
“BU Kİ ƏSL BÜLBÜLDÜR...”
Bu ay dahi Azərbaycan xanəndəsi Bülbülün anadan olmasının 115-ci ili tamam oldu
Müəllif: Zöhrə FƏRƏCOVA Bakı
İndi əlimiz, ünümüz yetməyən, babalarımızın torpağına, daşlarına yazdıqları tarixin ermənilər tərəfindən qəddarlıqla silindiyi, məhv edildiyi o yerlərin əhvalını iki il öncə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri, xalq artisti Polad Bülbüloğlundan xəbər aldım. Azərbaycan ziyalılarından ibarət nümayəndə heyətinin tərkibində iki dəfə Dağlıq Qarabağa getmişdi axı. Ondan atasının - şöhrətli müğənnimiz Bülbülün yurdunun durumunu soruşdum: “Atanızın dünyaya göz açdığı Xanbağında, gözəl Şuşada dəyişməyən nə qalıb?”. Gözlərində kölgələnən kədər və səsində açıq duyulan hüznlə cavab verdi: “Əsas küçələr qalıb. Çox heyflər olsun, hər şey bərbad haldadır. Bəlkə mən xoşbəxt adamam ki, o yerləri bir də gördüm. Bir yandan da çox ağır idi. Orada gördüklərim tez-tez kino lenti kimi gözlərimin önündən keçir. Atamın heykəlinin üzünün yarısı qalıb. Bir neçə il qabaq Azərbaycana gətirdiyim üç güllələnmiş heykəldən də biri atamındır. Atanın güllələnmiş heykəlini görmək oğula necə təsir edər? Bu, erməni vəhşiliyinin sübutudur”.
...Şuşa bir tarixdir. Amma tarix olan onun yalnız torpağı, daşları, qayaları, qədim abidələri, küçələri, binaları deyil, həm də Azərbaycan elminə, mədəniyyətinə, incəsənətinə bəxş etdiyi görkəmli şəxsiyyətlərdir. Elə böyük Bülbül də onlardan biridir. Bu dünyada ömür sürdüyü 64 ildə çox sevgilərə, alqışlara, yüksək fəxri adlara, mükafatlara layiq görüldü. Bütün bunlar üçün Tanrının verdiyi səsə borclu idi. Elə Bülbül adını da ona o bənzərsiz səsi qazandırmışdı.
O zaman hələ uşaq idi. 1897-ci ilin 22 iyununda Şuşa yaxınlığında, Xanbağı adlanan yerdə dünyaya göz açan Murtuza Məmmədov 8 yaşına çatmışdı. Bütün şuşalı uşaqlar kimi onun da könlündə, dilində Qarabağ xanəndələrindən eşitdiyi Azərbaycan muğamları, xalq mahnıları yer tapmışdı. Arabir zümzümə edirdi. İlk dinləyiciləri, pərəstişkarları da var idi. Tay-tuşları tez-tez ondan oxumağı xahiş edirdilər.
... O illərdə adlı-sanlı xanəndələr Şuşa toylarını əsl sənət meydanına çevirirdilər. Onların ifa etdikləri muğamları, xalq mahnılarını bütün şuşalı uşaqlar kimi, Murtuza da böyük vurğunluqla dinləyirdi. Həmin gün də toy məclisini yaxşı seyr edə bilmək üçün yaşıdları ilə birlikdə yaxınlıqdakı iri tut ağacının şaxələnmiş budaqları arasında özünə yer seçmişdi. Ustad xanəndə muğamdan-muğama keçid etdikcə, balaca Murtuzanın ruhu pərvazlanırdı. Yaşıdları da bir tərəfdən “Sən də oxu”, - deyib onu həvəsləndirirdilər. Murtuza daha onların sözündən keçə bilmədi. Oxumağa başlayınca isə aləmi unutdu. Xanəndənin susmasını, toy əhli ilə birlikdə onu dinləməsini hiss etmədi. Bir də onda gördü ki, toybəyi özündən çıxıb. Ağacdan düşüb qaçmaq istədi. Amma imkan vermədilər. Xanəndə uşağı yanına çağırdı: “Bu ki əsl bülbüldür”, - dedi. Bu dəfə Murtuza xanəndənin istəyi ilə bütün toy iştirakçıları qarşısında oxudu...
O gecə toy məclisindəki ifası ilə balaca Murtuza Şuşa musiqisevərləri qarşısında istedadını təsdiq etdi. İlk alqışları da o gün eşitdi. Nə bu balaca oğlanı, nə də onun şaqraq səsini şuşalılar bir də heç vaxt yaddan çıxarmadılar. Unudulan isə əsl adı oldu. Murtuza o zamandan Bülbül kimi yaşadı, sevildi və şöhrətləndi.
Gənc yaşlarında Bakıya gəldi. Burada, 1916-cı ildə müğənnilik fəaliyyətinə başladı. 1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (ozamankı Birləşmiş Dövlət Teatrı Opera truppası) solisti oldu. Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" (İbn Salam), "Əsli və Kərəm" (Kərəm), Zülfüqar Hacıbəyovun "Aşıq Qərib" (Qərib) operalarında oynadı.
1927-ci ildə Bakı Konservatoriyasını bitirdi. Dövlət xətti ilə İtaliyanın Milan şəhərində təhsilini davam etdirməyə getdi. Milan Konservatoriyasını 1931-ci ildə bitirib Bakıya döndü. Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başladı. Bir il sonra - 1932-ci ildə Bülbülün təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyası nəzdində Azərbaycan xalq musiqisini öyrənən elmi-tədqiqat kabineti yaradıldı.
Yaradıcılıq tandemi
1938-ci ildə SSRİ Xalq artisti adına layiq görüldü. Həmin ildən ömrünün sonunadək Azərbaycan SSRİ Ali Sovetinə bütün çağırışlarda deputat seçildi. Heç bir müraciəti, heç bir şikayəti cavabsız qoymur, seçicilərinə bacardığı qədər köməklik göstərirdi. Onların xahişlərini, şikayətlərini əlaqədar təşkilatlara və ya məsul şəxslərə göndərir, sonra da məsələnin həll edilib-edilmədiyi ilə maraqlanırdı. O, hər işdə belə idi, laqeydliyi sevmirdi. Bunları mənə illər öncə Bülbülün həyat yoldaşı Adilə xanım danışmışdı. “Bülbül qeyri-adi insan idi”, - demişdi. - “Alicənab, intizamlı idi. Mehriban, həlim xasiyyəti var idi. Bununla bərabər, qətiyyətli, prinsipial idi. Biz bilirdik ki, o, sözü bir kərə deyir, “yox” söylədisə, bunu dəyişmək qeyri-mümkündür. Biz də çalışırdıq ki, onun üçün xoş olsun”.
Söhbətimiz hansı istiqamətə yön alırdısa, sonunda Adilə xanım onu bir məqama - Bülbüllə tanışlığına, ona olan sevgisinə gətirib çıxarır, birgə yaşadıqları 29 il boyunca necə xoşbəxt olduğundan danışırdı: “Bülbül gözəllik vurğunu idi. Həyatda yaxşı nə varsa, hamısını sevirdi. Özü də məlahətli sifət cizgiləri, xeyirxah mavi gözləri, gözəl yerişi ilə hər kəsi cəlb edirdi. O, əsl natiq idi. Kağızsız, «şparqalka»sız saatlarla danışa bilirdi. Fikrini səlist, gözəl ifadə edirdi. Xeyirxah idi. Yetim uşaqlara qarşı xüsusi diqqət göstərirdi. Ona verilən 200 rubl Stalin təqaüdünü uşaq evinə köçürürdü. Ayda iki dəfə istirahət günləri maşınını oyuncaqlarla, ərzaqla doldurub uşaq evinə aparırdı”. Adilə xanım danışırdı ki, Bülbül düzgünlüyü sevir, yalanı bağışlamırdı: “Bülbül dostluqda möhkəm idi. Kiminlə dostluğu kəsirdisə, demək, orada yalan axtarmaq lazım idi”, - belə deyirdi Adilə xanım və Bülbüllü günlərindəki qonaq-qaralı evinin xiffətini çəkirdi: “Bülbül təkliyi sevmirdi. Evimiz həmişə qonaqla dolu olurdu. Akademik Yusif Məmmədəliyev, Məmməd Səid Ordubadi, Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Rəşid Behbudov, Tofiq Quliyev, Süleyman Ələsgərov və o illərin bir sıra görkəmli şəxsiyyətləri evimizin əziz qonaqları olardılar. Gənc bəstəkarlar üçün də qapımız həmişə açıq idi. Bakıda qonaq olan dünyanın ən məşhur sənət adamları da mütləq bizim evə gələrdilər”.
O, qonşuluqlarında yaşayan Niyazi ilə Bülbülün dostluğundan, birlikdə əsər üzərində çalışmalarından danışardı. Bülbülün bəstəkarlar Qara Qarayev və Fikrət Əmirovla da xoş münasibəti olduğunu söyləyirdi. Onlar Azərbaycan musiqi sənəti üçün böyük işlər görürdülər.
Bülbül xalq mahnılarımıza Qərbin vokal ənənəsini sintez etməklə musiqimizə yenilik gətirdi, yeni ifa tərzi yaratdı. Bülbül dünya vokal sənətində özünə yer tutaraq, bu sahədə Azərbaycan məktəbinin yaradıcısı oldu.
Adilə xanım “Üzeyir bəylə Bülbül ikilikdə çox qüdrətli idilər”, - deyirdi. Üzeyir Hacıbəylinin nəğmələri Bülbülün səsi ilə əsrarəngiz idi. Onlar Azərbaycan musiqisinin beşiyi Şuşada boya-başa çatmışdılar. Hər ikisi muğamları, el havalarını, xalq mahnılarını gözəl bilir, sonsuz məhəbbətlə sevirdilər. Eyni zamanda, onlar Qərb musiqisini də dərindən öyrənmişdilər. Üzeyir Hacıbəyli, Bülbül kimi sənətkarların sayəsində Azərbaycan musiqi sənəti yeni uğurlar qazanırdı.
Bu dostluğa sonradan bir inciklik qarışdığını da söyləyənlər var. Amma deyirlər ki, Bülbül dahi bəstəkar Üzeyir Hacıbəylinin cənazəsi önündə «Sənsiz» romansını müşayiətsiz, elə yanıqlı oxuyub ki, hamı göz yaşlarına boğulub. Bu fövqəladə ifa Azərbaycanın ozamankı rəhbəri Mircəfər Bağırovu da ağladıb. Polad Bülbüloğlu mənə danışdı ki, o gündən sonra Bülbül bu əsəri bir də oxumadı: “Mən atamla, demək olar ki, hər yerə gedirdim. Bir gün rayonların birində idik, atam həmin əsəri çalmağımı istədi. Sonra konsertlərdə «Sənsiz»i oxumağa başladı. Onu bütün qəlbi ilə oxuyurdu. Qarabağ hadisələrindən, Şuşanın işğalından sonra bu əsər mənim üçün xüsusi bir rəmzə çevrildi”.
Bülbülün sehrli səsi
Adilə xanım da, Polad Bülbüloğlu da müğənni Bülbülün iştirakı ilə keçirilən konsertlərdə, opera tamaşalarında salonun hər zaman tamaşaçılarla dolu olmasını fərəhlə xatırlayırlar. Həyat yoldaşı Bülbülün qastrol səfərlərindən də danışardı: “Bülbülün istər Azərbaycanda, istərsə də xarici ölkələrə qastrol səfərlərində verdiyi konsertlər çox təntənəli keçərdi. Tamaşaçılarla dolu konsert salonları, ardı-arası kəsilməyən alqışlar, gül dəstələri... Mən Bülbülü müharibə illərində döyüş bölgələrində, arxa cəbhədə, hospitallarda, çağırış məntəqələrində çıxış edərkən də görmüşəm. Onun silahı mahnıları idi. Ordu generalları, zabitlər, əsgərlər Bülbülə sonsuz təşəkkürlərini bildirirdilər”.
Bülbül özü Böyük Vətən müharibəsi illərində, Bryansk cəbhəsində baş vermiş bir hadisəni tez-tez yada salarmış. O zaman həkimlər ağır yaralı olan gənc ukraynalı oğlanın ayağını kəsməyə hazırlaşırmışlar. Əməliyyatı narkozsuz aparmaq məcburiyyətində qalan cərrah Bülbülü çağırır. Ondan əgər Ukrayna dilində mahnı bilirsə, oxumasını xahiş edir. Çünki cavan oğlan narkozsuz bu ağır əməliyyata dözə bilməzdi. Cərrahiyyə otağına gələn Bülbül Lısenkonun "Natalka Poltavka" operasından Pyotrun "Solntse nizinka" mahnısını oxuyur. Yaralı ondan bir də oxumasını xahiş edir. Cərrahiyyə əməliyyatı 3 saat davam edir. Üç saat Bülbül bu mahnını təkrar-təkrar oxuyur. Müğənninin ecazkar səsi cavan oğlana dözüm verir, onu yenidən həyata qaytarır.
Bülbül maşında yol getməyi, təbiət qoynunda olmağı da çox sevərmiş. O, ömrüboyu dünyanın ən gözəl ölkələrinə səyahət edib. Qastrol səfərlərinə, bəzən də istirahət etmək üçün bu ölkələrə gedərdi. Amma onun üçün dünyanın ən gözəl məkanı Şuşa idi. Bütün gününü, hətta ömrünü də Şuşa üçün ayırmağa hər zaman hazır idi. Bülbül üçün dünyanın ən gözəl şəhəri idi Şuşa...
O, 1961-ci ilin 26 sentyabrında vəfat etdi. Bülbül yalnız ifasında lentə alınmış bənzərsiz mahnılar qoyub-getmədi. O həm də bir məktəb yaratdı. Bu məktəbdən gənc müğənnilər yalnız ifaçılıq sənətini deyil, həm də səhnə mədəniyyətini, tamaşaçıya hörməti öyrənə bilirlər. Atasını 16 yaşında ikən itirmiş Polad Bülbüloğlu da ondan çox şey öyrəndiyini deyir: “Bülbül kimi müğənnilərin tamaşaçılara göstərdikləri diqqət, hörmət biz cavanlar üçün dərs idi. Səhnəyə çıxırsansa, deməli, insanlar üçün nümunə olmalısan. Bunu biz Bülbül kimi sənətə hörmət edən sənətkarlardan öyrəndik”.
...Bülbülün bir yaralı heykəli var Bakıda. Ermənilərin güllələdiyi üç heykəldən biridir. Neçə ildir Bakıda «yaralıdır». Qarabağda isə Bülbülün təkcə heykəli deyil, erməni əlində qalan doğma şəhəri, gəzdiyi küçələri, ata ocağı yaralıdır. Polad Bülbüloğlu “Yaxşı ki, Bülbül Qarabağın, Şuşanın ermənilər tərəfindən işğal edildiyini görmədi”, - dedi.
Görmədi... Doğrudanmı görmür?..
MƏSLƏHƏT GÖR: