
BRİLYANT YUBİLEY
Siyasətçilər gəlir və gedir. Kraliça isə britaniyalılara qalır
Müəllif: İrina XALTURİNA London
London şahzadə Uilyamla indiki Kembric hersoginyası Keyt Middltonun ötən il düzənlənmiş toy mərasimini unutmamış və 2012-ci ildə keçiriləcək Olimpiadaya hazırlaşmağa macal tapmamış, kraliça II Yelizavetanın taxt-taca çıxmasının "brilyant yubileyi" (60 illiyi) ilə bağlı mərasimlərin burulğanına düşdü. Əlbəttə ki, bugünü yalnız Londonda bayram etməyiblər. İyunun 2-dən 5-dək bütünlükdə Böyük Britaniya ərazisində təntənəli mərasimlər keçirilib. Amma ən miqyaslı və baxımlı tədbirlər məhz paytaxtın payına düşüb.
4 saat ərzində, təxminən, 1 milyon insan çayda təşkil olunmuş paradı izləyib - Temza ilə önündə kral gəmisi olan mindən artıq flotiliya üzürdü. Növbəti gün təşkil olunmuş parlaq mərasimdə şərəfinə alovlandırılmış 4500 məşəldən birini şəxsən kraliçanın özü yandırıb. Kraliça ailəsinin üzvləri Londonun mərkəzi küçələrindən olan Uaytzoll ilə karetdə gəziblər, həmçinin, insanları salamlamaq, İkinci Dünya müharibəsi dövründən qalmış təyyarələrin - "Dakota" hərbi-nəqliyyat təyyarələri, "Lankaster" bombardmançıları, "Spitfayer" qırıcıları, "Qırmızı ox" pilotaj qrupunun aviaparadını izləmək üçün Buhingem sarayının eyvanına çıxıblar.
Hökmdarı görmək arzusunda olanlar səhər saatlarında onun hərəkət edəcəyi yolboyunca düzülmüş, bəziləri isə, hətta yağış yağmasına rəğmən, küçədə gecələmişdi. Təntənəli mərasimlərin keçirildiyi günlərdə hava kifayət qədər soyuq idi. Amma buludları dağıtmaq Britaniya hökumətinin ağlına da gəlmirdi. Hər şey əsl London üslubunda keçirdi - boz səma, boz Temza, evlərin boz daşları, parklarda sıx yaşıllıqlar, qırmızırəngli ikimərtəbəli avtobuslar və çoxsaylı rəngarəng çətirlər.
Bütün bunlar hər tərəfə uçan ağ-qırmızı-göy zolaqlı Britaniya bayraqları arasında itib-batırdı. Hökumət və tarixi binaların fasadlarında nəhəng bayraqlar dalğalanırdı. "Dumanlı Albion"un sakinləri və turistlər əllərində kiçik bayraqlar gəzdirir, onları saçlarına və ya şlyapalarına sancır, çantalarından asır, avtomobillərinə, velosipedlərinə bərkidirdilər. Bayrağın rəngləri beysbolkaların, pariklərin, sancaqların, qalstukların, plaşların, şərflərin, digər paltarların, suvenirlərin, sendviç qablarının, salfetlərin əsas bəzəyi idi... Və əlbəttə ki, pilotaj qrupunun təyyarələri də səmada məhz "milli" iz buraxırdı.
"Brilyant yubiley"in kulminasiyası kraliçanın şərəfinə təşkil olunmuş və dünyamiqyaslı pop musiqi ifaçıları Elton Con, Tom Cons, Kliff Riçard, Pol Makkartni və digərlərinin iştirakı ilə keçən konsert olub. Konsert möhtəşəm pirotexnik effektlər və gözəl atəşfəşanlıqla müşayiət olunub. Buhingem sarayının yaxınlığında təşkil edilmiş şouya biletlər isə milli lotereyada oynanılıb. Səhnəyə yaxın düşə bilməyən şəxslər belə, o qədər də məyus olmayıblar. Onlar üçün Mell bulvarı və Hayd-parkda nəhəng ekranların qarşısında daşına bilən stullar quraşdırılıb. İnsanlar oraya şounun başlanmasından saatlar öncə ailələri ilə birlikdə axışmağa başlayıb.
"Bəli, biz kraliçamızı sevirik", - deyə bir neçə günlüyə Liverpuldan Londona gəlmiş mühəndis gülümsəyərək bildirir. Onun çiyninə Britaniya bayrağı salmış xanımı isə ərinə deyir: "Biz fəxr edə bilərik".
"Vətənpərvərlik hissləri haqda soruşursunuzsa, bəli, bu bayram məhz bu haqdadır", - deyə özünü "əsl londonlu" kimi təqdim edən Cef bildirir. Cefin ailəsi də yanındadır - həyat yoldaşı, iki övladı, anası və atası. Kişi gəzməyi lap yenicə öyrənmiş alyanaq uşağı da özü ilə gətirib. Uşağın əlindəki fincan isə əlbəttə ki, qırmızı-göy-ağ rəngdədir.
Londondan olan iki tələbə qız bayrama münasibətlərini heç cür açıqlamır. Onlar, sadəcə, barmaqları ilə heyranlıq işarəsi göstərir və məmnuniyyətlə kameralar qarşısında poz verirlər - qızlar açıqrəngli idman kostyumu geyiniblər, üzlərindəki maskada isə kraliçanın şəkli var.
Bəli, əksər britaniyalı üçün ölkədə monarxiyanın nəyə gərək olduğuna dair sual mənasız gələ, hətta təhqir sayıla bilər. Amma Böyük Britaniyanın respublikaya çevrilməli olduğunu düşünənlər də var. II Yelizavetanın və davamçılarının əleyhdarlarının əsas arqumenti hazırda bütünlükdə Avropada heç də ən yaxşı dövrlərini yaşamayan iqtisadiyyatla bağlıdır. Bu tendensiya kənardan sabit görünən Birləşmiş Krallıqdan da yan keçməyib. Mənfi dəyişikliklərə xüsusilə gənclər həssasdır. Söhbət, ilk növbədə, təhsilhaqqının artırılması ilə üzləşən tələbələrdən və əlində diplomu olmasına rəğmən iş tapa bilməyən şəxslərdən gedir. Bütün bunların fonunda qəsrlərinə, ziyafətlərinə, geyimlərinə, toylarına, səyahətlərinə, maşınlarına və müxtəlif bayram təşkillərinə altırəqəmli məbləğlərin xərcləndiyi Vindzorlar sülaləsi bir qədər yersiz görünə bilər. Vətəndaş mərkəzi (Centre for citizenship) saytının məlumatına görə, Britaniyanın kral ailəsi Avropanın ən bahalı monarxiyasıdır.
Amma digər yandan, VVS-nin yazdığı kimi, adambaşına düşən xərcləri hesabladıqda görünür ki, Britaniya vətəndaşları kraliçaya "baxmaq" iqtidarındadırlar. Krallığın hər bir vətəndaşı monarxiyanın saxlanılmasına ildə maksimum 1 funt-sterlinq xərcləyir. Əvəzində, Vinadzorlar sülaləsinin mövcudluğundan gələn gəlir xeyli yüksəkdir. "Visit Britain" turizm şirkətinin məlumatına görə, söhbət, təxminən, 500 milyon funt-sterlinqdən gedir. Həqiqətən də, dünyanın ən çox turistin baş çəkdiyi şəhərləri siyahısına müntəzəm olaraq başçılıq edən London monarxiyanı itirməklə, yəqin ki, cazibəsi və unikallığını da böyük ölçüdə itirərdi. Çünki Vinadzorlar dünyanın nəinki ən bahalı, həm də ən məşhur kral ailəsidir. Onun üzvləri buna həqiqətən layiqdirlər. Çünki daim əsl Şekspir ehtirasları ilə gündəmə gəlirlər - sevgi macəraları, misli görünməmiş toylar, səs-küylü boşanmalar, sirlər, dedi-qodular və təəssüf ki, hətta faciəvi ölümlər. 1997-ci ildə şahzadə Diananın ölümü ilə nəticələnmiş avtomobil qəzasına dair xəbər bütün dünyada çox sayda insanı şoka saldı. Şahzadənin dəfn mərasimini, demək olar ki, bütün yerli telekanallar canlı yayımlayırdı. 15 il sonra isə bütün dünya (təxminən, 2 milyard insan) Diananın oğlu Uilyamın dəbdəbəli toyunu izləyirdi. Bəlkə də burada həqiqətən sehrli qüvvənin rolu var: indiyədək nə hər hansı Hollivud ulduzunun, nə də dünya miqyaslı siyasətçinin nə toyu, nə də dəfni bu dərəcədə diqqət cəlb edib.
Hər bir ölkənin bugünü, keçmişi simvolları üzərində qurulub. Amma Böyük Britaniyada bu simvollar, digərlərində olduğu kimi, yalnız qəhrəmanlıq və ya mədəni irslə yox, həm də aristokratik mərasimlərlə bağlıdır.
Bu, ölkənin ayrılması mümkün olmayan fərqləndirici məqamıdır. Bu həm də Britaniyanın, az qala, dünyanın yarısına hökmranlıq etdiyi, hamının onun monarxının iradəsi ilə hesablaşmağa məcbur olduğu dövrlərdən xatirədir. Hətta okeanın o tayına getmiş "yaxın qohumlar" üçün də... London qəzetində kolumnistlərdən birinin suvenir mağazasında iki amerikalı arasında şahidi olduğu söhbət haqda yazdıqları kifayət qədər maraqlıdır - əfsanəvi "Meyflauer" sərnişinlərinin nəslinin nümayəndələri onların şortda Buhingem sarayına ekskursiyaya buraxılıb-buraxılmayacaqları ilə bağlı narahatlıq keçirirmişlər. Britaniyalı jurnalist bildirir ki, o, Britaniya torpağında, yəqin ki, ilk dəfə "dress-kod haqda düşünən" bu amerikalıları uzun müddət unutmayacaq...
Odur ki, əmin olun, qırmızı mundirdə və tüklü papaqda olan qvardiyaçılar bundan sonra da saysız-hesabsız turistlərin qarşısında tərpənmədən dayanacaqlar, rəiyyət isə bundan sonra monarxlarını uzaqdan da olsa, cəmi bir neçə dəqiqə görmək üçün bütün gecəni yağış altında keçirməyə hazır olacaq.
Beləliklə, müxtəlif sorğuların əksər britaniyalıların monarxiyanın qorunub-saxlanmasına tərəfdar olduğunu göstərməsi heç də təsadüf deyil.
Bununla yanaşı, II Yelizavetanın yalnız Britaniya ənənələrinin təntənəli rəmzi olduğunu söyləmək düzgün və ədalətli olmazdı. Çünki Böyük Britaniyanın əksər vətəndaşları üçün kraliça, ilk növbədə, yenilməzlik və sabitlik rəmzidir.
Kiçik bir detal. Yubiley mərasimlərinin sonu ilə bağlı bəzi KİV-də çox yorğun görkəmdə olan şahzadələr Uilyam və Harrinin fotoları dərc olunub. Nəvələrindən fərqli olaraq, yaşı 90-na yaxınlaşan nənə həmişə şux və şən görünür.
II Yelizaveta Britaniya taxt-tacına 1952-ci ildə çıxıb. Beləliklə, Britaniya monarxları arasında ondan başqa "brilyant yubiley"ini yalnız kraliça Viktoriya qeyd edə bilib. Bu yubileyini 1897-ci ildə qeyd etmiş Viktoriya 63 il taxtda oturub.
II Yelizaveta Silahlı Qüvvələrin, İngiltərə kilsəsinin, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı dövlətinin başçısıdır. O, eyni zamanda, birliyə daxil olan 15 dövlətin kraliçasıdır: Avstraliya, Antiqua və Barbuda, Baham, Barbados, Beliz, Qrenada, Kanada, Yeni Zelandiya, Papua - Yeni Qvineya, Sent-Vinsent və Qrenadina, Sent-Kits və Nevis, Sent-L?siya, Solomon adaları, Tuvalu, Yamayka.
Kraliça 60 il ərzində əhalisi 600 nəfər olan Kokos adalarından tutmuş Çinədək, dünyanın 116 ölkəsinə 261 rəsmi səfər edib. Monarx siyasi qərarların qəbulunda iştirak etməsə də, Böyük Britaniyanın bütün baş nazirləri vaxtaşırı ölkənin həyatı ilə bağlı vacib məsələləri onunla məsləhətləşir. Xatırladaq ki, Yelizavetanın rəhbərliyi dövründə Böyük Britaniyada əfsanəvi Uinston Çerçill və Marqaret Tetçer də daxil olmaqla, 12 baş nazir dəyişib.
Kraliçanın dəstəyi və ya hər hansı qərarı bəyənməməsi ictimai rəyin formalaşması və milli birlik üçün çox vacibdir. Axı Böyük Britaniya ərazisinə görə o qədər böyük olmasa da, müxtəlif hissələrdən ibarət, öz ənənələri və hətta, aksenti olan çox qarışıq ölkədir. O, həm də dünyanın müxtəlif ölkələrindən olan immiqrantlar üçün ikinci evdir. Müxtəlif siyasi və sosial maraqların burulğanında II Yelizaveta sabitliyin etibarlı "lövbər"i olaraq qalır.
Siyasətçilər gəlir və gedir. Kraliça isə britaniyalılarla qalır...
MƏSLƏHƏT GÖR: