
ŞƏRQİN SƏDALARI ALTINDA
"İpək yolu" beynəlxalq musiqi festivalına müxtəlif ölkələrdən olan musiqiçilər qatılıb
Müəllif: Aydan VƏLİYEVA Bakı
İyunun 30-da ölkəmizin gözəl guşələrindən olan Şəkidə "İpək yolu" III beynəlxalq musiqi festivalı start götürüb. Festivala bir çox ölkələrin təmsilçiləri qatılıb. Bəstəkarlar İttifaqı və Şəki Rayon İcra Hakimiyyətinin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə keçirdiyi tədbirin açılışı milli memarlığın ən məşhur abidələrindən olan Şəki Xan Sarayında baş tutub.
Festivalın keçirilməsi üçün Şəkinin seçilməsi təsadüfi deyildi. Bu şəhər tarixin bütün dövrlərində öz istedadları ilə tanınıb. Bu il məhz Şəkinin "Azərbaycan yaradıcılığının paytaxtı" seçilməsi də səbəbsiz deyil. Bir çox ədəbiyyat və incəsənət xadimləri dünyaya məhz Şəkidə göz açıb: Mirzə Fətəli Axundov, Bəxtiyar Vahabzadə, Rasim Ocaqov, Lütfəli Abdullayev, Şəfiqə Abdullayeva...
Bundan başqa, bu il Şəki Xan Sarayının yubileyidir - tarixi abidənin 250 yaşı tamam olur.
Şəki Xan Sarayının ərazisi bir neçə gün ərzində açıq səma altında özünəməxsus konsert meydanına çevrilib. Orada bir sıra ölkələrdən olan musiqiçilər çıxış edib. Amma bayramın əsas siması məhz bizim musiqiçilər olub. Onların festivala hazırladıqları proqram müxtəlifliyilə fərqlənib. Proqramın əsas hissəsi isə Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettasının motivləri əsasında hazırlanmış "Arşınmalçı Böyük İpək Yolunda" adlı musiqi kompozisiyası olub. Kompozisiyanı Azərbaycan Dövlət Opera və Balet Teatrının artistləri və M.Maqomayev adına Dövlət Filarmoniyasının Fikrət Əmirov adına mahnı və rəqs ansamblı ifa edib. Festivalın proqramına bu il yubileyləri qeyd olunan Azərbaycan bəstəkarları Niyazi, Fikrət Əmirov, Səid Rüstəmov, həmçinin, Qara Qarayev və digər görkəmli müəlliflərin əsərləri daxil edilib. Tədbirdə dəvətlilər qismində Cahangir Cahangirov adına xor və Azərbaycan Televiziyasının Niyazi adına orkestri də iştirak edib.
Festivalın ikinci günündə Şəkinin "Çələbixan" sarayında Azərbaycanın Cabbar Qaryağdı adına muğam triosunun konserti də olub. Xalq artisti Mələkxanım Əyyubova, Möhlət Müslümov (tar) və Fəxrəddin Dadaşovun (kamança) müşayiəti ilə muğam və xalq mahnıları ifa edib. Qeyd edək ki, 1984-cü ildə keçirilmiş birinci muğam müsabiqəsinin qalibi olmuş muğam triosu Azərbaycanı həm vətəndə, həm də xarici ölkələrdə keçirilən bir çox müsabiqədə uğurla təmsil edir.
İyulun 2-də festival çərçivəsində 3 tədbir keçirilib: Şəki Musiqi Məktəbində M.Müslümov və F.Dadaşovun ustad dərsi, "Cənnət bağı"nda Türkiyənin "El-Kindi" instrumental ansamblının çıxış etdiyi gündüz konserti. Qeyd edək ki, Türkiyənin bu məşhur kollektivinə əslən fransız olan Camaləddin Vays başçılıq edir. O, Şərq musiqisi sahəsində ciddi araşdırmaların müəllifidir. Cənab Vays Osmanlı saray musiqisinin unikal əlyazmalarını tapıb, onları ansamblının repertuarına daxil edib, bununla da həmin musiqilərə ikinci həyat verərək, onların yaddan çıxmasının qarşısını alıb. Elə həmin gün axşam Xan Sarayında Şəki ilə qardaşlaşmış şəhər olan Türkiyənin Giresun şəhərinin konservatoriyasının rəqs qrupu da çıxış edib.
Növbəti festival günü Azərbaycan Dövlət Radio və Televiziyasının C.Cahangirov adına xorunun konsertilə başlayıb. Orada Ü.Hacıbəyovun, S.Rüstəmovun, A.Zeynallı, A.Əlizadə, C.Abbasov, M.Cəfərovun bəstələri, həmçinin, Azərbaycanın xalq mahnıları ifa olunub. "Yuxarı karvansara"da İranın sufi ənənələrinə uyğun mahnılar üzrə "ixtisaslaşmış" "Acemler" qrupu, "Aşağı karvansara"dakı axşam konsertində isə gürcü folklor rəqs və mahnı ansamblı - "Erisioni" çıxış edib.
Festivalın təntənəli bağlanış mərasimi iyulun 4-də keçirilib. Həmin gün də maraqlı çıxışlar, yaradıcılıq görüşləri keçirilib, festival günlərində açıq olan sərgilər də təşkil olunub.
Yekun konsert "Aşağı karvansara"da keçirilib. Festivalı bağlamaq hüququ Niyazi adına simfonik orkestrə (bədii rəhbər - əməkdar incəsənət xadimi Araz Əliyev) verilib. Solistlər isə əməkdar incəsənət xadimləri Q.İsmayılova, İ.Əfəndiyeva və R.Qasımov olub. Orkestr Ü.Hacıbəyov, Q.Qarayev, F.Əmirov, Niyazi, S.Rüstəmovun əsərlərini səsləndirib.
Türkdilli arealda və ondan kənarda regional və beynəlxalq səviyyədə aktual mədəniyyət tədbirlərinin hazırlanması və həyata keçirilməsi ilə məşğul olan TÜRKSOY təşkilatının qərarı ilə Şəki şəhəri bu il "türk xalqlarının qeyri-maddi mədəniyyətinin paytaxtı" elan edilib. Bu, Şəkidə keçirilmiş və vacib tarixə - Şəki Xan Sarayının 250 illiyinə həsr olunmuş "İpək yolu" III beynəlxalq musiqi festivalına xüsusi əhəmiyyət qazandırır.
MƏSLƏHƏT GÖR: