Müəllif: Məhərrəm ZEYNAL Bakı
Hər kəs ilin hər fəslində istirahət etmək istəyər. Amma bəzən elə olur ki, ailə ilə eyni vaxtda bir neçə ölkəni gəzməyə mövcud imkanlar kifayət etmir. Belə vəziyyətdə nə etməli?!
Dünya vətəndaşları
Əslində, bunu etmək o qədər də çətin deyil. Bu problemin həlli üçün bir neçə il əvvəl xüsusi saytlar yaradılıb. Özünəməxsus sosial şəbəkələr olan həmin saytlar vasitəsilə gələcək səyahətçilər söhbətləşir, bir-birlərinin evində qalacaqları ilə bağlı razılıqlar əldə edirlər. Kauçserfinq səyahətçilərin və onlara rəğbətlə yanaşanların böyük beynəlxalq birliyidir. O, məqsədi bütün dünya üzrə "qonaqpərvərlik mübadiləsi" olan insanları bir araya yığır. Bu birliyin məğzini kauçserfinqin şüarı ilə ifadə etmək olar: "Sizin bütün dünyada dostlarınız var, sadəcə, hələ onlara rast gəlməmisiniz".
Bu cür iri şəbəkələrin bir neçə milyon üzvü olur və onların axtarış sistemi tam avtomatlaşdırılır. Saytda yalnız baş çəkmək istədiyiniz şəhərin adını daxil etməklə, orada sizi qarşılaya biləcək insanların adlarından ibarət böyük bir siyahı ilə tanış olursunuz.
Hər şey 2000-ci ildə amerikalı tələbə Keysi Fentonun ideyası ilə başlayıb. İslandiyaya ucuz bilet əldə edən tələbə mehmanxanada qalmağa pulunun çatmayacağını görür. Belə olan təqdirdə, Fenton 1500-dən artıq islandiyalı tələbəyə məktub yazaraq, onlardan mənzillərində qalmağa icazə istəyir. Yazışma nəticəsində Fenton tələbələrdən ibarət bir neçə qrupla tanış olur. Onlar amerikalı qonağa Reykyaviki göstərməyə hazır olduqlarını bildirirlər. İslandiyada unudulmaz günlər keçirən Fenton daha turizm infrastrukturlarının xidmətlərindən istifadə etməmək qərarına gələrək, bir internet-resurs yaradır. Sayt 2004-cü ilin yanvarından geniş ictimaiyyət arasında tanınmağa başlayır.
Əlbəttə, sual oluna bilər ki, insanlar tanımadıqları şəxsləri evlərinə necə buraxırlar? Məsələ ondadır ki, kauçserfinq saytlarında rəy yazmaq üçün sistem var və hər bir qonaq, yaxud ev sahibi yeni tanış olduğu şəxs haqda fikirlərini orada yaza bilir.
"Əslində, kauçserfinq adi turizmdən xeyli yaxşı və maraqlıdır", - deyə mühəndis Əhməd Sultanov bildirir: "Məsələ yalnız qənaətdə deyil. Evində qonaq qəbul etməklə və ya hansısa yad şəhərdə qalmaqla maraqlı insanlarla tanış olursunuz. Kauçserferlər, demək olar ki, hər zaman maraqlı və qeyri-adi insanlar olurlar".
Əhmədin özü bu yaxınlarda sözügedən turizm növünə qoşulub. Ə.Sultanovun dediyinə görə, artıq o, musiqiçilərlə, rəssamlarla, yazıçılarla, ekoloq və fiziklərlə tanış olmağa macal tapıb. Əhməd, hətta fransız mim ilə də tanış olub. "Səyahətlər etməklə müxtəlif insanlarla tanış olursan. Çünki hələ internetdə axtarış aparan zaman üstünlüyü maraqları sənə daha yaxın olan şəxslərə üstünlük verirsən", - deyə o, bildirir.
Kauçserfinqin bir sıra digər xoş cəhətləri də var. Onlardan biri insanların bir-birlərindən yeni nəsə öyrənmək imkanı qazanmalarıdır. Bunun üçün səyahətdən əvvəl seçim edərkən profilində, məsələn, fortepianoda ifa etməyi, yaxud rəsm çəkməyi bacardığını və sizə bir neçə dərs keçə biləcəyini yazmış şəxsi seçməniz kifayətdir. Bundan başqa, kauçserfer həm də giddir - onların əksəriyyəti yaşadığı şəhəri sizə göstərməyə, qəlyanaltı üçün ən yaxşı yerlərin harada olduğunu söyləmyə, şəhərin gəzməli yerlərilə bağlı sizə məlumat verməyə hazırdırlar. Nəhayət, kauçserfinq mütləq şəkildə barter demək deyil. Yəni imkanınız və ya arzunuz yoxdursa, mütləq qonaq qəbul etmək məcburiyyətində deyilsiniz. Bunu sizdən heç kəs tələb etməyəcək.
Ucuz uçuş...
Qənaətin daha bir vacib maddəsi loukosterlərdir. Bu, ucuz aviabiletlər təklif edən aviaşirkətlərdir. Onlar artıq illərdir ki, müxtəlif ölkələrdə fəaliyyət göstərir və bu yaxınlarda Azərbaycanda da bu tipli şirkət işə başlayıb. Bileti uçuşdan bir ay və ya daha çox öncə alırsınızsa, məsələn, Şərqi Avropa ölkələrinə bilet, təxminən, 40 manata başa gəlir. Amma burada iki vacib məqamı bilmək lazımdır. Birincisi, belə aviaşirkətlər yük üçün ayrıca ödəniş tələb edir, ikincisi, uçuşdan imtina etmək istəsəniz və ya uçuşun vaxtını dəyişdirməli olsanız, belə aviaşirkətlərin əksəriyyəti ödənilmiş pulu geri qaytarmır.
Çoxları aviaşirkətlərin bu qədər ucuz bilet satmalarını təəccüblə qarşılayır və onların xidmətindən istifadənin təhlükəli olub-olmaması ilə maraqlanır. Amma, əslində, ən yeni təyyarələrdən, məhz, loukosterlər istifadə edirlər. Populyar istiqamətlərdə səfərlərə tələbat o qədər çoxdur ki, bu, onlara bir gündə bir neçə uçuş təşkil etmək imkanı verir. Nəticədə, həmin şirkətlər biletin qiymətini xeyli aşağı etməklə də mənfəət əldə edirlər.
Bundan başqa, belə şirkətlərin xidmətləri sırasına sərnişinlərə yemək verilməsi daxil deyil. Əvəzində onlar sizə istədiyiniz hər şeyi özünüzlə götürməyə icazə verirlər.
Dizayner Anar Məmmədov loukosterlərin xidmətindən tez-tez istifadə edir. "Belə səyahətlər çox ucuz başa gəlir. Xüsusilə yalnız ən vacib əşyalarınızı götürərək "əliboş" gedirsinizsə, bu, sizə cüzi məbləğə başa gəlir. Bütün dünyada belə şirkətlər var və onlardan istifadə bəzən qatarla səyahətdən də ucuz olur", - deyə Anar bildirir.
...və yaşam
Əgər siz fərdiyyəçisinizsə və hesab edirsinizsə ki, artıq kifayət qədər maraqlı tanışınız var, bununla yanaşı, qalacağınız yerə görə mümkün qədər az pul ödəmək istəyirsinizsə, hostellərdə də qala bilərsiniz. Bu, bütün dünyada yayılmış ucuz hotellərdir. Hostellərin fərqi bir otaqda bir neçə nəfərin yaşamasındadır. Əslində, gəzmək üçün hər hansı yad şəhərə üz tutmusunuzsa, orada, çətin ki, vaxtınızın çoxunu hotel nömrəsində keçirəsiniz. İstirahət günlərinizi, yəqin ki, daha çox şəhərin görməli yerlərini gəzməklə, yerli mətbəxin təamlarını dadmaqla keçirəcəksiniz. Belə günlərdə insanlar hotelə əksər vaxtlarda yalnız gecələmək üçün üz tuturlar. Hosteli əvvəlcədən internet vasitəsilə seçmək daha məsləhətdir. Bu halda seçim etdiyiniz sayt vasitəsilə oranın şəraiti ilə tanış olmaq, nömrənin fotolarına baxmaq, müxtəlif insanların həmin məkan haqda rəylərini oxumaq imkanı qazanırsınız. Yaxşı hostellər təmiz olmalıdır. Bununla yanaşı, nömrədə hər bir sakin üçün açarla qıfıllanan ayrıca şkaf yer almalıdır.
"Bir dəfə mən Tiflisdə hosteldə qalmışam. Maraqlı və şən idi. Çünki ətrafımda müxtəlif ölkələrdən çoxlu insanlar var idi", - deyə Anar Məmmədov danışır: "Mərakeşli, amerikalı, argentinalı, isveçlilərlə qalırdım. Üzümlüyün altında yerləşən şüşəbənddə əyləşərək uzun-uzadı söhbət edirdik. Koreyalı tələbə qız isə mənə "Əli və Nino"nu oxuması haqda danışırdı. Bütün bunlar insanda qeyri-adi əhvali-ruhiyyə yaradır".
Sosioloqların dedikləri kimi, müasir kommunikasiyalar və internet "dünyanı kiçildib" və son illər biz bir-birimizə daha yaxın olmuşuq. İndi insanların tanışlıq, ünsiyyət, dünyanın nə qədər gözəl və müxtəlif olduğunu bilmələri üçün çox geniş imkanlar var.
MƏSLƏHƏT GÖR: