yay mövsümünə keçəndə, getdikcə yavaş-yavaş anlayırsan ki, o heç də hər yerdə ümumi deyil.
Yox, biz pullu çimərliklərdə xidmətin neçəyə başa gəlməsindən, oraların xeyli təmiz olmasından danışmayacağıq - oralara getmək imkanı olmayanlar üçün bu, elə də maraqlı deyil. Baxın "R+" keçən yay mövsümündə nə yazıb: "Bu il də, keçən il və ondan qabaqkı il olduğu kimi, çimərlik həvəskarlarını adi dövlət sahil zonasında elə də xoş mənzərə gözləmir. Bakı çimərliklərində yazılmamış qanundur, əgər sahə çayxana və ya başqa içki müəssisəsi kimi hasara alınmayıbsa, onda istirahət edənlər yaxınlıqda olan polietilen torbalarla, boş butılkalarla, günəş altında çürüyən meyvə qalıqları ilə, siqaret kötükləri və insan fəaliyyətinin başqa məhsulları ilə üzləşməyə hazır olmalıdırlar.
Onları istirahət edənlər tullayırlar və yığışdırmırlar. Bəli, bu pisdir və mədəni səviyyənin aşağı olması deməkdir, amma Bakının ictimai çimərliklərinin ümumi infrastrukturu orada təmizliyi qorumağa imkan vermir. Həm də adama elə gəlir ki, çimərliklərdə zibilin yığılması üçün qutuların və konteynerlərin olmaması artıq insanları təəccübləndirmir, istirahət edənlərin burada kommunal xidmət işçiləri ilə heç vaxt rastlaşmadıqlarından isə danışmağa dəyməz. Əgər tam kamil olmasa da, şəhər daxilində müvafiq qurumlar zibil yığılması işini necəsə də təşkil ediblər, amma zibil yığanların "əli" hələ ki çimərliklərə qədər çatmır. Özəlləri istisna olmaqla, Bakı çimərliklərində, ümumiyyətlə, geyinib-soyunma kabinələrinin, pulsuz duşların, tualetlərin və başqa infrastrukturların olmamasından danışmağa belə dəyməz, halbuki, Avropanın bütün bələdiyyə, həmçinin, ictimai çimərliklərində bunlar var".
Bu il də durum dəyişməyib. Keçən il olduğu kimi, bu il də çimərliklərdə təmizliyin qayğısına kimin - bələdiyyələrinmi, icra hakimiyyətininmi qalmalı olduğu aydın deyil. Amma bir bu aydındır ki, Abşeron çimərlikləri heç də yaxşı günlərini yaşamır. Məsələ təkcə antisanitariyada deyil. Sadə insanların gedə biləcəyi pulsuz çimərliklər getdikcə azalır. Demək olar ki, Abşeronun bütün çimərlikləri hasara alınıb və sadə insanların daxil olması üçün bağlıdır. Bütün Abşeron sahilləri boyunca o qədər şlaqbaum, boru qoyulub, quma o qədər köhnə təkər basdırılıb ki, istər-istəməz, adamın gözləri yaşla dolur və Bakı çimərliklərinin qızıl vaxtlarını, qızıl qumlarını xatırlayır. Yəni bütün bunları geri qaytarmaq mümkün olmayacaq?
Hər il qorxa-qorxa köhnə yerlərə gedirsən və gözlərinin önündə adət etdiyin mənzərə açılır - çimərlik biznesmenlər tərəfindən tutulub. Amma öz vaxtında biz dəfələrlə yazmışıq ki, dünya praktikasına görə, dənizlərə, göllərə, okeana və çaylara çıxış pulsuz olmalıdır, dövlət bütün çimərliklərin təmizliyini və təhlükəsizliyini təmin etməlidir. Misal kimi İspaniyanı götürək - orada qanuna görə, ölkə vətəndaşı sahil boyunca sakitcə ölkənin bir tərəfindən o biri tərəfinə qədər gedə bilər. Avstraliyada da çox sayda çimərlik, mehmanxana, əyləncə məkanları var, amma insanların bütün çimərliklərə girişi sərbəstdir. Orada pullu çimərlik, demək olar ki, yoxdur.
Hətta okean yanında kafe və ya akvapark varsa, giriş həmişə pulsuzdur və maşınları çimərlikdə saxlamaq olmaz. Amma Bakı çimərliklərində biz qanunlara riayət edilmədiyini, istirahət edənlərin hüquqlarının kobud şəkildə pozulduğunu görürük. Bu yaxınlarda isə Bakı çimərliklərində istirahət etmiş birisi bizim müxbirə acınacaqlı əhvalat danışıb. Onun gözü önündə Mərdəkan çimərliyində hasara alınmış ərazinin işçiləri olan üç kişi yanlarında üç körpə uşaq olan iki qadını qovublar, görünür, onlar masa və miz sifariş etməyibmişlər. Qadınlar etiraz ediblər, amma çimərlik işçiləri polis çağırıblar və istirahət etmək istəyən bədbəxtlər getməyə məcbur olublar.
Nə etməli? Bu cür hadisələrə qarşı mübarizə aparmaq mümkündür və lazımdır. Siz çimərliyə girən zaman pul ödəməyin, çünki rəsmi olaraq Bakı çimərlikləri pulsuz sayılır və paytaxt rəhbərliyi bunu dəfələrlə bəyan edib: "Bakıda fəaliyyət göstərən bütün çimərliklərə giriş pulsuzdur. Müəyyən turizm zonalarına və dövlət əhəmiyyətli obyektlərə giriş qadağan edilə bilər. Amma dəniz sahilindəki bütün çimərliklərə giriş pulsuzdur.
Bu zaman yalnız çimərliklərdə göstərilən bəzi xidmətlərə - məsələn, şezlonqlardan, çətirlərdən, geyinib-soyunma yerlərindən, duşlardan və s.-dən istifadəyə görə haqq alına bilər. Amma çimərliyə girişə görə haqq almaq qadağandır və bu cür hallar qanun pozuntusu sayılır. İnzibati Xətalar Məcəlləsində bununla bağlı müəyyən cərimələr də nəzərdə tutulur. Ötən illər ərzində bu cür hallar aşkarlanıb və günahkarlara qarşı inzibati cəza tədbirləri görülüb". Özü də icra hakimiyyətindən bildirirlər ki, qurum mütəmadi olaraq çimərliklərə girişə görə pul alan qanun pozucularının aşkar edilməsi üçün reydlər keçirir. Amma vətəndaşlara aydın olmayan səbəblər üzündən çimərliklərdə bu cür "işgüzarlar"ın sayı azalmır ki, azalmır.
MƏSLƏHƏT GÖR: