15 Mart 2025

Şənbə, 01:19

HAZIRLIQ №1

Lisenziya sayında rekorda imza atan azərbaycan daha çox olimpiya medalı qazanmağa iddialıdır

Müəllif:

15.07.2012

Bir həftədən sonra bütün Azərbaycanın ürəyi Londonda döyünəcək. İyulun 27-də start götürəcək Yay Olimpiya Oyunları Azərbaycan üçün bir sıra məqamlarla əlamətdar olacaq. Ölkəmiz bir neçə idman növündə ilk dəfə təmsil olunacaq. Bunlar avarçəkmə, qadın boksu və veloyürüşdür. 

Pekin Olimpiadası ilə müqayisədə Londonda daha çox taekvondoçu və boksçumuz olacaq. Sərbəst güləş yığmamız isə Pekindən fərqli olaraq, Londonda tam heyətlə mübarizə aparmayacaq. 55 kq.-da yarışan Mahmud Məhəmmədov hakimlərin qərəzli qərarlarına görə lisenziya qazana bilmədi. 

Yunan-Roma güləşində də itkilərimiz var. 66 kq.-da Pekin Olimpiadasının finalçısı Vitali Rəhimov son anda uduzmaqla Londondan kənarda qaldı. 

Pekinə 44 lisenziya qazanan idmançılarımız Londona 53 vəsiqə əldə ediblər. Qarşıya 50 lisenziya məqsəd qoyulmuşdusa, idmançılar daha yaxşı nəticə göstəriblər. 

Qazanılacaq medal sayı ilə bağlı proqnoz vermək çətindir. Gənclər və idman naziri Azad Rəhimov “R+”a açıqlamasında Pekin Olimpiadası  ilə müqayisədə daha çox medal olacağını bildirib. “Olimpiada ilə bağlı proqnoz verməyi sevmirəm. Çünki bəzən istənilən favorit idmançı belə məğlub ola bilər. Bununla yanaşı, idmançıların sayının çox olması medal qazanmaq şanslarını da bir o qədər artırır. Atlantada 1, Sidneydə 3, Afinada 5, Pekində 7 medal qazansaq da, Londonda bunun sayı 10-dan çox ola bilər. Bu göstərici ilə ölkəmiz Avropada 15-ci, dünyada isə 20 ən güclü ölkə sırasına daxil olar”, - deyə nazir bildirib.

Qeyd edək ki, 2008-ci ildə keçirilən Pekin Yay Olimpiya Oyunlarında Azərbaycan 7 medal (1 qızıl, 2 gümüş, 4 bürünc) qazanmaqla 200-dən çox ölkə sırasında 39-cu olub.


MƏSLƏHƏT GÖR:

506