Müəllif: Əli ZEYNAL Bakı
1949-cu ilin payızında Azərbaycan Bəstəkarlar İttifaqında Azərbaycan bəstəkarlarının yaradıcılığına növbəti illik baxış keçirilirdi. Bu, münsiflər heyətinin əsas üzvü, bir il əvvəl gözlənilmədən dünyasını dəyişmiş Üzeyir Hacıbəyovun iştirakı olmadan keçirilən ilk analoji toplantı idi. Həmin gün gənc bəstəkar Cahangir Cahangirov özünün ilk vokal-simfonik poemasını təqdim edirdi - "Arazın o tayında". Əsər simfonik orkestr və kapellanın ifasında səslənir, orkestrə dahi maestro Niyazi rəhbərlik edirdi. İfa əla alınır və toplantıda iştirak edən peşəkar musiqiçilərin böyük marağına səbəb olur. Bir neçə gün sonra isə bəstəkar SSRİ Dövlət Mükafatına layiq görülür. Bu, mədəniyyət xadiminin ümid edə biləcəyi ən yüksək mükafat idi.
Bu, sözügedən mükafatın hələ təhsilini başa vurmamış gənc bəstəkara təqdim edildiyi ilk hal kimi tarixə düşür. Onda Cahangir Cahangirovun cəmi 28 yaşı var idi və çoxları onu vunderkind adlandırırdı.
Gənclik
Cahangir Cahangirov 1921-ci il iyulun 20-də Bakının Balaxanı qəsəbəsində dünyaya gəlib. Hələ uşaq yaşlarından o, milli musiqinin müxtəlif janrlarına maraq göstərib - muğam, təsnif o cümlədən xalq rəqsləri. 1937-ci ildə gənc Cahangir müstəqil şəkildə Asəf Zeynallı adına Musiqi Məktəbinə qəbul olunmaq qərarı qəbul edir, orada oxuduğu dövrdə isə Azərbaycan Dövlət Konservatoriyasına qəbul olunur. Azərbaycan xalq musiqisinin nəzəri əsaslarını o, məhz burada dərindən və hərtərəfli öyrənməyə nail olur. Cahangir Cahangirovun təhsilində və yaradıcılığındakı inkişafında müəllimi Üzeyir Hacıbəyov böyük rol oynayıb. Gənc bəstəkar ilk ciddi əsərini, məhz, Hacıbəyovun rəhbərliyi altında yaradır. Onun iş təcrübəsi təhsilində də vacib rol oynayır. Konservatoriyada oxuduğu dövrdə Cahangirov Üzeyir Hacıbəyovun tövsiyəsilə Azərbaycan Dövlət Filarmoniyasında işləyirdi. Məhz filarmoniyada o, peşəkar musiqini hərtərəfli mənimsəyir. Bu işə Cahangir xorda oxumaqla başlayır. Sonralar Cahangir Cahangirovun populyar mahnılarını ilk olaraq, məhz, bu xor ifa edəcəkdi.
İllər keçir və 40-cı illərin sonlarında Cahangirov filarmoniyada Mahnı və Rəqs Ansamblının bədii rəhbəri olur. O, məxsusi olaraq bu ansambl üçün bir neçə aşıq mahnısı da yazıb.
"Onun yaradıcılığında əsasən xalq motivləri, xüsusilə aşıq mahnısı motivlərinə yer verilib", - deyə musiqişünas Elxan Axundov bildirir: "Cahangir Cahangirovun bir çox sonrakı əsərlərində məhz aşıq musiqisinin kökləri aydın şəkildə hiss olunur. Bu, onun yaradıcılığına orijinallıq verir, istedadına, müəllif imzasına özünəməxsus cizgilər qazandırır".
İşləməklə yanaşı konservatoriyada təhsilini də davam etdirən Cahangirov musiqini hərtərəfli öyrənir. Daha sonra isə bəstəkarın yaradıcılıq bioqrafiyasında Cənubi Azərbaycana ezamiyyət əlamətdar hadisə olur. Təbrizdə yaşayan və işləyən Cahangir Cahangirov bir neçə yaradıcı kollektivlər formalaşdırır, o cümlədən bu şəhərdə ilk xalq çalğı alətləri orkestrini yaradır. Bu orkestr üçün bəstəkar bir çox mahnı, marş, süita və s. kimi əsər yazır. Bakıya qayıdan Cahangirov konservatoriyada təhsilini davam etdirir. Amma İranda topladığı həyat və iş təcrübəsi yenə də öz sözünü deyir. Məhz, Hacıbəyovun məsləhətilə gənc bəstəkar Cənubi Azərbaycana aid əsər yazır.
Yetkin yaşlar
"Bəstəkar üçün daha uğurlu və məhsuldar keçən dövr 60-cı və 70-ci illər olub", - deyə Axundov bildirir: "Bu, ilk növbədə, "Məhsul" və "Bahar gəlir" süitaları, həmçinin "Hind gözəli" tamaşasına yazdığı mahnıdır". Axundovun sözlərinə görə, Cahangirovun kino üçün yazdığı məşhur mahnıları ilə yanaşı, təəssüf ki, "Qahirə eskizləri" kimi gözəl əsəri də unudulub. Bəstəkar bir çox digər ciddi işləri kimi, bu əsəri də xalq-instrumental ansamblı üçün yazıb. Onun 70-ci illərin əvvəllərində bəstələdiyi "Ballada" (simfonik orkestr üçün musiqi), "Sabir" (oratoriya), həmçinin simfonik poema və simfonik qravürləri da möhtəşəm alınıb.
"Cahangirov xalqın yaddaşında kinofilmlər üçün yazılmış mahnı və musiqilərin müəllifi kimi qalıb. Onun estrada və kino işləri o qədər uğurlu alınıb ki, müasir ifaçılar da həmin mahnılara müraciət edirlər", - deyə musiqişünas bildirir.
Onun "Ana ürəyi", "Dəniz cəsurları sevir", "Xəyyam" tamaşalarına yazdığı mahnılar və instrumental kompozisiyalar, "Koroğlu", "Yenilməz batalyon", "Dəli Kür", "Papaq" və digər filmlərə bəstələdiyi musiqilər daha məşhurdur. Cahangirovun estrada bəstələrini Bülbül, Rəşid Behbudov, Lütfiyar İmanov, Şövkət Ələkbərova, Mobil Əhmədov, Xuraman və Fidan Qasımovalar kimi böyük ustadlar ifa ediblər. Onun Bülbülün ifasında "Nazənin", "Ana" (Rəşid Behbudov) və digər mahnı və romansları bu gün də böyük zövqlə dinlənilir.
Cahangir Cahangirov bəstəkar kimi xor üçün musiqi yazmaqdan başlayıb və bu gün Azərbaycan Dövlət Televiziyasının xoru onun adını daşıyır. Xorun bədii rəhbəri və baş dirijoru Cahangirovun tələbəsi olmuş Şəhla Ələkbərovadır. Bu gün həmin xorun ifasında onun yarımçıq qalmış "Füzuli" operasından kompozisiyaları, "Azərbaycan", "Xəzər" kimi məşhur əsərlərini və bir çox digər əsərlərini eşitmək mümkündür.
"Füzuli" operasını Cahangirovun ən yaxşı işlərindən biri adlandırmaq olar. Bəlkə də, günlərin birində bəstəkarın layiqli davamçısı ortaya çıxaraq bu əsəri böyük ustadın üslubunu saxlamaqla, bitirəcək. Klassik musiqi təcrübəsində belə hallar olub.
MƏSLƏHƏT GÖR: