Müəllif: Sara EMİLQIZI Bakı
20 ildir ki, Dünya Bankı (DB) Azərbaycanın iqtisadi tərəfdaşları sırasında yer alır və ədalət naminə demək lazımdır ki, başqa beynəlxalq maliyyə institutlarından fərqli olaraq, ölkənin DB ilə münasibətləri bu illər ərzində, demək olar ki, bərabər, yəni gerçək tərəfdaşlıq münasibətlərinə çevrilib. 2012-ci ilin əvvəlinə kimi Azərbaycan hökuməti ilə toplam məbləği $3 mlrd 54,9 mln olan kredit müqaviləsi imzalamış bank heç bir təzyiq göstərmədən ölkədə islahatların aparılmasına yardım edib. Azərbaycanın sosial-iqtisadi sahələrinin zəif tərəflərinə diqqət yetirən DB bunları, bankın respublika üzrə cari çantasına daxil olan cəmi 21 layihə çərçivəsində həll edilməsinə çalışıb.
ASK-nin məqsədi ixracatdır
İyulun 1-dən DB ilə Azərbaycanın münasibətlərində yeni mərhələ başlayır. Birincisi, Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru dəyişdirilir (Asad Alamın yerinə Henri Kerali təyin edilib) və yeni 2013-cü maliyyə ili daxil olur ki, bu müddətdə bank Azərbaycan üzrə üç layihənin maliyyələşdirilməsini təsdiqləməyi planlaşdırır. Yeri gəlmişkən, onlardan birincisinin - $30 mln məbləğində olan "Azərbaycanın kənd sərmayələri" layihəsinin artıq iyul ayında bankın direktorlar şurası tərəfindən təsdiq edilməsi tam realdır.
Burada qeyd etmək lazımdır ki, kənd təsərrüfatı elə ilk başdan DB-nin Azərbaycan üzrə prioritetidir və artıq bu istiqamətdə bir neçə layihə gerçəkləşdirilib. Maraqlıdır ki, 2013-cü maliyyə ilinə planlaşdırılan ikinici layihə də bu sahəni, o cümlədən, aqrar-sənaye kompleksinin (ASK) inkişafını və kənd təsərrüfatı məhsulları istehsalçılarının maliyyə vəsaitlər ilə təmin edilməsini əhatə edir.
Bundan başqa, Cənubi Qafqaz üzrə getməyə hazırlaşan regional direktor Asad Alam Bakıda jurnalistlərə bildirib ki, Dünya Bankı Azərbaycanda kənd təsərrüfatınin kreditləşdirilməsi və inkişafı üzrə layihəni (ADCP) yeni hədəflərlə davam etdirmək niyyətindədir. Onun sözlərinə görə, bu gün Azərbaycanda vacib məsələ kənd təsərrüfatının məhsuldarlığının artırılmasıdır. İşlərin bu vəziyyətdə olmasının əsas səbəblərindən biri, əkin sahələrinin pərakəndəliyi, həmçinin, toxumun keyfiyyətsizliyi, texniki təchizat səviyyəsinin aşağı olması, kənd təsərrüfatı məhsullarının saxlanmasının və emalının çətinliyidir.
ASK məhsullarının istehsalçıları ilə satış bazarları arasında keyfiyyətcə yeni münasibətlərin yaradılması da vacibdir. "Aqrar bölmənin potensialının tam istifadəsi üçün bütün göstərilən istiqamətlər üzrə kompleks iş lazımdır", - deyə A.Alam vurğulayıb. Onun sözlərinə görə, DB təmsilçiləri artıq Azərbaycan hökuməti ilə məsləhətləşmələr aparıb və yeni layihəyə daxil olacaq komponentləri müəyyən ediblər.
"Məhsuldarlılığa, səmərəliliyə, tənzimləmə və maliyyələşdirmədə olan boşluqların doldurulmasına, Azərbaycan kənd təsərrüfatının sonrakı kommersiyalaşmasına yönəlmiş təkliflər formalaşdırılıb. Həmçinin, yalnız ilkin istehsal deyil, həm də emal məhsulları üzrə sektorun xarici rəqabət qabiliyyətinin artırılması üzrə tədbirlər müəyyən edilib", - deyə A. Alam bildirib.
O deyir ki, Azərbaycanın aqrar bölməsinin gələcəyi ixracyönümlü aqrar bölmənin yaradılmasındadır ki, bunun hesabına kənd sakinlərinin sosial durumunu xeyli yaxşılaşdırmaq olar.
Yaxın gələcəyin planı
Yaxın zamanlarda təsdiq ediləcək layihələrə dönərək, qeyd edək ki, onların sırasına səhiyyə sahəsində layihənin əlavə maliyyələşdiriliməsi bəndi də daxildir. Burada söhbət bu gün Azərbaycan üçün çox vacib olan həkimlərin ixtisasının, müalicə müəssisələrində göstərilən xidmətlərin ümumi səviyyəsinin artırılması məsələsindən gedir.
"Deyə bilərəm ki, səhiyyə sahəsində əlavə kredit vəsaitlərinin həm də tibb işçiləri üçün treninqlərin artırılmasına yönəldilməsi planlaşdırılır. Bundan başqa, tibb işçilərinin sertifikatlaşdırılmasının şəffaf sisteminin tətbiq edilməsi planlaşdırılır ki, bu da bu sahədə xidmət keyfiyyətini artırmağa imkan verəcək", - deyə A.Alam bildirib.
Artıq sentyabr-oktyabr aylarında DB-nin iki kredit verdiyi "Milli su təchizatı və kanalizasiya" proqramının gerçəkləşdirilməsinin ilkin nəticələri aydın olacaq. "Bu müddət ərzində proqram çərçivəsində tikilmiş bir sıra obyektlərin istismara açılması baş tutacaq, bütün vəsaitlər artıq paylanıb, lazımi sazişlər imzalanıb", - deyə A.Alam bildirib.
H.Kerali isə öz növbəsində qeyd edib ki, bununla yanaşı, DB 2013-cü maliyyə ilində Azərbaycan hökuməti ilə magistral avtomobil yollarının yaxşılaşdırılması, dəmir yollarının inkişafı, infrastrukturun müasirləşdirilməsi sahəsində cari layihələr üzrə əməkdaşlığı davam etdirməyi planlaşdırır.
O əlavə edib ki, Bakıya səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Baş nazir və nazirlərlə görüşlər keçirib. "Biz iqtisadiyyatın müxtəlif sektorlarında Azərbaycan hökuməti ilə əməkdaşlığı dərinləşdirmək niyyətindəyik", - deyə Kerali vurğulayıb.
Regional direktorun sözlərinə görə, onun görəcəyi işlər sırasına layihələrdə qoyulmuş məqsədlərə çatmağa yardım, kredit vəsaitlərinin effektivliyinin gücləndirilməsi daxil olacaq. "Bizim önəmli işlərimizdən biri DB tərəfindən ayrılan vəsaitlərin təyinatı üzrə işlənilməsi, gözlənilən nəticələr verməsidir. Biz səyləri artıq uğurlu təcrübə olan sahələrə yönəldəcəyik", - deyə H. Kerali fikirini yekunlaşdırıb. Göründüyü kimi, DB-nin Azərbaycanda fəaliyyəti davam etdirilir...
MƏSLƏHƏT GÖR: