Müəllif: Nərminə VƏLİYEVA Bakı
Rusiya Teatr Sənəti Akademiyasının professoru, Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, Rusiya Dövlət Mükafatı laureatı Natalya Nesterova bu gün bütün dünyada məşhurdur. Onun rəsm əsərləri Moskvadakı Tretyakovski Qalereyası, Sankt-Peterburqdakı Rus Muzeyi, Nyu-Yorkdakı Solomon Quqqenhaym Müasir İncəsənət Muzeyi kimi məşhur muzeylərdə saxlanılır. Nesterovanın işlərinə nüfuzlu hərraclarda, o cümlədən kifayət qədər populyar olan Sotheby's hərracında ciddi tələbat var. Rəssamın özü Moskva, Nyu-York və Parisdə yaşayır və yaradır, hər üç şəhərdə özünü kifayət qədər rahat hiss edir. N. Nesterovanın işləri "maskaradla komediya arasında" sənət adlandırılır. Onun özü də işlərinin "maskaradla faciə arasında" olduğunu düşünür. Bu yaxınlarda Bakıda, Müasir İncəsənət Mərkəzində onun kifayət qədər uğurlu fərdi sərgisi keçirilib. Natalya Nesterova "R+" jurnalına müsahibəsində həyata baxışı, əsərlərinin fəlsəfəsi haqda danışıb.
- Bu, sizin Bakıda keçirilən ilk sərginiz olsa da, Bakıya ilk səfəriniz deyil...
- Bəli, mən Bakıya ilk dəfə ötən il Nərgiz xanım Paşayevanın dəvətilə gəlmişdim. Şəhərinizə və insanlarınıza valeh olmuşam - qonaqpərvər, gülərüz və çox emosional. Bura çox xoşuma gəlir.
- Əsərlərinizdən birini Bakıya həsr etmək qərarına gəlsəydiniz, şəkil necə alınardı?
- Mən heç zaman konkret nəsə çəkmirəm. Kətana, adətən, həyatımla bağlı hansısa hadisəyə, yazıçının hansısa fikrini ifadə etdiyi hansısa kitabdan oxuduğum fikrə aid xatirələrimi və ya assosiasiyalarımı köçürürəm. Bunun necə baş verdiyini ifadə etməyə çətinlik çəkirəm. Bu, sanki, qəfil, bir anda gələn ideyadır. Bəzən gördüyüm yuxu və ya hansısa təəssürat işləməyə ilham verir. Bu zaman, sadəcə, kətan qarşısına əyləşərək işləməyə başlayıram. Bakı xatirələrimlə bağlı nə çəkərdim? Dəniz, günəş və İçərişəhərin qəliz küçələri. O, mənim yaddaşımda belə qalıb.
- Əsərləriniz arasında heç bir halda ayrılmayacağınız əsərlər varmı?
- Əlbəttə, bütün işlərimi sevirəm. Amma qətiyyən simic deyiləm və onları asanlıqla hədiyyə edə və ya sata bilərəm. Düşünürəm ki, istənilən yaradıcı insan - istər rəssam olsun, istərsə də yazıçı - onun işlərinə tələbatın olduğunu anlamalıdır. Biz özümüz üçün deyil, insanlar üçün yaradırıq. Təbii ki, yaradıcılığımızı insanların görməsini, eşitməsini, duymasını istəyirik. Vaxtilə səfərdə olduğum şəhərləri tez-tez kətan üzərinə köçürürəm. Amma həmin mənzərələrdə belə, hansısa formada insana yer vermək istəyirəm. Əlin və ya sifətin bir hissəsi olsa belə.
- Əsərləriniz çox parlaq və emosionaldır. Deyəsən, nikbin adamsınız...
- Xeyr! Mən bədbin insanam. Mənim üçün həyat, sadəcə, faciədir. Təəssüf ki, son zamanlar ətrafda şər, pislik, yalan, ölüm çoxdur. Amma əsərlərimin insanları incitməməsi üçün əlimdən gələni edirəm. Mənim həyatla bağlı bədbinliyim əsərlərimdə nikbinliyə çevrilir. Mənim sənətim "maskaradla faciə arasında"dır. Maskarad isə bu faciəni pərdələmək, "əyilmiş" simaya şən maskanın taxılması üçün özünəməxsus vasitədir.
- Bu faciəni nədə görürsünüz?
- Mənim üçün bu, yaxın insanların itirilməsi, ötüb keçən günlərimi, gücümü, maraqlarımı itirməyimdir. Artıq gələcəklə bağlı arzularım da yoxdur. Tez-tez geri, keçmişə nəzər salıram. Çünki keçmişdə olanlar mənim üçün çox dəyərlidir. Arxaya baxdıqda sevdiklərini xatırlayırsan. Bəlkə də, mən, sadəcə, qarşıya baxa bilmirəm. Bəlkə də, sadəcə, qorxuram. Amma hər şey o qədər də pis deyil. Mən xoşbəxt həyat yaşamışam. Sevdiyim işim, hər işdə mənə kömək edən oğlum var. Dünyanın istənilən ölkəsinə səfər edə, orada yarada bilirəm. Çox sayda yaxşı və istedadlı dostlarım var.
- Kimi müəlliminiz sayırsınız?
- Yeganə müəllimim babam - rəssam Nikolay İvanoviç Nesterovdur. O, Falkao ilə təhsil alıb. Evimizdə saxlanılan Qərb İncəsənəti Muzeyi albomuna baxmağı çox xoşlayırdım. Az qala körpəlikdən Derenin, Van Qoqun, Matissin, Qoqenin, Dyüfinin, Markenin, təbii ki, Sezannın əsərlərini tanıyırdım. Odur ki, uşaqlıqdan, ilk növbədə, fransız sənətilə tərbiyələnmişəm. Babam mənim üçün rəsmlər çəkir, mənim neçə çəkdiyimə baxırdı. O, mən 7 yaşında olarkən vəfat edib. Babamın ölümü mənə əsl zərbə oldu. Çox çətin idi və uzun müddət özümə gələ bilmədim. Hələ də onun yoxluğu ilə barışa bilmirəm. O, mənim üçün çox önəmli insan idi. Bilirsiniz, həyatda yaşadıqlarımı mənə məhz o öyrədib. Babam mənim düşüncələrimə, hisslərimə hərəkət verib.
- Bəs, memar valideynlərinizdən nə götürmüsünüz?
- Yəqin ki, detallarda ən önəmli olanları fərqləndirə bilməyi, ştrixlərin, xətlərin arxasında nələrin gizləndiyini görməyi. Memarlıq - donmuş yağış, donmuş buluddur, memarlıqda dəqiq xətlər olmur. Bu da çox gözəldir. Hesab edirəm ki, hər bir işdə ona müəmma verən qəribəlik olmalıdır.
- Ən ciddi müəmma dünya rəssamlarından hansının işlərindədir?
- Mənə elə gəlir ki, intibah dövrü rəssamlarının hər birində - Şaqalda, Tışlerdə, bütün istedadlı, dahi rəssamlarda. Yaradıcı insanların hamısında nəsə qəribəliklər var, onlar ətrafdakılardan fərqlənirlər.
- Bəyənmədiyiniz incəsənət növü varmı?
- Mən bayağılığa və səfehliyə qarşıyam. Düşünürəm ki, bu, ən qorxulu qüsurlardan biridir. İstər həyatda, istərsə də yaradıcılıqda.
- Bəs, insanların keyfiyyətli sənətə üstünlük vermələri üçün nə etmək lazımdır?
- İstənilən incəsənət növü ilə təmas vərdişdir. Onu uşaqlıqdan öyrənmək lazımdır. Uşaqlara baxmağı və anlamağı öyrətmək lazımdır. İncəsənət xarici dil kimidir: yüz dəfə təkrarlayırsan, yüz birinci dəfə anlayırsan. Axı, uşaqlar ağ vərəq kimidirlər. Oraya nə çəkirsənsə, nə yazırsansa, gələcəkdə onu görəcək, onu oxuyacaqsan. Odur ki, uşaqlarda ən erkən yaşlarından gözəlliyə sevgi yaratmaq lazımdır. Bu "peyvənd"i nə qədər tez vurarsansa, uşaq o qədər sağlam olacaq...
MƏSLƏHƏT GÖR: