15 Mart 2025

Şənbə, 02:57

YUNANISTANDA SEÇKİNİN NƏTİCƏSİ:

Avrozonada parçalanmanın qarşısı alındı, yoxsa bu, sadəcə qısa fasilədir?

Müəllif:

01.07.2012

Yunanıstanda keçirilən təkrar növbədənkənar Parlament seçkisinin nəticəsi Aİ sammiti öncəsi ciddi əhəmiyyət daşıyırdı. Həmin sammitdə 27 ölkənin liderləri Avropa iqtisadiyyatını ağır böhrandan xilas etmək üçün reseptlərini ortaya qoymalı, qərarlar qəbul etməli idilər. Xilas planının məzmunu və avrozonanın perspektivi Yunanıstanda keçirilən seçkidə kimin qələbə qazanacağından da xeyli dərəcədə asılı idi. Çünki orada hər siyasi qüvvənin Yunanıstan iqtisadiyyatının dirçəldilməsi üçün avropalılar və beynəlxalq strukturlar tərəfindən təklif olunan tədbirlər planına öz yanaşması var.

Seçkidə Yunanıstan vətəndaşları, əsasən, ölkənin avrozonanı tərk etməsinə qarşı olan, Aİ, AMB və BVF-dən olan kreditorlar qarşısındakı sərt öhdəliklərə əməl edilməsini lazım bilən partiyaya səs verdi. Seçkinin nəticəsinə əsasən, birinci yeri sağ-mərkəzçi "Yeni demokratiya" partiyası tutdu. Onlar 300 mandatlıq parlamentdə 129 deputatla təmsil olunacaqlar.

İkinci yeri "SİRİZA" bloku tutub. Gənc, xarizmatik və son dərəcə iddialı siyasətçi Aleksis Siprasın rəhbərlik etdiyi blok 71 mandat əldə edib.

Üçüncü yer sol-mərkəzçi PASOK (ümumyunan sosialist hərəkatı) partiyasına qismət olub. O, Parlamentdə 33 deputatla təmsil olunacaq.

"Yeni demokratiya" ilə sosialistlərin köhnə opponentlər olmalarına baxmayaraq, partiyalar yeni koalision hökumət formalaşdırmaq haqda razılığa gəlib. Koalisiyaya "Demokratik sol qüvvələr" partiyasından seçilmiş 17 deputat da cəlb olunub. Sonuncular sərt iqtisadi siyasətin Brüssel və kreditorlar tərəfindən irəli sürüldüyünü deyir və onu dəstəkləmir, amma Afinanın avrozonada qalmasını istəyir. Beləliklə, A.Samarasın rəhbərlik etdiyi koalision hökuməti Yunanıstan Parlamentinin 179 deputatı dəstəkləyir. Bu vəziyyət sərt iqtisadiyyata tərəfdar olan brüsselli məmurlara daha inamlı olmağa və Meksikanın Los-Kabos şəhərində keçirilən "G-20" sammiti zamanı daha qəti mövqe nümayiş etdirməyə imkan verib. Bəzi ekspertlərin fikrincə, avrozonanın aparıcı ölkələrinin liderləri sammitdə müdafiəyə çəkilməmək, əksinə, fəal olmaq haqda əvvəlcədən razılığa gəliblər. Avropa Komissiyasının rəhbəri J.M.Barrozu, obrazlı şəkildə ifadə etsək, şərti şumda kəsərək, Brüsselin tənqidçilərini əvvəlcədən xəbərdar edib: "Burada kimlərinsə bizə ağıl verməsi ilə razılaşmayacağıq.  Nəhəng iqtisadi zona və dünya ictimaiyyətinin nəhəng ticarət tərəfdaşı olan Aİ iqtisadi böhrana görə məsuliyyət daşımır. Bu böhran maliyyə bazarının bəzi sahələrində neortodoksal təcrübə nəticəsində ABŞ-dan gəlib".

Aİ-nin Avropa Şurasının rəhbəri X.V.Rompey isə çıxışında avropalıların bacarığını qeyd edərək, "G-20"nin bəzi digər üzvlərindəki problemlərə diqqət çəkib: "Biz daxili müvazinətsizliyimizi aradan qaldırırıq. "G20"nin digər üzvlərinin də bunu edəcəyinə ümidliyik".

Aİ-nin yüksəkrütbəli məmurlarının bu bəyanatları göstərir ki, Brüssel Yunanıstanda keçirilmiş Parlament seçkisinin nəticələrini özünün sərt iqtisadi siyasətinə dəstək kimi qəbul edir. Bununla belə, sammitdə ABŞ, Çin, Hindistan və Cənubi Koreya Avropanın borc böhranını aradan qaldıra bilməməsindən, bunun dünya iqtisadiyyatına təsir göstərə biləcəyindən narahatlığını qeyd edib. Amma bu dəfə "Böyük Səkkizlik"in son sammitindən fərqli olaraq, Avropanın antiböhran menecmentinin ünvanına sərt tənqid səsləndirilməyib. Xüsusən də ona görə ki, A.Merkel və X.V.Rompeyin mövqeləri tənqid üçün meydanı kifayət qədər azaltmışdı. Onlar Aİ-nin qərarının yalnız struktur islahatları və büdcə məhdudiyyətlərini yox, həm də iqtisadi impulsları nəzərdə tutduğunu bildiriblər.

Yunanıstanda keçirilmiş seçkinin Avropa üçün xoş nəticə ilə bitməsinə rəğmən, bu ölkənin avrozonadakı perspektivi və ümumiyyətlə, vahid Avropa valyutasının əhatə dairəsi məsələsi hələ də gündəmdədir. Birincisi, yeni Baş nazir A.Samarasın ("Yeni demokratiya"nın lideri) patronu sabiq baş nazir K.Karamanlis sayılırdı. Ölkəni borc dəryasına isə məhz onun 2004-2009-cu illərdə başçılıq etdiyi hökumət salıb. K.Karamanlis hökumətinin istefasından sonra onu PASOK əvəzləmişdi, A.Samaras isə Aİ-nin təklif etdiyi "kredit əvəzinə qənaət" proqramını tənqid edirdi. Lakin ötən ilin sonlarında avrozona ölkələrinin digər mühafizəkar baxışlı partiyalarının təzyiqi ilə o, mövqeyinə yenidən baxmalı olub.

İkincisi, son 38 ildə sağ-mərkəzçi "Yeni demokratiya" ilə hakimiyyətdə bir-birlərini əvəzləmiş "PASOK" da ekspertlər tərəfindən böhranı daha da dərinləşdirmiş bacarıqsız qüvvə kimi qəbul edilir. Ekspertlərin fikrincə, bu qüvvələr ölkədə yüksək texnologiyalar və elmtutumlu sahələr yarada bilməyib, əsas diqqəti turizmin inkişafına yönəldib, heç nə ilə təmin olunmayan sərmayələr cəlb edib, borc götürüb, onun hesabına sosial öhdəlikləri maliyyələşdiriblər.

Üçüncüsü, tarixi opponentlər olan "Yeni demokratiya" ilə "PASOK" arasında koalisiyanın nə qədər uzunmüddətli və dayanıqlı olacağı özü ciddi şübhə altındadır. Bundan başqa, hələ sağ-mərkəzçi və sol-mərkəzçi siyasi qüvvələr (bu halda "Yeni demokratiya" və "PASOK") arasında nümunəvi "nikah"ın örnəyi yoxdur.

Olsun ki, onlar koalisiyaya başqa çıxış yolu olmadığı üçün gediblər. Qeyd etmək lazımdır ki, sol-mərkəzçilər ənənəvi olaraq, sosialyönümlü iqtisadi siyasətə tərəfdardır. Onlar avrozonada iqtisadi problemlərin aradan qaldırılması məqsədilə irəli sürülmüş təkliflərin müəyyən məqamları ilə razıdır. Amma hesab edirlər ki, bu siyasət daha yumşaq və elastik olmalı, xüsusilə əhalinin büdcə təşkilatlarında çalışan geniş təbəqənin yoxsullaşma risqini yaratmamalıdır. Bundan başqa, onlar iş yerlərinin ixtisarını yanlış sayır və hesab edirlər ki, bu, sonda istehsalın və əməyin məhsuldarlığının azalmasına aparıb çıxara bilər. İndi hökumətin yeni iş yerlərinin yaradılması mexanizmini hazırlamasının əsl vaxtıdır. Bu, öz növbəsində, iqtisadiyyatın, əməyin məhsuldarlığının inkişafına kömək edəcək, həmçinin, iqtisadiyyatın spekulyativ seqmentlərini xeyli azaldacaq.

Dördüncüsü, Yunanıstanın yeni hökuməti fəaliyyəti zamanı son dərəcə ehtiyatlı olmalı, hər zaman solçu radikal "SİRİZA" blokuna göz qoymalıdır. Maraqlıdır ki, "PASOK" lideri Evangelos Venizelos Aİ-nin yardım şərtləri məsələsində "Yeni demokratiya" partiyası ilə oxşar mövqelərinə rəğmən, koalisiyaya kiçik tərəfdaş qismində qoşulmağa dərhal razılıq verməyib. Əvvəlcə, hətta o, koalisyon kabinetdə "SİRİZA"nı görmək istədiyini də bəyan edib. Amma "SİRİZA"nın iddialı lideri A.Sipras hər şeyə rəğmən, partiyasının başçılıq etmədiyi heç bir hökuməti qəbul eləmir. Müxalifətdə qalacağını bəyan edən A. Sipras Yunanıstanın avrozonada qalmasına tərəfdar olduğunu da bildirib. Yeri gəlmişkən, sosialistlərin lideri E.Venizelosun A.Siprası koalisiyada görmək istəyini açıqlaması "Yeni demokratiya" ilə "PASOK" arasında siyasi "nigahın" o qədər də möhkəm olmadığını göstərib. Amma istənilən halda, iki bəladan az olanını seçmək lazım gəlir.

Düşünmək olar ki, sağ-mərkəzçi və sol-mərkəzçi qüvvələr arasında birlik daha çox Aİ-nin böhran əleyhinə planına dair mövqelərin üst-üstə düşməsi ilə yox, son illər solçu-radikal sağ və sol qüvvələrin populyarlığının xeyli artması, mövqelərinin möhkəmlənməsi fonunda (yalnız Yunanıstanda yox, həm də bir çox Avropa ölkələrində) yaranmış siyasi zərurətlə bağlıdır. Məsələn, elə həmin yunan parlamentində "Qızıl şəfəq" neofaşist partiyası 18, kommunistlər isə 15 mandat əldə edib. Elektoral simpatiyanın çox dəyişkən olduğunu nəzərə alsaq, etiraf edilməlidir ki,  bu qüvvələrin tezliklə tam konstitusion yolla hakimiyyətə gələcəklərini istisna etmək olmaz. Hər halda, "SİRİZA"nın uğuru və A. Siprasın nümayişkaranə şəkildə koalisiyaya qoşulmaqdan imtinası onların bu hədəfin bir addımlığında olduqlarını göstərir. Bu qüvvələrin Brüsselin böhran əleyhinə təklif etdiyi tədbirlərə, avrozonada və ümumilikdə, Aİ-dəki geoiqtisadi və geosiyasi proseslərə baxışı da tam fərqlidir. Bu qüvvələrin hakimiyyətə gəlişi, bütünlükdə, Avropada vəziyyəti köklü şəkildə dəyişə bilər.

Yunanıstanın yeni hökuməti məhz bu cür çətin siyasi-iqtisadi şəraitdə işləməlidir. Güman ki, yeni hökumət bu reallığı yaxşı anlayır. Hər halda, A.Samaras və E.Venizelos artıq opponentlərin təzyiqi qarşısında beynəlxalq yardımların alınması şərtlərinə yenidən baxmağa hazır olduqlarını bəyan ediblər. Üstəlik, yeni baş nazir hələ ki, üzərinə götürdüyü öhdəliklərə əməl etmək fikrində olmadığını deməyib. Amma kreditorlar fikirlərində qətidirlər. Xüsusilə Almaniya kansleri Angela Merkel Samarasın qələbəsindən məmnunluğunu dilə gətirsə də, yunanların maliyyə öhdəliklərinə mütləq əməl etməli olduqlarını deyib. Bu anda isə artıq şok terapiyası olmadan ötüşmək mümkünsüz görünür. Almaniyanın maliyyə naziri V.Şoyble Aİ sammiti ərəfəsində Afinanı açıq şəkildə öhdəliklərə əməl etməməkdə günahlandırıb: "Yunanıstan üzərinə götürdyü öhdəliklərə əməl etmir. Amma bu, ölkənin avrozonada qalması üçün başlıca şərtdir. Pul axını borc böhranını aradan qaldırmağa kömək etməyəcək. Yunanlar fəal şəkildə islahatlar aparan İrlandiya və Portuqaliyanın yolu ilə gedərsə, şansları hələ ki, qalmış olar".

Maraqlıdır ki, Afinanın öhdəlikləri yerinə yetirmədiyinə dair ittiham Yunanıstanın Müvəqqəti Hökumətində maliyyə naziri postunu tutan Yorqos Zannias tərəfindən də səsləndirilib. O, iddia edir ki, Yunanıstanda son 2 ildə Aİ və BVF ilə razılaşmaların əleyhinə olaraq, dövlət sektoruna 70 min işçi qəbul olunub. Bu dövrdə yalnız yerli özünüidarəetmə strukturlarına 12 min yeni işçi götürülüb. Ötən il dövlət sektoruna 16 min işçi qəbul olunub. Halbuki, kvota bundan düz 2 dəfə az idi. 

Güman ki, Brüssel Afinadan öhdəliklərə qarşı bu davranışına görə izahat tələb edəcək. Bir şey aydındır ki, Yunanıstan Parlamentinə seçki Afina ilə Brüsselin birgə səylərlə çözməli olduqları mühüm suallara tam cavab verməyib. Əksinə, seçki Yunanıstan ictimaiyyətindəki dərin siyasi böhranı daha da dərinləşdirib. Avrozonadakı böhran isə daha sürətlə dərinləşir. İqtisadi böhran burulğanı artıq elə dövlətləri bürüyür ki (İspaniya və İtaliya), Yunanıstan problemi, az qala, uşaq dəcəlliyi təsiri bağışlayır.



MƏSLƏHƏT GÖR:

480