25 Noyabr 2024

Bazar ertəsi, 14:24

VƏDLƏRDƏN ÇOX GÖRÜLƏN İŞ

Əgər bir neçə il öncə Bakıda işıqların mütəmadi sönməsi adi hal idisə, indi fasiləsiz enerji təminatı normaya çevrilib

Müəllif:

15.06.2012

Bizim həyatımızı  kompyutersiz, kondisionersiz, soyuducusuz, televizorsuz, plastik kartlarsız və çağdaş sivilizasiyanın başqa rahatlıq yaradan məişət əşyaları olmadan təsəvvür etmək mümkün deyil. Bəşəriyyət  elektron sistemlərə o qədər öyrənib və o qədər onlardan asılıdır ki, yanılmırıqsa,  çağdaş anlamda apokalipsis - elektrik təchizatından tam məhrum olmaq deməkdir. 

Amma o qədər də uzaq olmayan keçmişdə, hansısa 8-10 il qabaq biz Bakıda mütəmadi olaraq elektrik enerjisinin planlı və ya plansız kəsilməsinin şahidi olurduq. Əgər elektrikin kəsilməsi gündüz baş verirdisə, biz bunu çox yaxşı sayırdıq, çünki ümid edirdik, axşama kimi düzəldərlər. Amma əgər işıq axşam saat doqquzda kəsilirdisə, dərhal yatmağa qərar verirdik, çünki səhərə kimi elektrikin bərpası heç cür real görünmürdü. 

Amma bunlar arxada qaldı. İndi biz fasiləsiz elektrik təchizatına o qədər alışmışıq ki, işıqlar kəsilən zaman, hətta gecənin ortasında belə qəza xidmətinə zəng edə bilirik və tamamilə əsaslı olaraq problemin yarım saat ərzində həll olunacağına inanırıq. 

Əlbəttə, bütünlüklə burada Azərbaycanın ererji sisteminin gücünün artdığını qeyd etməyə bilmərik və bunun əsası Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin 1969-82-ci illərdə respubilkaya rəhbərlik etdiyi dövrdə qoyulub. Məhz onun rəhbərliyi altında Azərbaycan energetikasının sarsılmaz dayaqları olan iri elektrik stansiyaları tikilib. Həmin illərdə Azərbaycanın bütün yaşayış məntəqələrinə, respublikamızdakı hər bir evə elektrik xətti çəkilib. Beləliklə, əgər 1969-cu ildə Azərbaycan elektrik idxal edən respublika idisə, 1982-ci ildə elektrik enerjisi ixracatçısına çevrilmişdi. 

Sovet İttifaqının parçalanması elektrik energetikası sisteminə də öz təsirini göstərdi və biz elektrik enerjisinin kəsilməsinin bütün çətinliklərinə dözdük. 1990-cı illərin əvvəllərində yenicə müstəqilliyini elan etmiş və işğalçı  Ermənistanla müharibə aparan ölkənin çox sayda başqa problemləri var idi. 

Enerji təsərrüfatının bərpası Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə dönməsindən sonra başladı. 

İlham Əliyevin ölkə prezidenti seçilməsindən sonra, enerji təsərrüfatına xüsusi diqqət artırıldı. Belə ki, yeddi il ərzində Azərbaycanın enerji sisteminin gücü üçdəbir və ya 2,3 min mvt artaraq, 6,5 min mvt.-a çatdırılıb. Özü də 1,5 min mvt yeni stansiyaların tikilməsi hesabına təmin edilib. 2012-ci ilin sonlarına isə enerji sisteminin gücü 7,9 min mvt.-a qədər qalxacaq. 

Beləliklə, istehsal edilən enerji ölkə iqtisadiyyatının sürətlə yüksələn  tələbatına artıqlaması ilə yetir və sonrakı illərdə Azərbaycan iri elektrik enerjisi ixracatçısına çevriləcək. Ancaq elektrik enerjisi istehsalı üzrə iri güclərin olması istehlakçıların elektrik enerjisi ilə fasiləsiz təchiz edilməsi demək deyil. Bu barədə Prezident İlham Əliyev də dəfələrlə öz çıxışında bildirib. Öz çıxışlarında o, çağdaş elektrikpaylama şəbəkəsinin yaradılmasına böyük diqqət ayırmağı tapşırıb. 

Bu tapşırıq ciddi şəkildə "Bakıelektrikşəbəkə" SC tərəfindən yerinə yetirilib. Məhz işi hərtərəfli şəkildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dəstəklənən "Bakıelektrikşəbəkə" SC-nin səyləri hesabına biz elektrik enerjisinin kəsilməsinin nə demək olduğunu unutmuşuq. Hər hansı bir qəzanın nəticələri qısa müddətdə aradan qaldırılır. Cənab Prezident dəfələrlə "Bakıelektrikşəbəkə"nin yeni yarımstansiyalarının və başqa obyektlərin açılışında iştirak edib. Bəllidir ki, "Bakıelektrikşəbəkə" SC 2000-ci ildə təşkil edilib. 

Müstəqil təsərrüfat subyekti kimi, "Bakıelektrikşəbəkə" SC-nin fəaliyyətinin bərpası 2006-cı ilin noyabr ayında baş verib və o, elektrik enerjisi paylayıcısı kimi faktiki olaraq həmin tarixdən işləməyə başlayıb. "Bakıelektrikşəbəkə" SC-nin yeni rəhbərliyi yarımdağılmış təsərrüfat, elektrik təchizatında tez-tez kəsilmələr, istehlakçıların şikayətləri ilə üzləşib. 

Nəticədə, 2006-cı ilin son iki ayında əsas diqqət abunəçilərə elektrik enerjisi verilməsinin yaxşılaşması ilə bağlı olan  ani problemlərin həllinə yönəldildi. O cümlədən, transformator məntəqələri tikilib və əsaslı təmir edilib, paytaxtın ayrı-ayrı hissələrində kabellər dəyişdirilib. 

Bakının enerji sisteminin bərpası üzrə əsas işlər artıq 2007-ci ildən başlandı. Özü də ilk öncə əsas diqqət ətraflara - Sabunçu, Xəzər, Suraxanı, Binəqədi, Xətai rayonlarına yönəldildi. Bu da prinsipcə anlaşılandır, axı elektrik kəsilmələri ilə daha çox ətrafların sakinləri üzləşirdilər. 

O cümlədən, 2007-ci ildə 110/35/10 kv gərginlikli iki yeni yarımstansiya - "Buzovna" və "Şıx" yarımstansiyaları, 35/10 və 35/6 kv  gərginlikli altı yarımstansiya - "Sabunçu", "Savalan", "Xoşa xuna", "Bilgəh", "Amburan" yarımstansiyaları və  №407 saylı yarımstansiya tikilib. 2006 və 2007-ci illərdə 70 yeni transformator məntəqəsi tikilib,  247 məntəqə yenidən qurulub. 

Yarımstansiyaların və transformator məntəqələrinin tikintisi və yenidən qurulması ilə yanaşı, elektrikverilmə xətlərinin yeniləşdirilməsi işi aparılıb, özü də əsas diqqət hava xətlərinin kabellərlə əvəzlənməsinə, həmçinin, yeni texnologiyaların tətbiq edilməsinə yönəldilib. Köhnə Əhmədli qəsəbəsində özüsaxlayan izolyasiya edilmiş naqillərin istifadəsi ilə 0,4 kv.-luq elektrik şəbəkəsinin tikintisi üzrə layihə gerçəkləşdirilib. Bu kabellər praktiki olaraq texniki itkiləri sıfıra endirir və şəbəkəyə qanunsuz qoşulmalara mane olur. 

2008-ci ildə "Bakıelektrikşəbəkə" SC diqqətini birbaşa abunəçilərin enerji təchizatının  yaxşılaşmasına yönəldib və yüksəkvoltlu güclü yarımstansiya şəbəkəsinin yaradılması işlərini davam etdirib ki, bu da perspektivdə şəhərətrafı da daxil olmaqla, "Böyük Bakı"nı dairəyə almağa imkan verməli idi.  Belə ki, 2008-ci ildə  110/35/6 və 110/35/10 kv gərginlikli dörd yarımstansiya - "Aeroport" yarımstansiyası, 227, 215 və 203 saylı yarımstansiyalar, həmçinin, 35/6, 35/10 kv gərginlikli yeddi yarımstansiya - 431, 430, 226 və 200 saylı yarımstansiyalar, "Zirə bağlar" "Sahil" və "Nərimanov" yarımstansiyaları tikilib. 110/35/10 kv gərginlikli "Aeroport" yarımstansiyası Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanının enerji təchizatının yaxşılaşdırılması üçün nəzərdə tutulub. Başqa yarımstansiyalar isə Bakı qəsəbələrinin, həmçinin Bakının mərkəzi rayonlarının - Yasamal, Nərimanov və Səbail rayonlarının elektriklə təchizatı üçün nəzərdə tutulub. 

Gücü 35/10 və 35/6 kv olan doqquz yarımstansiya əsaslı təmir edilib və yenidən qurulub. Həmçinin, səkkiz yeni transformator məntəqəsi tikilib və 31-i yenidən qurulub. Elektrikverilmə xətlərinin dəyişdirilməsi, sistemə yeni yarımstansiyaların qoşulması, abunə elektrikverilmə xətlərinin XLPE kabellərindən istifadə edilməklə dəyişdirilməsi, yeni sayğacların quraşdırılması sahəsində böyük işlər görülüb. "Bakıelektrikşəbəkə" SC-nin bir sıra rayon bölmələri üçün inzibati binalar tikilib və təmir edilib. 

Sonrakı  2009-cu ili "Bakıelektrikşəbəkə" SC, ilk növbədə, təmir və yenidənqurulma tələb edilən aşağıvoltlu şəbəkəyə həsr edib. O cümlədən üç yarımstansiyanın tikintisi aparılıb, yeni stansiyaların inşaatı və təchizatı üzrə əvvəlki illərdə başlanmış işlər davam etdirilib, 15-ə yaxın yarımstansiyada avadanlıq dəyişdirilməsi və yenidənqurma aparılıb.  Demək olar ki, bütün yarımstansiyalar 35/10/6 kv.-luq şəbəkəyə aid olub. Abunə şəbəkəsində, həmçinin, kabellərin və elektrikverilmə xətlərinin dəyişdirilməsi üzrə önəmli işlər görülüb. Enerji sistemində qəzaların təcili aradan qaldırılması üçün material və avadanlıq ehtiyatı yaradılıb. 

2010-cu ilin əvvəlindən 2012-ci ilin may ayına qədərki iki il yarımlıq müddətdə "Bakıelektrikşəbəkə" SC yeni yarımstansiyalar arasında yeni yüksəkvoltlu kabellərin və hava xətlərinin çəkilməsi üzrə işləri intensivləşdirib, aşağıvoltlu və abunəçi şəbəkələrində işləri gücləndirib. Özü də iri yarımstansiyalar bir yana, hətta gücü 0,4 kv.-ə qədər olan  (abunəçi) şəbəkələri XLPE kabelləri və ödənişi onlayn rejimdə sms-məlumat vasitəsilə ödəməyə imkan verən elektron sayğaclar kimi yeni avadanlıq nümunələrinin istifadəsi ilə tikilib. 

2010-cu ilin əvvəlindən 2012-ci ilin may ayına qədər keçən müddət ərzində 40-dan artıq yarımstansiya tikilib və yenidən qurulub. Bunların sırasında 110/35/6 kv.-luq gərginliyə malik "Xocasən", "Yeni İçərişəhər", "Dağlıq", "Badamdar", "Liman", "Yeni Bayıl", "Yasamal-2", "Dərnəgül-1", "Bakı Kondisionerləri Zavodu" və başqaları kimi iri yarımstansiyaları göstərmək olar. Onlar "Bakıelektrikşəbəkə" SC-nin dairə sisteminin əsasında durur. 

Çağdaş 35/10 kv.-luq "Bayraq Meydanı" yarımstansiyası tikilib və o, Dövlət Bayraq Meydanını və onun yanında yerləşən, bu yaxınlarda "Avroviziya" müsabiqəsi keçirilmiş "Baku Cristal Hall"u elektrik enerjisi ilə təchiz edir. Bu yarımstansiyanın hesabına sakinlər və şəhərin qonaqları axşam və gecə saatlarında 160 metr yüksəkliyə ucalan Azərbaycan Bayrağının gözəlliyini seyr edə bilirlər. Bundan başqa, Bakının mərkəzinin elektrik təchizatını yaxşılaşdıran 35/10 kv.-luq "Gənclik", "Dağüstü park"  və başqa yarımstansiyalar tikilib. 

Bütünlükdə, 2006-cı ilin noyabr ayından bu günə kimi Bakının enerji sisteminin yenidən qurulmasına 620 mln manatdan çox vəsait xərclənib. Bu vəsaitlə gərginliyi 110 kv olan 18 yarımstansiya, gücü 35 kv olan 46 yarımstansiya tikilib və yenidən qurulub,  120 transformator məntəqəsi tikilib, 400-dən çox transformator məntəqəsi isə təmir edilib, onlarda gücü 6-10/0,4 kv olan 780 yeni transformator quraşdırılıb. Bundan başqa, gücü 110 kv olan 400 km yeni hava xətti və 150 km kabel, həmçinin, gücü 35 kv olan 200 km hava xətti və 650 km kabel çəkilib. Bu işlərin hesabına "Bakıelektrikşəbəkə" SC-nin 35 və 110 kv.-luq yarımstansiyalarında quraşdırılmış transformatorların gücü 2011-ci ildə 2006-cı ilin göstəricisinə baxanda 62% artıb və 5015 mva.-yaya bərabər olub.

Paylama şəbəkəsində yenidənqurma, xüsusilə də SIP kabellərlə 0,4 kilovoltluq abunə şəbəkəsinin çəkilməsi, elektrik enerjisi uçotunda çağdaş texnologiyaların, həmçinin, yarımstansiyalar arasında SCADA distansion idarəetmə sisteminin, çağdaş rele və avtomatik sistemlərin istifadə edilməsi elektrik enerjisinin uzunmüddətli qəza kəsilmələrini minimuma endirməyə imkan verib. Texniki itkilər 10%-dən 6%-ə endirilib, zirvə yüklənmələri ləğv edilib. 

"Bakıelektrikşəbəkə" SC Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş 2011-2013-cü illər üçün Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı çərçivəsində abunəçiləri fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchizat üzrə tədbirləri davam etdirir. 

İqtisadiyyatın bütün sahələrində olduğu kimi, energetikada da islahatlarda əsas yeri  insan amili tutur. Buna görə də texniki heyətin əmək şəraitinin yaxşılaşdırılması məsələsi həmişə SC rəhbərliyinin diqqət mərkəzindədir, buna görə də daim bu istiqamətdə tədbirlər görülür. 

Belə ki, "Bakıelektrikşəbəkə" SC-nin mərkəzi idarəetmə aparatı şəhərin memarlıq üslubuna uyğun olaraq tikilmiş və mərkəzi elektron idarəetmə sistemi ilə təchiz edilmiş yeni binaya köçüb. Bundan başqa, əgər əvvəllər yerlərdə yalnız iki inzibati bina vardısa, hazırda Səbail, Binəqədi, Nəsimi, Nərimanov, Nizami, Qaradağ, Suraxanı, Xəzər rayonlarında elektrik enerjisinin təmini və satışı üzrə yeni idarəetmə binaları tikilib. Zirə, Binə, Keşlə, Zabrat, Buzovna və Pirallahı qəsəbələrində yeni xidmət məntəqələri tikilib. Həmçinin, material və ehtiyat hissələrinin saxlanması üçün çağdaş anbarlar, sayğacların testi və təmiri üçün ən çağdaş texnologiyalarla təchiz edilmiş laboratoriyalar  yaradılıb. 

"Bakıelektrikşəbəkə" SC-nin rəhbərliyi kadrların ixtisasının artırılmasına xüsusi diqqət yetirir. Bu məqsədlə SC-də Tədris Mərkəzi yaradılıb. Orada elektrik energetikası təsərrüfatının ayrı-ayrı sahələrini, o cümlədən, hava və kabel elektrikverilmə xətlərinin istismarı və təmiri, sayğacların quraşdırılması və təmiri, elektrik şəbəkəsinin, kompyuter şəbəkəsinin və proqramlarının istismarı və təmirini əhatə edən  müxtəlif kurslar təşkil edilir. Bütünlükdə, bu kurslarda 375 adam təhsildən keçib və onların çoxu müvafiq sertifikatlar alıb. Ağır və gündəlik, amma bütünlükdə böyük olan bu işlər önəmli dərəcədə itkiləri azaltmağa, şəbəkəyə qanunsuz qoşulmaların qarşısını almağa və biz istehlakçıları fasiləsiz elektrik enerjisi təchizatı ilə təmin etməyə imkan yaradıb. 

Düşünmək olar ki, sərmayələrin həcminə, hətta ani nəzər salan hər bir kəs "Bakıelektrikşəbəkə" SC-nin işçilərinin necə böyük iş gördüyünü və biz istehlakçıların onların bu işinə ədalətli qiymət verməyimizin necə önəmli olduğunu anlayar. Hələ də Bakının enerji sisteminin inkişafı üçün investisiyaları dövlət təmin edir, bu məqsədlə böyük vəsaitlər ayırır. İstənilən inkişaf etmiş dövlətdə sərmayələr satışın hesabına gerçəkləşdirilir. Buna görə də biz istehlakçılar istehlak edilmiş elektrik enerjisinin haqqını vaxtında və tam həcmdə ödəməliyik. Axı biz hətta işığı 10-15 dəqiqə belə kəsəndə əsəbiləşirik. Bunun heç zaman baş verməməsi üçün Bakının enerji təsərrüfatının daim yeniləşməsi lazımdır ki, bu da böyük maliyyə yatırımları tələb edir. Elektrikin pulunu ödəməyəndə biz yalnız öz evimizdə deyil, həm də bütün paytaxtda enerji təchizatını təhlükə altına salırıq. 

Bu barədə düşünün...



MƏSLƏHƏT GÖR:

534