
TÜRKLƏR SÜLH İSTƏYİR
Məsut ülkər: "Türkiyə səmimi şəkildə arzulayır ki, suriya xalqı qonşu, müsəlman ölkəsi kimi, gələcəyini özü seçsin"
Müəllif: Almaz MAHMUD Bakı
Suriya HHM qüvvələrinin Türkiyə təyyarəsini vurmasından sonra iki ölkə arasında gərginləşmiş münasibətlər, görünür, tezliklə qaydaya düşməyəcək. Bu baxımdan, Türkiyənin NATO-dakı müttəfiqlərinin məsələ ilə bağlı mövqeyi çox əhəmiyyətlidir. Hadisələr necə inkişaf edəcək? Bütün bunlar haqda suallarımızı tanınmış türkiyəli politoloq, hərbi və strateji məsələlər üzrə mütəxəssis cənab Məsut ÜLKƏRƏ yönəltdik.
- Suriyanın beynəlxalq hava məkanında Türkiyə təyyarəsini vurmasından sonra, regionda müəyyən gərginlik yaranıb. Fikrinizcə, bu insidentin konkret nəticələri nədən ibarət ola bilər?
- Suriya beynəlxalq hava məkanında Türkiyə təyyarəsini vurmaqla, ilk növbədə, təcavüzkar mövqeyini nümayiş etdirib. Güman ki, o, bununla başda qonşu və qardaş Türkiyə olmaqla, dünya ictimaiyyətinin insanlıq əleyhinə cinayət və qətllərlə bağlı Dəməşqə ünvanladığı bitib-tükənməyən ittihamlara, məsələnin dərhal Suriya xalqının istəyinə uyğun çözülməsi haqda tələblərə cavab verməyə çalışıb. Bundan başqa, qonşu ölkədə mülki şəxslərə qarşı qətliamın davam etməsi başda Türkiyə və "Suriyanın dostları" qrupu olmaqla, dünya ictimaiyyətinin Suriyaya müdaxilə haqda düşünməsinə şərait yaradıb. Suriya mövqeyindən və hərbi əməliyyatlardan imtina etməməklə praktiki olaraq özü dünya ictimaiyyətinə problemin həllinin axtarılmasını təklif edir. Bundan başqa, Türkiyənin regiondakı nüfuzunun zəifləməsində maraqlı olan fəal oyunçular onun buradakı mövqeyini zəiflətməyə, iki ölkə arasında münasibətləri korlamağa çalışır.
Digər tərəfdən, Suriyadakı totalitar rejim Türkiyə təyyarəsini hədəfə götürməklə əməllərinin üzərini örtməyə, daxili ictimai rəyə kənar düşmən obrazı yaratmaqla təsir göstərməyə çalışır. Məqsəd isə daxildə sərt siyasətin və kütləvi qırğınların davam etdirilməsinə nail olmaqdır.
- Türkiyənin NATO-dakı müttəfiqləri, o cümlədən ABŞ Ankaranın müdafiəsinə qalxıb. Bunu Suriyaya hərbi müdaxilə məqsədilə NATO tərəfindən ortaya atılmış bəhanə kimi qiymətləndirmək olarmı?
- Hər şeydən əvvəl Türkiyə NATO-nun üzvüdür. NATO Nizamnaməsinin 5-ci maddəsinə əsasən, alyansa üzv olan istənilən dövlətə hücum onun digər üzvlərinə də hücum sayılır. Prinsipcə bu, Suriyaya hərbi müdaxilə üçün kifayətdir. Amma qeyd etdiyim maddə təyyarə vurulmasını ABŞ və NATO tərəfindən hər hansı ölkəyə müharibə elan edilməsi üçün əsas saymır. Buna rəğmən NATO-nun dəstəyini almış Türkiyə baş verənlərə görə "günahkarları cavablandırmağa hazır olduğunu" bəyan edib. NATO öz növbəsində vəziyyəti Türkiyə ilə Suriya arasında böhran kimi qiymətləndirməyə çalışır. Beləliklə, mən bunu Suriyaya hücum üçün bəhanə saymıram. Türkiyə bütün dünyaya bəyan edib ki, Suriyaya qarşı müharibəyə başlamaq niyyətində deyil. Amma o, beynəlxalq hüquqlarından istifadə edərək, dünya ictimaiyyətinin fikrinə əsaslanaraq mübarizəsini aparacaq. Ankara eyni zamanda baş verənlərə görə rəsmən üzr istənilməsini və Suriyanın kompensasiya ödəməsini də gözləyir.
- Suriya ona ünvanlanmış bütün ittihamları rədd edir. Xatırlayırsınızsa, Suriyanın baş müftisi ölkəsində islahatların aparıldığını, Qərbin isə regionda islamın kökünü kəsməyə çalışdığını bəyan edib. O, iddia edir ki, Qətər və Səudiyyə Ərəbistanı Suriyadan sonra Qərbin növbəti hədəfləri olacaq. Fikrinizcə, Bəşər Əsədin xarici qüvvələrin Suriyanın parçalanmasında maraqlı olması haqda fikirləri nə qədər doğrudur?
- İlk növbədə, bütün dünya Suriyadan öz xalqına qarşı zorakılığa, qəddarlığa son qoyulmasını tələb edir. Qərbin regionla münasibətləri və "ərəb baharı" ilə bağlı yaranmış vəziyyətə nəzər salsaq, Qərbin əvvəlcə zorakılığı önləməyə və xalqın inamını itirmiş təriqətçi və sərt Əsəd rejiminin hakimiyyətdən getməsinə çalışdığını görmək çətin deyil. Əlbəttə ki, Qərb bu regiondakı kralların və diktatorların xalqların arzuladığı sistemlərlə əvəzlənməsini istəyir. Burada problem yalnız Əsəddə deyil, həm də ondadır ki, ölkəni totalitar düşüncə və zorakılıqla idarə etmək mümkün deyil. Qətər və Səudiyyə Ərəbistanında analoji hadisələr yaşanarsa, Qərb orada da baş verənlərə müdaxilə etməyə çalışacaq. Öz xalqına qarşı zorakılıq və qəddarlıqlara son qoyulmasının, Suriyada demokrtik rejimin qurulmasının vaxtıdır. Bu məsələ yalnız Qərbi yox, bütün dünyanı narahat edir. Dünya artıq onların hər şeyə icazəsi olduğunu düşünən insanların dünyası deyil.
- Hazırda Suriyada cərəyan edən və gələcəkdə də baş verə biləcək hadisələr Türkiyənin özünə necə təsir göstərə bilər?
- Türkiyə səmimi olaraq arzulayır ki, Suriya xalqı, qonşu, müsəlman ölkəsi kimi, öz gələcəyini özü seçsin. O bunu yalnız Suriya üçün yox, digər dövlətlər üçün də arzulayır. Türkiyə anlayır ki, zorakılıq üzərində qurulanlar gec və ya tez dağılacaq. Türkiyə hər zaman Suriya xalqının yanındadır və əmindir ki, demokratikləşmə, inkişaf, sabitlik, dost və qardaş Suriya ilə etibarlı mehriban qonşuluq münasibətləri Əsəd rejimi ilə bir araya sığmır. Orada baş verəcək istənilən müsbət dəyişiklik Türkiyəni sevindirəcək və o, Suriya xalqına dəstəyini davam etdirəcək. Çünki regionun sabitlik və təhlükəsizliyə ehtiyacı olduğuna inanır.
- Türkiyənin regiondakı nüfuzunun zəifləməsində maraqlı olan qüvvələr hansılardır?
- Türkiyənin son illərdəki iqtisadi, sosial və diplomatik nailiyyətləri onu cəlbedici ölkəyə çevirib. Türkiyə ümumi layihələrin mümkün qədər tez reallaşdırılmasını, Xəzər və Aralıq dənizi regionlarındakı qardaş ölkələrlə, sabit Balkan və Yaxın Şərd dövlətlərilə birlikdə inkişaf etməyi arzulayır.
MƏSLƏHƏT GÖR: