15 Mart 2025

Şənbə, 01:19

İRƏLİ, QƏLƏBƏYƏ DOĞRU!

İlham Əliyev londonda keçiriləcək xxx yay olimpiya oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin yolasalınma mərasimində iştirak edib

Müəllif:

15.07.2012

Bu günlərdə hamının diqqəti London Yay Olimpiya Oyunlarına yönəlib. Planetin ən mötəbər yarışı hələ başlamasa da, vətəndaşlarımız  turnirdə iştirak edəcək idmançılarla daha yaxından tanış olur. Bəziləri Olimpiadada medal ümidini açıqlayır, digərləri isə ənənəvi olaraq favoritlərə güvənir. 

Ənənəyə uyğun olaraq 30-cu Yay Olimpiya və Paralimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin yolasalınma mərasimi keçirilib. Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Milli Olimpiya Komitəsinin rəhbəri, dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak edib.  

Dövlət başçısı çıxışında idmançılarımıza uğurlar arzulayıb, onların ölkəmizi layiqincə təmsil edəcəklərinə ümidvar olduğunu bildirib. Prezident ölkədə idman siyasətinin çox uğurlu olduğunu, digər ölkələrin də bu təcrübədən nümunə götürdüyünü vurğulayıb. Hər il yüzlərlə medalın qazanıldığını bildirən dövlət başçısının sözlərinə görə, ölkədə 34 Olimpiya kompleksi tikilib, 8-nin inşası isə davam etdirilir. Prezident İlham Əliyev idmançıların böyük əksəriyyətinin olimpiadada ilk dəfə iştirak etdiyini nəzərə çatdırıb: "Bu, ardıcıl inkişafdan xəbər verir. Azərbaycan idmançıları hər bir başqa ölkənin idmançısı üçün ciddi rəqib sayılır. İdman ölkəsi adını qazanmaq heç də asan məsələ deyil. Bəzi ölkələrdə idman qurumları arasında ziddiyyətlər var. Bəzi ölkələrdən fərqli olaraq, biz olimpiya və qeyri-olimpiya növləri arasında fərq görmürük. Federasiya rəhbərləri vəzifələrini uğurla yerinə yetirirlər".

Dövlət başçısı London Yay Olimpiya Oyunlarında 53 idmançının iştirak edəcəyini, öncəki olimpiadalarla müqayisədə idmançıların sayının bu dəfə çox olduğunu söyləyib. O, bu Olimpiadanın Azərbaycan idmanının növbəti təntənəsi olacağına əminliyini bildirib. 

Daha sonra sərbəst güləş üzrə Azərbaycan yığma komandasının böyük məşqçisi Firdovsi Umudov, idmanın atletika növü üzrə paralimpiya yığma komandasının üzvü, üçqat dünya çempionu Hüseyn Həsənov, boks üzrə yığma komandanın üzvü Vətən Hüseynli çıxış edərək, Olimpiya Oyunlarında ölkəmizin la-yiqincə təmsil olunması üçün mübarizə aparacaqlarını bildiriblər.

Boks üzrə yığma komandanın üzvü Vətən Hüseynli idmançılarımızın Olimpiya andının mətnini oxu-yub. Sonra olimpiyaçılar Azərbaycanın Dövlət Bayrağını öpüblər.

Qeyd edək ki,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının paytaxtı London şəhərində keçiriləcək XXX Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, XXX Yay Olimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:

- birinci yeri tutan hər bir idmançıya 400 min manat, onun məşqçisinə 200 min manat;

- ikinci yeri tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat;

- üçüncü yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat.

Sözsüz, London Yay Olimpiya Oyunlarında əsas ümid Pekin Olimpiadasının qəhrəmanı Elnur Məmmədliylə bağlıdır. Çində bütün rəqiblərini təmiz ippon fəndiylə məğlub edən Elnur yenidən diqqət mərkəzində olacaq. London Olimpiadası ərəfəsində onunla görüşüb, hazırlığı və arzuları barədə danışdıq.

- Təxminən, 4 il əvvəl Pekində tarix yazıldı. Həmin günü Azərbaycan idman ictimaiyyəti hələ də unutmayıb...

- 2008-ci il avqustun 11-də Pekində Olimpiya çempionu oldum. Sanki dünən olub. Amma 4 il artıq keçdi və biz növbəti olimpiadada çıxış etməliyik. Çox istərdim ki, xalqımızı yenidən sevindirim. Pekində komandamız uğurlu çıxış edərək tarix yazdı. Londonda həmin tarixi daha da böyütməliyik. Bu dəfə çıxışım iyulun 31-də olacaq. Arzum yenə çempion olmaqdır. Karyeramda ikinci dəfə Olimpiya çempionu olsam, özümü xoşbəxt hesab edərəm. 

- Olimpiadayla bağlı proqnoz vermək mümkün deyil. Deyirlər, idmançıda çempionluq üçün istedad, ustalıq və bəxt olmalıdır. Sənin uğur formulun necədir?

- Gərək psixoloji cəhətdən hazır olasan. Fiziki cəhətdən yaxşı məşq keçmişəm. Fikrimcə, idmançı yorğun olmamalıdır. Yarış günü rahat yatsan, heç kim sənə qalib gələ bilməz. Heç kimdən çəkinmək lazım deyil, qoy rəqiblər səndən qorxsun. Eyni zamanda, bütün rəqiblərə hörmət etmək də vacibdir.

- Azərbaycan idman tarixində ikiqat Olimpiya çempionumuz yoxdur. İndi böyük ümidlər sənə bağlıdır. Hamının medal gözləməsi sənə təzyiq göstərmir ki...

- Bu, təbii haldır. Olimpiya çempionu kimi titulu qorumaq istəyirəm. Nəticədən asılı olmayaraq dostlarım və yaxınlarım həmişə yanımda olacaq. Ardıcıl ikinci dəfə çempion olmağı çox istəyirəm. Amma bu idmandır. Heç kim Olimpiadayla bağlı proqnoz verə bilməz. Yarışda nə olacağını Allahdan başqa heç kim bilmir. 

- Kislovodsk, Barselona hazırlığından sonra, məşqlər İsmayıllıda yekunlaşacaq. Özünü Olimpiadaya hazır sayırsanmı?

- Bu günlərdə İsmayıllıda məşq edirik. İyulun 24-də Londona yola düşəcəyik. Təkcə mən deyil, cüdo üzrə bütün komandamız yarışa hazırdır. Komanda yoldaşlarımın hər biri medal qazana biləcək gücdədir. İndi optimal formanı qorumaq lazım olacaq. Londona qədər gecə-gündüz yalnız məşq edəcəyik. 

- Londonda 81 kq.-da çıxış edəcəksən. Bu çəkidə əsas rəqibin kimdir?

- Əsas rəqibim koreyalı Cae Bum Kimdir. Onunla hələ görüşməmişəm. Tatamidə mübarizə aparmadığımızdan bir-birimizi tanımırıq. Amma yeni çəkiyə keçidim problemsiz ötüşdü. İki dəfə "World Masters" turnirində qələbə qazandım. Türkiyədə Avropa Çempionu oldum. Çəki dəyişimimdə problem yaşanmadı. İnşallah, Londonda da yaxşı olar.

- Bizlərdə belə tendensiya var ki, açılış mərasimində bayrağı dal-ğalandıran idmançı uğursuz çıxış edir. Bayraqdar olsan, belə aqibətlə üzləşəcəyindən qorxmursan?

- Mən belə şeylərə inanmıram. Allaha şərik qoşmağa oxşadı. Hər şey insanın özündən asılıdır. Əgər bayraqdar olsam, bundan yalnız fəxr hissi duyaram. Azərbaycanın bayrağını açılış mərasimində aparmaq qürurvericidir. Hər bir idmançı istər ki, Olimpiadada vətəninin bayrağını o daşısın.

- Uğursuzluqdan qorxursan?

- Kim deyərdi ki, futbol üzrə Hollandiya kimi güclü komanda Avropa Çempionatında qrupdan çıxmayacaq. Onlar bir qələbə belə qazanmadı. İdmanda hər şey ola bilər. Heç kim uğursuzluqdan sığortalanmayıb. Özüm üçün demirəm. Sadəcə, idmanın yazılmamış qanunları var. Mən mükafat üçün deyil, tarix yazmaqdan ötrü çempion olmaq istəyirəm. 



MƏSLƏHƏT GÖR:

384