Müəllif: Nadir XOSROVOĞLU Bakı
Gələn il Bakıda keçiriləcək ilk Avropa Oyunlarının proqramına daha bir idman növü əlavə edilib. Bu, MDB məkanında çox populyar olan sambodur. Bakı - 2015 Avropa Oyunları Əməliyyat Komitəsindən (BAOƏK) "R+"a bildiriblər ki, sambonu döyüş növləri sırasına daxil etmək qərarı Avropa Olimpiya Komitələri və Beynəlxalq Sambo Federasiyası (FİAS) tərəfindən verilib. Hazırda Avropa Oyunları zamanı sambo yarışlarının harada keçiriləcəyi məsələsi müzakirə edilir.
Sirr deyil ki, bir neçə döyüş növünün qarışığı olan sambo Azərbaycan və MDB məkanında çox populyardır. Bakı - 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin fikrincə sambonun Avropa Oyunlarında olması idmanın bu növünün bütün dünyada inkişafına səbəb olacaq: "Biz sambonun rəsmən Bakı - 2015 Avropa Oyunlarının idman proqramına daxil edildiyini və gələn ilin birinci Avropa Oyunlarında nümayiş olunacaq yeni innovativ idman növlərinin sayının artırıldığını rəsmiləşdirmişik. Azərbaycanda olduqca populyar olan bir idman növünün proqrama daxil edilməsi gələcəkdə də bu yarışmanın əhəmiyyətini artıracaq və Avropa Oyunlarına gələcək idman proqramlarına populyar yerli idman növlərini daxil etmək mirası qoyacaq."
Gənclər və idman naziri Azad Rəhimovun sözlərinə görə bundan sonra oyunların proqramına əlavələr olmayacaq: "Sambo 20-ci idman növü olacaq. Artıq rəsmən bildirmək olar ki, daha əlavələr olmayacaq".
Qeyd edək ki, güləşdə bir sıra dəyişikliklər edilib. Avropa Oyunlarında sərbəst, yunan-Roma və qadın güləşində ümumilikdə altı çəki kateqoriyası artırılıb. Bu idman növünə əlavə olaraq 80 kvotalıq yerlər verilib və Birləşmiş Güləş Növləri üzrə Beynəlxalq Federasiya (FİLA) tərəfindən təsdiqlənib. Son məlumatlara əsasən, Avropa Oyunlarında, ümumilikdə, 480-dən çox güləşçi altı gün ərzində Heydər Əliyev adına İdman-Konsert Kompleksində 25 qızıl medal uğrunda yarışacaq.
Bu arada, boks üzrə qlobal xal reytinqi sisteminə edilmiş sonuncu yenilik gələcək oyunlarda Avropanın ən uğurlu döyüşçülərinin qızıl medaldan daha üstün məqsədlər üçün yarışacağı deməkdir. Beynəlxalq Boks Assosiasiyası (AİBA) oyunlarda qalib gələcək boksçulara reytinq xalları verəcək. Birinci Avropa Oyunlarının boks üzrə qızıl medalçıları AİBA reytinq siyahısında 700-dək reytinq xalı qazana bilər. Bu həmin idmançılara 2016-cı ildə baş tutacaq Yay Olimpiya Oyunlarına lisenziya qazanmağa kömək edəcək.
Avropa Oyunlarında daha bir idman növü müsabiqədən kənar təmsil olunacaq. Artıq küçə atletikası (hündürlüyə tullanma və ağacla hündürlüyə tullanma) rəsmən proqrama daxil edilib.
Mötəbər oyunlar üçün idman arenalarının quraşdırılması, kommunikasiya, nəqliyyat, qonaqlama yerləri və digər məsələlər üçün ayrılan xərclər ictimaiyyətə açıqlanıb. Gənclər və idman naziri Azad Rəhimovun sözlərinə görə, qarşıda duran əsas vəzifələrdən biri yeni qurğuların quraşdırılması və daha sonra bu qurğuların sınaqdan keçirilməsidir. Bütün işlərin gələn ilin fevral ayının 1-nə kimi yekunlaşdırılması planlaşdırılır. Nazirin bildirdiyinə görə, Avropa Oyunları üçün investisiya proqramı 3 mərhələdə aparılır - idman qurğuları, kommunikasiya xərcləri və əməliyyat komitəsi üçün ayrılan vəsait. Su kompleksi arenası üçün 100 milyon manat, Heydər Əliyev adına İdman Konsert Kompleksinin təmiri və qurğuların quraşdırılması - 20-25 milyon manat, Əl Oyunları Sarayının təmiri və yenilənməsi - 20 milyon manat, Milli Stadionun tikintisinə - 500 milyon manat pul xərclənməsi nəzərdə tutulub. Əməliyyat Komitəsi üçün 70-80 milyon manat vəsait yönəldilib. İşlər yekunlaşandan sonra "Bakı - 2015" üçün nə qədər investisiya ayrıldığı barədə ümumi yekun məlumat veriləcək.
Azərbaycan tərəfi ilk Avropa Oyunlarında iştirak etmək üçün Ermənistan da daxil olmaqla bütün Avropa ölkələrinə dəvət göndərib. Hazırda Ermənistan hökuməti mötəbər yarışda iştirak edib-etməyəcəyini müzakirə edir. Gənclər və idman naziri Azad Rəhimov məsələyə münasibət bildirərkən Ermənistan idmançılarının Avropa Oyunlarında iştirakında heç bir problem görmədiyini deyib: "Dəfələrlə bizim idmançılarımız Ermənistanda keçirilən turnirlərdə iştirak edib. Son olaraq kamandan oxatma səfərə yollanmışdı. Eyni zamanda erməni idmançıları Bakıda keçirilən boks və güləş üzrə çempionatlarda mübarizə aparıb. Biz hər bir ölkənin idmançılarının təhlükəsizliyinə zəmanət vermişik. Avropa Oyunlarında iştirak etməkdə problem olmamalıdı."
Avropa Oyunları teleyayımla əlaqədar ilk sazişi rəsmiləşdirib. Türkiyənin aparıcı idman kanalı olan NTV Spor ilə beynəlxalq yayım haqqında müqavilə imzalanıb. Sazişə görə NTV Spor kanalı bütün Türkiyə ərazisində birinci Avropa Oyunlarının yayımını həyata keçirməklə gələn ilin yayında keçiriləcək 17 günlük yarışları canlı izləməkdə idman azarkeşlərinə imkan yaradacaq.
NTV Spor kanalı televiziya, internet və mobil platformalar üzərindən hər gün Oyunların yeddi saat təqdimatını keçirəcək. Həmin yeddi saatdan böyük hissəsi canlı olaraq yayımlanacaq. Eyni zamanda yarışların parlaq məqamlarından seçilmiş videomateriallar ilə birgə Açılış və Bağlanış mərasimləri də canlı olaraq nümayiş olunacaq.
Qeyd edək ki, NTV Sporla yanaşı, Beynəlxalq İdman Yayımı Şirkəti Oyunlar müddətində 800 saatdan artıq canlı, müasir televiziya təqdimatı nümayiş etdirəcək.
AVROOLİMPİADA-2015 PROQRAMINA DAXİL EDİLƏN İDMAN NÖVLƏRİ
Kamandan oxatma - 128 idmançı
Su idman növləri (üzgüçülük, su polosu, suyatullanma) - 1000 idmançı
Atletika - 800 idmançı
Badminton - 160 idmançı,
Basketbol (3X3) - 160 idmançı
Boks - 300 idmançı
Kanoe - 350 idmançı,
Velosiped idmanı (BMX, dağ velosipedi, şose) - 350 idmançı
Çimərlik futbolu - 256 idmançı
Gimnastika (bədii gimnastika, idman gimnastikası, tamblinq və akrobatika) - 406 idmançı
Cüdo - 350 idmançı
Karate - 96 idmançı
Atıcılıq (stend və güllə) - 350 idmançı
Stolüstü tennis - 128 idmançı
Taekvondo - 128 idmançı
Triatlon - 125 idmançı
Voleybol (zal və çimərlik) - 464 idmançı
Güləş - 450 idmançı
Qılıncoynatma - 350 idmançı
Sambo (idmançıların sayı müəyyənləşməyib)
MƏSLƏHƏT GÖR: