Müəllif: Ənvər MƏMMƏDOV Bakı
Yaxın aylarda bizim ölkənin ərazisindən "Europe Persia Express Gateway" (EPEG) optik-lif magistralının çəkilməsinə başlanılması gözlənilir. Rusiya, İran və Omanın təşəbbüsü ilə gerçəkləşdirilən layihə IP-infrastrukturun inkişafı və internet-trafikin inkişafı, həmçinin, tranzit bonuslarının alınması baxımından bizim ölkəyə böyük gəlirlər vəd edir. Bir neçə il sonra Azərbaycanın təşəbbüsü ilə Trans Avrasiya Superinformasiya Magistralının (TASIM) gerçəkləşdirilməsindən sonra, bizim ölkə Cənubi Qafqaz və Xəzəryanı regionun aparıcı informasiya mərkəzi statusunu qazanacaq.
Əlverişli iştirak
Üç il qabaq bizim ölkə iri beynəlxalq layihə - "Europe Persia Express Gateway" (EPEG) optik-lif magistralının çəkilməsinə cəlb edilib. Layihənin təşəbbüskarları Rusiyanın "Rostelekom" şirkəti, İranın "Telecommunication Infrastructure Company" (TIC) şirkəti, Omanın "Omantel", həmçinin, Britaniyanın "Cable &Wireless" şirkəti (C&W) buraxılış qabiliyyəti 3,2 tbit-/saniyə və ümumi uzunluğu altı min kilometr olan kabel çəkirlər. İlkin məlumatlara görə, layihənin ilkin qiyməti $200 mln - $250 mln arasında dəyişir. Öz başlanğıcını Almaniyanın Frankfurt şəhərindən götürən bu layihə Omana qədər uzanır və EPEG konsorsiumunun birbaşa üzvü olmayan üç tranzit dövlətin - Polşa, Ukrayna və Azərbaycanın ərazisindən keçir.
Bizim ölkənin bu layihədə iştirakı 2009-cu ilin may ayında İKT sahəsində Azərbaycan-Rusiya-İran birgə müəssisəsinin (BM) yaranması ilə başlayıb. O cümlədən Rusiyanın "Synterra" şirkəti ilə "Azertelekom" arasında bərabər şərtlərlə BM-in təsis edilməsi qərara alınıb. "C-Ring Telecom" adı almış yeni BM "EPEG"in bizim ölkə ərazisindən keçən seqmentinin infrastrukturunun formalaşdırılması, həmçinin, optik-lif xətlərinin Xəzəryanı region dövlətlərinin ötürmə xətlərində sonrakı ilgəkləşməsi üçün yaradılır.
Keçən üç il ərzində $17,5 mln.-dan artıq yatıran BM tərəfindən Dərbənd-Quba sahəsində sərhədyanı optik lif keçidi yaratmaqla buraxılış gücü 10 qbit-/san.-dən yüksək olan beynəlxalq rabitə xətti yaradılıb. Yeni şəbəkələrarası qovşaq beynəlxalq rabitəni, magistral kanalların icarəsini, IP MPLS şəbəkəsinin bazasında xidmətləri, internetə, məlumat emalı mərkəzlərinə çıxışı və paylanmış call-mərkəzləri təmin edir.
Daha sonra EPEG layihəsinin Azərbaycan-Rusiya sahəsinin operatorları funksiyasını öz üzərlərinə "Rostelekom" və yerli operator "Delta Telecom" götürüblər. "EPEG" magistralının Azərbaycan sahəsində bütün işləri başa çatıb və hazırda şəbəkənin testləşdirilməsi davam edir. Bununla yanaşı, əlavə rezerv marşrutunun tikintisinə başlanılıb ki, o da bizim ölkə ərazisindən keçir. Magistralın başqa dövlətlərin ərazisindən keçən sahələrində də işlər başa çatdırılıb: bu gün optik-lif xəttinin İran və Oman seqmentlərinin birləşdirilməsi üçün Hörmüz boğazından kabel çəkilməsi davam edir. Məhz bu sahənin hazır olmaması buraxılış mərasiminin cari ilin may ayından iyun ayına keçirilməsinə səbəb olub. EPEG magistralının açılış mərasimi gələn ay İran tərəfindən təşkil edilmiş "IP Transit Summit 2012" sammitinin gedişində baş tutacaq.
""Delta Telecom" şirkətinin EPEG layihəsinin gerçəkləşdirilməsində iştirakı yeni tranzit marşrutunun yaradılmasında Azərbaycanın optik lif infrastrukturunun daha dolğun istifadəsinə imkan verəcək və bizim ölkənin beynəlxalq internet şəbəkəsi ilə birləşməsini nəzərəçarpacaq dərəcədə yaxşılaşdıracaq", - deyə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib. Onun sözlərinə görə, bu marşrut Avropanı və Yaxın Şərqi sualtı kabellər vasitəsilə birləşdirən ən qısa alternativdir. Burası önəmlidir ki, bu layihə bizim ölkənin "technology hub"a, Xəzəryanı regionun əsas informasiya mərkəzinə çevrilməsi strategiyasının bir hissəsi kimi qiymətləndirilir.
TASIM-ə dəstək
Bizim ölkənin EPEG layihəsində uğurlu iştirakı Transavrasiya Superinformasiya Magistralı (TASIM) kimi beynəlxalq layihələrin gerçəkləşdirilməsinə önəmli dəstək göstərəcək. Təxminən, üç il yarım öncə beynəlxalq telekommunikasiya sərgisi "BakuTel-2008"in gedişində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) Avropanın və Asiyanın yüksək sürətli informasiya şəbəkəsi ilə birləşdirməyi nəzərdə tutan TASIM layihəsi barədə təşəbbüs qaldırıb. Azərbaycanın TASIM-in çəkilməsində maraqlı olması bir sıra obyektiv amillərlə bağlıdır. Avropa və Asiyanın qovşağında əlverişli coğrafi mövqedə yerləşməsinə baxmayaraq, bizim ölkə dünyanın internet mərkəzlərindən kənarda yerləşir, ölkə ərazisindən xüsusi olaraq internetə çıxış üçün bekbonlar (fiberoptik magistral IT-kanallar) keçmir. Buna görə Azərbaycan bir neçə tranzit ölkənin daxili şəbəkəsi vasitəsilə ötürülən internet-trafiki istifadə etməyə məcburdur ki, bu da onun dəyərini yetərincə bahalaşdırır. Artıq mövcud olan sxemdən fərqli olaraq, TASIM layihəsi müstəqil optik bekbonun - bizim ölkəyə daxil olan trafik mübadiləsinin artırılmasının ən effektiv üsulunun yaradılmasını və uyğun olaraq internet-xidmətlərin qiymətinin azaldılmasını nəzərdə tutur. Bu işin ikinci və daha önəmli bir üstünlüyü də böyük həcmlərdə tranzit trafikinin cəlb edilməsi olacaq ki, bu da TASIM layihəsində payçı olacaq ölkəmiz üçün böyük miqdarda gəlir vəd edir.
Keçən illər ərzində TASIM layihəsi dünyanın aparıcı dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatların siyasi dəstəyini əldə edib. Belə ki, 2009-cu ilin sonlarında layihə BMT Baş Assambleyasının 64-cü sessiyasında yekdilliklə bəyənilib və daha sonra bir neçə iri beynəlxalq sərgi forumunda potensial investorlara təqdim edilib. Layihəyə siyasi dəstək bəyan edənlər sırasında ABŞ, Qazaxıstan, Gürcüstan, Hindistan, İran, Ukrayna, Belarus, Malayziya, Misir və bir sıra başqa ölkələr olub. Cari ilin ortalarında Azərbaycanın "Azertelekom", Rusiyanın "Rostelekom", Qazaxıstanın "Kaz-TransCom", Türkiyənin "TurkTelecom" və Çinin "ChinaTelecom" şirkətlərinin qatıldığı tərkibdə konsorsiumun yaradılması üzrə hökumətlərarası danışıqların birinci mərhələsi başa çatıb.
Layihənin Amerikanın "Booz & Allen" şirkəti tərəfindən çəkilmiş ilkin eskizinə görə, bu cür uzun optik xəttin yaradılmasının qarışıq dövlət-kommersiya maliyyələşdirilməsi nəzərdə tutulur. Konsorsiumun rəsmi yaradılmasından sonra nəzərdə tutulanların hamısının gerçəkləşdirilməsinə 2-2,5 il tələb edilir. Magistral öz başlanğıcını Almaniyanın mərkəzi IP-hablarından başlayacaq, daha sonra Macarıstan, Bolqarıstan, Türkiyə, Gürcüstan və Azərbaycan, Mərkəzi Asiya dövlətlərinə uzanacaq, daha sonra Əfqanıstan, Pakistan və Hindistandan keçməklə Çinə uzanacaq.
Bütünlükdə, TASIM layihəsinə cəlb edilmiş operatorlar şəbəkəsi yetərincə inkişaf edib və yeni kabel seqmentlərinin çəkilməsi yalnız bir neçə buraxılış imkanı yetərli olmayan sahə üçün nəzərdə tutulur. Gözlənilir ki, magistralın texniki təchizatı üzrə işlərin böyük bölümü gələn ilin sonuna başa çatacaq. O cümlədən, TASIM optik-lif xəttinin Xəzər sahəsinin çəkilməsi üzrə Azərbaycan-Qazaxıstan danışıqları uğurla irəliləyir. Bizim ölkədə şaxələnmiş "Trans Asiya-Avropa" (TAA) optik xəttinin olması nəzərə alındıqda, onun sualtı seqmenti bzim Siyəzən məntəqəsindən Qazaxıstanın Kendirli məntəqəsinə qədər çəkiləcək. Maraqlıdır ki, optik-lif kabelinin bu 380 kilometrlik sualtı seqmentinin çəkilməsi hələ 1999-cu ildə çəkilməli idi, amma Xəzərin şərq sahilindəki tərəfdaşlarla uğursuz danışıqlar üzündən bu, xeyli illər təxirə salındı. Xəzərin qərb və şərq sahillərinin optik xətlə qovuşdurulması ölkəmizi Şanxaydan Frankfurt-Mayna qədər istifadəçiləri birləşdirən 24 min kilometrlik tranzit xəttində vacib manqaya çevirərdi.
Ancaq bu gün TASIM konsorsiumunun tezliklə formalaşdırılması nəzərə alındıqda, TAA-nın tikilməmiş hissəsinin bərpası məsələsi yeni məna kəsb edir. "Azərbaycan və Qazaxıstan optik kabelin sualtı hissəsinin çəkilməsi layihəsinə aid olan bütün protokollara qol çəkiblər və bütün məsələləri razılaşdırıblar. Hazırda texniki həllin təchizatçılarının seçimi gerçəkləşdirilir: baxılan variantların sırasında sualtı optik-lif kabellərinin çəkilməsi üzrə böyük təcrübəyə malik Çin, Norveç, Böyk Britaniya şirkətləri var", - deyə Qazaxıstanın "KazTransCom" şirkətinin infrastruktur layihələri üzrə icraçı-direktoru Aleksandr Kislitsın bildirib. Onun sözlərinə görə, yaxın zamanlara avadanlıq təchizatçılarının namizədlikləri razılaşdırılacaq və tender elan ediləcək. Kabelin dəniz hissəsinin çəkilməsinin başa çatdırılmasına gəldikdə isə, A.Kislitsının sözlərinə görə, hər şey Avropada, Yaxın Şərqdə və dünya bazarlarında baş verən, layihələrin sərmayələşdirilməsinə müəyyən düzəlişlər etməyə qadir olan hadisələrdən asılıdır. Ən uzun sürən variantda kabel xəttinin Transxəzər seqmentinin tikintisi gələn ilin avqust ayında başa çatacaq.
Həmin müddətə konsorsium formalaşdırılacaq və TASIM magistralının başqa sahələrinin texniki təchizatı üzrə işlər başlayacaq. "Layihənin gerçəkləşdirilməsi üzrə işçi qrupun ilk görüşü keçən ilin yayında Qəbələdə, ikinci görüşü 2011-ci ilin noyabr ayında Türkiyədə baş tutub. Hazırda işçi qrup sənədlərin son variantı üzərində işlərini başa çatdırır. Bu sənədlər konsorsiuma qoşulması prosesində və TASIM layihəsinin gerçəkləşdirilməsində dövlət dəstəyini təmin edəcək", - deyə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib. Layihənin potensial iştirakçıları bu ilin sonuna qədər yekun forum keçirməyi düşünürlər, forumda beynəlxalq konsorsiumun yaradılması gözlənilir. Bundan sonra iştirak payı, maliyyələşdirmə və TASIM layihəsinin texniki gerçəkləşdirmə məsələləri müəyyən ediləcək.
MƏSLƏHƏT GÖR: