Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
Norveçdə keçirilən şahmat olimpiadası Azərbaycan üçün bir neçə məqama görə vacib sayılırdı. Birincisi, mötəbər turnirdə FİDE bayrağının növbəti olimpiadaya ev sahibliyi edəcək Bakı şəhərinin rəsmilərinə təqdim olunmasıdır. İkincisi isə, hər zaman qələbə gözlədiyimiz kişi şahmatçılardan ibarət millimizin çıxışıyla əlaqədar idi. Aleksandr Xalifmanın rəhbərlik etdiyi komandamız Tromsedə sözün əsl mənasında fədakarlıq nümayiş etdirdi. İlk dəfə olaraq olimpiadada uğurlu start götürən Azərbaycan millisi uzun müddət turnir cədvəlində lider mövqeyində qaldı. Lakin sonda ardıcıl səhvlər komandamızı mükafatçılar sırasından kənarda saxladı.
Yekun nəticədə reytinqə görə 8-ci olan komandamız 5-ci pilləni tutdu. Beləliklə, Azərbaycan şahmat tarixinə olimpiadada qazanılan ən yüksək göstərici düşdü. Şahmatçılarımız gümüş və bürünc medalçılarla eyni xala malik olsa da, əlavə göstəricilərə görə sıralamada 5-ci yerdə qərarlaşdı. Çin şahmatçılarının çempion olması gözlənilməz nəticə hesab edilsə də, ədalətli sonluq oldu. Gümüş medal Macarıstana, bürünc isə Hindistana təqdim olundu.
Ümumilikdə, Azərbaycan kişi şahmatçıları Norveçdə stabil oyunla yadda qaldı. Xalifman cəmi 1 il işlədiyi kollektivi əsl komanda kimi formalaşdırmağı bacardı. Şəhriyar Məmmədyarov birinci lövhədə oynamaqla Azərbaycan yığmasının lideri rolunu qazandı. Həm ağ, həm də qara fiqurlarla inamlı təsir bağışlayan Şəhriyar 3 ay əvvəl Şəmkir turnirindəki fiaskodan sonra özünə gəldiyini sübut etdi. Liderlərlə sona qədər mübarizə aparan Məmmədyarov komandanın uğur qazanmasında böyük pay sahibi oldu. 10 görüşdən 7 xal qazanan şahmatçımız bu nəticəylə birinci lövhədə oynamağa ən layiqli namizəd olmasını təsdiqlədi. Teymur Rəcəbov bütün görüşlərdə ümumi nəticə üçün mübarizə aparsa da, onun ideal formada olmadığı hiss olundu. Rauf Məmmədovla Eltac Səfərli hərəyə 5,5 xal toplamaqla millinin yüksək yerlər tutması üçün çalışdı. Qədir Hüseynov da son lövhələrdə yaxşı təsir bağışladı.
Ümumilikdə, kişi şahmatçılar komanda kimi inkişafda olduğunu göstərdi. Medal qazanmaq mümkün olmasa da, mötəbər yarışda güclü rəqibləri qabaqlamağı bacardı. 175 ölkə arasında 5-ci olmaqla qrossmeysterlər 2 il sonra Bakıda keçiriləcək olimpiadada çempionluq uğrunda yarışmağa hazır olduqlarını nümayiş etdirdi. Komandanın stabil çıxış etməsində kapitan Aleksandr Xalifmanın rolunu qeyd etməmək olmaz. Debüt seçimində Xalifmanın köməyi özünü göstərdi. Ötən il Avropa Çempionatında qızıl medal qazandıqdan sonra olimpiadada 5-ci olmaq müsbət haldı. Bu mənada Azərbaycan Şahmat Federasiyasının Aleksandr Xalifmanla yeni müqavilə imzalayacağı ən doğru qərar olacaq.
Təəssüf ki, qadın şahmatçılarımız haqda xoş sözlər demək mümkün deyil. Reytinqə görə olimpiadanın 22-ci komandası olan xanım qrossmeysterlərimiz 11 turdan sonra 23-cü pillədə qərarlaşdı. Komandanın heyətində ən yaxşı nəticə ikinci lövhədə çıxış edən Gülnar Məmmədovaya məxsusdur. 7.5 xal toplayan Gülnar həmkarlarını yaxşı mənada arxada qoydu. Türkan Məmmədyarova 7, bacısı Zeynəb Məmmədyarova isə 5.5 xalla yadda qaldı. İldən-ilə geriləyən qadınlardan ibarət yığmanın çıxışında sevindirici məqam tapmaq çətindir. Buna görə komandanın nəticələri təhlil olunmalı və qısa müddətdə islahatlar aparılmalıdır. 2 il sonra Bakıda keçiriləcək olimpiadaya qədər millimiz liderlərlə mübarizə aparmağı bacarmalıdır. Mütəxəssislərin fikrincə, komandanın əsas problemi məhz özündən güclü yığmalara qarşı oynaya bilməməkdir. Debüt seçimində səhvlərlə yanaşı, oyuna hazırlıq da yüksək səviyyədə deyil. Qeyd edək ki, qadınların yarışında Rusiya millisi çempionluğu bayram etdi. Gümüş medal Çinə, bürünc isə Ukraynaya qismət oldu.
Azərbaycan şahmatçılarının Norveçdə çıxışını təhlil etmək üçün qadın şahmatçılardan ibarət Azərbaycan yığmasının sabiq kapitanı Anar Allahverdiyevə müraciət etdik. "R+"a açıqlamasında məşqçi yekun nəticələr haqda bunları dedi: "Kişi şahmatçılarımız Tromsedə, sadəcə, super oynadılar. Uğurlu start götürdülər. Bir qədər bəxtsizlik olmasaydı, medalımız olacaqdı. Sonda kiçik səhvlər və bəxtsizlik komandanı medalsız qoydu. Xal hesabına görə 2-5-ci yerləri bölüşməyimiz müsbət haldı. İndiyə qədər heç vaxt belə yüksək nəticə olmamışdı. Ən yaxşı nəticəmiz 2008-ci ildə Drezden olimpiadasında 6-cı yer olmuşdu. Əlavə göstəricilərə görə üçlükdə medalçılar sırasında olmadıq. Şahmatçılarımız Azərbaycanı layiqincə təmsil etdi. Stabil oynadılar. Bu nəticə növbəti olimpiadaya böyük ümidlərlə baxmağa imkan verir. 2016-cı ildə olimpiada Bakıda olacaq. Buna görə həmin yarışda medal qazanmağımız çox vacibdir. Xanım şahmatçılarımız reytinqə görə 22-ci idi. Amma yekunda 23-cü oldu. 2010-cu il Xantı-Mansiysk olimpiadasında 4-8-ci yerləri bölüşdürmüşdülər. Son 4 ildə qızların nəticələri zəifləyir. Bu nəticəni qeyri-kafi adlandırmaq olar. Ən vacib partiyalarda Çin, Polşa, Rumıniya və ABŞ-a uduzduq. Belə turnirlərdə, heç olmasa, özündən güclü bir komandanı udmalısan. Xanım şahmatçılarımız bunu bacarmadı. Növbəti olimpiada Bakıda olacaq. Ona görə mütəxəssislər fikirləşməlidir və uğursuzluğun səbəbini tapmalıdır. Qızların çıxışını normal adlandırmaq mümkün deyil".
Norveçdəki olimpiada təşkilatçılığa görə ən zəif turnirlərdən biri kimi şahmat tarixinə düşdü. Turnirin Tromsedə yerləşən zavodlardan birində keçirilməsi artıq mənfi fikir yürütməyə imkan verir. Şəraitin aşağı, qiymətlərin baha olması bütün şahmatçılar tərəfindən kəskin pisləndi. Təsəvvür edin, 25 komanda şəhərdə otel olmadığı üçün 14 gün mehmanxana tipli qayıqlarda yaşayıb.
Olimpiada zamanı əsas diqqət FİDE və Avropa Şahmat İttifaqının prezidenti postuna baş tutan seçkilərə yönəldi. Seçkilərdə sürpriz olmadı. Gözlənildiyi kimi, Kirsan İlyumjinov növbəti 4 il müddətində də FİDE-yə rəhbərlik edəcək. Avropa Şahmat İttifaqının prezidenti postuna isə Azərbaycan millisinin sabiq kapitanı Zurab Azmayparaşvili seçildi.
Norveçdə keçirlən şahmat olimpiadasının son günü FIDE bayrağı 2016-cı ildə mötəbər yarışa ev sahibliyi edəcək Azərbaycan nümayəndə heyətinə təqdim olunub. Bayraq Azərbaycan Respublikası Baş nazirinin müavini, Dünya Kuboku-2015 və 2016-cı ildə Bakıda keçiriləcək şahmat olimpiadasının Təşkilat Komitəsinin sədri Yaqub Eyyubova verilib. FİDE rəhbərliyinə etimada görə təşəkkür edən Yaqub Eyyubov Bakının həm Dünya Kuboku, həm də şahmat olimpiadasını yüksək səviyyədə keçirəcəyinə əminliyini bildirib.
Beləliklə, Tromsedəki olimpiada tarixin yaddaşına qovuşdu. 2 il sonra planetin bütün ölkələri Bakıya toplaşacaq. Növbəti şahmat olimpiadası gözəl Bakıda möhtəşəm Cristal Hall-da baş tutacaq.
MƏSLƏHƏT GÖR: