15 Mart 2025

Şənbə, 02:57

"FORMULA-1" BAKIDA

Devid Kulhard: "Bakıda "Formula-1" yarışları keçirmək mümkündür"

Müəllif:

01.07.2012

Bakının lap mərkəzində, Neftçilər prospektində "Formula-1" yarışlarının hazırkı çempionu "Red Bull Racing" komandasının nümunəvi çıxışları keçirildi. İsti yay günlərində paytaxt sakinləri "Formula-1"in ən sürətli bolidi "RB-7"nin məharətini canlı izləmək imkanı əldə etmişdi. Bu, həmin "RB-7" idi ki, onun köməyi ilə 2011-ci ildə Sebastyan Fettel dünya çempionu, "Red Bull Racing" komandası isə Konstruktorlar Kubokunun qalibi olmuşdu. 

"RB-7" görünməmiş sürət, manevr qabiliyyəti, sürəti 2,5 saniyəyə 0-dan saatda 100 kilometrədək artırmaq bacarığı nümayiş etdirdi. Bolidi "Formula-1"in məşhur əfsanəsi Devid Kulthard idarə etdi. Dünya mətbuatının yaxından izlədiyi şounu 45 min tamaşaçı izlədi. Hiss olunurdu ki, qonaq bu qədər şəhər sakininin onu izləmək üçün küçəyə çıxacağını gözləmirdi. Elə buna görə də söhbətə Bakı və sakinləri barədə danışmaqla başladı:

- Bakı küçələri məni valeh elədi. Yüksəksəviyyəli yollarda belə bolidi idarə etmək adama ləzzət edir. Bütün küçəboyu insanların məni alqışlamasına çox sevindim. Bu qədər azarkeşin gələcəyini gözləmirdim. Çünki şou bazar günü baş tutdu. Çox vaxt, bazar günləri adamlar istirahət etmək üçün şəhərdən kənara üz tuturlar. 

- Şəhərdə gəzmək imkanınız olubmu?

- Sözün düzü, Bakıya vuruldum. Küçələr sanki nağıllar aləmindəki yerlərə oxşayır. Şəhər müasir memarlıqla adamı valeh edir. Burada bir müddət qalıb dincəlmək istərdim. Amma gəzməyə imkanım olmadı. Şounun keçiriləcəyi yolla tanış olmuşdum. Əvvəlcədən yolun uzunluğu və orada hansı manevrləri edəcəyimizlə bağlı fikirləşmişdim. 

- Sizi Bakıya dəvət edəndə ilk olaraq nə düşündünüz?

- Bakı haqda məlumatım çox az idi. İlk olaraq küçələrlə maraqlandım. Fikirləşdim, görəsən, küçələri necədir? Orada bu şounu göstərmək olar, yoxsa yox. Amma məni burada çox isti qarşıladılar. Üstəlik, küçələrin uzun olması sürət yığmağı asanlaşdırır və istədiyim manevrləri etməyə imkan verir. Bakı istəsə, bir neçə ildən sonra "Formula-1" üzrə Dünya Çempionatına ev sahibliyi edə bilər. Şəhərdə bunun üçün bütün şərait var. Mötəbər yarış keçirmək üçün əlavə yol düzəltməyə də bilərsiniz. Mərkəzi küçələrdə "Formula-1" yarışlarını keçirmək mümkündür. 

- Sizcə, Bakı sakinlərini təəccübləndirməyi bacardınız?

- Azərbaycanda "Formula-1"ə olan marağı gördüm. Adamlar sürəti çox sevir. Şəhərinizdə çoxlu sayda bahalı maşınlar var. Onları sürənlər, əlbəttə ki, sürəti sevməyə bilməz. Müxtəlif manevrlər edərkən camaat təəccüblənmirdi, sanki bütün bunların olacağı məlum idi. Ölkənizdə "Formula-1" yarışlarını, yəqin, yaxından izləyirlər. Çünki insanların bu barədə kifayət qədər məlumatlı olduğu görünür. 

- Azərbaycan "Formula-1" üzrə Qran-pri mərhələlərindən birini keçirə bilər?

- "Formula-1" yarışı böyük vəsait tələb edir. Azərbaycan inkişaf edir, ona görə maddi məsələlərlə problem olacağını düşünmürəm. Siz yarış iştirakçıları üçün şəhərdə və ya kənar ərazilərdə xüsusi yol düzəltməli olacaqsınız. Çox yaxşı olar ki, iştirakçılar arasında sizin idmançılarınız da olsun. Əminəm ki, Azərbaycanda "Formula-1"də iştirak etmək istəyənlər çoxdur. Şəhərdə maşınlarınız çox sürətlə hərəkət edir. Yəni insanlarınız sürət sevir, ona görə "Formula-1"ə biganə ola bilməz. Digər tərəfdən, "Formula-1"in Bakıda keçirilməsi dünyanın diqqətini Bakıya yönəldəcək. Yaxınlarda şəhərinizdə "Avroviziya" mahnı müsabiqəsini keçirdiniz. Məncə, "Formula-1" populyarlığına görə "Avroviziya"nı üstələyir. 

- "Formula-1" dedikdə sürət başa düşülür. Yəqin, şəxsi həyatda da sürəti sevirsiniz....

- Sürəti sevirəm, amma çərçivədən kənara çıxmıram. Şou zamanı müxtəlif manevrlər edirəm. Şəhərdə maşın sürərkən anlayıram ki, həmin hərəkətləri təkrarlamaq olmaz. "Formula-1" adi yolda maşın sürməkdən çox fərqlənir. Siz elə bilirsiniz, belə şou göstərmək risk tələb etmir? Axı yolun kənarlarında insanlar dayanır. Sürət dəqiqliyi sevir, ona görə adi yanlışlıq pis nəticələrə səbəb ola bilər.

- Demək istəyirsiniz, siz heç Bakı küçələrində olduğu kimi doğma şəhərdə maşını yüksək sürətlə idarə etməmisiniz?

- Bir var yarış trası, bir də var adi yol. Gündəlik həyatda sürətli maşın sürmək təhlükəlidir. "Formula-1" sürücüləri əvvəlcədən nizam-intizama öyrəşdirilir. Biz bilirik ki, adi yolda belə maşın sürmək olmaz. Şəxsi avtomobilimdə sürəti tənzimləməyi bacarıram. Adrenalin istəsəm, "Formula-1" maşınında istədiyimi alaram. Amma adi küçədə sürət yığmaq qəti şəkildə olmaz. 

- Bakıdakı şou digər şəhərlərdəki proqramlarınızdan nə ilə fərqləndi?

- Bizim proqram Avropanın, eləcə də dünyanın bir sıra şəhərlərində göstərilib. Adlarını çəksəm, böyük bir siyahı alınar. Sözsüz ki, bu, "Formula-1"ə olan maraqdan irəli gəlir. Bakıdakı proqram Azərbaycanda ilk dəfə keçirildi. Sizin əhalinin marağını fərqləndirərdim. Bəzi insanlar sadəcə şouya baxır və ondan həzz alır. Amma Bakıda insanlar sükan arxasında olan insanı da coşğuya gətirir. Onların alqışı və qışqırması məni manevrləri daha yaxşı etməyə sövq edirdi. Əsas fərq budur.



MƏSLƏHƏT GÖR:

705