26 Dekabr 2024

Cümə axşamı, 07:39

"QARABAĞ" AVROPADA!

Azərbaycan klubu "Tvente"nin qarşısını alaraq, Avroliqanın qrup mərhələsinə çıxdı

Müəllif:

02.09.2014

Cari mövsüm Azərbaycan futbolunda yeni səhifə açıldı. Futbol üzrə Azərbaycan çempionu "Qarabağ" tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla milyonlarla azarkeşə sevinc bəxş etdi. Ölkənin digər güclü klubu "Neftçi" isə qrup mərhələsinin bir addımlığında məğlubiyyət acısı yaşadı. İki il öncəki kimi, azarkeşlər "Neftçi"nin də Avroliqanın əsas mərhələsində mübarizə aparacağını gözləsə də, proqnozlar doğrulmadı. 

 

"Neftçi" Avroliqa ilə vidalaşdı

Paytaxt klubu pley-offda Serbiya "Partizan"ı ilə mübarizə apardı. Bu rəqiblə Belqraddakı ilk oyun meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə baş çatmışdı. Bu üzdən də təmsilçimizə növbəti mərhələyə yüksəlmək üçün 1:0 və ya 2:1 hesablı qələbələr lazım idi. Amma təəssüf ki, oyunda hesabı serblər açdı. Komandamız buraxılmış qolun əvəzini çıxsa da, "Partizan" son dəqiqələrdə daha bir qol vuraraq qələbə qazandı və Avroliqanın qrup mərhələsinə vəsiqə qazandı. "Neftçi" isə mübarizəni dayandırmalı oldu.

"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev 3-lük müdafiə taktikasından əl çəkərək, bu dəfə 4-5-1 sxeminə üstünlük verdi. Ən ciddi dəyişiklik Bertuççinin yerində Denis Silvanın oynaması oldu. Yenidən komandaya qayıdan Kanales isə yenə ehtiyatda qaldı. Oyun göstərdi ki, ağ-qaraların heyətində çoxlu sayda problem var. Məğlubiyyətin əsas səbəbləri əksər futbolçuların səviyyələrindən aşağı çıxış etməsi, kapitan Flavinyonun liderlik bacarığının itirilməsi, üstəlik, fiziki göstəricilərin aşağı olmasıdır. "Neftçi" 60-cı dəqiqədən etibarən meydanda mübarizəni davam etdirə bilmədi. Flaqmanın futbolçuları qaçmaqda çətinlik çəkdi, nəticədə də serblər qrup mərhələsinə adlayan tərəf oldu. 

Matçın sonları bizim üçün çox pis keçdi. Əvvəlcə Nfor kobud oyundan sonra ikinci sarı vərəqə ilə meydançadan qovuldu. Əlavə edilmiş dəqiqələrdə isə serblər ikinci qolu vuraraq işi bitirdilər. Stamenkoviç ardıcıl 2 dəfə komandamızı qoldan xilas etsə də, Skuletiç önünə düşən topu boş qapıdan keçirdi və dublunu rəsmiləşdirdi. Futbolçularımız isə rəqibə qol sevinci yaşamaq imkanı vermədilər - qolla deyil, dava-dalaşla. Nəticədə, "Neftçi"dən Kaue və Ramos, "Partizan"dan isə matçın qəhrəmanı Skuletiç qırmızı vərəqə aldı. Beləliklə, "Partizan"a hər iki matçda məğlub olan "Neftçi" üçün Avrokubok macərası bitdi.

Fikrimizcə, komandada islahatların vaxtı çoxdan çatıb. Artıq bir neçə il komandanı zəfərə daşıyan Flavinyo, Bertuççinin oyun keyfiyyəti aşağı düşüb. Bu və digər futbolçuların qışda transferə çıxarılması ən doğru qərar olardı. İki həftə əvvəl transfer olunan Nikolas Kanalesin artıq çəkidən əziyyət çəkməsi onun ideal idman formasından uzaq olduğunu göstərir. Kanales ən yaxşı halda sentyabrın sonlarında əvvəlki gözəl oyununu göstərə biləcək. 

 

"Qarabağ"ın tarixi uğuru

Avropa Liqasının pley-off mərhələsində Hollandiyanın "Tvente" klubunu səfər qolu sayəsində (0:0, 1:1) keçən "Qarabağ" klub tarixində ilk dəfə qrupa yüksəlib. Azərbaycan çempionu 2012/13 mövsümündə eyni nailiyyətə imza atan "Neftçi"dən sonra ölkəmizin bunu bacaran ikinci komandası olub. Maraqlıdır ki, "Qarabağ" da qrupa "Neftçi" kimi düşüb. Hər iki komanda Azərbaycan çempionu kimi yarışa başlayıb. Çempionlar Liqasının II təsnifat mərhələsini keçən təmsilçilərimiz növbəti raundda uduzub. Bundan sonra isə Avropa Liqasına yuvarlanan klublarımız ikinci dərəcəli turnirin pley-offunda sevinib.

 Səfərə lazımi nəticə üçün yollanan Ağdam təmsilçisi sona qədər mübarizə aparıb, bərabərliyi qorumağı bacardı. Komandamızın vurulan qolu da əvvəlcədən hazırlanan gözəl ev tapşırığı oldu. Reynaldonun başladığı hücumu Aqoli davam etdirdi, son nöqtəni isə heç kimin gözləmədiyi halda Muarem Muarem qoydu. 1:1 hesabı "Qarabağ"ı tarixi uğura daşıyırdı. Buna görə də komandamız son dəqiqələrdə risk etməyərək müdafiəyə daha çox diqqət yetirməyə başladı. 

90 dəqiqənin yekununda Azərbaycan çempionu Avroliqanın əsas mərhələsinə vəsiqə qazandı. 

Komandanın uğurlu çıxışına görə altıncı il "Qarabağ"a başçılıq edən baş məşqçi Qurban Qurbanov xüsusi sözlərə layiqdir. Onun müsbət keyfiyyətlərindən biri mehriban kollektivin yaradılması oldu. "Qarabağ" indi, sözün əsl mənasında, komanda kimi mübarizə aparır və hər oyunda son dəqiqəyədək geri çəkilmir. 

"Qarabağ"ın Avroliqadakı rəqibləri artıq məlumdur. Ağdam təmsilçisi sentyabrın 18-də start götürəcək turnirdə İtaliyanın "İnter", Ukraynanın "Dnepr" və Fransanın "Sent-Etyen" klubları ilə mübarizə aparacaq. Sözsüz ki, qrupumuzda ən təcrübəsiz komanda "Qarabağ"dır. Çempionlar Liqasında dəfələrlə qələbə qazanan "İnter",  bir neçə dəfə Fransa çempionu və kubokunu əldə edən "Sent-Etyen" və hazırda 90 milyonluq büdcəsi olan "Dnepr"ə zəif demək mümkün deyil. Bununla belə, tarix yazan "Qarabağ"dan layiqli mübarizə gözləyirik. İndiki halda komandamızından pley-offa yüksəlməyi tələb etmək bir qədər reallıqdan uzaq görünür. Amma hər bir turnirdə olduğu kimi, az da olsa şanslar var.

 

Mərkəzi arenada "bostan"? 

Pley-off raundunun "Qarabağ" - "Tvente", sonra isə "Neftçi" - "Partizan" görüşləri Tofiq Bəhramov adına stadionda ot örtüyünün bərbad halda olduğunu göstərdi. 

Bir neçə ölkəyə canlı yayımlanan oyun zamanı qazonun hansı səviyyədə olması ürək ağrıtdı. Artıq arena təmirə bağlanıb. İş o yerə çatdı ki, "Qarabağ" - "Tvente" görüşünü stadiondan izləyən gənclər və idman naziri Azad Rəhimov arenanın direktoru Akif İsmayılovu yanına çağıraraq hesabat tələb etdi. Nəticədə, İsmayılov ot örtüyünə cavabdehlik daşıyan bolqar mütəxəssis Boris Kolevini işindən azad etməyə məcbur olub. Bundan sonra mərkəzi arenada ot örtüyünün bərpasına və qorunmasına nəzarət ingilis şirkətinə tapşırılıb.

Arenanın direktoru Akif İsmayılov qazonun bərbad hala düşməsinin əsas səbəbi kimi, havaların isti olmasını göstərib. Axı, hər ilin iyul-avqust aylarında Bakıda havanın isti olduğu hamıya məlumdur. Müasir texnologiyanın inkişaf etdiyi dövrdə ot örtüyünü qorumaq niyə mümkün olmur? İşindən azad olunan bolqar mütəxəssis Boris Kolev "R+"a açıqlamasında stadionda otun qum üzərində əkildiyini əsas səbəb kimi göstərib: "Bilirsiniz, mənim günahım yoxdur. Qum üzərində olan ot çox qalmır. İsti havada yanır. Əksər stadionlarda ot torpaq üzərində əkilir. Burada qumdur. İstənilən halda bu çox davam etməyəcək, nə vaxtsa qum torpaqla əvəz olunmalıdır." Qeyd edək ki, ingilis mütəxəssislər 2 ay ərzində arenanın ot örtüyünün normal vəziyyətə qayıdacağını bildirib.

 

 

İLK MƏNBƏDƏN 

 

"Həmişə Avroliqanın bu mərhələsinə - pley-offa kimi gəlib-çıxsaq da, sonda istəyimizə çata bilmirdik. Şükürlər olsun, bir neçə ildən sonra buna nail olduq. Bugünü çox gözləyirdik. Nəhayət, istədiyimiz oldu. Bu, bizim işimizdir. Çalışırıq ki, hər bir turnirdə yaxşı nəticə əldə edək. Qrupa düşməyimizdə hər bir futbolçunun, məşqçinin, klub rəhbərliyinin rolu oldu. Bu uğuru qrup mərhələsində də davam etdirib, xalqımızı yenə sevindirəcəyik".

Qurban QURBANOV, "Qarabağ"ın baş məşqçisi

 

 

MARAQLI FAKT

 

Azərbaycan çempionu "Qarabağ" Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla 1 120 000 avro qazanc əldə edib. Komandamızın Çempionlar Liqasında iki təsnifat mərhələsindəki iştirakı Ağdam təmsilçisinə 480 min avro qazandırıb. Avroliqa qrupuna vəsiqə qazanması isə əlavə 640 min avro qazanc gətirib.

"Qarabağ" qrup mərhələsindəki hər oyuna görə 60 000 avro gəlir əldə edəcək. Amma hər oyunda qazanacağı qələbə komandamıza 140 000 avro, heç-heçə isə 70 000 avro əlavə gəlir gətirə bilər.



MƏSLƏHƏT GÖR:

686