
OLİMPİYA MEDALINA ÜMİDLƏRİMİZ ARTDI
Azərbaycanın bədii gimnastları Avropa çempionatında parlaq çıxışla yadda qaldılar
Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
Rusiyanın Nijnı-Novqorod şəhərində keçirilən bədii gimnastika üzrə Avropa Çempionatında idmançılarımız Vətənə üç bürünc medalla qayıtdılar. London Yay Olimpiya Oyunlari ərəfəsində gimnastların son mötəbər yarışı olan qitə birinciliyində uğur qazanmaq çox vacib idi və bu baxımdan, çempionat bəzi məqamlara aydınlıq gətirdi. Yığmamızın lideri Aliyə Qarayeva çoxnövçülükdə bürünc medal qazanmaqla lider statusunu doğrultdu. 114 850 xal toplayan təmsilçimiz fəxri kürsüdə 3-cü yerə layiq görüldü. Qızıl medal rusiyalı Yevgeniya Kanayevə, gümüş isə Aleksandra Mekrulova qismət oldu.
Qeyd edək ki, indiyədək Aliyə yalnız iki dəfə çoxnövçülükdə medal qazanıb. 2010-cu il Bremendəki bürünc medaldan sonra idmançımız cari ildə də çoxnövçülükdə adını ən yaxşılar sırasına yazdırdı. Son nəticələr onun karyerasında yeni dövrə qədəm qoyduğunu göstərir. Artıq kifayət qədər təcrübə sahibi olan Aliyə Olimpiadada medala namizəd sayılmalıdır. Bu mənada London idmançı üçün əsl imtahan olacaq.
Güclü rəqabətə baxmayaraq, Qarayeva bu nominasiyada medal qazanmaqla Olimpiadada mükafata iddiasını nümayiş etdirdi. Ötən il Dünya Çempionatında bürünc medal qazanan Aliyənin mötəbər yarışlarda stabil çıxışı xüsusi qeyd olunmalıdır.
Aliyə Qarayeva ilə yanaşı, qitə birincilyində gənc idmançılarımız yüksək nəticə qazandılar. Nülufər Niftəliyeva və Gülsüm Şəfizadənin bürünc medalı hər iki idmançının böyük gələcəyə malik olduğunu təsdiqlədi. Niftəliyeva halqa ilə uğurlu çıxış edərək, bürünc medala layiq görüldü. Şəfizadə isə lentlə çıxışda yüksək xal toplamaqla iddiasını nümayiş etdirdi. Hər iki idmançı gələcəkdə böyüklər arasında özünü göstərə bilər. Gənclərin uğuru sayəsində gələcəkdə yığmada nəsil dəyişikliyi ilə bağlı problem olmayacaq. "Gənc gimnastlarımız Avropa Çempionatında özlərini Azərbaycan gimnastikasının gələcəyi kimi tanıtdılar" - bu sözlər bədii gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi Marianna Vasilyevaya məxsusdur. Təcrübəli məşqçi gimnastlarımızın çıxışından razı qalıb: "Mən çox şadam ki, gimnastlarımız gənclər arasında yarışmalarda iki medal qazanmaqla yüksək nəticə göstəriblər. Aliyənin Olimpiada ərəfəsində yüksək reytinqini təsdiqləməsi bizləri daha da sevindirdi. Qazanılan qələbələr gimnastikamızın düzgün yolda olduğunu sübut edir. Ötənilki Avropa Çempionatından fərqli olaraq uğurlarınız çox oldu. Ötən il Minskdə Azərbaycan bir medal qazanmışdısa, hazırda hesabımızda 3 medal var. Bundan başqa, Nülufər və Gülsüm, Marina Durunda və ehtiyat gimnast Mənsurə Bağıyeva olan Azərbaycan komandası 5-ci yeri tutub. Bütün azarkeşlərə, bizə görə həyəcan keçirən hər kəsə təşəkkür edirəm. Qələbə münasibətilə federasiyamızın prezidenti Mehriban xanım Əliyevanı təbrik etmək istəyirəm".
Millimizin lideri Aliyə Qarayevanın da Avropa Çempionatı ilə bağlı fikirlərini öyrəndik. Azərbaycanı London Olimpiya Oyunlarında təmsil edəcək gimnast qarşıya qoyulan hədəflərdən danışdı: “Biz medalı bütün heyətlə qazandıq. Federasiyamızın yaratdığı şəraitə görə yüksək səviyyədə hazırlıq keçmişdik. Bu medala layiq idik. İndi bütün fikrim London Olimpiya Oyunlarına yönəlib. Özümə inanıram və düşünürəm ki, Olimpiadada medallar uğrunda mübarizə apara biləcəyəm. Ümid edirəm ki, Londonda nəticə bundan pis olmayacaq. Bunun üçün üzərimdə daha çox işləyəcəyəm. Avropa Çempionatında yığmada olan Nülufərlə Gülsümün uğurları diqqət çəkdi. Onların medalları birinci komandanın layiqli əvəzedicisinin yetişdiyini göstərdi".
Bədii gimnastika üzrə Rusiya yığmasının baş məşqçisi, çoxillik təcrübəsi olan İrina Viner Usmanova Aliya Qarayevanın bürünc medalını böyük uğur kimi qiymətləndirib: "Aliyə çox güclü və məqsədyönlü gimnastdır. O, çox məşq edirdi, heç bir məşqi buraxmırdı. Qarayeva xalçada özünün ən yaxşı tapşırıqlarından birini yerinə yetirdi. Onun güclü xarakteri var və bu ona idmanda yüksək nəticələr göstərməyə kömək edir. Aliyə yarışlarda ölkəsinin bayrağı yüksələndə çox sevinir. Biz öz tərəfimizdən onun uğurlarına sevinir və fəxr edirik, çünki ona məsləhətlət veririk. Bu qələbənin qazanılmasında səy və əməyini əsirgəməyən hər kəsə təşəkkür edirəm. Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya ayrıca təbriklərimi çatdırmağı xahiş edirəm. Mehriban Əliyeva Azərbaycan gimnastikasının inkişafı üçün hər cür şərait yaradır. Müsəlman ölkəsinin bayrağının idmanın qadınlar arasında keçirilən belə bir növündə yüksəlməsi çox gözəldir!".
London Olimpiadasına, təxminən, bir ay vaxt qalıb. Hazırda digər idmançılarımız kimi Aliyə da mötəbər yarışa hazırlığa başlayıb. Aliyə Qarayeva, sözün əsl mənasında, tarix yazmağa çox yaxındır. Çünki indiyədək Olimpiadada gimnastika üzrə medalımız olmayıb.
SİTAT
“Müsəlman ölkəsinin bayrağının idmanın qadınlar arasında keçirilən belə bir növündə yüksəlməsi çox gözəldir!”.İrina Viner-Usmanova, bədii gimnastika üzrə Rusiya yığmasının baş məşqçisi
MƏSLƏHƏT GÖR: