14 Mart 2025

Cümə, 23:41

MAARİFPƏRVƏR SEYİD

Cahilliyə sərt müqavimət göstərən Seyid Əzim Şirvani yüzlərlə məsləkdaşı üçün müəllim olaraq qaldı

Müəllif:

02.09.2014

O uzaq keçmişdə burada kitab mağazaları yox idi, məktəblərdə isə yalnız yazmağı, oxumağı və saymağı öyrədirdilər. Bu üzdən də maarifpərvərlik xüsusilə vacib və çətin idi. Seyid Əzim Şirvani isə özündə Şərqin çoxəsrlik təcrübəsini və müasir Avropa mədəniyyətini birləşdirə bilmişdi.

 

Onun yolu

Şirvani atasının və babasının yolu ilə gedərək, ruhani olmaq üçün bütün şanslara malik idi. Onun ailəsi də məhz buna çalışırdı. Hələ gənc yaşlarında Seyid Əzimi İraq və Misirə göndərmişdilər. Bu ölkələrdə təhsilini başa vuran gənc axund adı qazanmışdı. Amma 1855-ci ildə vətəninə qayıdan Seyid Əzim Şirvani bütün marağını dünyəviliyə, ilk növbədə, ədəbiyyata və elmə yönəltdi. Bu baxımdan onun tərcümeyi-halı dövrün digər maarifpərvərlərinin bioqrafiyasına çox uyğun gəlir. Geri qayıdan və baş tutmayan karyerasını atan gənc qohumlarının acığına fars və ərəb dillərinə əlavə olaraq, rus dilini də öyrənməyə başladı. Bunadək o, Bağdadda Şərq ədəbiyyatını yaxşı mənimsəmişdi. Evə döndükdən sonra isə rus dili vasitəsilə Qərb mədəniyyəti ilə tanış olmağa çalışırdı.

Bir müddət sonra Seyid Əzim Şirvani Puşkin və Nekrasovun şeirlərini Azərbaycan dilinə tərcümə etməyə başlayır. Daha sonra Şamaxıda rus-Azərbacyan məktəbi açan Seyid Əzim əsas diqqəti dünyəvi elmlərin, o cümlədən Azərbaycan və rus dillərinin öyrədilməsinə yönəldir. Sonralar belə məktəblər ölkənin digər şəhərlərində də açılmağa başlanır. Şirvani uşaqlara dini ehkamların əvəzinə qədim və müasir Azərbaycan şairlərinin şeirlərini, Şərq azadfikirliliyinin təmsilçiləri, filosoflar Sədidən, Hafizdən, Xəyyamdan tərcümələrini oxuyurdu.

O zaman istər Şərq olsun, istər Qərb - xarici poeziyanın tərcüməsi, demək olar ki, yox idi. Bu üzdən Şirvani dünya mədəniyyətinin çoxəsrlik təcrübəsini qismən də olsa uşaqlara çatdırmaq üçün çox tər tökməli olurdu. O, özü tərcümələr edir, eyni zamanda, Şamaxıda tərcümə məktəbi açmağa çalışırdı.

"Şirvani ilə dost olmayanlar onun ağır xarakterə sahib olduğunu deyirdilər. Əslində isə o, düzgün insan idi, ilk növbədə, ruhanilərin riyakarlığına, ikiüzlülüyünə nifrət edirdi", - deyə tarixçi Tahir İsmayılov "R+"a açıqlamasında bildirib. -"Bütün bunlar Şirvaninin şagirdlərlə şübhəli söhbətlərinə görə özünün yaratdığı məktəbdən qovulması ilə nəticələndi. Onu məktəbdən mühafizəkar, köhnəlmiş təhsil tərəfdarı olan qrup qovdu".

 

Su daşı da oyur

Tarixçinin sözlərinə görə, Şirvaninin məktəbdən səs-küylü, boş yerə uzaqlaşdırılması, o cümlədən şagirdlərin ona olan məhəbbəti və dostlarının onun inadkarlığına heyranlığı Seyid Əzimin ətrafında gənc, azadfikirli insanların cəmləşməsinə səbəb olub. Nəticədə, Şirvani Şamaxıda "Beyt-us-Səfa" ədəbi birliyini yaradaraq, ona rəhbərlik etməyə başlayıb. Şəhərin ən mütərəqqi düşüncəli insanları məhz bu birlikdə cəmləşmişdilər. Bir müddət sonra Şirvani Bakıda, Qubada, Şuşada, Ordubadda fəaliyyət göstərən analoji birliklərlə əlaqələr qurmağa başlayıb. "Rəsmi olaraq bu, məktəb deyildi. İnsanlar sadəcə oraya toplaşır, kitab mübadiləsi aparır, oxuduqları haqda fikir mübadiləsi edirdilər. Onlar ədəbiyyatdan, dindən, tarixdən, təbiət elmlərindən danışırdılar", - deyə İsmayılov bildirir.

Şirvaninin o dövrdəki yaradıcılığı qəzələr, rübailər, qəsidələr, sevgi lirikası üslubunda mərsiyyələr idi.

Kimlərsə sual verə bilər ki, "Bunun harası azadfikirlilikdir?". Amma o dövrün əksər lirikası "puritan", qeyri-səmimi idi. Şirvani isə dahi sələfləri Füzulinin, Xəyyamın və digər "yer sevgisi" şairlərinin ənənələrini davam etdirirdi. Bundan başqa, o, bir sıra təmsil, əxlaqi hekayə, nəsihətnamə, həmçinin çoxsaylı publisistik əsərlər də yazıb. Bu, ilk növbədə, ədəbiyyatşünaslıq işləri, Azərbaycan dilində yazdığı ədəbiyyat kitabı idi.

Şirvaninin bir çox şeirləri, əksər hekayələri, təmsilləri, məqalələri insan dərrakəsinin üstünlüyünə, şəxsiyyətə, ehkamlarla mübarizəyə həsr olunub. O bildirirdi ki, insan yalnız hərtərəfli savad hesabına ruhən varlana bilər, savadsız ruhanilik isə lovğalıqdan, yalandan və riyakarlıqdan başqa bir şey deyil. Şirvani dövrünün görkəmli humanisti idi. O, bəşəriyyəti dinlərə və xalqlara bölmür, hesab edirdi ki, humanist dəyərlər şair üçün etnosdan və ya inancdan yüksəkdə dayanmalıdır. Şirvani fars dilində yazdığı bir beytini tez-tez təkrarlayırdı: "Mənə bunun kafir, bunun müsəlman olduğunu deməyin, kimin savadı varsa, o, insandır".

Seyid Əzim Şirvaninin "Qafqaz müsəlmanlarına müraciət" şeiri böyük mübahisələrə yol açmışdı. Həmin şeirdə müəllif müsəlmanları təbiət elmlərinə yiyələnməyə, mövhumatı və fanatizmi bir kənara qoymağa, inkişaf, mədəni oyanış yoluna çıxmağa çağırırdı. Şirvani dinlə mübarizə aparmırdı - buna onun anadangəlmə ziyalılığı imkan vermirdi. Əks təqdirdə, mübariz ateist olan Şirvani opponentləri kimi zəhlətökən doqmatiklik edə bilərdi.

 

Azadfikirlilik

Seyid Əzim Şirvaninin əsl idealı yalnız bu idi. O, Puşkini tərcümə edir, onun şeirlərini yuksək qiymətləndirirdi. Şirvani Puşkinin onun cəmi 2 yaşı olarkən dünyasını dəyişməsindən çox təəssüflənirdi. 1880-ci ildə Moskvada Puşkinin abidəsi açıldıqda Şirvani onun şəninə şeir yazmışdı. Şeirdə bu rus şairinin irsinin Şərq və bütünlükdə dünya xalqları üçün böyük əhəmiyyətindən danışılır.

Şirvani milli satiraya böyük töhfələr verib. Faktik olaraq, onu ilk azərbaycanlı satira şairi adlandırmaq olar. Məhz Şirvanidən sonra saysız-hesabsız satirik şairlər peyda olmağa başlayıb və əsrin sonlarında satira ədəbiyyatda ən dəbdə olan istiqamətə çevrilib. 

Dahi satirik şair Mirzə Ələkbər Sabirin yaradıcılığına da məhz Şirvaninin təsiri böyük olub.

Onun şeirləri və hekayələri nəinki aktuallığını itirmir, həm də müasirlərin fikrincə, onlar çox sərtdir.  Bəzən onlar kədərli idi, hərçənd o, əsərlərini, əksər hallarda optimist sonluq və ənənəvi maarifçilik stilində yekunlaşdırırdı. Şirvaninin şeirlərində və hekayələrində bütün insanların bərabər olduqlarından, azad ruhdan və dərrakədən, ədalətdən və humanizmdən, yaxınlarına münasibətdə səbir və qarşılıqlı anlaşmadan bəhs olunur.

Seyid Əzim Şirvaninin yaradıcılığında Axundovun maarifpərvərliyi, Füzulinin və Vaqifin lirikliyi, Zakirin aktuallığı və istehzası harmonik şəkildə bir araya gətirilib. Onun işləri mövzu və janr baxımından müxtəlifdir. Şirvaninin "Allaha rüşvət", "İtin dəfni", "İblis", "Xan və dehqan" kimi təmsilləri var. 

Seyid Əzim Şirvani milli ədəbiyyata verdiyi töhfələr ölçüyə gəlməyəcək şair, maarifpərvər, multilinqvist, yazıçı və müəllim idi. Həmin dövrdən uzun illər keçsə də, bir nəfərin mürtəcəliyə qarşı bu qədər müqavimət göstərməyi necə bacardığını təsəvvür etmək çətindir. Güclü zəkaya malik, əməksevər Şirvani sevdiyi işlə məşğul olurdu və o, bütün çətinliklərə rəğmən, yüzlərlə davamçısı üçün müəllim olaraq qalır.


MƏSLƏHƏT GÖR:

791