
ERMƏNİSTAN HÖKUMƏTİNDƏN "TOST YIĞINI"
Ermənistanın yeni-köhnə baş naziri vətəndaşları yenidən vədlərlə "bəsləməyə" başlayıb
Müəllif: Namiq MAYILOV Bakı
Ermənistanın yeni hökuməti hamıya yaxşı tanış olan köhnə hökumət çıxdı. Kabinetin heyəti nəqliyyat,rabitə və səhiyyə nazirləri istisna olmaqla, demək olar ki, dəyişməyib. Əvvəlki hökumətdə bu nazir kürsüləri idman və gənclərlə iş naziri postu kimi, "çiçəklənən Ermənistan" partiyasında (ÇEP) idi. Bu dəfə isə ÇEP hakim Respublika Partiyası ilə koalisiyaya getməkdən imtina etdi. Ermənistanda çoxları ÇEP-in bu qərarını partiyanın lideri Qagik Sarukyanın baş nazir postunu tutmaq istəyinin reallaşmaması ilə əlaqələndirir. Son seçkisinin nəticəsinə görə, ÇEP parlamentdə deputatların sayına görə ikinci fraksiya yaradıb və təbii ki, onun lideri hökumət başçısı postuna iddia edə bilərdi. Amma bu, baş vermədi və qərarların qəbulunda iştirak etməyən ÇEP, bəlkə də, ölkənin hazırkı durumuna görə məsuliyyəti hakim partiya ilə bölüşmək istəmədi.
Ancaq digər versiya da var: Qagik Sarukyanın hakimiyyətlə koalisiyaya getməsinə onun himayədarı, eks-prezident Robert Köçəryan razılıq verməyib.
İstənilən halda, Ermənistanın yeni-köhnə Nazirlər Kabinetinin başçısı Tiqran Sarkisyan yerində qaldı. O, artıq hökumətin beşillik proqramını parlamentdə təsdiq etdirməyə də vaxt tapıb. Ermənistanda miqrasiya, yoxsulluq və işsizliyin olduğunu etiraf edən baş nazir, proqramında vədlərdən başqa konkret heç nə ortaya qoya bilməyib: "Biz korrupsiyanı tam aradan qaldırmağa, sahibkarlar üçün bərabər rəqabət şəraiti yaratmağa nail olmamışıq, ictimaiyyətdə məhkəmə sisteminə inamsızlıq hələ də var. Hökumət bu istiqamətlərdə işləməlidir". Amma T.Sarkisyan hakimiyyətin bu problemləri necə həll etməyi düşündüyünü açıqlamayıb.
Yeri gəlmişkən, qonşu Azərbaycanda hökumətin hər bir proqramı konkret tədbirlər planı ilə müşayiət olunur. Orada nəzərdə tutulmuş fəaliyyət, onun müddəti, gözlənilən nəticələr, lazım olan investisiya, maliyyə mənbələri və s. detallarınadək əks olunur.
Ermənistan hökumətinin qeyd olunan proqramı parlamentə keçsə də, müxalifətdən olan deputatlar onu "xoş niyyətlər toplusu", "tostlar yığını" və s. adlandırıb. "Olmalıdır, yerinə yetirilməlidir, pulsuz ayrılacaq, genişlənəcək, təmin olunacaq, üçqat artırılacaq, qurulacaq, artacaq... belə arzular və tostlar xaç suyuna salma mərasimlərində və digər ziyafətlərdə səsləndirilir", - deyə müxalifətçi "irs" partiyasının parlament fraksiyasının üzvü Aleksandr Arzumanyan bildirib.
Ermənistan prezidenti Serj Sarqsyanın yeni hökumətin növbədənkənar toplantısındakı çıxışını isə hakimiyyətin ölkəni acınacaqlı durumdan çıxarmaq üçün konkret plan və fəaliyyət mexanizminə malik olmamasının daha bir göstəricisi saymaq olar. Nazirlər Kabinetinin qarşısında duran problemlərin konkret şəkildə həlli yollarının göstərildiyi proqram əvəzinə, sovet dövrünün mənzil-istismar sahələrinə xas toplantının şahidi olduq. "Nizamsızlığa nifrət edirəm", "Hamınızın diqqətini digər vacib məsələyə - əmək intizamına cəlb etmək istəyirəm. İşə saat 9-da başlayırıqsa, saat 9-da iş yerimizdə olmalıyıq", "Hamınızdan işinizin nəticəsinə ciddi yanaşmanızı xahiş edirəm", "Diqqətinizi çəkmək istədiyim növbəti məsələ odur ki, hamımız işə can yandırmalıyıq". Beləliklə, Ermənistan hökumətinə ölkəni cansıxıcı sosial-iqtisadi vəziyyətdən çıxarmaq üçün lazım olan yalnız bunlar imiş. S.Sarqsyanın haqlı olaraq dediyi kimi, "Tənqid və ya istənilən pis sözə dərhal əllə və ya dillə cavab verməyə tələsməyin. Düzdür, tənqidə cavab vermək lazımdır. Amma bunu hərtərəfli götür-qoydan sonra etmək lazımdır, sadəcə, "cavabını vermək" xatirinə yox".
Amma Ermənistan prezidentinin sözləri bu dəfə də əməllərilə üst-üstə düşməyib. Nazirləri əl-qol atmamağa çağıran S.Sarqsyan, eyni zamanda, İrəvanın sabiq meri Qagik Bəyləryanı nəqliyyat və rabitə naziri təyin edib. Bu, həmin Bəyləryandır ki, 2 il əvvəl prezident katibliyinin işçisi Aram Kandayfanı döymüşdü. İnsident katiblik əməkdaşının Plasido Dominqonun İrəvanda keçirilən konserti zamanı Bəyləryanın xanımından prezidentin əyləşəcəyi oturacağın yanındakı kürsünü tərk etməsini istəməsi üzündən yaşanmışdı.
Erməni analitiklər isə hesab edir ki, Ermənistanın kriminal hakimiyyətindən başqa şey gözləməyə də dəyməzdi. Qərbin analitik mərkəzlərinin də bildirdiyi kimi, ölkə iqtisadiyyatı tamamilə yad əllərə verilibsə, hökumət hansı sosial-iqtisadi proqramları həyata keçirə bilər?
Britaniyanın "ChathamHouse" analitik mərkəzinin iyunda açıqlanmış məruzəsində bildirilir ki, Ermənistan iqtisadiyyatı artıq Rusiyaya verilib: "1998-2008-ci illərdə Ermənistan prezidenti olmuş Robert Köçəryan faktik olaraq ölkəsini Rusiyanın vahid enerji sisteminə, Anatoli Çubaysa və bu ölkənin digər ticarət və siyasi maraqlarına satıb".
"Azadlıq" radiosunun Ermənistan bürosunun məlumatına görə, "ChathamHouse" mərkəzinin analitiki Köçəryanı əvəz etmiş Serj Sarqsyanın sanki daha az rusiyapərəst olduğunu, amma onun 2008-ci ildə prezident seçilməsinədək ölkənin çox hissəsinin satıldığını bildirir.
Bu şəraitdə Tiqran Sarkisyan hökumətinin yeganə vəzifəsi əvvəlkitək, yenə də sosial partlayışı önləmək, hakimiyyəti əldə mümkün qədər çox saxlamaq üçün kənardan maksimum yardım əldə etməkdir. Bu gün Ermənistan əhalisinin əksəriyyətinin məhz kənardan yardımlar hesabına güc-bəla ilə dolandığı heç kəsə sirr deyil. Belə olmasaydı, Rusiyanın "Birləşmiş taxıl şirkəti" Ermənistana kənd təsərrüfatı məhsullarından ibarət 96 min ton humanitar ərzaq yardımını nə üçün edir? "İnterfaks" xəbər verir ki, bu, BMT-nin Ümumdünya ərzaq proqramı ilə müqavilə əsasında həyata keçirilir. Göndərilən məhsullar Ermənistanın bir sıra rayonlarında məktəblilərin ərzaqla təmin olunması üçün nəzərdə tutulub.
Ermənistan milli statistika xidmətinin məlumatına görə, 2011-ci ildə ölkədə 647 nəfər intihar edib. Bunlar, əsasən, 30-65 yaş arası şəxslər, yəni ailə saxlamalı olan insanlardır. Ən çox isə işsizlər intihar edir.
Ölkədə yoxsulluğun səviyyəsi, demək olar ki, azalmır. Hökumətin əvvəlki proqramına əsasən, işsizliyin səviyyəsi 13%-dək azaldılmalı idi. Amma rəsmi rəqəmlərə görə, hazırda o, 35% təşkil edir. Ermənistanın xarici borcunun ÜDM-ə olan nisbətiisə 45%-ə çatıb. Bu, kritik həddin (60%) bir addımlığı deməkdir.
Ermənistanda gəlirlərin aşağı olması üzündən qaza tələbat da azalıb. "Ermənistan qazın qiymətinə görə 32 Avropa ölkəsi arasında 28-ci yeri tutsa da, adi istehlakçı ondan istifadə etmək imkanında deyil", - deyə "Sosiometr" mərkəzinin rəhbəri Aqaron Adibekyan bildirir. Sosioloqun sözlərinə görə, Ermənistanda əksər kəndlərin sakinləri odun və peyindən istifadə etməyə başlayıb.
Hakim Qarabağ klanının nümayəndələriisə özləri üçün heç nəyi əsirgəmir. Onların vulqar, kriminal əməlləri erməni ictimaiyyətini qıcıqlandırmaqda davam edir. "Serj Sarqsyanın qardaşı Saşik oğlunun nişanlısına 30 min dollarlıq gül dəstəsini hansı pulla aldığını izah etməlidir", - deyə "Aykakan jamanak" ("erməni vaxtı") qəzetinin redaktoru Nikol Paşinyan seçkiqabağı kampaniya zamanı bildirmişdi. O deyib ki, hazırda müxalifətdə olan erməni milli konqresinin quracağı hökumətin araşdırmalarından sonra, "Saşik Sarkisyan ailəsini saxlamaq üçün yenidən "Boqdan" avtobusunda sürücülük etməyə məcbur olacaq".
Erməni KİV-in məlumatına görə, hündürlüyü 2, uzunluğu 4 metr olan gül dəstəsi aprelin 22-də, cəmi birgünlüyə Şimal prospektində qurulubmuş; həmin gün Saşik Sarkisyanın gələcək gəlininin ad günü imiş. Gül dəstəsini polislər mühafizə etdiyindən, əksər irəvanlı aksiyanın aprelin 24-nə - "erməni soyqırımı" gününə həsr olunduğunu, ordan gülün götürülərək, Sisernakaberd xatirə kompleksinə aparılacağını düşünüb.
Ermənistanda baş verənlər fonunda iyunun 20-də 14 yaşlı erməni David Davityanın Azərbaycan Dövlət Teleqraf Agentliyinə (AzərTAc) yazdığı məktub da təəccüblü görünmür. O, təhsil almaq istədiyini, lakin qarşısına çıxarılan əngəlləri aşa bilmədiyini və bu üzdən köməyi Ermənistandan kənarda axtarmaq qərarına gəldiyini bildirir. Ermənistanda hüquqları kobud şəkildə pozulan uşaqlardan biri olan David yardım üçün beynəlxalq təşkilatlara, ayrı-ayrı dövlətlərə, həmçinin, Azərbaycana müraciət edib.
İyunun 22-də isə Azərbaycan agentliyinə Davidin anası Felmira Davityan müraciət edib. Erməni qadın "Ermənistan dövləti" adlı yerdən xilas olunmasını istəyir, orada yalan, böhtan və satqınlığın milli siyasətin bir hissəsi olduğunu bildirir.
"Bizi, 7 kitab müəllifi olan istedadlı oğlumun təhsil almaq hüququndan məhrum edildiyi bu ölkədən xilas edin. Bizə bu ölkəni tərk etmək imkanı yaradılmasa, o, bundan sonra da təhsilsiz qalacaq. Uşaq ermənizmdən qorxur və erməni məktəbinə getmir. Ermənilər deyir ki, türklər erməni kitablarını yandırıb. İş o yerə çatıb ki, 30 il erməni xalqına dərs demiş filoloqun oğlu kitablarını yandırıb və erməni məktəbinə getmək istəmir. Uşaq Ermənistandan başqa istənilən ölkədə məktəbə getmək arzusu ilə alışıb-yanır. Mən bu dövlətdə işləməyəcək və yaşamaya-cağam. Bağışlaya bilmirəm! Bizi qorxu və şantaj atmosferində saxlayırlar. Bizi bu dövlətdən xilas edin!" - deyə Ermənistan vətəndaşı olan qadın yazır.
Statistika göstərir ki, F.Davityan ölkəsindən qaçmaq istəyən yeganə Ermənistan vətəndaşı deyil. Hər gün, təxminən, 400 erməni xilas olmaq ümidilə ölkəni tərk edir. Bu isə bir kiçik kəndin əhalisinə bərabərdir. Ekspertlər həyəcan təbili çalır: Ermənistanda emiqrasiya təhlükəli həddə çatıb. Proses bu templə davam edərsə, Ermənistan ermənilərsiz qala bilər!
Yaranmış vəziyyətdən yeganə çıxış yolu qonşulara qarşı ərazi iddialarından və təcavüzkar siyasətdən imtina və regiondakı iqtisadi proseslərə qoşulmaqdır. Əks təqdirdə, bu ölkənin hökuməti, hətta nəzəri baxımdan belə, vətəndaşlarına ciddi bir şey vəd edə bilməyəcək. Serj Sarqsyan və nazirlərinin işə saat neçədə gəlib-gəlməməsindən asılı olmayaraq///...
STATİSTİKA DEYİR
- Ermənistan milli statistika xidmətinin məlumatına görə, 2011-ci ildə ölkədə 647 nəfər intihar edib. Bunlar, əsasən, 30-65 yaş arası şəxslər, yəni ailə saxlamalı olan insanlardır. Ən çox isə işsizlər intihar edir;
- rəsmi məlumata görə, Ermənistanda yoxsulluq səviyyəsi 35%-dir;
- Ermənistanın xarici borcunun ÜDM-yə nisbəti 45%-dir. Bu, kritik həddin (60%) biraddımlığı deməkdir;
- Ermənistanda qaza tələbat azalıb. "Ermənistan qazın qiymətinə görə 32 Avropa ölkəsi arasında 28-ci yeri tutsa da, adi istehlakçı ondan istifadə etmək imkanında deyil", - deyə "Sosiometr" mərkəzinin rəhbəri Aqaron Adibekyan bildirir. Sosioloqun sözlərinə görə, Ermənistanda əksər kəndlərin sakinləri odun və peyindən istifadə etməyə başlayıb;
- Ermənistanda emiqrasiya təhlükəli həddə çatıb; ölkəni hər gün, təxminən, 400 nəfər tərk edir.
MƏSLƏHƏT GÖR: