25 Noyabr 2024

Bazar ertəsi, 14:29

"DİQQƏT YETİRİN, BUNU MƏN DEMİRƏM..."

Ermənistan iqtisadiyyatı mərhələli deqradasiya və ya fasiləsiz böhran yaşayır?

Müəllif:

15.06.2012

Sovet İttifaqının dağılmasından sonra hər bir respublika ya öz gücünə, ya da xaricdən yardıma arxalanıb, milli iqtisadiyyatını inkişaf etdirməyə və dünya iqtisadi fəzasına inteqrasiya etməyə başladı. Kimlərsə bunu yaxşı, kimlərsə pis bacardılar, bəzi ölkələr tərəqqi edir və yüksək templərlə iqtisadiyyatını inkişaf etdirir, başqaları isə mülayim şəkildə bir böhran durumundan başqa böhran dövrünə keçirlər. Bəs bizim "ərazi acgözü" qonşumuz - "çoxəzablı" Ermənistanın iqtisadiyyatının vəziyyəti necədir? 

 

Nüfuzlu mövqe 

2011-ci ildə Amerikanın "Forbes" jurnalı dünyanın ən pis on iqtisadiyyatı reytinqində Ermənistanı Madaqaskardan sonra ikinci eləmişdi. Hər il təqdim olunan dünyanın ən pis iqtisadiyyatları reytinqinin tərtibatında jurnal 177 ölkənin 3 il ərzində orta statistikasını:  ÜDM artımı, inflyasiya göstəricilərini (o cümlədən, BVF-nin 2012-ci il üzrə verdiyi qiyməti), adambaşına ÜDM göstəricisini, ölkənin ixrac və ya idxalının üstünlük kəsb etdiyini göstərən cari tədiyə  balansını nəzərə alıb. 

Bu zaman jurnal qeyd edib: Ermənistanda adambaşına ÜDM göstəricisi $2959 təşkil edir ki, bu, Türkiyə ilə müqayisədə üç dəfə aşağıdır və inflyasiya 7%-ə çatır. Ermənistan iqtisadiyyatının böyük dərəcədə mühacirət diasporası hesabına mövcud olan inkişaf səviyyəsi 2009-cu ildə 15% aşağı düşüb. Bununla yanaşı, Rusiya almaz ixracatını dayandırıb ki, bu da Ermənistanın bir zaman çiçəklənən emal sənayesinə öz təsirini göstərib. Enerjidaşıyıcıları məsələsində Rusiya və İrandan tam asılı olan respublikada gələn il üçün proqnozlar da elə ürəkaçan deyil.  Qeyri-obyektivlik barədə ittihamlardan qaçınmaq üçün biz yalnız erməni məlumat mənbələrinə - Ermənistanın statistika xidmətinə, erməni ekspertlərinə və siyasi xadimlərinə əsaslanırıq. 

 

...O qədər səhv edilib ki...

Vardan Oskanyan - Ermənistanın keçmiş xarici işlər naziri, "Civilitas" fondunun təsisçisi ölkədəki iqtisadi durumu şərh edərək vurğulayır: "Ölkənin bu günə düşməsinin səbəbləri çoxdur... Birincisi: 2008-2009-cu illərdə hökumət dünya iqtisadi böhranının Ermənistan üçün tam ciddiliyini qiymtələndirə bilməyib. İkincisi: anlayandan sonra ki, Ermənistana dünya böhranının təsiri qaçılmaz oldu, çünki lazımi siyasəti işləyə və gerçəkləşdirə bilmədi. Üçüncüsü: seytnot rejimində tələsik cəlb edilmiş iri maliyyə vəsaitləri düzgün istifadə olunmadı. Dördüncüsü: hökumət həddindən vacib olan struktur islahatlarını gerçəkləşdirməyə cürət eləmədi. Nəticədə, biz ağır iqtisadi duruma düşdük. Ermənistanın üzləşdiyi iqtisadi problemlərin siyahısı çox uzundur. Birinci problem: yüksək (son məlumatlara görə 11,3%) inflyasiya şəraitində həddindən aşağı artımın olmasıdır  ki, son nəticədə yoxsulluq çoxalıb. İkinci problem dörd göstərici üzrə büdcə kəsridir. Başqa sözlə, ÜDM-in 9%-nə bərabər büdcə kəsri, ÜDM-in 43%-ə bərabər milli borc, ÜDM-in 23%-nə bərabər olan mənfi ticarət balansı var və dramın məzənnəsinin sabitliyini qorumaq xatirinə, daha iri intervensiya nəticəsində milli rezervlər gündən-günə azalır.  

...Ermənistanın bank sistemində bu gün iki ifrat mənfi meyil var. Birinci: faiz dərəcələri zaman keçdikcə azalmaq əvəzinə getdikcə artır. İkinci: ipoteka və istehlak kreditləri yetərincə azalıb, bunun əvəzinə lombard kreditləri artıb. İnsanlar necəsə yaşamaq üçün əşyalarını girov qoyurlar".

"İdxal ixracı üstələyəndə mənfi saldo yaranır. Transfertlər isə kəsrin heç yarısını bağlaya bilməz. Bu cəhətdən tədiyə balansının cari hesabı mənfidir. İdxal son hesabda borcun artmasına gətirir. Ermənistanın borcu artıq ÜDM-in 40%-ə bərabərdir, bu, artıq təhlükəlidir. Əgər o, bundan sonra da artmağa başlayarsa, vəziyyət daha da böhranlı olacaq. Bu da iqtisadiyyatın "qara dəlik"lərindən biridir", - deyə ermənimənşəli tanınmış iqtisadçı, Rusiya Elmlər Akademiyasının akademiki Abel Aqanbeqyan bildirib.

Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazisində - qondarma "Dağlıq Qarabağ respublikası"nda da vəziyyət oxşardır: idxal  $313,1; ixrac isə $79,6 mln.-dur. 

 

Qonaqlıq kimin hesabınadır?

Ermənistan milli statistika xidmətinin məlumatına görə, dövlətin daxili və xarici borcunun toplam göstəricisi  30 dekabr 2011-ci il tarixinə $4 mlrd təşkil edib. 2011-ci ildə xarici dövlət borcunun həcmi 8,2% və ya  $270 mln artıb. Belə ki, Ermənistanın ən iri kreditorları sırasında bu ölkənin $1,33 mlrd dollar borclu olduğu Dünya Bankı (DB), $827 mln borclu olduğu Beynəlxalq Valyuta Fondu (BVF) gəlir. Bu sıraya Rusiya ($500 mln, 14%)  və Yaponiyanı da ($397 mln, 11,1%) daxil etmək olar. 

Buradan başqa nə nəticə çıxarmaq olar - ölkə, diasporanın köçürmələri və borc hesabına yaşayır və ümid edir ki, sonradan bu borcu "erməni xalqının çoxəzablı" olması üzündən siləcəklər. Ermənistan iqtisadiyyatının özəl transfertlərdən asılılıq səviyyəsi son beş ildə də azalmayıb və yetərincə yüksək qalmaqda davam edir. Bu barədə "İqtisadiyyat və dəyərlər" araşdırma mərkəzinin sədri Manuk Yerqnyan bildirib. Rəqabət qabiliyyəti üzrə milli məruzəyə əsasən, 2011-2012-ci illərdə ev təsərrüfatlarının gəlirlərində fərdi transfertlərin payı 10%-ə yaxın təşkil edir. Amma bir sıra ekspertlər qeyd edirlər ki, gerçəklikdə bu göstərici xeyli yüksəkdir. Yerqnyanın sözlərinə görə, məruzədə Ermənistanın fərdi transfertlərən asılılıq səviyyəsi bu göstəricinin dünya üzrə ən yüksək olduğu 20 ölkə ilə müqayisə edilir. Bu ölkələr sırasında Banqladeş, Filippin, Moldova, Nikaraqua, Zambiya, Qırğızstan, Tacikistan, Honduras,  Yamayka, Haiti, Samoa və Lesotonun adları var. "Bu ölkələrlə müqayisədə Ermənistan ən aşağı mövqelərdən birini tutur, ancaq 2005-ci ildən bu yana bu ölkələrin iqtisadiyyatının transfertlərdən asılılıq səviyyəsində azalma olsa da, Ermənistanın  mövqeyi əvvəlki kimi qalır", - deyə Yerqnyan bildirir.

Mərkəzi Bankın məlumatına görə, 2011-ci ildə Ermənistanın bank sisteminə fiziki şəxslərin adına qeyri-kommersiya məqsədi ilə $1547 mln.-a yaxın pul daxil olub ki, bu da 2010-cu illə müqayisədə 19,6% artıb.

Xarici ticarətdəki mənfi saldo ilə yanaşı,  akademik Aqanbeqyan Ermənistan iqtisadiyyatının daha bir bəlasını göstərir: "Ermənistanda son 10 ildə sənaye artımı 5%-i keçməyib. Bu, inhisarçılığın nəticəsidir, çünki inhisarçılara sənaye lazım deyil ".  O bildirir ki, Ermənistanda inhisarçılıq yalnız idxala aiddir, çünki ən böyük məbləğləri məhz bu yolla qazanmaq olar. Akadeimkin sözlərinə görə, yaranmış inhisarçılıq səviyyəsi yetərincə təhlükəlidir, çünki iqtisadiyyatın, ilk öncə də sənayenin inkişafına maneçilik törədir. 

İqtisadiyyatda inhisarçılıq öz ardınca inflyasiyanı, mal və xidmətlərin bahalaşmasını, əhalinin yoxsullaşmasını gətirir. 2012-ci ilin aprel ayında Ermənistanda benzin və dizel yanacağı marta nisbətən uyğun olaraq 5,8% və 2,3% bahalaşıb. Bu barədə Ermənistan milli statistika xidməti məlumat verib. 2012-ci ilin aprel ayında keçən ilin uyğun dövrünə nisbətən benzin və dizel yanacağı uyğun olaraq 15,3% və 9,3%;  2011-ci ilin dekabr ayına nisbətən isə uyğun olaraq 12,8% və 4,9% bahalaşıb. 

Bəllidir ki, enerjidaşıyıcılarının bahalaşması avtomatik olaraq öz arxasınca bütün ərzaq və xidmətlərin qiymətinin qalxmasına da səbəb olur. 

Ermənistan iqtisadiyyatında yaranmış durum ona gətirir ki, potensial sərmayəçilər ölkədən yan keçməyə çalışır. Vəkillərin nəzarət palatasının üzvü Nikolay Baqdasaryan qeyd edir ki, "Bu gün xarici investorlar, hətta erməni diasporunun təmsilçiləri öz bizneslərini Ermənistandan Gürcüstana çıxarmağa üstünlük verirlər. Bu proses erməni gerçəkliyində yer alıb və onu təkzib etmək ağılsızlıqdır". Eyni zamanda, onun həmkarı Samvel Caqinyan bir faktı göstərir ki, diaspor təmsilçiləri Ermənistanda öz bizneslərini müdafiəsiz hiss edirlər: "Öz bizneslərinin müdafiə olunduğunu hiss etmədiklərinə, daim problemlərlə qarşılaşdıqlarına və hüquq-mühafizə orqanlarından dəstək almadıqlarına görə, onlar Ermənistandakı mövcud gerçəkliyə uyğunlaşa bilmirlər və gedirlər".

Sərmayəçilərin ölkəyə münasibətinin  aydın göstəricisi kimi, Ermənistanda "McDonald's" kimi dünyada məşhur brendin olmamasını göstərmək olar. Halbuki, dünyanın 118 ölkəsində "McDonald's" ticarət brendi altında 32 min  restoran işləyir. 

 

Mühacirət və onun sonucları

Ermənistan iqtisadiyyatının bəlaları əhalinin ölkədən qaçmasına səbəb olur. Ermənistanın dövlət miqrasiya xidmətinin məlumatına görə, orta hesabla ölkəni ildə 26 min adam tərk edir. Xidmətin rəisi Qagik Yeqanyanın məlumatına görə, 1998-2001-ci illərdə Ermənistandan miqrasiyanın həcmi 1,1 milyon adam təşkil edib.  2002 - 2007-ci illərdə miqrasiya 150 min adam olub. Beləliklə, Yeqanyan hesab edir ki, son 10 il ərzində miqrantların ümumi sayı 260 min adam olub. Qeyd edək ki, Ermənistan milli statistika xidmətinin məlumatına görə, 2011-ci ildə miqrasiyada mənfi saldo 43 820 adam, 2010-cu ildə  46 684 nəfər təşkil edib. 

"WikiLeaks"in "erməni dos-ye"sinin depeşlərində Amerika diplomatları  həyəcan təbili çalır: ölkədə dəhşətli işsizlik səviyyəsi qadınların çoxunu fahişəliklə məşğul olmağa vadar edir. "Artıq panelə 11-12 yaşlı qızlar çıxmağa başlayıblar", - deyə ABŞ səfiri Con Evans bildirib. Öz hədd-b?luğa çatmamış qızlarını Birləşmiş Ərəb Əmirliklərinə və Türkiyəyə fahişəliyə yola salan valideynlərin sayı getdikcə artır. Amma ölkə hakimiyyəti insan alverində problem görmür. 

"WikiLeaks" yazır: ""Biz indi yaşamaq istəyirik" depeşində ABŞ-ın Ermənistandakı səfiri Cozef Penninqton vurğulayır: dünya maliyyə böhranı ilə dərinləşmiş ağır iqtisadi durum və siyasi qeyri-sabitlik ölkədən mühacirəti stimullaşdırır. Hətta orta sinfin uğurlu təmsilçiləri bildirirlər ki, daha Ermənistanın gələcəyi barədə illüziyalara qapılmırlar və inanmırlar ki, onların ölkəsi sabit və çiçəklənən ola bilər. Nə vaxtsa ölkələrinə sadiq olmuş, amma xəyalları puç edilən insanlar hökumətlərinin onların rifahının qayğısına qaldığına və ölkəni tərəqqi yolu ilə apardığına inamlarını itiriblər. 

Xarici miqrasiya birbaşa əhalinin reproduktiv davranışına təsir göstərir. Keçən il Ermənistanda doğum əmsalı 3,1% azalıb, ölüm əmsalı isə 0,4% artıb. Hər 1000 sakinə düşən təbii artım göstəricisi 4,7% təşkil edib. Halbuki, 2010-cu ildə bu, 5,2% olmuşdu. 

Ermənistan qocalır və bu demoqrafik problemlər maliyyə sisteminə də öz təsirini göstərir: pensiyaları vermək üçün sosial sığorta ödənişlər yetmir. Başqa sözlə, nəsillərin varislik prinsipi artıq keçərli deyil, indiki pensiyaya çıxmış yaşlı nəsilin rifahını təmin etmək imkanları yoxdur. 

 

Nəticə çıxarmaq vaxtıdır 

Beləliklə, göründüyü kimi, Rusiya və İrandan kəsilməyən yardım olmasına baxmayaraq, Ermənistanın iqtisadiyyatı yetərincə pis vəziyyətdədir. Nə daxili resursları, nə istehsal potensialı olmayan Ermənistan son 20 ildə yalnız xarici yardımın - erməni diasporunun, "çoxəzablı Ermənistan"ın himayəçisi olan ölkələrin, beynəlxalq təşkilatların yardımı ilə yaşayır. Belə bir ölkənin gələcəyi ola bilərmi? 

Yaranmış durumdan necə çıxmaq olar? "Dənizdən-dənizə böyük Ermənistan" haqqında sırtıq ideyadan və qonşulara ərazi iddiaları etməkdən əl çəkilməli, işğal edilmiş Azərbaycan torpaqlarından çıxılmalıdır. Bu, regional əməkdaşlıq qurmağa, Ermənistanın beynəlxalq layihələr qatılmasına, yəni özü-özünü soxduğu dalandan çıxmağa imkan yaradar. 

Sağlam düşüncəli ermənilər ölkənin militarist siyasətinin fəlakətli olmasını və bu cür siyasətin perspektivinin olmadığını artıq anlamağa başlayırlar. Məsələ ondadır ki, erməni cəmiyyəti "böyük qardaş"ının geosiyasi maraqlarına və uzaq ölkələrdə yaxşı yaşayan erməni diasporunun sarsaq arzularına fikir vermədən  qonşularla sülhün vacibliyi fikrinə gələcək. 

Yekunda Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın sözlərini xatırlatmaq istərdim: "O insanlar ki dünyadan "erməni soyqırımı"nı tanımağı tələb edirlər, öz ölkələrində soyqırım gerçəkləşdirirlər. Lütfən, diqqət yetirin ki, bunu mən deməmişəm, bunu Serj Sarqsyan tərəfindən Ermənistanın İsveçrədə səfiri təyin edilmiş Şarl Aznavur deyib".

 

 

İLK MƏNBƏDƏN  

"Ermənistan əzab çəkir və gündən-günə boşalır. Bu, kimə faydalıdır? Bir neçə mafiya başçısına? Minlərlə bədbəxt insan bütün dünyanı dolaşır. Burada insanlara yardım göstərmək  üçün heç nə edilmir" .

Şarl AZNAVUR, erməniəsilli fransız müğənni 



MƏSLƏHƏT GÖR:

479