
NATO-nun İNKİŞAFINDA YENİ MƏRHƏLƏ BAŞLAYIR
Şimalı Atlantika Alyansının Cənubi Qafqaz üzrə koordinatoru Uilyam Launun "R+"a müsahibəsi
Müəllif: Almaz MAHMUD Bakı
–Cənab Lau, ötən ay NATO-nun Çikaqoda növbəti sammiti keçirildi. Bu sammitdən sonra NATO-nun fəaliyyətində hansı dəyişikliklər oldu? Alyansın tərəfdaşlarını nə gözləyir?
– NATO-nun Çikaqo sammitinin çox böyük əhəmiyyəti oldu. Terrorizmlə, kibertəhlükə ilə mübarizə yenə də aktual olaraq qaldı. Bu sammit göstərdi ki, hərbi qərarlarla yanaşı, siyasi qərarlar da qurum üçün önəmlidir. Qərara alındı ki, 2014-cü ildə beynəlxalq koalisiya qüvvələri Əfqanıstandan çıxarılacaq. Eləcə də qurumun münaqişəli zonalarla bağlı narahatlığı ifadə olundu. Dövlət başçılarının imzaladıqları yekun bəyannamədə Azərbaycanın, Gürcüstanın və digər MDB ölkələrinin ərazi bütövlüyünün tanındığı bildirildi. Ümumiyyətlə, hadisələr də göstərəcək ki, NATO-nun inkişafında yeni mərhələ başlayır.
– Sammitdə qəbul ounan bəyannamədə Gürcüstanın NATO-ya qəbulu da dəstəklənib və rəsmi Tiflis, ilə əməkdaşlğa üstünlük verildiyi qeyd edilib. Bəs Azərbaycanla bağlı münasibətlər nə yerdədir?
– NATO bütün tərəfdaşları ilə əməkdaşlığa böyük üstünlük verir. Azərbaycanla da əlaqələr sürətlə inkişaf edir; məsələn, İSAF proqramı çərçivəsində biz bunu görə bilərik. Yəni Azərbaycan Əfqanıstan əməliyyatlarında quruma yaxından dəstək edir. Azərbaycan hökuməti Əfqanıstanda zabit və məmurlara təlimlərin keçirilməsi üçün 1 milyon avro vəsait ayırıb. NATO ilə tərəfdaşlığın gələcəkdə nə qədər dərinləşəcəyi isə Azərbaycan hökumətindən asılıdır.
Bildiyiniz kimi, Gürcüstan NATO-ya üzv olmaq üçün müraciət edib, amma Azərbaycan hökuməti etməyib. Burada siyasi iradə nümayiş olunmalıdır.
– Ümumiyyətlə, Cənubi Qafqaz regionu NATO üçün nə dərəcədə maraqlıdır?
– Bu region çox önəmlidir və NATO-nun regiona marağı get-gedə artır. NATO regionda sülh və sabitliyin bərqərar olmasını istəyir və burda baş verən prosesləri yaxından izləyir.
– ABŞ dövlət katibi Hillari Klintonun Cənubi Qafqaz regionuna səfəri zamanı Ermənistan tərəfinin atəşkəsi pozması nəticəsində cəbhə bölgəsində insident baş verdi və hər iki tərəfdən itkilər oldu. Yəqin, siz də bu barədə eşitmisiniz?
– Mən bu xəbəri eşitdim və öz təəssüfümü bidirirəm. Biz insanların nahaq yerə ölməsini istəmirik. Demək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həllində NATO ATƏT-in Minsk qrupunun vasitəçiliyini dəstəkləyir. Və prosesin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bildirir. NATO-nun Çikaqo sammitinin yekun bəyannaməsində də, bildiyiniz kimi bildirilib ki, alyans üzvləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dəstək verirlər. NATO danışıqlar prosesində iştirak etmir.
– Demək olarmı ki, NATO-da qərarların qəbul olunması prosesinə ABŞ daha çox təsir edə bilir?
– Ümumiyyətlə, NATO-da qərarlar konsensus əsasnda verilir. Quruma üzv olan 28 dövlətin hər birinin razılığı vacibdir. Yeri gəlmişkən, bəzən NATO-ya üzv dövlətlər ayrılıqda daha tez qərarlar verə bilirlər, nəinki qurum çərçivəsində.
MƏSLƏHƏT GÖR: