15 Mart 2025

Şənbə, 01:28

"MADE IN ARMENIA",

Yaxud saxtakarlığı kim sifariş edib?

Müəllif:

01.07.2012

Əksər ekspertlərin fikrincə, bu gün dünya iqtisadiyyatının ən ciddi problemlərindən biri kontrafakt, yəni harada, necə və kim tərəfindən istehsal olunduğu bilinməyən, amma dünyanın məşhur brendlərinin adı altında buraxılan məhsullardır. Ən sadə hesablamalara görə, 2015-ci ilə dünya iqtisadiyyatının belə məhsullar üzündən itirəcəyi məbləğ, ən azı, 1,5 trilyon dollar olacaq.

Kontrafakt çoxdan məlum və daim gündəmdə olan bəladır. Onunla ən müxtəlif vasitələrlə mübarizə aparılır. Müəllif hüquqları və intellektual mülkiyyətin qorunması üçün müqavilələr, konvensiyalar bağlanır, milli və beynəlxalq strukturlar yaradılır...

Onların uğurları isə müxtəlif cür qiymətləndirilir. Bəziləri ədalətli olaraq hesab edir ki, saxta məhsulun dalınca birbaşa və dolayı mənada uzağa getmək lazım deyil. Digərlərinin mövqeyi də kifayət qədər ədalətli görünür. Onlar hesab edir ki, saxta mallarla mübarizə aparanlar bəlkə də əsas istəklərinə nail olublar - indi kontrafakt ilə məşğul olmaq ayıb sayılır. Məşhur malların saxtasının alınması ictimaiyyət tərəfindən, az qala, oğurluq kimi qiymətləndirilir. Nəticədə, kontrafakt məhsulları istehsal edənlər və satanlar, bu işi gizli şəkildə, diqqəti özünə cəlb etmədən həyata keçirməyə çalışırlar.

Amma bu yaxınlarda çox biabırçı bir hadisə baş verib. Saxta məhsul nəinki heç bir aidiyyətinin olmadığı məşhur marka adı ilə təqdim edilib, hətta bunu edənlər həmin saxta məhsula xüsusi diqqət cəlb etməyə də çalışıblar. Söhbət iddialı adla meydana çıxmış "İnterfaks-Ermənistan" saytından gedir.

Rusiyanın "İnterfaks" informasiya agentliyi dünya tərəfindən qəbul edilmiş, populyar və nüfuzlu kütləvi informasiya vasitəsidir. Hazırda onun bir neçə regional şöbəsi də var. "İnterfaks-Rusiya" var, "İnterfaks-Belorus", "İnterfaks-Çin" də var. Amma Rusiya ilə Ermənistanın müttəfiq olmasına, erməniəsilli rusiyalı jurnalistlərin çoxluğuna, həmçinin, xüsusilə "İnterfaks-Azərbaycan"ın dünya informasiya bazarına çıxmasından sonra, Rusiya erməniləri ittifaqının böyük səylərinə baxmayaraq, agentlik "İnterfaks-Ermənistan" redaksiyasını yaratmayıb.

"İnterfaks-Azərbaycan" isə çox qısa vaxtda ikitərəfli "informasiya dəhlizi"nə çevrilib: bir tərəfdən, bu agentlik azərbaycanlı abunəçilərə "İnterfaks"ın xəbərlərini çatdırır, digər tərəfdənsə, "İnterfaks"a Azərbaycan haqda ətraflı və dolğun informasiya verir. Aydındır ki, ermənilər də belə informasiya alətindən imtina etməzdilər. Amma informasiya bazarının öz qanunları var. Nəhəng informasiya agentliyinin regional şöbəsinin açılması üçün yalnız istək, hətta lobbiçilik belə azdır. Bunun üçün dünyanın bu guşəsinə aid informasiyaların böyük auditoriyanı maraqlandırması lazımdır. Burada isə sürətlə inkişaf edən, neft, qaz və logistik layihələrin mərkəzində olan Azərbaycanla sürətlə yoxsullaşan, boşalan Ermənistan arasında böyük fərq görünür. Bu fərq o qədər aşkardır ki, "İnterfaks"ın Ermənistan şöbəsi hələ də yoxdur.

Amma bu arada İrəvan gözlənilməz, bəlkə də əksinə, gözlənilən addım atıb. İnternetdə "interfax.am" ünvanlı "İnterfaks-Ermənistan" agentliyi peyda olub. Açığı, söhbətin saxtakarlıqdan, hətta kobud və qeyri-peşəkar formada edilmiş saxtakarlıqdan getdiyini, sadəcə, "İnterfaks-Ermənistan" saytını açmaqla görmək mümkündür. "İnterfaks-Azərbaycan" saytının dizaynı o qədər primitiv və qeyri-peşəkar şəkildə oğurlanıb ki, bunun özü İrəvanda "Çemberlenə cavab göndərən"lərin səviyyəsindən xəbər verib.  Açıq informasiya mənbələrindən oğurlanan və Azərbaycanla bağlı neqativ notlarla "zənginləşdirilən" "İnterfaks" brendli bu "erməni radiosu" həqiqi "İnterfaks"dan, Çində zirzəmilərdə tikilən saxta, əyri-üyrü geyimlərin, əsl Paris kuturyelərinin məhsulundan fərqləndiyi qədər, bəlkə, ondan da artıq fərqlənir.

"İnterfaks"ın baş verənlərlə bağlı təkzibi özünü çox gözlətməyib. Tezliklə bəzi erməni KİV agentliyin bəyanatını dərc etməli olub: ""İnterfaks" beynəlxalq informasiya qrupu internetdə peyda olmuş www.interfax.am saytına heç bir aidiyyətinin olmadığını, agentliyin müəllif hüquqlarının pozulmasından, "İnterfaks" əmtəə nişanından qeyri-qanuni şəkildə istifadə olunmasından hiddətləndiyini rəsmən bəyan edir. Psevdosayt "İnterfaks-Azərbaycan" saytında yer almış materialların kompilyasiyasından və şübhəli məzmuna malik müxtəlif qeydlərdən ibarətdir. "İnterfaks" beynəlxalq informasiya qrupu psevdosaytın peyda olmasını işgüzar nüfuzuna vurulmuş zərər kimi qiymətləndirir  və o, pozulmuş qanuni hüquqları və maraqlarını bütün qanuni vasitələrlə qorumaq niyyətindədir".

Geniş şəkildə reklam olunmuş "İnterfaks-Ermənistan" saytı bununla da "partladı". Amma onun əvəzinə, növbəti saxta "informasiya məhsulu" - "İnterfaks-Region" peyda oldu. Eyni dərəcədə kobudluqla hazırlanmış saxta sayt! Hələ oxuculara da müraciət ediblər, guya "ictimaiyyətdə yaranmış geniş rezonansı nəzərə alaraq, bildiririk ki, "interfax-region.com" saytı Cənubi Qafqaz regionu dövlətlərində baş verən aktual hadisələrə dair xəbərlərin, informasiya materiallarının yayılması üçün entuziastlardan ibarət qrup tərəfindən yaradılıb. İnformasiya saytımız rasist və ya ksenofobiya xarakterli məqsədlər güdmür, heç kimi təhqir etmir, həmçinin, digər kütləvi informasiya vasitələrilə əlaqələrə iddia etmir". Və ümumiyyətlə, "Biz informasiya məkanının bütün iştirakçılarına jurnalist etikasının qaydalarına əməl etməyi, təşəbbüsümüzdə müəllif hüquqlarının pozulması hallarını görən subyektlərə isə eynək geyinmələrini məsləhət görürük".

Bəs niyə "başqa kütləvi informasiya vasitələri ilə əlaqəyə iddia etməyən" bu "entuziastlar" məhsullarını, məsələn, "Konyak-Nyus" və ya "Erməni-onlayn radiosu" yox, məhz "İnterfaks-Ermənistan", indi isə "İnterfaks-Region" adlandırıblar? Bu halda kimin eynək geyinməyə, kimin əllərini yumasına ehtiyac var? Cavab kifayət qədər aydındır.

Onu da qeyd edək ki, Ermənistanda bu cür oyunlara ilk dəfə rast gəlinmir. Yada salaq: bir neçə il öncə Runetdə, həm də nədənsə onun Ukrayna sektorunda, Azərbaycan haqqında ucuz və həqiqətəuyğun olmayan mənfi fikirlərlə dolu sayt - Bakıda artıq fəaliyyətini dayandırmış qalmaqallı nəşrin "adaşı" fəaliyyət göstərirdi. Amma bu sayt uzun müddət fəaliyyət göstərə bilmədi. Əvvəlcə oradan qalmaqallı nəşrin keçmiş əməkdaşları uzaqlaşdı, daha sonra isə saytın özü harasa qeyb oldu.

İndi İrəvan yenə də əvvəlki qaydalarla, lakin bir qədər fərqli işləyir. Bu dəfə qalmaqallı yox, ciddi və nüfuzlu KİV olan "İnterfaks-Azərbaycan"ın adını "əsas" götürən və oraya Azərbaycanda nəşr olunan "Region plyus" jurnalının adını xatırladan "region" sözü əlavə edənlər, cəlbedici etiketi olan saxta malı informasiya bazarına sırımağa çalışırlar. 

Bir müddət sonra daha bir ağlagəlməz hadisə baş verdi. "Times.am" saytı sensasion məlumat yaydı: "İnterfaks-Ermənistan" saytı məşhur Modest Kolerov tərəfindən yaradılıb və guya o, Facebook səhifəsində bu haqda məlumat da verərək yazıb ki, ""İnterfaks-Azərbaycan" Ermənistanda "İnterfaks-Ermənistan" formasında fəaliyyətə başlayır". 

Bu dəfə təkziblə çıxış etmək növbəsi Modest Kolerova çatdı: o, and-aman etməyə başladı ki, bu saxtakarlığın ona aidiyyəti yoxdur.

Amma  incik Kolerov onu da əlavə edib ki, baxın görün, "İnterfaks-Ermənistan"ın "Regnum"a nəzarəti itirmiş Kolerova məxsus olduğu xəbərini yaymış "Times.am" saytı kimindir. 

Sayt isə... Qrant Melik-Şahnazaryana məxsusdur. O, mütəmadi olaraq "Voskanapat" saytında, bəzən isə "Ermənistanın səsi"nin səhifələrində Azərbaycana qarşı sərsəm fikirlər işlədən Levon Melik-Şahnazaryanın oğludur. Hər iki sayt - "Voskanapat" və "Times.am" İrəvan yaxınlığındakı Ptxni kəndində qeydiyyata alınıb.

"İnterfaks-Ermənistan"a gəlincə, o, Tamara Avanesova adlı qadının adına qeydiyyatdan keçib. Ən maraqlısı isə odur ki, Ermənistanın informasiya məkanının aparıcı saytlarından olan "panorama.am" da bu qadına məxsusdur. 

Bir sözlə, bu, sosial şəbəkələrdə "ulduz"ların saxta akkauntlarını yaradan həvəskar yox, sanki ciddi bir insandır. Onun vəzifəsi və statusuna belə xırda işlərlə məşğul olmaq uyğun gəlmir.

Bu məqamda informasiya elitasının bayağı "saxtakarlıqla" məşğul olduğu ölkədə nələrin baş verdiyi tam aydın olur.

Məşhur Hollivud blokbasterlərindən birinin baş qəhrəmanı deyir: qurbağanı qaynar suya atsan, o, oradan sıçrayıb çıxacaq. Amma qurbağanı soyuq suya atıb, suyu tədricən qızdırsan, o, bişənədək suda qalacaq. Qəhrəman, həmkarlarından birinin "Bu, şorba  reseptidirmi?" sualına belə cavab verib: "Bu, faciə reseptidir".

Faciə, həqiqətən də, müxtəlif formalarda başlaya bilər. Bəzən dramatik və təsirli, bəzən tədricən və yavaş-yavaş. Əksər əlamətlərə görə, Ermənistanda hazırda ikinci ssenari gerçəkləşir. İqtisadiyyat tədricən tam kollapsa doğru gedir, ixtisaslı, əməkqabiliyyətli insanlar ölkəni tərk edir, ən başlıcası, qarşıda heç bir perspektiv görünmür.

Tarix göstərir ki, belə vəziyyətlədə milli elitadan çox şey asılıdır. Məhz o, "ideyalar generatoru" rolunu öz üzərinə götürməli, dalandan çıxış yollarını təklif etməli, nəhayət, heç olmasa, hər şeyi öz adı ilə çağırmalıdır. Amma elita da "təkbaşına xilas olmağa" üstünlük verən insanlardan ibarətdir. 

Üstəlik, hər şey maraqlı hadisələr fonunda baş verir.

Artıq birinci il deyil ki, bu haqda İrəvanda məyusluqla danışılır: Ermənistan informasiya müharibəsində Azərbaycana uduzur. Baxmayaraq ki Dağlıq Qarabağ münaqişəsi başlananda, üstünlük tamamilə ermənilərdə idi: Ermənistan diaspora hesabına əla informasiya rçaqlarına malik idi. Bu gün isə vəziyyət tam fərqlidir. Müstəqil Azərbaycan digər işlərlə yanaşı, uğurlu informasiya strategiyası da qura bilib. Bu, erməni strateqlər üçün çox gözlənilməz oldu. Artıq 2008-ci ilin iyulunda Ermənistanın hazırkı prezidenti Serj Sarqsyan "informasiya müharibəsini yüksək səviyyədə aparacağıq" vədini verdi. O, bunun üçün "dezinformasiya ilə mübarizə" üzrə xüsusi idarə, yəni, az qala, "həqiqət nazirliyi" yaratmağa söz verdi. Amma bu nazirlik nə ilə məş-ğul olacaqdı? Xocalı kimi şəhərin, ümumiyyətlə, heç zaman mövcud olmadığını, Ermənistanın hazırkı prezidentinin britaniyalı jurnalist Tomas de Vaal ilə söhbəti zamanı bu şəhərin əhalisinin məhvində şəxsən iştirak etməsilə öyünmədiyinimi sübut edəcəkdi? Yoxsa BMT Nizamnaməsinin yeni formulunu "yaradacaqdı"?

"Dövlət səviyyəsində informasiya müharibəsi" üçün yoxsul Ermənistanda az məbləğlər xərclənmir. Onların hesabına "İnterfaks"ın özündən xəbərsiz, haradan peyda olunduğu bilinməyən "törəmələri"nin yaradılması kimi çirkin "əməliyyatlar" da maliyyələşdirilir. Görünür, ermənilərin "informasiya elitası" nəinki belə "sifariş"lərin icrasına hazırdır, hətta bu "sifariş"lər uğrunda ciddi rəqabət də aparır. Bəlkədə buna "didişir" və ya "pul üstündə bir-birini qırır" terminləri daha uyğun gələr, kimlərsə bu sözlərdən xoşlanmasa belə.

Bütün bunlar ən çox Ermənistanın adi vətəndaşlarına toxunur. Dövlətin pulunun, yəni vergiödəyicilərinin pullarının bütün mənalarda şübhəli olan informasiya saxtakarlıqları kimi layihələrə yox, onlara, onların ehtiyaclarına ödənməsi bu insanların haqqıdır. Amma görünür ki, bugünkü Ermənistanın adekvat elitası saxtakarlığa qarşı çıxmaqdan qorxur.

Öz tərəfimdən Ermənistan elitasını məlumatlandırmaq istərdim ki, qeyd olunan saxtakarlıqlar "Saxtakarlıqları ifşa edənlər" kitabımın növbəti cildinə salınacaq. Nə qədər ki erməni xadimlər ortaya "İnterfaks-Ermənistan" və "İnterfaks-Region" kimi yeni faktlar çıxaracaq, bu, davam edəcək...

 

 

İLK MƏNBƏDƏN 

 

""İnterfaks" beynəlxalq informasiya qrupu İnternetdə peyda olmuş www.interfax.am saytına heç bir aidiyyətinin olmadığını, agentliyin müəllif hüquqlarının pozulmasından, "İnterfaks" əmtəə nişanından qeyri-qanuni şəkildə istifadə olunmasından hiddətləndiyini rəsmən bəyan edir. Psevdosayt "İnterfaks-Azərbaycan" saytında yer almış materialların kompilyasiyasından və şübhəli məzmuna malik müxtəlif qeydlərdən ibarətdir. "İnterfaks" beynəlxalq informasiya qrupu psevdosaytın peyda olmasını işgüzar nüfuzuna vurulmuş zərər kimi qiymətləndirir  və o, pozulmuş qanuni hüquqları və maraqlarını bütün qanuni vasitələrlə qorumaq niyyətindədir".



MƏSLƏHƏT GÖR:

434