26 Dekabr 2024

Cümə axşamı, 06:47

YIĞMA "İPPON"a DÜŞDÜ

Son 10 ildə ilk dəfə medalsız qalan Azərbaycan cüdoçuları DÇ - 2014-də iflasa uğradılar

Müəllif:

09.09.2014

Rusiyanın Çelyabinsk şəhərində keçirilən cüdoçuların Dünya Çempionatı Azərbaycan yığması üçün fiaskoyla yadda qaldı. Son 10 ildə millimiz iştirak etdiyi bütün dünya çempionatlarında ən azı 1 medal qazanıb. Bu dəfə isə Hacıağa Hacıəhmədovun rəhbərlik etdiyi komandamız Vətənə mükafatsız qayıtdı. Ötən il Rio-De-Janeyrada təşkil edilən mundialda 1 qızıl və 1 bürünc medala sahib çıxan cüdoçular Rusiyada heç nə ilə fərqlənmədi. Millimizin cüdo üzrə ilin ən böyük yarışında fiaskoya uğraması milli cüdo məktəbinin imicinə böyük zərbə oldu.

Yığmanın heyətində digərlərindən fərqli əzmkarlıq nümayiş etdirən yalnız Rüstəm Orucov oldu. 73 kq-da çıxış edən cüdoçu qabırğasındakı zədəyə baxmayaraq, sona qədər mübarizə apardı və titullu həmkarlarına çətin anlar yaşatdı. Dünya, Avropa çempionlarını məğlub edən Orucov 6 görüşdə qələbə qazansa da sonda mükafatsız qaldı. Yekunda Orucov mundialı 7-ci yerdə başa vurdu. İlqar Müşkiyev (60 kq), Elmar Qasımov (100 kq) kimi güvəndiyimiz cüdoçular çempionatda yalnız 1 görüş keçirdi. Mötəbər turniri ilk görüşdə tərk edən idmançılarımız yarışa hazır olmadığını nümayiş etdirdi. 

Dünya çempionu Elxan Məmmədov (100 kq) da yığmanın lideri olmağı bacarmadı. Karyerasının ən böyük uğuruna mundialda qızıl medal qazanmaqla nail olan Məmmədov Çelyabinskdə nəinki titulunu qoruya bilmədi, ümumiyyətlə, məşq etmədiyini göstərdi. Əslində, Braziliyadakı tarixi uğurdan sonra məşqlərdə iştirak etməyən idmançıdan uğur gözləmək düzgün deyil. Həmkarları olimpiadaya hazırlaşdığı vaxt Elxan uzun müddət istirahət etməyi vacib saydı. Fiziki hazırlıq, cəldlik və fəndlərin yerinə yetirilməsi 1-2 aylıq məşqlə düzəlmir. Dünya çempionu olmaq üçün illərlə məşq etmək lazımdır. Titulunu qorumaq üçün isə gərək günün əsas hissəsini zalda keçirəsən.

Dünya Çempionatına tam heyətlə yollanmamaq özü böyük sual yaradır. Mundialda 4 çəkidə idmançımız olmadı. Deməli, yığmada nəinki rəqabət, heç dünya çempionatı kimi mötəbər yarışda iştirak edəcək güclü idmançımız da yoxdur. Çelyabinskə bütün heyətlə yollanmayan komandanın əsl problemi intizamla bağlıdır. Hamıya məlumdur ki, böyük qələbələrdən sonra illərlə istirahət edən idmançı yenidən zirvəyə yüksəlməyəcək. Sözsüz ki, millinin nəticəsinə baş məşqçi postunda baş verən dəyişiklik də təsirsiz olmayıb. Cəmi 4 ay əvvəl yığmaya təyinat alan Hacıağa Hacıəhmədov bu müddətdə ciddi dəyişiklik edə bilməzdi. Ona görə onun bu uğursuzluqda günahı azdır. Digər tərəfdən əgər təcrübəli cüdoçular məsul yarışa layiqincə hazırlaşmırsa, onları ora aparmağa ehtiyac yoxdur. Onsuz da məğlub olacaqlar. Gənclərdən ibarət komandanın üzvlərinə şans vermək daha düzgün olardı. Belə də, heç olmasa, gənclər təcrübə qazanardı. 

Millinin uğursuzluğunda daha bir problem komandada uzun müddətdir yeni adların olmamasıdır. Yığmada eyni adlar uzun illərdir məşq edir. Onlar ardıcıl yarışlarda məğlubiyyətdən sonra bir qələbə qazanır və biz idmançının zəif olduğunu unuduruq. 

Azərbaycan cüdoçularının Dünya Çempionatındakı çıxışını "R+" üçün Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, olimpiya çempionu Elnur Məmmədli şərh etdi. Onun fikrincə komandamızın layiqli çıxış etməsinə zədə mane olub: "Komandamızdan belə nəticə gözləmirdik. 10 ildən çox müddətdir, bütün dünya çempionatlarında medal qazanmışıq. Olub ki, 1 medalla qayıtmışıq. Amma medalsız qalmamışdıq. Uğursuzluq barədə danışmaq hər zaman çətindir. İdmançılarımızın çoxu zədəli idi. Bəziləri zədəyə görə, ümumiyyətlə, yarışa yollanmadı. Baş məşqçi Hacıağa Hacıəhmədovu günahlandırmaq olmaz. O, cəmi 3-4 aydır ki, millinin baş məşqçisi təyin olunub. Bu müddətdə yeni komanda formalaşdırmaq mümkün deyil. Federasiya komandanın uğursuzluğunu ciddi araşdırmağa başlayıb. Yaxın vaxtlarda komandanın zəif çıxışı müzakirə edilərək növbəti yarışlarda səhvlərin təkrarlanmaması üçün hazırlıq planı tərtib olunacaq. Azərbaycanda cüdo çox sevilir. Bizim hər zaman güclü idmançılarımız olub. Ümid edirik ki, yığmadakı vəziyyət tez bir zamanda düzələcək."

Azərbaycan Cüdo Federasiyasının millidəki problemi həll etmək üçün vaxtı çox deyil. Gələn il Bakıda 1-ci Avropa Oyunları keçiriləcək və bu yarışda cüdo oyunların proqramına daxil edilib. Təşkilatçı ölkə kimi cüdonun mötəbər yarışda təmsil olunması bizi çox sevindirir. Amma biz idmançılarımızın Avropa Oyunlarında qələbəsini görmək istəyirik. Ona görə yığmada islahatlar qaçılmazdır. İntizamı pozan və ya ümidləri doğrultmayan cüdoçular millidən kənarlaşdırılmalıdır. Yerinə gənclər komandaya cəlb olunmalıdır. Yaxın aylarda həmin gənc cüdoçular təlim-məşq toplanışlarında, bir neçə beynəlxalq turnirdə iştirak etməlidir. Yalnız bu yolla biz millimizin əvvəlki gücünü və şöhrətini qaytara bilərik. Unutmayaq ki, Azərbaycan millisində Nazim Hüseynov və Elnur Məmmədli kimi çempionlar olub. 



MƏSLƏHƏT GÖR:

756