15 Mart 2025

Şənbə, 01:16

BİZDƏN NƏ İSTƏYİRLƏR?

Müəllif:

15.07.2012

Narahatlıqlarını ABŞ-ın dövlət katibi Hillari Klinton, Avropa İttifaqının prezidenti Herman van Rompey və Qərb dünyasının digər yüksək rütbəli nümaynədələri də dilə gətirmişdilər. Zanyerin səfəri isə Azərbaycan üçün çox vacib idi. Çünki Bakı həm Minsk qrupunun həmsədri olan ölkələrdən, həm də ATƏT-in özündən yalnız protokol dəstək ifadələri yox, həm də real fəaliyyət gözləyirdi.  Bu istiqamətdə heç bir real fəaliyyətin olmaması bir yana, Azərbaycanın xarici işlər nazirinin dediyi kimi, irəli sürülən bu təkliflər də sadəcə gülməli idi.

Yaxşısı budur,  hər şeyi ardıcıllıqla danışaq...

Qoşunların təmas xəttində insan tələfatı ilə müşayiət olunan silahlı insidentlərin sayının artmasından narahatlığını dilə gətirən ATƏT-in Baş katibi belə insidentləri yolverilməz və qəbulolunmaz adlandırıb. O bildirib ki, insan tələfatlarının qarşısının alınması üçün təcili tədbirlər görülməlidir. "ATƏT Dağlıq Qarabağ problemi ilə bağlı hazırkı status-kvonu qəbuledilməz sayır", - deyə o, qeyd edib. Bununla yanaşı, Baş katib onu da bildirib ki, güc tətbiqindən çəkinmə Qarabağ münaqişəsinin həllində əsas prinsip olmalıdır.

Zanyer ATƏT-in monitorinqçi rolunun artırılmasının, snayperlərin təmas xəttindən çəkilməsinin, qarşılıqlı inamın yaradılması üçün addımlar atılmasının, təmas xəttindəki insidentlərin araşdırılmasının vacibliyini də bildirib. O deyib ki, bir yandan atəşkəs rejiminin möhkəmləndirilməsi, digər tərəfdən, münaqişənin sülh yolu ilə həlli prosesinin sürətləndirilməsi vacibdir. Bununla yanaşı, tərəflər özləri razılığa gəlməli, ATƏT isə danışıqlar üçün meydan yaratmalıdır. Zanyer bildirib ki, münaqişənin sülh yolu ilə həllinə alternativ yoxdur.

Bu üzdən tərəflər real siyasi iradə nümayiş etdirməli, əvvəllər qəbul olunmuş öhdəlikləri yerinə yetirməyə hazır olmalıdırlar.

Təxminən, eyni vaxtda Bakıda səfərdə olmuş ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkənin təmsilçisi, Rusiya Parlamentinin spikeri Sergey Narışkin də hardasa eyni mövqedədir: "Rusiyanın bu məsələ ilə bağlı mövqeyi dəyişməzdir. Biz Dağlıq Qarabağ münaqişəsinin kənardan hazır resept əsasında həllinə qarşıyıq. Qəti şəkildə əminik ki, bu problem hər iki tərəfin maraqları təmin olunacağı təqdirdə çözülə bilər. Belə həll yolu tapılarsa, Rusiya razılaşmanın qarantı qismində çıxış etməyə hazırdır. Amma münaqişənin həllinə görə məsuliyyət yenə də Azərbaycan və Ermənistan xalqlarının üzərinə düşür. Biz mövqeyimizi hər zaman qəti şəkildə ortaya qoymuşuq - güc tətbiqi və bu barədə hədələrdən imtina. Nikbinəm və ümid edirəm, münaqişə sülh yolu ilə həllini tapa bilər".

İndi gəlin bizə həm Qərbdən, həm də Şərqdən olan cənabların əslində nə dedikləri haqda düşünək...

Beləliklə, 20 il əvvəl Ermənistan Azərbaycan torpaqlarının beşdəbirini işğal edib və bugünədək heç kəs tərəfindən tanınmayan qondarma "dövlət" yaratmağa çalışır. İşğal olunmuş torpaqlardan onların könüllü şəkildə çıxmaları  tamamilə qeyri-real görünür. Bütün bu illər ərzində, demək olar ki, BMT başda olmaqla, bütün beynəlxalq təşkilatlar həmin əraziləri Azərbaycan torpaqları kimi tanıyıb və erməni silahlılarının oradan çıxarılmasını tələb edib. Münaqişənin həllini ATƏT-in Minsk qrupu öz üzərinə götürsə də, artıq 20 ildən artıq vaxt keçir! Nəticə isə göz qabağındadır! Bu gün həmsədr ölkələrin bəyanatlarına diqqət yetirdikdə, tam məntiqi olaraq belə bir sual yaranır: onların özləri nə istədiklərini bilirlərmi?

Minsk qrupu həmsədrlərinin dilindən hansı əsas tezislər səsləndirilir? Onlardan bəzilərini yada salaq:

- status-kvo, yəni hazırkı vəziyyət QƏBULEDİLMƏZDİR;

- danışıqlar prosesi dalana dirənib, çünki tərəflərin mövqeləri bir-birinə tam ziddir;

- güc tətbiqi və hətta GÜC TƏTBİQİ  İLƏ HƏDƏLƏMƏ yolverilməzdir;

- özünüz ümumi dil tapmağa çalışın. Biz sizin danışıqlarınıza mane olmayacağıq, amma eyni zamanda "təmas xəttindən snayperlər də geri çəkilməli, qarşılıqlı inamı artıracaq addımlar atılmalıdır";

- problemin həllinə aparacaq "siyasi iradə" tapılmalıdır.

Bəlkə Azərbaycan bütün dünyanın bizə məxsus olduğunu etiraf etdiyi ərazilərin işağıl ilə barışsın?!

Cənab Zanyer snayperlər və monitorinqlə bağlı açıqlamasına cavabı dərhal alıb. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, "Problem insidentlərin araşdırılması mexanizmində yox, Azərbaycan ərazilərinin işğalındadır". O hesab edir ki, "işğal altındakı ərazilərdən erməni qoşunlarının çıxarılmasıyla avtomatik olaraq snayperlərin geri çəkilməsi, insidentlərlə, tədqiqat mexanizmləri ilə bağlı məsələlər də öz aktuallığını itirəcək".

Siyasi iradə ilə bağlı cavab isə birmənalı və qəti olub. Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin ilk yarısının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səsləndirdiyi bəyanatla məsələyə nöqtə qoyub: "Biz bu problemi həll edəcək və Xankəndidə Azərbaycan Bayrağını qaldıracağıq".

Azərbaycanın Hərbi Hava Qüvvələrinin də iştirakı ilə cəbhə xətti yaxınlığında başladığı növbəti genişmiqyaslı təlimləri də Bakının baş verənlərə cavabı saymaq olar. İstənilən halda, danışıqlar prosesinin gələcək taleyi yalnız Ermənistanın konstruktivliyindən asılıdır.


MƏSLƏHƏT GÖR:

408