Müəllif: Zöhrə FƏRƏCOVA Bakı
Valideynləri aktyor olmasını istəmirdilər. Sənədlərini universitetin şərqşünaslıq fakültəsinə verdiyini söylədi onlara. Anası - Azərbaycanda ilk Pedaqoji Texnikumun birinci məzunlarından olan İzulət xanım onun Teatr İnstitutuna daxil olduğunu öyrənəndə çox hirsləndi. Amma oğlu - Şahmar Ələkbərov çoxdan könlünü aktyorluq sənətinə vermişdi. Və nə yaxşı ki, bu sevgiylə sənət yoluna çıxdı...
Hər işdə ən yaxşı
O, 1943-cü ilin 23 avqustunda Gəncədə dünyaya göz açdı. Atası Zülfüqar kişi əslən cəbrayıllı, anası İzulət xanım Tiflisdəniydi. Onun doqquz yaşı olanda Gəncədən Bakıya köçdülər. Bundan sonra həyatı bu şəhərdə keçdi. Orta məktəbdə biliyi, bacarığıyla seçilən şagird oldu. Riyaziyyat fənnini isə xüsusi ilə yaxşı bilirdi. Orta məktəbi bitirəndə on beş yaşındaydı.
Hələ şagird ikən 26-lar adına Mədəniyyət Sarayına, Lütfü Məmmədbəyovun dram dərnəyinə gedirdi. Orada hazırlanan maraqlı tamaşalarda rollar oynayırdı. 1963-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil oldu. İnstitutda Rza Təhmasibin kursunda təhsil aldı. Yenə də yoldaşlarından fərqlənirdi. İstedadını görən müəllimi onun böyük aktyor olacağına inanırdı. 3-cü kursdaykən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor kimi fəaliyyətə başladı. Teatrda ilk dəfə Şekspirin "Lope de Veqa" tamaşasında çıxış etdi.
Təhsilini başa vurdu. Müəllim-assistent kimi institutda saxlanıldı. Sonra hərbi xidmətə yollandı.
Geri dönüb aktyor kimi fəaliyyətini həvəslə davam etdirməyə başladı. Amma Akademik Milli Dram Teatrından çıxdı, kinostudiyaya getdi. O zaman da, sonralar da Şahmar Ələkbərovun bu gedişini çoxları teatr sənətimizin itkisi hesab etdi. Çünki bənzərsiz aktyor olduğunu o, elə ilk rollarıyla ifadə etmişdi. Ancaq teatrda istəyincə, istedadını ifadə edəcəyi rollar ala bilmirdi. Həmin vaxt Adil İsgəndərov Akademik Milli Dram Teatrının baş rejissoru vəzifəsindən kənarlaşdırılıb, Cəfər Cabbarlı adına Kinostudiyaya direktor təyin olundu. Şahmar Ələkbərov onun dəvətiylə kinostudiyanın nəzdində Adil İsgəndərovun yaratdığı "Kino aktyorluğu" studiyasında işə başladı. Bundan sonra daha teatr səhnəsinə çıxmadı. Dəvət olmadı.
"Azərbaycanfilm" kinostudiyasında aktyor və rejissor kimi fəaliyyət göstərdi. İyirmi dörd yaşından kinosevərlər onu kinoaktyor kimi tanıyıb sevməyə başladılar. 1967-ci ildə Kamil Rüstəmbəyovun yazıçı-jurnalist Əhmədağa Qurbanovun "Tikanlı məftillər" povestinin motivləri əsasında ekranlaşdırdığı "Dağlarda döyüş" filmində çəkildi. Kinoda ilk rolu - sərhəd qoşunlarında xidmət edən əsgər Fərrux rolu, sanki, Şahmar Ələkbərovun boyuna biçilmişdi. Səmimi, vicdanlı gənc əsgər tamaşaçı rəğbəti qazandı. Kinoda ilk ifası yaradıcılıq uğurunun başlanğıcı oldu.
1969-cu ildə kinorejissorlar T.Tağızadənin və A.Quliyevin birgə çəkdiyi "Mən ki, gözəl deyildim" filmindəki Məzahir rolunu da Şahmar Ələkbərov öz aktyorluq məharəti ilə tamaşaçılara sevdirə bildi. Daha sonra Arif Babayevin "Arxadan vurulan zərbə" filmində müstəntiq Gündüz Kərimbəyli, Eldar Quliyevin "Babək" filmində xürrəmilərin başçısı, cəsur sərkərdə Cavidan, Kamil Rüstəmbəyovun "Axırıncı aşırım" filmində qorxmaz İman, Tofiq Tağızadənin "Yeddi oğul istərəm" filmində mehriban Qəzənfər, Rasim Ocaqovun "Qatır Məmməd" filmində mərd Qatır Məmməd oldu.
Aktyor həm də bir çox filmin dublyajında iştirak etdi. "O qızı tapın", "Uşaqlığın son gecəsi", "Şərikli çörək" və başqa filmlərin, eləcə də "Mozalan" kinostudiyasında istehsal olunan bir çox filmin səsləndirilməsində iştirak etdi.
Şahmar Ələkbərov televiziya və radioda da aktyorluq fəaliyyəti göstərdi. Radioda "Ulduz" proqramının, "Molla Nəsrəddin" radioverilişinin aparıcısı oldu. Televiziya tamaşalarında yaddaqalan rollar ifa etdi.
Amma kino Şahmar Ələkbərovun yaradıcılığında əsas yeri tutdu. O, bir çox rejissorla işlədi. Onlarla filmə çəkildi. Tamaşaçılar "İntizar"da Oğul, "Həyat bizi sınayır"da Arif, "Qızıl qaz"da Rizvan, "Bizim küçənin oğlanları"nda oğlanlardan biri, "Bakıda küləklər əsir"də Azad, "Firəngiz"də Feyzi, "Qəribə adam"da Nuru, "Gözlə məni"də Tahir, "Qocalar, qocalar..."da Xaliq, "Avqust gələndə"də Cümşüd, "Atları yəhərləyin"də İbrahim kimi gördülər Şahmar Ələkbərovu. Hər rol üzərində gərgin çalışdı, onların özünəməxsus cizgilərini, xarakterlərini, dünyagörüşlərini, həyata baxışlarını müəyyənləşdirdi. Ona görə də Şahmar Ələkbərovun ifasında ekranlara çıxan hər surət həm görkəmi, həm də daxili dünyaları ilə bir-birindən fərqlidir. Şahmar Ələkbərovun ekran ömrü verdiyi rollar müxtəlif xarakterli olsalar da, əksəriyyəti müsbət qəhrəmandır.
Nəyin bahasına olursa-olsun
İndi Şahmar Ələkbərovun ailə üzvləri - həyat yoldaşı Kamilla xanım və evli olan əkiz qızları İzulət və Ləman xaricdə yaşayırlar. İllər öncəki görüşümüzdə Kamilla xanım söyləmişdi: "İfa etdiyi rollar onun özünə bənzəyir. Şahmar da sakit, mülayim, nikbin, qayğıkeş insan idi. Yəqin, buna görə sevənlərinin sayı çox idi".
Aktyorluq sənəti onun həyatı idi. Elə Kamilla xanımı da Teatr İnstitutunda dərs dediyi illərdə görüb sevdi. Kamilla xanım deyirdi: "Şahmarla Teatr İnstitutunda tanış olduq. Teatrşünaslıqda oxuyurdum. Onun "Azdrama"da iştirak elədiyi tamaşalara baxmağa da gedirdim. Bir gün Şahmar mənə evlilik təklifi etdi. Valideynlərim aktyorla ailə qurmağıma razı deyildilər. Şahmar sevgisi və inadkarlığı sayəsində dörd ildən sonra atamın razılığını ala bildi. Sonralar dostlaşdılar".
Şahmar Ələkbərov ailəcanlı adam olub. Kamilla Ələkbərova danışırdı: "Şahmar qızlarımızla həm də dost idi. Övladlarımız məndən çox atalarıyla yaxın idilər". Əkiz qızlarına - İzulətlə Ləmana eyni gündə toy edib Şahmar Ələkbərov. Kamilla xanım bununla təsəlli tapırdı: "Şahmarın ömrü qısa oldu. Yaxşı ki, iki balasının toyunu görmək ona qismət oldu".
Kamilla xanım danışırdı ki, qızları çəkiliş meydanlarına Şahmar üçün yemək aparırdılar. O, ağır, sağalmaz bəlaya düçar olmuşdu. Hər şey "Firəngiz" filminin çəkilişlərindən başladı, daha doğrusu, ondan əvvəl stomatoloqda dili zədələndi, çəkilişlərdə soyuqladığı üçün xoraya çevrildi. Ancaq amansız xəstəliyin Şahmardan həyat sevgisini, sənətinə qarşı məsuliyyət hissini, arzularını almağa gücü yetmədi. Neçə il idi ki, sərbəst film çəkmək arzusundaydı. Kinoda rejissor kimi də sözünü demək istəyirdi. Artıq xəstəydi. Aktyor kimi işləyə bilmirdi. Onu çənə sümüyündən yaxalayan, danışığında əngəllər yaradan xərçəng xəstəliyi yavaş-yavaş canını sarmaqdaydı. Şahmar Ələkbərov isə ona təslim olmaq istəmirdi. Amansız ağrılara rəğmən işlərinə davam edirdi. Sanki sağalmaz xəstəliyin inadına daha böyük coşqu ilə arzularını bir-bir reallaşdırırdı. 1987-ci ildə ilk dəfə kinorejissor Gülbəniz Əzimzadəylə birlikdə yazıçı Anarın öz "Şəhərin yay günləri" povesti əsasında ssenariləşdirdiyi "İmtahan" bədii televiziya filmini ekranlaşdırdı. Film nümayiş olunanda çox sevinirdi. Ssenari müəllifi də, Gülbəniz xanım da, tamaşaçılar da filmi bəyənmişdilər.
1989-cu ildə Şahmar Ələkbərov rejissor kimi ilk müstəqil filmini - Elçinin öz "Toyuğun diri qalması" povesti əsasında ssenarisini yazdığı "Sahilsiz gecə"ni çəkdi. Film SSRİ Dövlət Radio və Televiziya Komitəsinin sifarişi ilə ekranlaşdırıldı. Çəkiliş günlərini Kamilla xanım belə xatırlayırdı: "O vaxt dəhşətli xəstəlik Şahmara əzab versə də, işləyirdi. Sanki tələsirdi. Filmi qısa vaxtda çəkdi. Şahmar "Sahilsiz gecə"ni böyük həvəslə çəkdi. Çox təəssüf... Film televiziya ekranlarında az göstərildi".
Əvvəlcə filmdəki baş rola çəkməyə Azərbaycanda aktrisa tapa bilmədi. Türkmənistandan keçmişdə balerina olmuş Oğuldurdu Məmmədquliyevanı Bakıya dəvət etməli oldu. Oğuldurdu Məmmədquliyeva azərbaycanlı aktrisaların Zibeydə kimi maraqlı rola çəkilmək istəməmələrinə təəccübləndi. Səbəbi isə bu idi: "Sahilsiz gecə" müharibə dövrünün yaratdığı problemlərdən bəhs edir. Filmin baş qəhrəmanı Zibeydə müharibə dövründə əxlaqsızlığa yuvarlanmış qadındır. Aktrisalar belə bir rolu ifa etməyə çəkinmişdilər.
Şahmar Ələkbərovun "Sahilsiz gecə"sinin başı bəlalı oldu. Film ekrana çıxdığı gündən də böyük mübahisələrə, səs-küyə səbəb oldu. Studiyanın qarşısına toplaşan qadınlar piket keçirir, filmin ləğv olunmasını tələb edirdilər. "Sahilsiz gecə" bir neçə dəfə nümayiş edildikdən sonra ekranlardan yığışdırıldı. Filmin taleyi Şahmara çox ağır təsir etdi.
Xəstə idi. Kamilla xanım danışırdı: "Yeddi il əziyyət çəkdi. Şahmar mürəkkəb müalicə terapiyalarına, xəstəliyinin fəsadlarına dözürdü. İradəliydi. İstəmirdi ən yaxın dostları da onu xəstə vəziyyətdə görsünlər".
Çoxdan qəlbində gəzdirdiyi bir arzunu reallaşdırmaq - məşhur qəzəlxan Əliağa Vahidə həsr olunmuş film çəkmək istəyirdi. 1990-cı ildə "Qəzəlxan"ı ekranlaşdırmağa başladı. Baş rola gənc aktyor Loğman Kərimovu dəvət etdi. Yenə də, elə bil, harasa tələsirdi. Çəkilişləri dayanmadan davam etdirirdi. 1991-ci ildə film nümayiş olundu. Ancaq onu ekranlarda görmək Şahmar Ələkbərova nəsib olmadı...
Kamilla xanımın söylədiklərindən: "1992-ci ilin qışında onu Hamburqa apardıq, həkimlər bizə təbabətin aciz olduğunu söylədilər.
Bakıya döndük. Şahmarı xəstəxanaya yerləşdirdik. Çalışırdıq vəziyyətinin ümidsiz olduğunu bilməsin. Mən də, qızları da yanından ayrılmırdıq. Mənə deyirlər, son yeddi ili Şahmarı yaşadan sən oldun. Ancaq, məncə, onu yaşadan güclü iradəsi, sənətinə sonsuz sevgisiydi. Ağrılara, üzüntülərə, ağır müalicə mərhələlərinə tab gətirirdi ki, yaradıcılıq işini tamamlasın".
Xalq artisti, dövlət mükafatı laureatı Şahmar Ələkbərov 49 yaşında həyatla vidalaşmalı oldu. Çox arzuları yarımçıq qaldı. Özünün yazığı, məşhur Bakı milyonçusu Ağamusa Nağıyevə həsr etdiyi "Yük" ssenarisi əsasında film çəkmək arzusundaydı. Onun vəfatından sonra - 1995-ci ildə bu ssenariyə rejissor Rövşən Almuradov ekran həyatı verdi.
Ömür möhləti olsaydı, Şahmar Ələkbərov hələ neçə filmlərlə Azərbaycan kino sənətini zənginləşdirəcəkdi. Ancaq... "Yazıya pozu yoxdur" , - deyirlər. Elə yaranan əsl sənət əsərlərini də yaddaşlardan silmək, pozmaq mümkün deyil. İfa etdiyi rollar, çəkdiyi filmlər Şahmar Ələkbərov ömrünün pozulmayacaq, unudulmayacaq sonluğudur.
MƏSLƏHƏT GÖR: