Müəllif: Sara EMİLqızı Bakı
Makroiqtisadi göstəricilərin sabit inkişafı, biznes-strukturların sayının artması, ölkəyə turist axınının nəzərəçarpacaq dərəcədə çoxalması, əhalinin sosial vəziyyətinin yaxşılaşması - Azərbaycanda 2012-ci ilin ilk yarısı həm də belə yadda qaldı. Ötən altı ayda əldə edilmiş nailiyyətlər və qarşıda duran vəzifələr Nazirlər Kabinetinin Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş iclasında da müzakirə olunub.
Prinsipcə, 2012-ci ilin iyul ayının əvvəlinə, demək olar ki, bütün makroiqtisadi göstəricilərlə bağlı vəziyyəti qənaətbəxş hesab etmək olar. Ümumi Daxili Məhsul 1,5%, qeyri-neft sektoru iqtisadiyyatı isə ümumilikdə 11,3% artıb. Dövlət başçısı çıxışında bildirib ki, ÜDM-in artım dinamikası əvvəlki dövrlərlə müqayisədə zəif olsa da, ölkənin ümumi iqtisadiyyatı artan zaman hər bir faizin dəyəri daha böyük olur: «İqtisadiyyatın hər bir faizi, təxminən, 700 milyon dollara bərabərdir və iqtisadiyyatımızın 1,5 faiz artımı onu göstərir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə ölkədə 1 milyard dollar dəyərində çox məhsul istehsal edilib».
Artımın az olmasının səbəbi isə ölkə iqtisadiyyatının böyük bir hissəsini təşkil edən neft hasilatındakı azalmadır. Eyni səbəbdən sənaye istehsalında da 3%-lik azalma müşahidə olunub.
İkinci komponentə - qeyri-neft iqtisadiyyatına gəlincə, burada vəziyyət çox yaxşıdır. Qeyri-neft sənayesində inkişaf 8,3% təşkil edib və bu, son illərdə reallaşdırılan sənayeləşmə proqramlarının nəticəsidir.
Ötən illə müqayisədə ölkə iqtisadiyyatına yatırılan investisiyanın həcmində 30% artım var. İlin sonunadək bu templə davam edilərsə, iqtisadiyyata yatırılmış investisiyaların həcmi 18, hətta 19 milyard dollara çata bilər. Əhalisi o qədər də çox olmayan Azərbaycan kimi ölkələr üçün bu, kifayət qədər böyük rəqəmdir. İ.Əliyev bildirib ki, ölkə iqtisadiyyatına hər il, ən azı, 10 milyard dollar investisiya yatırıldığını nəzərə aldıqda, qarşıdakı illərdə ölkə qarşısında duran bütün infrastruktur və sosial məsələlərin həllini tapacağını söyləmək mümkündür.
Prezident ümumilikdə ölkədə makroiqtisadi vəziyyətin müsbət və sabit olduğunu söyləyib: inflyasiya cəmi 2,2%-dir, əhalinin pul gəlirləri isə 14,2% artıb. Yəni, inflyasiya ilə əhalinin pul gəlirləri arasında fərq 12% təşkiledir. Bu isə kifayət qədər müsbət göstəricidir.
«Altı ayda kənd təsərrüfatı 10,4 faiz artıb. Hesab edirəm ki, bu da son illər üçün rekord göstəricidir. Biz bu göstəricini gözləyirdik, bilirdik. Çünki son müddət ərzində kənd təsərrüfatının inkişafına göstərilən diqqət, qoyulan investisiyalar, aparılan islahatlar məhsuldarlığı artırır. Dövriyyəyə buraxılan və buraxılacaq yeni əkin sahələri, əlbəttə ki, gələcək illərdə də kənd təsərrüfatının inkişafına daha da böyük təkan verəcək», - deyə Prezident bildirib.
İri fermer təsərrüfatlarının yaradılması prosesinə başlanılıb və bu da vacibdir. Artıq bu prosesin real olaraq başlayacağı ilk 5 min hektarlıq ərazi hazırlanır. Bütün bunlar sonra əsas məqsədə - ölkənin özünü əsas ərzaq məhsulları ilə 100% təmin etməsinə kömək edəcək.
Amma o da etiraf olunmalıdır ki, ilin ilk yarısında Azərbaycan iqtisadiyyatının ən cəlbedici sahəsi əlbəttəki, turizm olub. Bakıda «Eurovision-2012» mahnı müsabiqəsinin keçirilməsi turizmin inkişafına yeni impuls verdi. «9 ay ərzində, - bu da dünya miqyasında yəqin ki, rekord göstəricidir, - «Crystal Hall» kimi möhtəşəm idman-konsert sarayını tikdik. Bayraq Meydanı onsuzda genişləndirilirdi, biz orada işləri sadəcə olaraq sürətləndirdik və bütün şəraiti yaratdıq. Təşkilati nöqteyi-nəzərdən bu, ən gözəl müsabiqəidi. Bakıda keçirilmiş «Eurovision» müsabiqəsi hesab edirəm ki, başqa şəhərlər üçün də nümunə ola bilər», - deyə İ.Əliyev bildirib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə deyib ki, yalnız ötən il Azərbaycana ilk dəfə 2 milyondan artıq əcnəbi gəlib - 2 milyon 239 min nəfər 2010-cu ildəki göstərici ilə müqayisədə 14% çoxdur. Ölkədə 508 mehmanxana fəaliyyət göstərir. Orada yerləşdirilmiş insanların sayı 2010-cu illə müqayisədə 16,3% artıb. Onların 50%-dən çoxu xarici dövlətlərin vətəndaşlarıdır. İstənilən halda, hazırda ölkə ərazisində 45 mehmanxana tikilir, 178 turizm şirkəti fəaliyyət göstərir.
Bu ilin ilk yarısının daha bir əlamətdar sosial-iqtisadi hadisəsi kimi Azərbaycan Prezidentinin «Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının ölkə vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında» fərmanını göstərmək olar. Bu məqsədlə Prezidentin ehtiyat fondundan 300 milyon manat ayrılıb. Maliyyə naziri Samir Şərifovun sözlərinə görə, bu il iyunun 1-dən iyulun 10-dək SSRİ Əmanət Bankının hüquqi varisi olan «Kapital Bank»a müraciət etmiş 315 min əmanətçidən 192 mini haqqında müsbət qərar qəbul edilib, 156 min nəfərə isə 86 milyon manat ödənilib. Nazirin sözlərinə görə, mümkün mübahisəli məsələlərə baxılması üçün xüsusi idarələrarası komissiya da yaradılıb.
Dövlət başçısı isə bildirib ki, postsovet məkanında ən işlək, ən ədalətli və insanlar üçün ən məqbul variant məhz Azərbaycanda tətbiq edilib: «Həm müddət baxımından, - çünki cəmi 2 il ərzində bütün kompensasiyalar ödəniləcək, - eyni zamanda, həm də verilən məbləğ baxımından. Əgər biz sovet rublunu manatla deyil, dollarla müqayisə etsək, kompensasiyalar, təqribən, birəbeş, birəaltı əmsalı əsasında ödənilir. Bu da postsovet məkanında ən yüksək əmsaldır».
Ümumilikdə, valyuta ehtiyatları 44 milyard dollara çatmış, dövlət borcu çox az olan (ÜDM-in 7%-i) Azərbaycanda göstərilən tədbirlərin və işlərin həyata keçirilməsi yaxşı maliyyə vəziyyəti üzündən mümkün olub. Onun ilin sonuna müəyyən qədər artması da mümkündür. Çünki əvvəlki illər götürülmüş kreditlər üzrə ödənişlər davam edir. Amma dövlət başçısı bu gün inkişaf etmiş ölkələrin əksəriyyətinin ödəniş sahəsində rastlaşdığı problemlə üzləşməmək üçün kreditlərin 10 faizi keçməməsi haqda göstəriş verib.
Beləliklə, ölkə nəinki böhran dalğasına inamla sinə gərir, həm də onun gələcək illərə təsirinin qarşısının alınması üçün də tədbirlər görülür.
MƏSLƏHƏT GÖR: