15 Mart 2025

Şənbə, 01:28

"AZƏRBAYCAN TƏHLÜKƏSİZLİK MƏSƏLƏLƏRİNDƏ HƏLLEDİCİ ROL OYNAYIR"

Amerika yəhudi komitəsinin icraçı-direktoru Devid Harris ilə müsahibə

Müəllif:

01.08.2012

Yəhudi icmasındakı intensiv fəaliyyəti dövründə Devid Harris dəfələrlə Avropa, Yaxın Şərq, Afrika, Asiya və Latın Amerikasının müxtəlif ölkələrinə səfərlərə gedib. Bu səfərlərin məqsədi yəhudi icmasının yaşayışı ilə tanışlıq, antisemitizmlə mübarizə, İsrailin diplomatik statusunun möhkəmləndirilməsi, insan haqlarının qorunması, dinlərarası və millətlərarası anlaşmaya kömək olub.

Devid Harris 1990-cı ildən dünyanın ən nüfuzlu yəhudi təşkilatlarından olan Amerika Yəhudi Komitəsinin (AJC) icraçı-direktorudur.

Bu yaxınlarda nümayəndə heyətinin rəhbəri kimi Azərbaycana səfər etmiş Harris Prezident İlham Əliyev tərəfindən qəbul edilib.

Cənab Harris "Region plus"un suallarını məmnuniyyətlə cavablandırıb.

- 1906-cı ildə yaradılmış Amerika Yəhudi Komitəsinin nailiyyətləri və uğursuzluqları nədən ibarətdir?

- 106 il əvvəl AYK-nin yaranmasından sonra biz dünyada əhəmiyyətli inkişafın şahidi olmuşuq. Bu gün yəhudilər uzun tariximiz dövründəki bütün mərhələlərlə müqayisədə daha azad və təhlükəsiz yaşayır. İsrail bərpa olunub və indi 64 yaşlı ölkə inkişafa və çiçəklənməyə davam edir,  indi demokratik və insani dəyərlərə həmişəkindən daha çox ölkə hörmətlə yanaşır.

Amma qaranlıq dövrlər də olub. Yəhudi xalqının üçdəbirinin, o cümlədən 1,5 milyon yəhudi uşağının qətlə yetirildiyi Holokost bizim tariximizdə (həm də deyərdim ki, bəşəriyyətin tarixində) ən dəhşətli bir nöqtədir. Deyəsən, indi dünyanın bir sıra bölgələrində antisemitizm Holokostun inkarı kimi, yenidən yayılmaqdadır. Bu, qonşu İranın prezidentinə də aiddir. Bundan başqa, hələ də bir çox ölkələrdə dini azlıqların və digər icmaların hüquqları tapdanır. Beləliklə, görünür, hələ çox iş görmək lazımdır.

- Bir çox rəsmi şəxslər - ABŞ-ın dövlət katibi Hillari Klinton, İsrailin müdafiə naziri Ehud Barak, İspaniyanın xarici işlər naziri Migel Moratinos və digər dövlətlərin hökumətiləri komitənizin iclaslarında iştirak edib. Komitə dünyadakı qlobal proseslərə təsir göstərə bilirmi?

- Ağıl və etiqad hesabına insan ləyaqətinin, qarşılıqlı anlaşma və demokratik dəyərlərin vacibliyini qeyd etməyə, münaqişələrin sülh yolu ilə həllinə çalışırıq. Yəhudi xalqı minilliklər boyu bu ideyalarla vəhdətdə olub.  Biz bu çağırışlarla dünyanı dolaşır, hər il 100-dən artıq ölkənin liderləri ilə əlaqə yaradırıq.  Bir çox hallarda ümum hədəflər, ümumi problemlər tapırıq. Öz mövqeyimizdə qalırıq. Çünki yalnız biz yəhudilər üçün yox, bütünlükdə bəşəriyyət üçün daha yüksək "stavka" ola bilməz.

- Müsahibələrinizin birində bildirmisiniz ki, Azərbaycan yəhudilər üçün vacib ölkədir. Bu münasibətin əsasında nə dayanır?

- Azərbaycan yəhudi xalqı üçün böyük əhəmiyyətə malikdir. Azərbaycanda uzun dövrlər yəhudilər olub və onlar ölkənin ayrılmaz hissəsinə çevrilib. Bir çox ölkələrdən fərqli olaraq, Azərbaycan antisemitizmdən  azad olub. Bundan başqa, Azərbaycan İsrail ilə dost ölkədir. Bu münasibətlər hər iki tərəfin maraqlarına cavab verir və şiələrin üstünlük təşkil etdiyi müsəlman dövlətlərinin yəhudi dövləti ilə potensial əlaqələri üçün nümunədir. Birləşmiş Ştatlarda milyonlarla yəhudinin yaşadığını nəzərə alsaq, Azərbaycanın qərbpərəst mövqedə olması və Vaşinqtonla sıx əlaqələri alqışlamasını bilmək sevindiricidir.

- Bir neçə il əvvəl İsveçrədə keçirilmiş Davos forumunda Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşmüşdünüz və o, sizi ölkəmizə dəvət etmişdi. Artıq bir neçə dəfə Azərbaycanda olmusunuz. Azərbaycan rəsmiləri ilə hansı məsələləri müzakirə etmisiniz?

- Bəli, biz Azərbaycan Prezidenti Əliyev ilə artıq 4 dəfə görüşmüşük - əvvəlcə Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda, daha sonra 3 dəfə Bakıda. Hər dəfə aktual məsələlərlə, həmçinin, Amerika-Azərbaycan ikitərəfli münasibətləri, Azərbaycanın bilavasitə qonşuları, enerji, İsrail və Azərbaycanın yerləşdiyi çətin region, Yaxın Şərqdə baş verənlərlə bağlı dolğun və açıq diskussiyamız olub.

- ABŞ-da yəhudi və azərbaycanlı icmalarının sıx əməkdaşlıq etdiyi məlumdur. Bəs yəhudi-erməni münasibətləri haqda nə deyə bilərsiniz?

- Amerikanın erməni icmasında çoxlu dostlarımız var. Onlar bizim qonşularımız, peşəkar həmkarlarımız və həmvətənlərimizdir. Uzun və bəzən ağrılı tarixə malik diaspora kimi,  müzakirə edəcəyimiz məsələlər var. Çünki biz də ağrılı tarix və diasporanın iş təcrübəsi haqda məlumatlıyıq.

- İyulda ABŞ-ın dövlət katibi Hillari Klinton ikinci dəfə regiona səfər edib. Fikrinizcə, Azərbaycan bundan nə kimi qazanc əldə edə bilər?

- Vaşinqtonda Azərbaycanın regional və qlobal təhlükəsizlikdə aparıcı rola malik olduğunu getdikcə daha çox anlayırlar - istər enerji sahəsində, istər terrorla mübarizədə, Əfqanıstanda ABŞ/ NATO-ya yardım olunmasında, istərsə də İranın nüvə silahı əldə etməsinin önlənməsində. Dövlət katibi Klintonun səfəri - bildiyiniz kimi, bu onun regiona ilk səfəri deyildi - bu məsələni bir daha qabardır. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi ölkənin əhəmiyyətinə daha bir vacib məqam əlavə edir. Amerikanın Riçard Morninqstar kimi məşhur səfirinin Azərbaycana təyinatı da Vaşinqton-Bakı münasibətləri haqda çox şey deyir.

- Azərbaycan ABŞ-ın yaxın strateji müttəfiqlərindən biridir. O, antiterror əməliyyatlarında, birgə layihələrin imzalanmasında və sairdə iştirak edir. Fikrinizcə, Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı niyə dəstəkləmir?

- Mən bu məsələ üzrə ekspert deyiləm, lakin bilirəm ki, Vaşinqtonun yeganə istəyi, nəhayət, Dağlıq Qarabağ probleminin həllinin tapılmasına köməklik etməkdir. Bu məsələdə Vaşinqtonun strateji müttəfiqi olan Azərbaycanın mövqeyini nəzərə alması çox vacibdir. Amma o, ölkəmizdə çox fəal olan Amerika ermənilərinin də fikrini  nəzərə almalıdır. Onların mövqeyi isə, yaxşı bilirsiniz ki, fərqlidir.

- Necə düşünürsünüz, Azərbaycan yəhudilər üçün təhlükəli ölkə sayıla bilərmi?

- Artıq üçüncü dəfədir ki, Azərbaycanda oluram və burada özümü tam təhlükəsizlikdə hiss edirəm. Mən yəhudi olan və olmayan daha çox insanı dünyanın ən maraqlı ölkələrindən birinə baş çəkməyə çağırmaq istərdim. Artıq Bakıya bir daha gəlmək imkanımı səbirsizliklə gözləyirəm.


MƏSLƏHƏT GÖR:

390