Müəllif: Zərifə BABAYEVA Bakı
Öldürücü Ebola qızdırması "hücum"unu davam etdirir. Hər ötən gün ona yoluxmuş insanlar arasında dünyasını dəyişənlərin sayı artır. Bu təhlükəli xəstəliklə mübarizəyə milyonlarla xərc tələb olunur. BMT-nin hesablamalarına görə, Qərbi Afrikada Ebola ilə mübarizə üçün ən azı 600 milyon dollar xərclənməlidir. Xəstəlik nəticəsində dünyasını dəyişənlərin sayı isə rəsmi məlumata görə, 2 minə yaxınlaşır.
Dünya bu təhlükəyə cavab verməyə qadirdirmi?
Ebola virusundan ölənlərin sayı 1900 nəfəri keçdikdən sonra Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) etiraf gəlib: bu xəstəliyin əvvəlki epidemiyası zamanı qeydə alınan qurbanların sayı ilə bağlı "rekord" təzələnib: ötən əsrin 70-ci illərində cəmi 24 nəfər ölmüşdü. Yalnız son günlərdə isə xəstəlikdən ölənlərin sayı, təxminən, 400 nəfərə çatıb.
ÜST-nin direktoru Marqaret Çan Qvineyada, Syerra-Leonedə və Liberiyada bu xəstəliyə təsdiqlənmiş və potensial yoluxmaların sayı 3500-dür. Bununla yanaşı, epidemiya getdikcə genişlənir. Artıq Nigeriyada, Seneqalda, Konqo Demokratik Respublikasında da virusa yoluxma halları qeydə alınıb. Doktor Çan jurnalistlərlə söhbətində epidemiyanın yayılmasına qlobal cavab sayəsində 6-7 aya onun qarşısının alına biləcəyinə ümidini dilə gətirib. Bəs, o vaxtadək nə qədər insan dünyasını dəyişəcək? ÜST-nin qiymətləndirməsinə görə, hazırkı şəraitdə hələ 20 mindən çox insanın virusa yoluxması mümkündür.
"Sərhədsiz həkimlər" təşkilatının prezidenti Coann Lyu isə fərqli fikirdədir. Həyəcan təbili çalan Lyu hesab edir ki, dünya birliyi bu təhlükəli xəstəliyin qarşısını almaq iqtidarında deyil: "Ebola tarixində ən dəhşətli 6 ay geridə qalıb və artıq aydındır ki, dünya onun qarşısının alınması uğrunda savaşı uduzur. Qərbi Afrikada xəstəliyə yoluxanların və ölənlərin sayı artır. Qiyamlar baş qaldırır. Tibb mərkəzləri dolub. Ön xəttə çalışan səhiyyə işçiləri arasında xəstəliyə yoluxanların və dünyasını dəyişənlərin sayı qorxulu həddədir. Bəziləri isə hətta adi xəstəliyə tutulmuş insanları köməksiz qoyaraq qaçırlar. Səhiyyə sistemi dağılır".
Ottavanın bir neçə həftə əvvəl ÜST-yə vəd etdiyi və Afrikada istifadə edilmək üçün nəzərdə tutulmuş, sınaq peyvəndi hələ də Vinnipeqdə (Kanada kommersiya və nəqliyyat mərkəzi - red.) Milli Mikrobiologiya Laboratoriyasındadır. Hələlik onu "hadisə yerinə" necə çatdırmaq haqda düşünürlər. "Hazırda biz ÜST ilə hüquqi, logistik və etik problemlərlə bağlı kompleks məsələlər ətrafında işləyirik. Məqsəd peyvəndin təhlükəsiz, etik baxımdan əsaslandırılmış şəkildə mümkün qədər tez göndərilməsinə nail olmaqdır", - deyə "Reuters" agentliyinin məlumatına görə, Kanadanın səhiyyə idarəsinin spouksmena Şon Apton bildirib.
Görünən odur ki, sınaq məqsədilə ABŞ-da hazırlanmış Zmapp peyvəndi də epidemiyanın ağuşuna aldığı rayonlara tezliklə yetişməyəcək. Ebola virusuna yoluxmuş yeganə britaniyalı - 29 yaşlı Uilyam Pulini tamamilə sağaltmaq mümkün olub. Xoşbəxtlikdən Syerra-Leonedə könüllü işləyən gənc xəstəxanaya xəstəliyin ilkin mərhələsində yerləşdirilib. Sonradan Puli Britaniyaya aparılıb və onun sağalması üçün sınaq məqsədilə buraxılmış dərmandan istifadə olunub. Qərbi Afrikanın yüzlərlə, minlərlə sakininə isə təəssüf ki, bu cür xidmət göstərmək mümkün deyil.
Hər şey nəzarətdədir
Qeyd etmək lazımdır ki, bütün bunların fonunda Azərbaycanda virusun ölkəyə mümkün gəlişinə dərhal reaksiya verilib və lazımi tədbirlər görülüb. ÜST-nin məlumatına görə, Azərbaycan Ebola virusunun yayılma riski olan ölkələr qrupuna daxil deyil. Amma Afrika ölkələrindən olan tələbələrin Azərbaycanda təhsil aldıqlarını düşünsək, virusun ölkəyə gəlmə ehtimalını tam istisna etmək olmaz. Bu səbəbdən də, səhiyyə naziri Oqtay Şirəliyev "Ebola virusunun qarşısının alınması üçün profilaktik tədbirlər haqqında" sərəncam verib. Bu sərəncamın əsasında Sanitariya-Karantin Müfəttişliyi gömrük orqanları ilə birlikdə sərhəd-buraxılış məntəqələrində monitorinqlər təşkil ediblər. Bu haqda Respublika Taun Əleyhinə Dispanserin nəzdindəki Stansiyanın şöbə müdiri Rita İsmayılova məlumat verib. Onun sözlərinə görə, monitorinq zamanı virusun yayıldığı ölkələrdən Azərbaycana gələn şəxslər müayinə olunurlar. Bununla yanaşı, müxtəlif ölkələrdən gələn mallar da yoxlanılır.
"Bu xəstəliyin Azərbaycana gəlməsinin qarşısının alınması üçün bütün tədbirlər görülür", - deyə R. İsmayılova qeyd edib. Ebola ilə bağlı hər hansı şübhələrin yarandığı təqdirdə, Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna müraciət etmək lazımdır. Artıq bu qurumda xüsusi palatalar ayrılıb, bu cür xəstələrin qəbulu üçün lazımi şərait yaradılıb. "Virusa yoluxmamaq üçün fərdi gigiyena qaydalarına əməl etmək, insanların kütləvi şəkildə toplaşdığı yerlərdən uzaq durmaq vacibdir. Maskadan istifadə, əllərin tez-tez sabunla yuyulması məsləhətdir", - deyə İsmayılova bildirib.
Onu da qeyd etmək lazımdır ki, bu günədək Azərbaycan ərazisində Ebola virusunun daşıyıcısı qeydə alınmayıb. "Biz bu virusun yayıldığı ölkələrdən heç bir heyvandarlıq məhsulu almırıq. Həmin ölkələrlə Azərbaycan arasında iqtisadi əlaqələr yoxdur", - deyə yerli informasiya agentliklərinə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli bildirib.
Ölkəyə gətirilən heyvandarlıq məhsulları ilə bağlı vəziyyət də nəzarətdədir: "Biz ÜST-nin məlumatlarını diqqətlə izləyirik. Vəziyyətin yaxşı olmadığı ölkələrdən məhsul idxalı dərhal dayandırılır".
Səhiyyə Nazirliyinin sanitar-epidemioloji sektorunun rəhbəri Viktor Qasımov isə ölkədə epidemioloji vəziyyətin sabit olduğunu söyləyib. "Ölkənin Səhiyyə Nazirliyi lazımi profilaktik tədbirləri görür. Bizdə kifayət qədər lazımi dərman preparatları var", - deyə o, qeyd edib.
Yeri gəlmişkən, bir müddət əvvəl Qafqaz Müsəlmanları İdarəsi Həcc ziyarətinə yollanan zəvvarları bu öldürücü virusa yoluxmamaq üçün son dərəcə diqqətli olmağa çağırmışdı.
Bu gün Ebola qızdırmasının yayıldığı əsas ölkələr Liberiya, Nigeriya və Syerra-Leonedir. Bir çox ölkələr bu 3 Afrika ölkəsilə bütün əlaqələri kəsib, sərhədləri bağlayıb.
Xəstəliyin ilkin əlaməti yüksək hərarət, başağrısı, qripi xatırladan simptomlardır. İlkin mərhələdə xəstəliyə tutulan insanda ürəkbulanma, qusma, qanaxma da olur. Ebola virusu insana xəstə heyvanın qanı, ifrazatı və ya digər mayesi vasitəsilə keçir. Afrikada insanların rütubətli meşələrdə tapılmış ölmüş və ya xəstə şimpanze, qorilla, yarasa, meymun, meşə antilopu və oxlu kirpi ilə təmasdan yoluxduqları sənədlərlə təsdiqini tapıb.
MƏSLƏHƏT GÖR: