
GERİYƏ YOL QALMAYIB
Suriya yeni gərginlik burulğanında
Müəllif: Sahil İSGƏNDƏROV, politoloq Bakı
İyulun ikinci yarısında, təxminən, ilyarımdır silahlı qarşıdurmanın davam etdiyi Suriyada hərbi əməliyyatlar artıq Prezident Bəşər Əsədin ailəsinə qədər gedib çatıb. Ölkənin Milli Təhlükəsizlik Xidmətinin Dəməşqddə yerləşən binası yaxınlığında mühafizəçi işləyən kamikadze tərəfindən törədilən partlayış nəticəsində müdafiə naziri D. Raciha, onun müavini və B.Əsədin kürəkəni A.Şövkət, vitse-prezidentin köməkçisi, sabiq müdafiə naziri H.Türkmani, daxili işlər naziri M.əl-Şaar və Suriya kəşfiyyatının rəhbəri X.Bəxtiyar həlak olublar. Güclü partlayıcı binada güc strukturları rəhbərlərinin geniş toplantısının keçirildiyi vaxt işə salınıb. Terror aktı nəticəsindbə Prezident B.Əsədin yaxın ətrafına aid bir neçə yüksək rütbəli məmur da dünyasını dəyişib. Partlayışa görə məsuliyyəti radikal islamçılarla əlaqəli olan iki qruplaşma üzərinə götürüb. Hökumət qüvvələrinə qarşı vuruşan Suriya Azadlıq Ordusu (SAO) da partlayışda əlinin olduğunu bəyan edib. SAO nümayəndəsi K.Sadəddin rəsmi Dəməşqi açıq şəkildə hədələməkdən də çəkinməyib: "Bu, püskürəcəyi haqda xəbərdarlıq etdiyimiz vulkandır. Bu hədə yalnız başlanğıcdır".
Hadisədən 2 gün sonra Dəməşqdə daha bir neçə partlayış törədilib. Onlar telemərkəz, Gömrük İdarəsi və bir neçə xüsusi xidmət orqanları qərargahlarının yaxınlığında baş verib.
Güman etmək olar ki, silahlı müxalifət həlledici qarşıdurma ərəfəsində ölkənin güc strukturlarını başsız qoymaqla Suriya hərbi-siyasi elitasında qorxu və təşviş yaratmağa çalışır. Amma ölkənin ali hərbi qurumları baş verənlərə sərt reaksiya göstərib. Onlar "milli təhlükəsizliyə problem yaradan istənilən əlin kəsiləcəyini" bəyan edib. Suriya Parlamentinin deputatı U.Xəlil bildirib ki, Dəməşqdə törədilən bütün terror aktlarının arxasında Mərkəzi Kəşfiyyat İdarəsi və İsrail kəşfiyyatı - "Mossad"ın muzdluları dayanır. Deputat əmindir ki, bu cür hallara qarşı yalnız güc tətbiqi ilə mübarizə aparmaq olar.
Bəzi ekspertlər isə hesab edir ki, Prezident Əsədin aparıcı güc strukturu təmsilçilərini itirməsi ölkədəki qarşıdurmada dönüş nöqtəsi ola bilər. Üstəlik, son həftələrdə ölkədə müxalifətin tərəfinə keçən yüksək rütbəli hərbçilər və diplomatların sayı kəskin şəkildə artıb. Artıq Türkiyəyə qaçmış suriyalı generalların sayı 20-yə çatır. Diplomatlar arasında ən çox rezonans yaradan isə Suriyanın İraqdakı səfiri N.Farizin qaçması olub. Maraqlıdır ki, N.Fariz Dəməşqdəki terror aktlarında prezidentin yaxın ətrafını şübhəli bilir: "Güc strukturlarına rəhbərlik edən yüksək rütbəli şəxslərin məhvi islamçıların yox, Prezident Əsədə yaxın insanların işidir. Bu, Suriya rəhbərliyi daxilində hakimiyyət uğrunda mübarizənin kəskinləşdiyini göstərir".
Qeyd etmək lazımdır ki, bu hadisələr ərəfəsində Suriya müxalifəti "Dəməşqə həlledici hücum" elan etmişdi. Əvvəlcə qiyamçılar Dəməşqin bir neçə rayonunda mövqelərini möhkəmlətməyə nail olsalar da, hökumət qüvvələri silahlı müxalifəti həmin rayonlardan çıxara, hər yerdə nəzarəti bərpa edə biliblər. Suriyanın hökumət KİV-i xəbər verir ki, ordu yaraqlıların Dəməşqin qərbindəki Basatin-ər-Razi rayonundakı son dayağını da dağıdıb. Hökumət müxalifətçilərin müqavimətinin qırılmasında vertolyotlardan istifadə olunduğuna dair xəbərləri təkzib edir. Qiyamçılar isə eyni vaxtda ölkə əhalisinin sayına görə ikinci şəhəri, Suriyanın işgüzar paytaxtı sayılan Alepponun ələ keçirilməsi uğrunda kampaniyaya başlanıldığını bildirir.
Qiyamçılar şimal istiqamətində şəhərin mərkəzinə doğru irəliləməyi, dövlət təhlükəsizlik orqanlarının yerli mənzil-qərargahlarına hücumlar etməyi bacarıblar. Onlar Alepponun 10 kilometr şimalında yerləşən hərbi təlim hissəsini ələ keçirib, bəzi hərbçilər əsir düşüb, digərləri isə müxalifətin tərəfinə keçib. Türkiyə ilə sərhəd-keçid məntəqəsi də qiyamçılar tərəfindən nəzarətə götürülüb. Hökumət qüvvələri isə Alepponun şimalında qiyamçılara qarşı əks-hücum təşkil edərək, Kubteyn-əl-Cebalda muzdlulardan ibarət qrupu məhv, yaraqlıların ələ keçirdiyi Hayyan və Hareytan şəhərlərini isə azad edib. Bir qədər sonra Türkiyə ilə sərhəddəki Nəzarət-Buraxılış Məntəqəsi (NBM), həmçinin, qiyamçıların İraqla sərhəddə ələ keçirdikləri digər NBM-lər də hökumət qüvvələrinin nəzarətinə qaytarılıb.
Qiyamçılar sərhədi pozmasalar da, İraq hərbçiləri Suriya ilə sərhəddəki əsas yükboşaltma məntəqəsini mərmilər qarşısında tab gətirə biləcək beton hasarla bağlayıb. Suriyada yaşayan iraqlıların əksəriyyəti isə vətəndaş müharibəsinin tüğyan etdiyi bu ölkədən hökumətin fəaliyyətə keçməsini gözləmədən qaçmaqdadır. Beynəlxalq təşkilatların qiymətləndirməsinə görə, Suriyada vətəndaş qarşıdurmasının başlandığı gündən ölkəni 230 min insan tərk edib. Qaçqınlar əsasən Türkiyə, Livan, İordaniya və İraqa üz tutur. Bu yaxınlarda İraq və İordaniya hökuməti sərhədlərinin qonşu Suriyadan olan qaçqınların üzünə açıldığını bəyan edib. Bundan əvvəl isə Beynəlxalq Qırmızı Xaç Komitəsi Suriyadakı durumu vətəndaş müharibəsi kimi qiymətləndirib və ölkə ərazisində beynəlxalq humanitar hüququn qüvvəyə mindiyini bəyan edib. BMT-nin məlumatına görə, Suriyada davam edən qarşıdurmada həlak olmuş insanların sayı 16 mini ötür.
BMT-də çıxılmaz vəziyyət
Hadisələrin qızğın vaxtında Suriya müxalifəti növbəti dəfə beynəlxalq ictimaiyyətə müraciət edərək, onu ölkədəki vəziyyətə müdaxilə etməyə çağırıb. Nəticədə, BMT TŞ-də Böyük Britaniya, ABŞ, Fransa, Almaniya və Portuqaliyanın Suriya ilə bağlı hazırladıqları qətnamə layihəsi səsverməyə çıxarılıb. Sənəd Suriyaya qarşı BMT Nizamnaməsinin 7-ci fəslinin 41-ci maddəsinin bəndinin tətbiqini nəzərdə tutur. Bu maddədə hər hansı ölkəyə sərt iqtisadi və maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulur. Əslində, 7-ci fəsil beynəlxalq sülh və sabitliyə təhlükə yaradacaq siyasət yürüdən ölkəyə güc tətbiqinə də icazə verir.
Gözlənildiyi kimi, Dəməşqdəki terror aktlarını Suriyada sabitliyin pozulmasına növbəti cəhd kimi qiymətləndirən Moskva qətnamə layihəsinə veto qoyub. Onun mövqeyi Pekin tərəfindən də dəstəklənib. Yeri gəlmişkən, bu, 2011-ci ilin martından Moskva ilə Pekinin Qərbin Suriya ilə bağlı hazırladığı qətnamə layihəsinə sayca üçüncü vetosudur.
BMT TŞ-yə məsələyə dair Rusiya tərəfindən hazırlanmış qətnamə layihəsi də təqdim edilib. Sənəd Suriyadakı BMT missiyasının mandatını daha 3 ay uzatmağı nəzərdə tutur. Orada heç bir sanksiyadan söhbət getmir. Məsələ ətrafında aparılan qızğın müzakirələr heç bir nəticə verməyib və Moskva ilə Pekin mövqeyini dəyişməyib. Sonda BMT TŞ üzvləri BMT müşahidə missiyasının Suriyada daha 30 gün qalması ilə bağlı qərara yekdilliklə səs verib.
Rusiya ilə Çinin inadkarlığı isə Qərb tərəfindən sərt tənqid olunmaqdadır. TŞ-nin iclası sona çatdıqdan sonra, ABŞ-ın BMT-dəki nümayəndəsi S.Rays Suriyadakı zorakılığa görə məsuliyyəti Dəməşqə dəstək verənlərin üzərinə qoyub: "Suriyada zorakılığın davam etməsinin günahı Əsəd rejimində və BMT TŞ-nin onu dəstəkləyən üzvlərindədir. Suriya ilə bağlı Rusiya tərəfindən əngəllənən qətnamə layihəsi hərbi müdaxiləni nəzərdə tutmurdu. BMT-nin Suriya ilə bağlı fəaliyyəti iflasa uğradı".
Amerikalı diplomatın sərt mövqeyi Böyük Britaniya, Fransa və Almaniya nümayəndələri tərəfindən də dəstəklənib. Bununla yanaşı, S.Rays suriyadaxili məsələlərə BMT qərarı olmadan müdaxilənin mümkünlüyünə də işarə edib. Bu cür birtərəfli addımları qəbul etməyən Moskva isə Qərb dövlətlərini münaqişədə iştirak edən hər iki tərəfə simmetrik tələblər irəli sürməyə çağırır. Moskva bununla Suriyada zorakılığa son qoyulmasına, Prezident B.Əsədin hakimiyyətdən qeyri-konstitusion yolla uzaqlaşdırılmasına mane olmağa çalışır. Sərt mövqeyinə rəğmən Rusiya təmir olunmuş "Mi-25" zərbəçi təyyarələrinin Suriyaya yalnız ölkədə vəziyyətin qaydaya düşməsindən sonra veriləcəyini də bəyan edib. Qeyd etmək lazımdır ki, bir müddət əvvəl Moskvanı Dəməşqə hücum silahları verməkdə təqsirləndirən Qərb məhz bu məqamla bağlı Rusiyanı sərt tənqid atəşinə tutmuşdu. Buna rəğmən Rusiya heyətinə dəniz piyadaları ilə dolu böyük desant gəmilərinin də daxil olduğu hərbi-dəniz eskadrilyasını Suriya sahillərinə göndərmişdi.
Vəziyyəti gərginləşdirən daha bir məqam kimi isə, Suriya XİN-in rəsmisi C.Makdisinin kənar hərbi müdaxilə ilə üzləşəcəkləri təqdirdə, Dəməşqin kimyəvi silahdan istifadə edəcəyinin istisna olunmadığına dair bəyanatını da göstərmək olar. Bu bəyanatdan dərhal sonra, ABŞ Prezidenti B.Obama B.Əsədə kimyəvi silahdan istifadənin faciəvi səhv olacağına dair xəbərdarlıq edib. Pentaqon rəsmisi C.Littl isə hətta kənar müdaxilənin baş verəcəyi təqdirdə belə, rəsmi Dəməşqin kimyəvi silahdan istifadə variantını nəzərdən keçirməməli olduğunu söyləyib. Yeri gəlmişkən, Vaşinqtonun Suriyanın kimyəvi silaha malik olmasından narahatlığını BMT TŞ-nin iclasından dərhal sonra S.Rays da dilə gətirib: "Əsəd rejiminin öz xalqına qarşı zorakılığı onların kimyəvi silaha malik olması fonunda xüsusilə narahatlıq doğurur. Bu üzdən ABŞ Bəşər Əsəd rejiminə təzyiqləri BMT-dən kənar da davam etdirəcək".
Rusiya XİN isə C.Makdisinin bəyanatına münasibət bildirərkən ümid edib ki, 1968-ci ildə zəhərli və buna oxşar qazlardan müharibələr zamanı istifadəni qadağan edən Cenevrə protokoluna qoşulan Suriya bundan sonra da üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl edəcək.
Kim haqlıdır?
Suriya problemi ətrafında baş verənlərin təhlili göstərir ki, bu, daxili siyasi böhrandan daha çox Rusiya ilə Qərb arasındakı qlobal qarşıdurmadır. Tərəflərdən hər biri öz geosiyasi maraqlarından çıxış edir və Suriyada onu qane edən hakimiyyətin olmasına çalışır. Təəssüf ki, bu mübarizədə onları Suriya xalqının taleyi o qədər də maraqlandırmır.
MƏSLƏHƏT GÖR: