
ƏL AÇIB DİLƏNƏNDƏ…
Ermənistanın xarici borcu kritik həddə çatır
Müəllif: NURANİ Bakı
Ermənistan növbəti kredit axtarışındadır. Söhbət dövlət tranşı üçün Ermənistandan ötrü astronomik hesab edilən məbləğdən - 1 milyard dollardan gedir. Amma yavaş-yavaş dağılmaqda olan iqtisadiyyata malik Ermənistan üçün bu, az qala, taleyüklü məsələdir - büdcə kəsri artmaqda davam edir, onun qarşısının alınması üçün real perspektivlər isə görünmür.
Qərb kömək etməyəcək
Analitikilər bildirir ki, İrəvan əvvəlcə Aİ-dən kredit almağa ümidli idi. Lakin məlum oldu ki, Brüsselin yaxın zamanlarda Ermənistana maddi yardımın göstərilməsi üçün donorlar konfransı keçirmək niyyəti yoxdur. Aİ-nin imtinası isə Ermənistanda bu ilin mayında keçirilmiş parlament seçkisi ilə əlaqədardır. Qurumun genişlənmə və Avropa qonşuluq siyasəti üzrə ali komissarı Ştefan Fülenin mətbuat katibi Piter Stano bildirib ki, Aİ ermənilərin ərizəsinə 2013-cü ilin fevralına təyin olunmuş prezident seçkisindən sonra baxacaq.
Xatırladaq ki, Aİ-nin yeni müstəqil dövlətlər üçün yaratdığı "Şərq tərəfdaşlığı" proqramı sadə prinsipə əsaslanır: Aİ qonşularına maliyyə yardımları və kreditləri demokratiyanın inkişafı və insan haqlarının qorunması sahəsində vəziyyətin yaxşılaşması qarşılığında ayırır. Görünür, Ermənistanda keçirilmiş son seçki avropalı müşahidəçiləri qane etməyib. Bu məsələdə yerli KİV-in iddia etdiyi kimi, Ermənistanın Böyük Britaniyadakı səfiri Karine Kazinyanın AŞ PA nümayəndə heyətinin rəhbəri Emma Nikolsona hədiyyə etməyə çalışdığı bir şüşə konyak da ermənilərə kömək etməyib. Görünən odur ki, Brüssel Ermənistanın gələcək iqtisadi siyasəti haqda daha dəqiq təsəvvürə malik olmağa çalışır. Bu isə 2013-cü ildən sonra Ermənistanda prezident kürsüsündə kimin əyləşəcəyindən asılıdır.
Bundan başqa, avronun xilası kimi vacib vəzifə ilə qarşı-qarşıya qalmış Avropanın, üstəlik, Ermənistana da ayırmağa pulu yoxdur.
Ermənistanın insan haqlarını kreditə dəyişə bilib-bilməyəcəyi açıq qalır. Amma bir məqam şübhə doğurmur: Brüssel Ermənistanın maliyyə sisteminə çox ağrılı zərbə vurub. Bu maliyyə sisteminin dayanaqlılığı isə, məlum olduğu kimi, sıfıra bərabərdir - Ermənistan iqtisadiyyatında "təhlükəsizlik yastığı"nın olmadığını yerli analitiklər hələ 2008-ci ildə bildirmişdi.
Yenidən Rusiyaya
Avropada uğursuzluğa düçar olmuş erməni maliyyəçilər diqqətlərini yenidən Rusiyaya yönəldib. Görünür, İrəvan Moskvanın "tarixi müttəfiqi"nə, daha doğrusu, "forpost"una qarşı səxavətli davranmalı olduğuna şübhə etmir. Hər halda, Ermənistan Moskvaya müraciət edərək, ondan 800 milyon - 1 milyard dollar arasında kredit istəyib.
Məlum olduğu kimi, Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko İrəvana səfəri zamanı Ermənistan prezidenti Serj Sarqsyan və parlamentin spikeri Ovik Abramyanla apardığı danışıqlarda yalnız iki ölkə arasında strateji tərəfdaşlıq məsələlərini müzakirə etməyib. Rusiyanın Ermənistana satdığı qazın qiymətini artırmaq qərarını təxirə salması, həmçinin, İrəvana növbəti kreditin ayrılmasına dair İrəvanın xahişləri də görüşlərdə diqqət mərkəzində olub.
"Qaz məsələsi"nin təfərrüatına varmağa ehtiyac var. Artıq həftələrdir ki, erməni ictimaiyyətində Rusiyanın Ermənistana satdığı qazın min kubmetrinin qiymətinin hazırkı 180 dollardan 320 dollara qaldırılacağına dair şayiələr müzakirə olunur. Təxminən, ikidəfəlik artımın 2013-cü ildən qüvvəyə minəcəyi bildirilir. Bu, iqtisadi böhranda boğulan Ermənistan üçün xüsusilə Aİ-nin kredit ayırmaqdan imtina etməsindən sonra ciddi zərbədir.
Bu arada Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan da bir tərəfdən alovun üzərinə yağ töküb. O, Facebook sosial şəbəkəsindəki səhifəsində yazıb ki, "Rusiyadan alınan qazın qiyməti artıq 60 dollar bahalaşıb. Amma hökumət hələ ki, daxili bazarda qazın qiymətini əvvəlki həddə saxlayır və bu, fevralda keçiriləcək prezident seçkisinədək davam edəcək".
Daxili tariflərdə kəskin artım, şübhəsiz, yalnız dərhal vəziyyətdən öz xeyrinə istifadə edəcək müxalifət sıralarında deyil, Ermənistan əhalisinin əksəriyyətini təşkil edən pensiyaçılar və aztəminatlı vətəndaşlar arasında da etirazları artıracaq. Bu baxımdan, İrəvan üçün Moskvanı qazın qiymətinin artımını payızadək təxirə salmağa, yeni qiymətləri isə ictimaiyyətə açıqlamamağa mümkün qədər tez razı salması vacibdir.
Bəs Moskva belə addım atmağa hazırdırmı? Hər halda, Rusiyanın Ermənistana kredit ayırmağa və ya qazın qiymətini olduğu kimi saxlamağa razı olduğuna dair "siqnallar" nə Valentina Matviyenkonun, nə də Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkinin İrəvana səfəri zamanı eşidilib.
Yerli analitiklər bənzər vəziyyətin 2005-ci ildə də yaşandığını xatırladır. O zaman "Qazprom" Ermənistana satılan qazın qiymətinin 2 dəfə artırıldığını bəyan etmiş, lakin sonradan rəsmi nümayəndəsi Denis İqnatyevin vasitəsilə bu qiymətin Ermənistan üçün "daha əlçatan səviyyədə qala biləcəyini" açıqlamışdı. Amma bunun üçün Rusiyanın "enerji sahəsində əməkdaşlığın genişdəndirilməsinə" dair təklifi nəzərdən keçirilməli idi. Söhbət Razdan HES-in 5-ci blokundan, İran-Ermənistan qaz kəmərindən, həmçinin, Rusiya kreditindən imtinadan gedirdi. Ermənistanın ozamankı baş naziri Andranik Marqaryan ölkəsinə verilən qazın qiymətindəki artımın kompensiya edilməsi üçün Rusiyadan kredit almaq niyyətində olmadıqlarını bəyan etmişdi. O bildirmişdi ki, kreditə ehtiyac yaranarsa, İrəvan onu qərbli tərəfdaşlarından və ya beynəlxalq təşkilatlardan daha güzəştli şərtlərlə əldə edə bilər.
O zaman danışıqların nə ilə nəticələndiyi hər kəsə bəllidir: "Qazprom"la xammal diversifikasiyası və enerji müstəqilliyi baxımından tamamilə əlverişsiz olan müqavilə ilə. Həmin vaxt Ermənistan müqaviləyə dövlət büdcəsində vəsaiti çatışmadığından imza atmışdı. Bu gün isə maddi vəziyyət daha da ağırdır. Üstəlik, prezident seçkisinə çox az vaxt qalır və bu, danışıqlarda Ermənistanın mövqeyini daha da zəiflədir. Bu azmış kimi, Aİ Ermənistana maddi yardımın göstərilməsi məsələsinin müzakirəsini 2013-cü ilədək təxirə salıb. İndi Ermənistan Rusiyadan kredit istəmək məcburiyyətindədir. Yoxsa Rusiya "borc əvəzinə yeni mülkiyyət" istəməsi üçün zəmin yaratmaq niyyəti ilə özü ermənilərə kredit təklif edir?
Paralellər kifayət qədər əsaslıdır. Amma artıq ermənilərin borcun əvəzinə verəcəyi qiymətli mülkiyyəti qalmayıb. "Rosatom"la Metsamor AES arasında danışıqların yarımçıq kəsilməsi isə göstərir ki, Rusiya tərəfi ermənilərlə real kontakta girdikdə, əvvəlcə həddindən artıq yüksək qiymətləndirilən mülkiyyətin, əslində, dəyərsiz bir şey olduğunu görür.
Ermənistana kredit və qazın qiymətini artırmayacağı qarşılığında, Gömrük İttifaqına qoşulmasının təklif olunacağı kifayət qədər populyar versiyadır. Federasiya Şurasının rəhbəri Valentina Matviyenko da İrəvana səfəri zamanı bu məsələyə toxunmuşdu: "Ermənistan prezidenti respublikanın Avrasiyaya inteqrasiya prosesində iştirak perspektivini müsbət qiymətləndirir. O, Ermənistanın Gömrük İttifaqına, gələcəkdə isə Avrasiya İttifaqına qoşulmasını istisna etmir".
Matviyenko bildirmişdi ki, İrəvan bu inteqrasiya formalarının "yol xəritəsi"ni istəyib və ekspertlər səviyyəsində məsləhətləşmələri davam etdirir.
Amma Ermənistanın baş naziri Tiqran Sarksiyan hələ apreldə bəyan etmişdi ki, İrəvanın Gömrük İttifaqına qoşulması mənasızdır: "Dünya təcrübəsində ümumi sərhədləri olmayan ölkələrin Gömrük İttifaqına üzv olması halına rast gəlinmir. Bu, mənasız olardı. Gömrük İttifaqının mənası əmtəə mübadiləsinin gömrük baxışı olmadan həyata keçirilməsindədir. Bizdə isə bu, mümkün deyil. Çünki mal qonşu dövlətin ərazisindən keçməli və iki dəfə gömrük rüsumu ödənilməlidir. Bu, təsərrüfat subyektləri üçün gömrük qeydiyyatı prosesinin yüngülləşdirilməsi prosedurunu mənasız edir. Bu halda biz yalnız gömrük rüsumları və vergilərin artırılması kimi problemlə üzləşərik. İqtisadi baxımdan bu, məqsədəuyğun deyil".
Bir sözlə, belə qənaətə gəlmək olar ki, Ermənistan növbəti dəfə aldadıcı loyallığını Rusiyaya real kreditə satmağa çalışır. Moskva bu loyallığı almaq istəyəcəkmi? Üstəlik, İrəvan bundan bir qədər əvvəl Aİ-dən kredit qoparmağa, bununla da "kredit xətti" ilə xarici siyasətinin diversifikasiyasına çalışırdı. Bir çox əlamətlər göstərir ki, Rusiya hökuməti və ya ən azı, bu hökumətdəki iqtisadi blok "dostluq öz yerində, pul öz yerində" prinsipinə əsaslanaraq, öz "forpost"u üçün ciblərini boşaltmağa hazırlaşmır...
Kredit xilas deyil
Digər tərəfdən, hətta Ermənistan çox arzuladığı krediti əldə etsə belə, bu, onun iqtisadiyyatı üçün çətin ki, xilasedici rolu oynasın. Ölkə sadəcə borc içində boğulur. Ermənistanın "kredit öhdəlikləri" ÜDM-in yarısından artıqdır və bu, defolt deməkdir. Analitiklərin hesablamalarına görə, bu gün Ermənistanda dövlət borcunun ÜDM-ə nisbəti Rusiyadan mümkün kredit nəzərə alınmadan, 1% artaraq 42,6%-ə çata bilər. Hökumət borcunun ödənilməsinə xərclər 54%-ə yüksələcək və 177,7 milyard drama (hazırkı məzənnəyə əsasən, 423 milyon dollara) çatacaq. Üstəlik, Ermənistanın dövlət borcunda əsas məbləğ məhz xarici borclardır. O, artıq kifayət qədər təhlükəli həddə çatıb (ÜDM-in 36,1%-i). İndi ölkəyə növbəti dəfə kredit ayrılarsa, bu göstərici 46,2%-ə, dövlət borcunun ÜDM-ə nisbəti isə 52,6%-ə çatacaq. Beləliklə, ölkə riskli zonaya qədəm qoyacaq.
Ekspertlər bildirir ki, Ermənistan həm də alınan kreditləri köhnə borcların ödənilməsinə xərcləyir - iqtisadiyyatın real sektoruna bir qəpik də ayrılmır. Yəni, iqtisadiyyatda hər hansı müsbət dəyişikliklərə ümid etməyə dəyməz.
Hazırda Ermənistanın üzləşdiyi iqtisadi bəlaların əsas səbəbinin onun təcavüzkar siyasəti, az qala, bütün qonşularına qarşı ərazi iddiaları, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində tutduğu qeyri-konstruktiv mövqeyi olduğunu xatırlatmaq artıq olardı. Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədləri məhz bu üzdən bağlıdır. Nəticədə o, iqtisadi və infrastruktur layihələrdən kənarda qalıb. Olmayan sağlam düşüncəni isə təəssüf ki, heç bir kreditlə yaratmaq mümkün deyil.
MƏSLƏHƏT GÖR: