Müəllif: Məhərrəm ZEYNAL Bakı
Əsrlərin kəsişməsi Azərbaycan üçün incəsənət sahəsində rəmzi mərhələ sayıla bilər. Müasir milli mədəniyyətdə rast gəlinən hər cəhətin əsası o zaman - XIX əsrin sonları, XX əsrin əvvəllərində qoyulub. Bu, istər milli mətbuata və satiraya, istər operaya, operettaya, istərsə də teatra və hətta kinoya aiddir. Mirzə Ələkbər Sabir (Mirzə Ələkbər Zeynalabdin oğlu Tahirzadə) yaradıcılıq anlamında həmin dönüş anının əsas simalarından biridir. Bu mənada Sabirin yaradıcılığının xalqa daha çox hopması, sitatlarının dillərdə dolaşması heç də təəccüblü deyil.
Şeir satıcısı
Şairin həyatı o dövrün ziyalılarına xas şəkildə keçib. O, Şamaxıda kiçik tacir ailəsində doğulub, ilkin olaraq, dini təhsil alıb. Gənc təhsilini başa vurduqdan sonra molla olmalı idi. Amma gözlənilmədən onun qarşısında (bir çox sələfləri kimi), sərhədsiz, alabəzək incəsənət və bilik dünyası açılır. Hər şey 1874-cü ildə, onun 12 yaşında məşhur maarifpərvər, satirik şair Seyid Əzim Şirvaninin yeni açdığı məktəbə getməsilə başlayır. O zaman "yeni tipli məktəb" adlandırılan həmin təhsil ocağı bizim adi məktəb kimi tanıdığımız məktəblərdən idi. Orada təbiət və humanitar fənləri tədris olunurdu.
Təhsil və Şirvani ilə tanışlıq Sabirin gələcək taleyində böyük rol oynayır, onun baxışlarının, bədii zövqünün formalaşmasına ciddi təsir göstərir. Şirvani gəncin geniş imkanlara malik olduğunu görür və sərbəst vaxtlarında onunla məşğul olmağa başlayır.
Sabir lap uşaq yaşlarından - 8 yaşından şeir yazırdı. O, müəllimilə birlikdə şeirləri təhlil edir, oradakı çatışmazlıqları üzə çıxarırdı. Şeir yazmaq kimi qeyri-ciddi və gəlirsiz işlə məşğul olması gələcək şairin valideynlərini çox narahat edirdi. Nəticədə, Sabir cəmi 2 il sonra məktəbi tərk etmək məcburiyyətində qalır.
Amma bilik toxumu bərəkətli torpağa düşmüşdü. Atasının piştaxtasında alver etmək məcburiyyətində qalan oğlan ya axşamlar, ya da gözdən yayınan kimi, müəlliminin ona verdiyi kitabları oxuyur, şeir yazırdı. Tezliklə o, şeirlərindən pul qazanmağa başlayır. Sabir sifarişlə elegiyalar, ad günləri və dəfn mərasimləri üçün şeirlər yazırdı. Onun satıcılıq və şairliyin qarışığından ibarət həyatı uzun sürüb. Bu müddətdə ziyarət adı ilə səyahətə yollanmaq üçün pul toplayan Sabir 23 yaşında Məşhədə və Məkkəyə yola düşdüyünü deyərək, əslində, İrana, oradan isə Mərkəzi Asiyaya gedir.
Amma şairin rahat həyatı uzun sürmür. Aşqabadda o, atasının vəfat etdiyi haqda xəbər alır və dərhal Şamaxıya qayıtmaq məcburiyyətində qalır. Ailədə ən böyük kişi olan Sabir vətənə qayıtdıqdan sonra ailəsinin yükünü daşımalı olur. Bununla yanaşı, meydana onu yoxsullaşdıran digər problemlər də çıxır - ruhanilərlə münaqişə getdikcə qızışırdı. Onun pulsuz yazdığı hirsli, sərt şeirləri ruhaniləri qəzəbləndirirdi. Çünki xalqın "göydə tutduğu" bu şeirlərdə reallıq olduğu kimi göstərilir, din xadimlərinin riyakarlığı, yalançılığı ifşa olunurdu. Nəticədə, ruhanilər şairi sıxışdırır, insanları onun şeirlərini almamağa çağırırdılar. Belə bir dövrdə Sabir fəal şəkildə inkişaf etməkdə olan Bakıya köçmək haqda düşünməyə başlayır.
1901-ci ildə proqressiv gənc şair Abbas Səhhət təhsilini başa vuraraq Şamaxıya qayıdır. Onlar dostlaşırlar və Səhhət Sabiri şeirlərlə pul qazanmağın mümkün olmadığı üçün diqqətin adi poeziyaya yönəldilməsinin vacibliyinə inandırır. Onların dəstəsi tez-tez bir araya toplaşır, bir-birlərinə şeirlər oxuyurdular.
1903-cü ildə onlardan biri Sabirə əsərlərini "Şərqi-Rus" qəzetinə verməsini təklif edir. Bu, Sabirin yazdıqlarının ilk nəşri idi. Sonrakı illərdə o, "Debistan","Zənbur", "İrşad", "Həqiqət", "Həyat" kimi qəzet və jurnallarla əməkdaşlıq edib.
Tarixçi Tahir İsmayılovun "R+" jurnalına bildirdiyinə görə, onlar, əsasən, lirik şeirlər idi. "Lakin Rusiya və İranda baş verən inqilablar, qonşu Türkiyədəki qarışıqlıq Sabirin yaradıcılığına ciddi təsir göstərir. Onun poeziyasında vətəndaş lirikası, xalqın daha yaxşı, azad gələcəyinə ümidlər daha çox yer almağa başlayır", - deyə tarixçi bildirir. Sabir Azərbaycanda milli azadlıq baxışlarının ifadəçisinə çevrilir. Onun həmin dövrə aid işlərinin əsas mövzusu fanatizm, sosial sıxıntılar, yoxsulluq və cahillik, o cümlədən "ali ictimaiyyət"in lovğalığı və snobizmi olub.
"Sabir dinlə qətiyyən mübarizə aparmırdı və müsəlman idi. Onda, sadəcə, incə həqiqət və ədalət hissi var idi. Bu hiss Sabirə mövcud yalanlarla, müxtəlif dinlərin bir-birini qəbul etməməsilə barışmaq imkanı vermirdi", - deyə T.İsmayılov bildirir. Sabirin yaradıcılığında "Molla Nəsrəddin" satirik jurnalının və onun məşhur naşiri Cəlil Məmmədquluzadənin rolu da az olmayıb. O dövrdə Sabir çox işləyirdi. O, ömrünün son 6 ilini şeirlərinin, məhz, bu jurnallarda dərcinə həsr edib. Sabir Mirat, Fazil, Alqar-Güləcən təxəllüslərilə də çox sayda məqalə yazırdı.
Hamı payını alırdı
Bir qayda olaraq, onun şeirləri jurnallarda məşhur rəssam Əzim Əzimzadənin gözəl şəkillərilə dərc olunurdu. Jurnal bəzən Bakıda, bəzən Təbrizdə çıxırdı. Onu Rusiyada, İranda, Əfqanıstanda, Misirdə və Hindistanda oxuyurdular. O dövrdə Sabir bəzi əsərləri Cəlil Məmmədquluzadə ilə birlikdə yazmışdı.
Sabirin yaradıcılığının üslubu adi, xalqın başa düşdüyü dilin ədəbi dil ilə sintezindən ibarət idi. Adi insanların başa düşdüyü dilə üstünlük verən Sabir əsərlərində nə mücərrədliyə, nə də aşkar bayağılığa yol verirdi. Sabir xalq kütləsinə sadə dildə dövrün bütün çətin daxili və beynəlxalq problemlərini çatdırırdı. Onun uğur qazanmasının əsas səbəbi də yazı üslubu ilə yanaşı, seçdiyi mövzuların aktuallığı idi. Seçdiyi üslubun sərtliyi və mövzulara, həmçinin hər şeyə diqqət yetirdiyi üçün Sabir tez-tez təxəllüsünü dəyişməli, müxtəlif qəzetlərdə işləməli olurdu. Onun ilk təxəllüsü "Hophop" idi. O, bu adı səhər tezdən çığırtısı ilə insanları yuxudan oyadan və zərərvericiləri məhv edən quşun şərəfinə görmüşdü. Ömrünün sonlarına yaxın Sabirin nəşr etdirdiyi "Hophopnamə"də ən sərt şeirləri cəmləşmişdi. Bu kitabdan hər kəs "payını götürürdü" - ənənəvi və mühafizəkar insanlar, avropasayaq geyinən, öz xalqına və onun problemlərinə yuxarıdan aşağı baxan həris neft sənayeçiləri və digərləri.
Sabirin sosial satirasında Azərbaycan ədəbiyyatında ilk dəfə sinfi istismar məsələsi qaldırılıb; zəhmətkeşlər orada öz hüquqları uğrunda mübarizəyə çağırış eşidiblər. Şairin siyasi satirasında isə Rusiya imperiyasında Dövlət Dumasının buraxılması, istibdadın Yaxın Şərq ölkələrindəki milli azadlıq hərəkatına qarşı intriqaları, türk sultanının despotizmi, beynəlxalq reaksiyadakı fitnə əksini tapıb. Sabir insanları maariflənməyə, qadınları köləlikdən azad etməyə, söz azadlığına çağırırdı. "Bizə nə?", "Ağlaşma", "Dilənçi", "Nə işim var?", "Qocalıqdan şikayət" və digər şeirlərində Sabir Azərbaycan ədəbiyyatında ilk dəfə olaraq cəmiyyətdəki bərabərsizlik məsələsinə toxunub. Şair "Əkinçi" şeirində gələcəyə ümid var, o, yoxsulluq və köləliyin içindən də işıqlı gələcək görür, o, əkinçinin əməyini tərənnüm edir, onun torpağa olan sevgisinə heyran olur, kəndlinin daha yaxşı həyata layiq olduğunu bəyan edir.
Sabir məşhurluq qazandıqca ona qarşı təqiblər də artıb. Nəticədə, o, Bakıya köçmək məcburiyyətində qalıb. Amma şair burada da populyar, nəzərəçarpan idi. Bu üzdən də, ömrünün son illərini Balaxanıda keçirib və yaradıcılığının ən pik vaxtında - 49 yaşında vəfat edib: şair 1911-ci il iyulun 12-də dünyasını dəyişib.
MƏSLƏHƏT GÖR: