14 Mart 2025

Cümə, 22:43

UKRAYNA FANTASMAQORİYASI

Hərbi əməliyyatlar davam etdirilir, Ali Rada buraxılıb, böhransa dərinləşir

Müəllif:

02.09.2014

Ukraynada və bu ölkə ətrafındakı hadisələr inanılmaz dərəcədə sürətlə inkişaf edir və təəssüf ki, bu inkişaf heç də dinc ssenari üzrə getmir. Avqustun 28-i axşam bütün xəbər agentliklərində bir anda "təcili" işarəsi ilə xəbər yayıldı - Ukrayna prezidenti Pyotr Poroşenko Rusiya qoşunlarının Ukraynaya yeridildiyini bəyan etdi. Yerli KİV-in məlumatına görə, Ukrayna hərbçilərinin mövqeləri Rusiya ərazisindən "Qrad" qurğuları vasitəsilə atəşə tutulub, bundan sonra isə ağır hərbi texnikadan ibarət kolon Rusiyanın Rostov vilayəti ərazisindən Ukrayna torpaqlarına daxil olub. Daha sonra Rusiya hərbçiləri Novoazovska giriblər. Bir neçə gün əvvəl isə Ukrayna mətbuatı Rusiya sərhədindən ölkə ərazisində zirehli texnikanın daxil olduğuna və Mariupola hücumun başlandığına dair məlumat  yaymışdı. Ukraynanın Təhlükəsizlik Xidməti (UTX) Rusiya qoşunlarının Ukrayna ərazisində olmasının sübutu kimi, rus hərbçilərin əsir götürüldüyünü bəyan  edib.

Poroşenko Türkiyəyə səfərini təxirə salıb, təcili olaraq Təhlükəsizlik Şurasının iclasını çağırıb. Qərbin sərt reaksiyası da özünü çox gözlətməyib. Fransa prezidenti Fransua Olland Ukraynada baş verənləri "İkinci Dünya müharibəsindən sonrakı  dövrdə Avropanın ən ağır böhranlarından biri" adlandırıb. Almaniya kansleri Angela Merkel Moskvadan rus qoşunlarının Ukraynaya yeridilməsi ilə bağlı məlumatlara aydınlıq gətirməsini istəyib, Rusiyaya yeni sanksiyaların tətbiq oluna biləcəyini deyib.

ATƏT-ə sədrlik edən İsveçrə təşkilatın daimi şurasının təcili iclasını çağırıb. NATO təmsilçiləri operativ olaraq peykdən çəkilmiş şəkilləri nümayiş etdirərək, Rusiya hərbi texnikasının Ukrayna ərazisində olduğunun fotolardan da göründüyünü bəyan ediblər.  NATO ekspertlərinin fikrincə, Ukraynada mindən artıq Rusiya hərbçisi var. "Rusiya zorakılığı artırır.  Rusiya separatçılara təlimlər keçib. Rusiya onları silahlandırıb. Rusiya onları maliyyələşdirir. Rusiyanın bu əməlləri cavabsız qalmayacaq", - deyə ABŞ prezidenti Barak Obama Ağ Evdə keçirdiyi brifinqdə  bildirib. O, Ukrayna prezidentini Vaşinqtona dəvət edib.

Və əlbəttə ki, müxtəlif KİV-də baş verənlərlə bağlı saysız-hesabsız versiyalar yer alıb. "Rusiya ordusu separatçıların Luqanskın blokadasını yarmasına, Rusiya sərhədi istiqamətində dəhliz açmasına kömək edir. Azov dənizinə çıxış əldə olunması üçün isə Mariupolun ələ keçirilməsi vacibdir", - deyə NYT yazır. Bəzi mətbuat orqanlarında və sosial şəbəkələrdə isə separatçıların Kiyevə hücuma başlamasının mümkünlüyünə dair fikirlər yer alıb.

Rusiya tərəfinə gəlincə, o, Ukrayna ərazisinə ordu yeritməsi ilə bağlı deyilənləri birmənalı şəkildə rədd edib və edir. Hələ Poroşenkonun bəyanatından əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov "The Daily Telegraph" qəzetinə müsahibəsində bunu birmənalı olaraq təkzib etmişdi. Poroşenkonun bəyanatından sonra isə Rusiya Müdafiə Nazirliyi Ukraynada hərbi əməliyyatların getdiyi bölgələrə Rusiyanın ordu birləşmələrinin yeridildiyinə dair xəbərləri təkzib edib və mətbuatda yer almış bu cür xəbərləri "şayiə" adlandırıb.

Bununla yanaşı, Rusiya KİV-də avqustun 24-dən etibarən, qiyamçıların aktiv hücumlara başladıqlarına, onlar arasında çox sayda könüllü rusların da olduğuna dair xəbərlər yer alır. "Hər hansı rəsmi qərardan, birbaşa əmrdən söhbət getmir. Hər şey ayrı-ayrı insanların öz arzuları ilə baş verir", - deyə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çürkin bildirib.

Özünü "DXR"in baş naziri adlandıran Aleksandr Zaxarçenko isə "Rossiya 24" telekanalına müsahibəsində "Donetsk Xalq Respublikası" tərəfdə Rusiya hərbi qulluqçularının da vuruşduqlarını, bunun üçün onların Rusiyada məzuniyyət götürdüklərini söyləyib. Rusiya KİV-də isə Ukraynada həlak olanlar haqqında fikirlər yer alıb. Bu haqda Rusiya prezidenti yanında vətəndaş cəmiyyətinin inkişafı və insan haqları üzrə şuranın iki üzvü - Ella Polyakova və Sergey Krivenko danışıblar. Məlumata görə, avqustun 25-də Pskov vilayətinin Vıbutı kəndində 76-cı Pskov hava-desant diviziyasının hərbçiləri məxfi şəkildə dəfn olunublar. Avqustun 28-də Rusiyanın Newsru xəbər portalı "Fontanka.ru" saytına istinadən Sankt-Peterburqda "təcili yardım" avtomobillərinin şütüdüyünü, onların hərbi avtomobil müfəttişliyinin üzvləri tərəfindən müşayiət olunduğu haqda məlumat yayıb. Xəbərdə Sankt-Peterburq sakinlərinə istinad olunub. Amma Qərb Hərbi Dairəsinin mətbuat xidməti bütün bu məlumatları təkzib edib.

Maraqlıdır ki, hərbi əməliyyatların keçirildiyi bölgələrdə gərginlik Gömrük İttifaqı, Ukrayna prezidenti və Aİ rəhbərliyinin Minskdəki görüşü ərəfəsində və görüşdən sonra artıb. Görüş bir qədər qəribə, hətta demək olar ki, fantasmaqorik janrda keçib. Məsələn, Qərb məmurlarının dəfələrlə Avropa paytaxtlarından qovulmuş, sanksiyalara məruz qalmış Belarus prezidenti Aleksandr Lukaşenkoya qonaq olmalarının özü qəribədir. Danışıqlarda iştirak etmək üçün Minskə Aİ-nin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə nümayəndəsi Ketrin Eşton, enerji məsələləri üzrə komissar Günter Ettinger, ticarət məsələləri üzrə avrokomissar Karel De Qyuxt gəlmişdilər.

Görüşə toplaşanlar arasında rus dilində danışmayan yeganə şəxs olan Ketrin Eşton hər hansı təşəbbüslə çıxış etməyi də lazım bilməyib. Hər kəsin əvəzinə Qazaxıstanın neytral prezidenti Nursultan Nazarbayev işləyib. O, tərəfləri adi insanlara ziyan verən qarşılıqlı sanksiyaları dayandırmağa çağırıb, Ukrayna iqtisadiyyatının dəstəklənməsi üçün beynəlxalq qərargahın və Donbasın bərpası fondunun yaradılması təklifləri ilə çıxış edib.

Rusiya prezidenti Vladimir Putin əvvəlcə yalnız gündəlikdəki məsələlərdən danışıb. Ukraynanın Aİ ilə assosiativ üzvlüyə getməsinin Rusiya iqtisadiyyatına vuracağı zərərləri yada salan Putin bir daha bildirib ki, Moskva bunun əvəzində Kiyevə Rusiya ilə Aİ arasında qüvvədə olan standart ticarət rejimi tətbiq edəcək. Putin qışın yaxınlaşmasına rəğmən, hələ də dalana dirənərək qalmış qaz məsələsinə də toxunub. Ukraynanın cənub-şərqindəki vəziyyətə gəlincə, Kreml sahibi bildirib ki, onun ölkəsi Kiyevə, Donetskə və Luqanska barışıq yolları tövsiyə edə bilməz: "Çünki bu, Ukraynanın daxili işidir". Beləliklə, Moskvanın mövqeyi kifayət qədər aydın şəkildə ifadə olunub: Rusiya Ukraynada yaşanan vətəndaş müharibəsində tərəf deyil. Qərb ölkələrinin bu sözlərə qətiyyən inanmamaları, Rusiyanın başı üzərini yeni sanksiyalar buludunun alması isə başqa məsələdir. Hər halda, Minskdə tərəflər məsələyə aydınlıq gətirə bilməyiblər. Amma görüşü tamamilə nəticəsiz adlandırmaq da olmaz. Çünki Minsk danışıqlarından sonra vəziyyət daha da qarışıb və mənfi nəticənin özü də nəticədir.

Yeri gəlmişkən, Poroşenkonun Rusiyanın Ukraynaya ordu yeritdiyinə dair bəyanatından bir neçə saat sonra Putin öz rəsmi saytı vasitəsilə Ukraynanın cənub-şərqində müstəqillik tərəfdarlarının uğurlar qazanmağa başladıqlarını etiraf edib və onları mühasirəyə düşmüş ukraynalı hərbçilər üçün humanitar dəhliz açımağa çağırıb. Bu çağırışa cavab Ukrayna Milli Təhlükəsizlik Şurasından gəlib. Qurum bəyan edib ki, Putinin ukraynalı hərbçilərə humanitar dəhlizin verilməsinə dair çağırışı qiyamçıların "bilavasitə Kremlin nəzarətində olduğunu" göstərir.

Daha bir maraqlı məqam Ukraynada gedən hərbi əməliyyatların Kiyevin fəal siyasi həyatına mane olmamasıdır. Bəzi Ukrayna KİV-də ölkə parlamentinə seçki kampaniyasının başladığına dair xəbərlər yer alır. Sanki söhbət dərin böhranda olan ölkədə deyil, İsveçrənin hansısa yuxulu şəhərində mer seçkisinə hazırlıqdan gedir. Bəli, başıbəlalı Ali Rada növbəti dəfə buraxılıb. Poroşenko onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verib və 2014-cü il oktyabrın 26-na növbədənkənar parlament seçkisi təyin  olunub. Prezidentin sözlərinə görə, bu qərarı ölkə vətəndaşlarının 80%-i dəstəkləyir. Çünki  hazırkı deputatlar "vətəndaşların tarixi qərarlarının ardınca çata bilmirlər". Poroşenko əmindir ki, seçki ən yaxşı vasitədir və təmizləməyə məhz parlamentdən başlamaq yaxşıdır. "Çox sayda insanın dünyasını dəyişməsinə səbəb olmuş diktator qanunlarını məhz bu deputatlar qəbul ediblər. Buna görə də məsuliyyət daşımaq lazımdır - istər cinayət məsuliyyəti, istərsə də siyasi məsuliyyət", - deyə Poroşenko qeyd edib.

Bununla yanaşı, Radanın hazırkı üzvləri yeni deputatların seçilməsinədək səlahiyyətlərinin icrasını davam etdirəcəklər. Paradoks ondan ibarətdir ki, Avropa İttifaqı ilə Assosiativ sazişin ratifikasiya edilməsi məhz onların üzərinə düşür. Söhbət ölkənin Maydana toplaşmasının əsas səbəbi, Ukraynanın müasir tarixinin ən vacib hadisəsi adlandırılan razılaşmadan gedir...

İndi  Ukraynada, demək olar ki, heç nə aydın deyil. Məsələn, parlamentdə səslərin necə bölünəcəyi qaranlıq olaraq qalır. Çünki Krımda və Donbasda səsvermə, güman ki, baş tutmayacaq. Yaxud Ukrayna hərbçilərinin kütləvi şəkildə fərariliyə başladıqlarına dair xəbərlər nə dərəcədə doğrudur? 

Məlumata görə, Prikarpatiya ərazi müdafiəsi üzrə 5-ci batalyon 400 döyüşçü ilə antiterror əməliyyatlarının aparıldığı zonanı tərk edib, hərbi texnika və silahları da özləri ilə aparıblar. Kiyevdə isə Prezident Administrasiyasının, baş Qərargahın binaları qarşısına narazı vətəndaşlar toplaşmağa başlayıblar. Onların əksəriyyəti ölkənin cənub-şərqindəki döyüşlərə göndərilmiş hərbçilərin qohumlarıdır. Nümayişçilər müdafiə naziri Valeriya Geleteyanın istefasını, əsgərlərə təcili olaraq yardımların göndərilməsini, antiterror əməliyyatlarının dayandırılmasını tələb edirlər. Hətta artıq yeni Maydana çağırışlar da eşidilməkdədir.

Bütün bunların fonunda seçkinin favoritləri haqda danışmaq bir qədər qəribə, hətta yenə də fantasmaqorikdir... Müşahidəçilərin fikrincə, hazırda Ukraynada elektoratı şərti olaraq radikallara ("Sağ sektor", "Azadlıq" və Oleq Lyaşkonun Radikal Partiyası), mötədil vətənpərvərlərə (Poroşenko, "Həmrəylik" partiyası) və nisbətən müxaliflərə (Yuliya Timoşenkonun "Batkivşşina" partiyası) bölmək olar. Regionlar Partiyası və kommunistlər böyük ehtimalla yeni parlamentdə təmsil olunmayacaqlar.

Fantasmaqoriyanın davam etdiyi hazırkı şəraitdə ən son məlumatlara görə, Ukraynadakı silahlı münaqişədə ölənlərin sayı 2600 nəfərə çatır. Bu rəqəm BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığının məruzəsində yer alıb. Aydındır ki, bu, yalnız rəsmi məlumatdır və müharibə qurbanlarının sayı əslində bundan xeyli artıqdır.



MƏSLƏHƏT GÖR:

462