Müəllif: Əziz MUSAYEV Bakı
Son illər dövlət tərəfindən həyata keçirilən tədbirlər Azərbaycanın aqrar sektorunun ekstensiv inkişafdan intensiv inkişafa keçməsində vacib rol oynayır. Belə ki, 2014-cü ilin ilk 6 ayının yekununa əsasən, kənd təsərrüfatı sahəsində inkişaf, təxminən, 6% təşkil edib. O da maraqlıdır ki, Beynəlxalq İqtisadi Forumunun hesabatında 2013-2014-cü illərin yekununa görə Azərbaycan "kənd təsərrüfatı siyasətinin dəyəri" (məhsulların bahalaşmasına dövlət dəstəyinin təsirinin müəyyənləşdirilməsi üçün tətbiq olunur) indeksinə görə, əvvəlki hesabatla müqayisədə 21 pillə irəliləyərək, 148 ölkə arasında 49-cu yeri tutub.
Ölkədə aqrar sahədə bir sıra əhəmiyyətli layihələr həyata keçirilir. Məsələn, yaradılmış iri fermer təsərrüfatları artıq öz həyat qabiliyyətlərini təsdiqləyiblər. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 1 hektar torpağın gəlirliliyi fermer təsərrüfatları ilə müqayisədə, orta hesabla, 1,92 dəfə artıqdır. Digər tərəfdən 2012-ci ildə kənd təsərrüfatı müəssisələrinin məhsuldarlığı 16,4 min manat təşkil edib. Fermer təsərrüfatlarında isə bu göstərici cəmi 2,9 min manat olub.
Hökumətdə ümid edirlər ki, bu sahədə ciddi nəticələrə "Azərbaycanın aqrar-sənaye kompleksinin inkişaf strategiyası"nın reallaşdırılmasından sonra nail olunacaq. Sənəddə aqrar siyasətin əsas prinsipləri, strateji hədəflər, kənd təsərrüfatı inkişafının prioritet istiqamətləri yer alır. Bütün bunlar Avropa Şurasından dəvət olunmuş beynəlxalq ekspertlərin təklifləri əsasında formalaşdırılıb.
Hələlik sənədin layihəsi çox sayda beynəlxalq ekspertlərin müzakirəsindən sonra Azərbaycanın Prezident Administrasiyasına təqdim olunub. Beləliklə, bu gün aqrar sektorda, ilk növbədə, hansı problemlər həll olunmalı, fermer təsərrüfatlarının effektivliyini, sahələrdə məhsuldarlığı necə artırmalı?
İqtisadçı Oqtay Haqverdiyevin sözlərinə görə, hazırkı şəraitdə Azərbaycan fermerləri 1 hektardan 25 sentner buğda əldə etdikdə sevinirlər. "Qərbdə isə aqrarlar hektardan 75-90 sentner buğda əldə edirlər. Azərbaycanda da yüksək məhsuldarlığa nail olmaq mümkündür. Amma bunun üçün aqrar sektora elmi nöqteyi-nəzərdən yanaşmaq, institusional islahatlar aparmaq vacibdir. Bununla yanaşı, fermerlərin özləri təşəbbüslərlə çıxış etməli, birləşməli, iri təsərrüfatlar yaratmalıdırlar. Belə olacağı təqdirdə, fermer təsərrüfatlarının dayanıqlı maliyyə bazası yaranacaq və onlar aqrar sektorda müasir texnologiyalara vəsait yönəldə biləcəklər", - deyə iqtisadçı "R+" jurnalına açıqlamasında bildirib.
Bundan başqa, kənd təsərrüfatının intensiv inkişafına mane olan məqamlar arasında aqrarların əlində olan torpaq sahələrinin nisbətən kiçik olması da var. Azərbaycanda hər bir fərdi təsərrüfata, orta hesabla, 19,3 hektar kənd təsərrüfatına yararlı torpaq sahəsi düşür.
Kənd təsərrüfatı texnikasından kiçik ərazilərdə istifadə fermer təsərrüfatları üçün rentabelli deyil. "Əgər torpağın ərazisi 10 hektardan artıq deyilsə, texnikadan istifadə sərfəli deyil. Nəzəri baxımdan aqrar sahədəki bütün problemləri həll edəriksə, 3-4 dəfə çox məhsul əldə edə bilərik", - deyə Oqtay Haqverdiyev bildirir.
Yerli alimlər bir qədər fərqli fikirdədirlər. Onların hesablamalarına görə, Azərbaycanın potensialı aqrar məhsulların istehsalının 5 dəfə artırılmasına imkan verir. Amma dayanıqlı və uzunmüddətli inkişafın təmin olunması üçün bir neçə vacib problem həll olunmalıdır. İlk növbədə, bu, meliorasiya təsərrüfatı ilə bağlı problemlərə aiddir. Aqrar-Elmi Mərkəzin baş direktoru Əsəd Musayev bu fikirdədir. "Ötən əsrin 70-ci illərdə Azərbaycanda cəmi 400 min hektar duzlu və şoran torpaq var idi. İndi ən son məlumatlara görə, kanalların, kollektor-drenaj sistemlərinin dağılması nəticəsində, belə ərazilər, təxminən, 1 milyon hektara çatıb. Bu tendensiya göstərir ki, ölkədə şoran torpaqlar getdikcə artır", - deyə alim bildirir. Ə.Musayevin sözlərinə görə, daha bir problem özəlləşdirilmədən sonra əhalinin hələ SSRİ dövründə yaradılmış meliorasiya infrastrukturunu qismən məhv etməsidir. O dövrdə Azərbaycanda qapalı drenaj sistemi istismar olunurdu. "Məsələn, Saatlıdakı bir ərazidə hələ çar Rusiyası dövründə yaradılmış qapalı drenaj sistemi bu gün də fəaliyyətdədir. Təəssüf ki, ötən əsrin 90-cı illərində kəndçilər drenaj sistemlərini qismən məhv ediblər. Meliorasiya infrastrukturunun yoxluğu isə kənd təsərrüfatı məhsullarının istehsal xərclərini artırır. Hazırda meliorasiya işlərinə dövlət tərəfindən ciddi diqqət var. Bu məqsədlə dövlət büdcəsindən 250 miylon manat ayrılıb. Amma bu vəsaitlərin məqsədli şəkildə xərclənməsi üçün müvafiq dövlət strukturlarına ciddi nəzarət olunmalıdır", - deyə Musayev "R+"a bildirib.
Əsəd Musayev hesab edir ki, aqrar sektorda inkişafın artırılmasına daha bir maneə su resurslarından qeyri-effektiv istifadə olunmasıdır: "Bununla əlaqədar olaraq, fermerlər daha effektiv və qənaətcil suvarma üsullarına keçməlidirlər. Fermerlər bir çox hallarda fəsadları düşünmədən suyu nəzarətsiz şəkildə şuma buraxırlar. Bu cür qeyri-effektiv suvarma işlərindən sonra təkrar şoranlaşma başlayır. Həddindən artıq su qrunt sularının səviyyəsini artıra bilər və əkin üçün əlverişli olan torpaq əlverişsiz əraziyə çevrilər. İndiki zamanda Azərbaycanda taxılçılıqda müasir texnologiyalara əsaslanan yeni yanaşmalar tələb olunur. Hansı ki, yeni buğda sortlarına, torpaq və su resurslarının rasional istifadəsinə və torpağın məhsuldarlığının artırılmasına əsaslanır. Azərbaycan şəraitində resursların mühafizəsi texnologiyasının tətbiqi bizə respublikanın aran zonalarında bir kənd təsərrüfatı ilində iki dəfə məhsul əldə etmək imkanı verər. Azərbaycanın bu zonalarındakı torpaq-iqlim şəraiti qeyd olunan texnologiyanın, təxminən, 400 min hektar əraziyə tətbiqinə və mövsümdə ikinci dəfə soya, qarğıdalı, darı, günəbaxan, göyərti və digər məhsulların əldə olunmasına imkan verir. Resursların mühafizəsi texnologiyasının tətbiqi və qeyd olunan bitkilərdən əldə olunacaq yüksək məhsuldarlıq, o cümlədən torpaqlardan rasional istifadə ölkənin ərzaq təhlükəsizliyinin təmini məsələsində öz rolunu oynayacaq".
Ə.Musayev hesab edir ki, kənd təsərrüfatının ümumi inkişafına ölkənin dağlıq və dağətəyi regionlarının potensialından istifadə ilə də nail olmaq mümkündür: "Proqressiv texnologiyaların kifayət qədər tətbiq edilməməsi üzündən həmin regionlarda məhsuldarlıq xeyli aşağıdır. Torpaqların böyük bir hissəsi eroziyaya uğrayıb, otlaqların geobotanik tərkibi pisləşib. Problemin həlli üçün bir sıra tədbirlər həyata keçirilməlidir: dağlıq və terraslı sistemin əkinçiliyin genişləndirilməsi; eroziya ilə mübarizə tədbirlərinin həyata keçirilməsi; çoxillik ot bitkilərinin (qarayonca, şaxa və s.), o cümlədən yazlıq arpa və darının əkini; meşə zolaqlarının salınması; terraslarda üzümçülüyün və meyvəçiliyin inkişafı; tütünçülüyün və kartofçuluğun inkişafı; qoyunçuluğun, yerli maldarlığın və arıçılığın inkişafı; dağların yamacında yağış və qar sularından effektiv istifadə üçün kiçik su anbarlarının yaradılması".
Bununla yanaşı, alim hesab edir ki, kənd təsərrüfatı üçün yararlı olan torpaqların özəlləşdirilməsinə və təyinatdan kənar istifadəsinə də diqqət yetirmək lazımdır: "Kənd təsərrüfatı üçün əlverişli olan torpaqların bir hissəsi yaşayış evlərinin inşası məqsədilə özəlləşdirilib. Digər hissədə isə infrastruktur qurulur. Avropada kənd təsərrüfatı üçün əlverişli olan ərazilərə torpaq fondu tərəfindən ciddi nəzarət olunur. Yaşayış evlərinin tikintisi üçün yalnız kənd təsərrüfatına yararlı olmayan ərazilərdən istifadə edilir. Bu məsələ aqrar sektorda istehsalatın artırılması baxımından da əhəmiyyətlidir".
Azərbaycan Milli Elmlər Akademiyası yanında Genetik Resurslar İnstitutunun direktoru Zeynal Əkbərov isə hesab edir ki, ölkədə xaricdən gətirilən taxıl növlərindən istifadəyə ciddi nəzarət olunmalıdır: "Bu növlərin idxalını digər ölkələrdə onların yüksək məhsuldarlıq verməsilə əsaslandırırlar. Amma Azərbaycan iqliminin öz xüsusiyyətləri var. Bu baxımdan azərbaycanlı alimlərin yerli torpaq-iqlim xüsusiyyətlərini nəzərə alaraq əldə etdikləri növlərdən istifadə daha məqsədəuyğundur. Ölkədə əkinçiliyə aid elmdə bir çox problemlər olsa da, Azərbaycan bu sahədə böyük ənənələrə malikdir. Alimlərimizin bir çox tapıntısı təcrübədə istifadə olunmur və fermerlər bu tapıntılardan uzaqdırlar. Yerli elmin ölkənin ərzaq təhlükəsizliyinin təmininə real töhfə verməsi üçün elm - istehsalat sahəsində ciddi islahatlar aparılmalı, elmi qurumlar müasirləşdirilməli, aqrar elmin kadr və maddi-texniki bazası gücləndirilməli, müasir, o cümlədən molekulyar-genetik tədqiqatların aparılması üçün potensial artırılmalıdır".
Z.Əkbərov hesab edir ki, bununla yanaşı, ölkədə "Kənd təsərrüfatı haqqında" qanun qəbul edilməli, orada aqrar elmə xüsusi yer ayrılmalıdır: "Bu qanunun həyata keçirilməsi üçün AMEA-nın strukturunda kənd təsərrüfatı sahəsində elmi tədqiqatların koordinasiyası və idarə olunması üzrə Milli Şura yaradılmalıdır. Mandatlara, elmi istiqamətlərə, aqrar sahədəki elmi tədqiqat qurumlarının əksəriyyətinin strukturuna yenidən baxılmalıdır. Eyni zamanda fermerlərlə iş, informasiyaların toplanılması və yayılması sisteminə yenidən baxılmasına da ehtiyac var".
Beləliklə, alimin fikrincə, Azərbaycan nəinki özünü kənd təsərrüfatı məhsulları ilə 100% təmin edə, həm də bu sahədə nəhəng ixracatçıya çevrilə bilər. Bu isə, öz növbəsində, valyuta daxilolmaları üçün əlavə mənbələrin yaranması deməkdir.
MƏSLƏHƏT GÖR: