
“YENİDƏN AZƏRBAYCANA GƏLƏCƏYİMƏ ÜMİD EDİRƏM”
Birləşmiş Ərəb Əmirliyinin Füceyra Əmirliyinin şahzadəsi şeyx Məhəmməd Hamad bin Məhəmməd Əl Şərqinin “R+”a müsahibəsi
Müəllif: Almaz MAHMUD Bakı
- Bakıda Krans Montana forumunun növbəti - 23-cü sessiyası keçirildi. Ümumiyyətlə, bu qurumun fəaliyyətini necə qiymətləndirirsiniz? Və bu qurum BMT, ATƏT, Avropa İttifaqı kimi təşkilatlarla müqayisədə nə kimi nüfuza malikdir?
- Düşünürəm ki, Krans Montana təşkilatı çox böyük nüfuza malikdir. Elə böyük tarixi olmasa da, bütün dünyanı düşündürən qlobal məsələləri qaldırır. Elə Bakıda keçirilən tədbirdə də dünyanı narahat edən bir çox məsələlər müzakirə edildi və təkliflər səsləndi, iradlar söyləndi. Özü də Bakıda keçirilən 23-cü sessiya çox vacib və əhəmiyyətli oldu. Burada biz dünyanın bir çox ölkələrinin nüfuzlu nümayəndələri ilə görüşdük. Belə bir tədbirdə iştirak etmək şəxsən mənim üçün çox xoş oldu. Həm də bu tədbir gələcək işlərimizə bir istiqamət verəcək. Mən öz ölkəmi təmsil edərək bir sıra ideyalarla çıxış etdim, burada təcrübəmizi bölüşdük və hesab edirəm, bir sıra məsələlərin həllinə dair danışıqlar öz nəticəsini verəcək.
- Sizcə, bu gün hansı problemlər, sözün əsl mənasında, qlobal sayılır? Yəni, hansı problemlər dərhal həll olunmasa, dünyanı fəlakətlər gözləyə bilər?
- Enerji təhlükəsizliyi çox vacib bir məsələdir. Bu problemi aradan qaldırmaq lazımdır. Eləcə də yoxsulluğun azaldılmasına nail olunmalıdır. Bərpaolunan enerjinin həcmi artırılmalıdır. İnvestisiyaların düzgün qoyuluşu da çox önəmlidir, çünki bu zaman hamımnın enerji ehtiyacları düzgün təmin oluna bilər. Dünya su qıtlığı problemi ilə üzləşib və bu problemin aradan qaldırılması ilə bağlı BMT-nin məlum proqramı var. Hesab edirəm, buna tam əməl edilməlidir. Ümumiyyətlə, su və enerji mənbələri arasında rəqabət olmamalıdır. Təmiz su qıtlığı aradan qaldırılmalıdır, çünki bu planet üçün çox vacib problemdir. Bu gün dünyada 1 milyarddan çox insan yoxsul vəziyyətində yaşayır. Afrika və Asiyada həllivacib olan problemlər daha çoxdur.
Ərzaq ehtiyatlarına tələbat artdıqca, enerjiyə də tələbat artacaq. Eyni zamanda təbiəti də qorumaq lazımdır. Xüsusilə də iqlim dəyişikliyini nəzərə alsaq, təbiətimizin hansı təhlükələrlə üzləşə biləcəyini açıq-aydın görə bilərik.
- Azərbaycan ərəb dünyasından necə görünür? Burada olduğunuz müddətdə nələr diqqətinizi çəkdi?
- Mən sizin ölkənizə ilk dəfədir ki, səfər edirəm. Amma burada baş verən dəyişikliklər haqqında çox eşitmişdim. Özüm də şahidi oldum ki, ağlasığmaz dərəcədə inkişaf var. İqtisadi irəliləyişləri öz gözlərimlə gördüm. İnşallah ümid edirəm ki, bir də nə vaxtsa bura qayıdacağam.
MƏSLƏHƏT GÖR: