24 Noyabr 2024

Bazar, 14:37

DİQQƏT! AĞIZLIQSIZ İT!

Azərbaycanda bu problem nə dərəcədə aktualdır?

Müəllif:

15.06.2012

Bəli, bu problem var. Cins döyüş itləri Bakı küçələrində çox tez-tez sahibləri tərəfindən ağızlıqsız gəzdirilir. Təcrübəli kinoloqlar isə bildirir ki, xüsusilə nəhəng cinsdən olan itlər ictimai yerlərə yalnız qısa xalta ilə çıxarılmalıdır və bu zaman yaxşı olar ki, onlara ağızlıq da geyindirilsin. Səbəb isə aydındır - itlər istənilən an sahiblərinə təhlükə yarandığını düşünə və qarşıdakı insanlara hücum edə bilər.

Azərbaycanda insanların itlərin hücumuna məruz qalması problemi, məsələn, Rusiyadakı qədər aktual deyil. Bu ölkədə qurbanları, əsasən, uşaqlar olan onlarca belə bədbəxt hadisə baş verir. Bu kədərli təcrübəni nəzərə alaraq, Bakı küçələrində nəhəng itlərin gəzdirilməsi ilə bağlı problemin olduğuna bir daha diqqət çəkmək istərdik. Son zamanlar bu hallar o qədər artıb ki, artıq məsələyə oxucularımız reaksiya verir.

Belə hadisələrdən biri Bakı bulvarı ərazisində yaşanıb. Kişi oğlu ilə gəzirmiş. Qəflətən uşağa ağızlığı olmayan rotveyler hücum edib. İtin sahibi heyvanı fit verməklə saxlayıb. Amma uşaq çox qorxub və ağlamağa başlayıb. Atasının onu sakitləşdirməsinə xeyli vaxt lazım gəlib.

Xoşbəxtlikdən, hadisə faciə ilə nəticələnməyib. Hər an sahibinin keşiyini çəkən rotveyler kimi təhlükəli cinsdən olan it uşağı təhlükə mənbəyi kimi görərək, onun üzərinə sıçrasaydı necə olacaqdı? Nəticəni təsəvvür etmək çətindir.

Məlum olduğu kimi, Bakı bulvarında gəzişən və oynayan uşaqların sayı kifayət qədər çoxdur. Amma qanuna əməl etməyən it sahibləri də az deyil. Halbuki, ölkə qanunvericiliyinə əsasən, bu fakt itlərin saxlanması qaydalarının pozulmasıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126-cı maddəsinə əsasən, it və pişiklərin, həmçinin, digər heyvanların saxlanılması qaydalarının pozulması 5 manatdan 20 manatadək cərimə nəzərdə tutur.

Beləliklə, ev heyvanlarının saxlanılma qaydaları itin xaltasız və ağızlıqsız gəzdirilməsini qadağan edir. İtlərin uşaq və idman meydançalarında, uşaq idarələrinin həyətlərində, təhsil və tibb qurumlarının həyətlərində gəzdirilməsi də qadağandır. Ev heyvanlarını yanında nəzarət edən şəxs olmadan gəzməyə buraxmaq, nəzarətsiz qoymaq, itlərlə mağazalara, yeməkxanalara, həmçinin, digər yerlərə daxil olmaq da qadağandır. İtləri yalnız bunun üçün nəzərdə tutulmuş xüsusi ərazilərdə gəzdirmək olar.

İtlərin hücumuna məruz qalmış şəxslərin Dövlət Baytarlıq Xidmətinə müraciətinə də tez-tez rast gəlinir. Belə hücuma məruz qalmış şəxslər əhalinin təhlükəsizliyinin təmininə görə məsuliyyət daşıyan polisə müraciət etməlidir. Bu halda polis əməkdaşları it sahibinin onun saxlanılması qaydalarına əməl etmədiyinə dair protokol tərtib edir və onu Bakı Şəhər Baytarlıq İdarəsinə göndərir. Bu qurumda isə qaydanı pozmuş şəxsə cərimə yazılır.

Maraqlıdır ki, Bakıda minədək üzvü olan it sahibləri klubunun rəhbəri yerli KİV-ə müsahibəsində bu problemi aktual saymadığını söyləyib. O, bunu küçələrdə yalnız qanuna riayət edən, itlərini xalta və ağızlıqla gəzdirən şəxslərə rast gəlməsi ilə əsaslandırıb.

Azərbaycan qanunvericiliyi məsələyə yalnız inzibati hüquq pozuntusu kimi yanaşmamalıdır. Problem dəqiqliklə öyrənilməli, qanunvericiliyə uyğun şəkildə daha radikal qərarlar qəbul edilməlidir. 

Məlum olduğu kimi, yayda parklarda və bulvarda insanların sayı daha da artır. Ümid edək ki, bu payız azərbaycanlı deputatlar sözügedən məsələyə diqqət ayıracaq ki, artıq gələn yay məsələ ilə bağlı lazımi qanunlar qüvvədə olsun.



MƏSLƏHƏT GÖR:

593