26 Dekabr 2024

Cümə axşamı, 07:15

İLK ONLUQDA

Azərbaycan millisi Nankində keçirilən yeniyetmələrin Olimpiya Oyunlarında komanda hesabında 12 medalla 10-cu yeri tutub

Müəllif:

02.09.2014

Çinin Nankin şəhərində təşkil edilən yeniyetmələrin 2-ci Yay Olimpiya Oyunları Azərbaycan idmançıları üçün yeni Olimpiya rekordu ilə yadda qaldı. Dörd il əvvəl keçirilən Sinqapur Olimpiadası ilə müqayisədə Azərbaycan idmançıları həm kəmiyyət, həm də keyfiyyət baxımından nəticələri yaxşılaşdırdı. Sinqapurda 5 qızıl, 3 gümüş qazanan atletlərimiz Çində 5 qızıl, 6 gümüş və 1 bürünc medala layiq görüldülər. Yarışın əvvəlində "R+"un verdiyi proqnoz doğruldu və Azərbaycan idmançıları Vətənə 12 medalla qayıtdılar. 

Ümumi sıralamada Azərbaycan idmançıları 5 qızıl, 6 gümüş və 1 bürünc medalla komanda hesabında 10-cu yeri tutublar. İlk üçlüyü müvafiq olaraq Çin, Rusiya və ABŞ bölüşdürüb. Medal sayına görə Azərbaycan 14-cü yeri tutub. Qeyd edək ki, mötəbər yarışda iştirak edən ölkələrdən yalnız 87-si medalçılar sırasındadır.

Hər zaman olduğu kimi, bu dəfə də güləşçilərimiz bizi daha çox sevindirdi. Sərbəst güləşçilərdən Teymur Məmmədov (63 kq) və İqbal Hacızadə (100 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Yunan-Roma güləşində İslambek Dadov (69 kq) ardıcıl 4 görüşdə qələbə qazanmaqla Olimpiya çempionu oldu. Pəhləvanlar Cabbar Nəcəfovla (50 kq) Leyla Qurbanova (52 kq) yalnız finalda uduzmaqla gümüş medalla kifayətləndi. Bununla belə, Çinə yollanan 5 güləşçinin Vətənə medalla qayıtması idmanın bu növünün Azərbaycanda yüksək səviyyədə olduğunu təsdiqləyir. 

Xüsusilə qeyd etmək lazımdır ki, Olimpiya çempionlarımız keçirdikləri görüşlər ərzində rəqiblərinə hamısı bir yerdə cəmi 1 xal verdi. Belə ki, İslambek Dadov bütün görüşlərini 13:0, Teymur Məmmədov 39:0, İqbal Hacızadə isə 31:1 hesablı qələbələrlə başa vurdular. Qeyd edilməli olan daha bir məqam isə, sərbəst növdə mübarizə aparan güləşçimiz Teymur Məmmədovun bu il iştirak etdiyi bütün mötəbər yarışlarda fəxri kürsünün ən yüksək pilləsində qərarlaşmasıdır. Belə ki, 2014-cü il ərzində qatıldığı Avropa və Dünya çempionatları, həmçinin Olimpiya Oyunlarında qızıl medal qazanan güləşçimiz ona bəslənilən bütün ümidləri doğrultdu. 

Boksda yalnız Rüfət Hüseynov ümidləri doğrultdu. 49 kq-da çıxış edən idmançımız ardıcıl iki qələbədən sonra finalda mübarizə aparmaq imkanı qazandı. Burada Özbəkistan təmsilçisi Süleyman Latipova qalib gələn həmyerlimiz yeniyetmələrin Olimpiadasında qızıl medal qazanan ilk boksçu oldu. Dörd il əvvəl Sinqapurda boksçularımız 2 gümüş medal qazanmışdısa, bu dəfə mötəbər yarışda 1 qızıl medal əldə etdik. Bununla yanaşı, çempionumuzun çıxışı barədə yalnız xoş sözlər demək olar. Rüfətin rinqdə nümayiş etdirdiyi boks onun tezliklə gənclərdən ibarət yığmaya cəlb olunmasına təkan olacaq.

İndiyə qədər heç bir Olimpiadada medal qazanmayan taekvondoçular Çində fərqləndilər. 73 kq-da yarışan Səid Quliyev qızıl, 44 kq-da təmsil olunan Ceren Özbək isə gümüş medalla yadda qaldı. Səid bütün rəqiblərini sürətli ayaq zərbələri ilə məğlub etdi. Onun göstərdiyi əzmkarlıq məşqçilərin idmançı barədə düşünməsinə səbəb olacaq. Əksəriyyətin fikrincə, gələn ildən artıq Səidi gənclərdən ibarət yığmada sınamaq mümkün olacaq. 

Yüngül atletikada ilk dəfə olaraq Nazim Babayev üçtəkanla tullanmada Azərbaycana bürünc medal qazandırdı. Avropa Çempionatının mükafatçısı gümüş medala yaxın olsa da, sonda üçüncü yerlə kifayətləndi. Potensialı yüksək olan Nazimin məşqlərdə daha yaxşı nəticə göstərməsi təcrübəsizliklə bağlıdır. İl ərzində onun bir sıra güclü yarışlarda iştirak etməsi vacibdir. Bu halda təcrübəsini artıracaq Babayev gələcəkdə böyük uğurlara imza ata bilər. 

Cüdoçularımız Leyla Əliyeva ilə (44 kq) Natiq Qurbanlı (55 kq) finalda məğlubiyyət acısı yaşadı. Güclü rəqiblərə uduzan yeniyetmələrimiz sonda gümüş medala layiq görüldülər. Akademik avarçəkənimiz Boris Yotov da ikinci yeri tutdu. Yeniyetmələrin Dünya Çempionatında bir neçə rekorda imza atan Yotovdan hamı qızıl medal gözləyirdi. Lakin son anda idmançımız finişə ikinci çatmaqla qızıl medal şansını itirdi.

Yeniyetmələrin ikinci olimpiadasında qazanılan 12 medal ölkədə güləş, cüdo, taekvondo, avarçəkmə, boksun inkişafda olduğunu göstərdi. Əvvəlki Olimpiada ilə müqayisədə nəticələri yaxşılaşdıran olimpiyaçılarımız Azərbaycanın idman ölkəsi kimi imicini doğrultdu. Sözsüz ki, uğur qazanan idmançıların əksəriyyəti 1-2 ildən sonra gənclər yığmasına dəvət olunacaq və bacarıqlarını daha yüksək səviyyədə göstərmək imkanı qazanacaqlar. Nankin Olimpiadası yeniyetmələr üçün böyük təcrübə və karyeralarının yeni mərhələyə başlanması oldu. Növbəti mərhələdə məşqçilər mükafatçıların gənclərin yarışında şanslarını dəyərləndirəcək.

 

 

İLK MƏNBƏDƏN

 

"Çox xoşbəxtəm. Mübarizəyə başlayanda qızıl medal arzulayırdım. Finala qədər uğurlu çıxış etdikdən sonra, yalnız çempionluq barədə düşünürdüm. Məşqçim sona qədər mübarizə aparmağı və təslim olmamağı tapşırmışdı. Həlledici görüşdə qələbə istəyim çox idi. Bəlkə də ona görə rəqibdən çəkinmirdim. Azərbaycana qızıl medal qazandırdığım üçün sevinirəm. Bu mənim karyeramın ən böyük nəticəsidir. Bununla karyeram başa çatmır. Növbəti turnirlərdə də ümidləri doğrultmağa çalışacağam". 

Səid QULİYEV, taekvondo, qızıl medalçı

 

"Karyeramın ən böyük yarışında iştirak etdim. Çindən medalla qayıdacağıma söz vermişdim. Olimpiya çempionu olduğuma görə xoşbəxtəm. Əlbəttə, istərdim ki, gələcəkdə böyüklər arasında da çempion olam. Məşqçilərimə təşəkkür edirəm. Biz bu yarışa ilin əvvəlindən hazırlaşırdıq.  Zəhmətimizin bəhrəsini gördük. Fikrimcə, Çinə gələn hər bir idmançımız ölkəmizin idman şərəfini layiqincə qorudu". 

Rüfət HÜSEYNOV, boks, qızıl medalçı



MƏSLƏHƏT GÖR:

711