26 Dekabr 2024

Cümə axşamı, 06:14

YENƏ DƏ "QEYRİ-KAFİ"

Azərbayjan millisi "Avro-2016"nın seçmə mərhələsinə məğlubiyyətlə başladı

Müəllif:

16.09.2014

Futbol üzrə 2016-cı ildə keçiriləcək Avropa Çempionatının seçmə mərhələsinin ilk oyununu Azərbaycan millisi uduzdu. 

"Avro-2016"ya final mərhələsinə vəsiqə qazanmaq hədəfi ilə başlayan millimizin yer aldığı qrupdakı ilk rəqibi Bolqarıstan oldu. O Bolqarıstan ki, qrup üçüncülüyü uğrunda əsas rəqiblərimizdən biri hesab etmək olar.

Yoldaşlıq matçlarında Özbəkistanla 0:0 oynayan, Rusiyaya 0:4 hesabıyla uduzan millimizdən bu dəfə əzmkar və layiqli oyun gözləyirdik. Təəssüf ki, azarkeşlərimiz yenə yanıldı. Artıq start heyət məlum olanda uğursuzluğun qaçılmaz olduğu hiss olundu. Foqtsun ilk müəmmalı addımı müdafiənin sol cinahında Ufuk Budaka şans verməsi idi. Halbuki Ufukdan qat-qat yaxşı futbolçu olan Ruslan Əmircanov bu mövqedə daha yaxşı çıxış edərdi. Baş məşqçi digər milliləşən futbolçu Dmitri Nazarovu da ilk dəqiqələrdən meydana buraxmışdı. Nazarovun çiyninə bu matçda böyük yük düşürdü. Çünki Foqts komandanı iki hissəyə bölmüşdü: müdafiəyəmeyilli və hücumameyilli futbolçular. Orta sahədə yer alan Ruslan Abışov və Qara Qarayev hücuma, cinahlardakı və irəlidəki Vaqif Cavadov, Rüfət Dadaşov və Rauf Əliyev isə yarımmüdafiəyə kömək etmək fikrindən uzaq görünürdülər. Belədə isə Nazarov müdafiə ilə hücum arasında təkbaşına körpü rolunu oynamalı idi. Lakin yeni-yeni yığmaya çağırılan bir futbolçudan birdən-birə komandanı arxasınca daşımağı gözləmək doğru olmazdı. Ümumilikdə, Azərbaycan yığması çox zəif təsir bağışladı. Yorğun, həvəssiz, hazırlıqsız görünən futbolçularımızın seçmə mərhələyə məğlubiyyətlə başlamaması mümkünsüz oldu.

Hər zaman olduğu kimi, bu dəfə də komandamız ilk 10 dəqiqədə fəal göründü. Ancaq bu müddətdə nə Rauf Əliyev, nə də Rüfət Dadaşov yüz faizlik qol şansını dəyərləndirə bildilər. Əvəzində isə müdafiədə ani bir diqqətsizlik qol buraxmaqla nəticələndi. Sol cinahda özünü unutdurmağı bacaran Miçanski komanda yoldaşından ara pası alaraq, qapıçı ilə təkbətək çıxdı və Kamrana heç bir şans vermədi. 

Hesabda olduğu kimi, göstərilən oyuna görə də bolqarlar üstün idilər. Rəqib komanda oyuna istədiyi kimi nəzarət edir, özünü qonaq yox, ev sahibi kimi aparırdı. Bolqarıstan yığması bu üstün oyunla da fasiləyə hesabda öndə yollanmağı bacardı.

Heyət seçimindəki səhvini başa düşən Foqts fasilədən dərhal sonra Vaqif Cavadovu həm cinahlarda, həm də mərkəzdə oynamağı bacaran Araz Abdullayevlə əvəzlədi ki, orta sahədə rəqibə uduzmayaq. Məhz bunun sayəsində topa nəzarət komandamızın əlinə keçdi və tezliklə bərabərlik qolu gəldi. Nazarovun təxminən 30 metrlik məsafədən qüvvətli zərbəsindən sonra yerə də dəyən top tora düşdü. Bərabərlik qolundan sonra qarşılaşmada temp xeyli aşağı düşdü. Hər iki komanda böyük qüvvə ilə hücuma atılmağa cürət etmirdi. Yalnız bolqarlar ara-sıra uzaq məsafədən şanslarını yoxlayırdılar. Artıq hər kəs qarşılaşmanın bu hesabla bitəcəyini gözlədiyi bir vaxtda müdafiədə növbəti kobud anlaşılmazlıq məğlubiyyətimizə gətirib çıxardı. Kornerdən ötürmə zamanı heç kim topa toxuna bilmədi, nəticədə, uzaq küncdə nəzarətsiz qalan Xristov başla toru silkələdi. Beləliklə, "Avro-2016"nın final mərhələsini hədəfləyən Azərbaycan yığması elə ilk oyunundaca, üstəlik, öz meydanında 1-2 hesablı məğlubiyyətə düçar oldu.

Azərbaycan millisinin belə zəif oyunu "Avro-2016"nın seçmə mərhələsində qrupda 3-cü yerə iddia etməyə imkan vermir. 

Adətən, məğlub olduğumuz matçlarda 1-2 futbolçumuz gözəl oyunla fərqlənərdi. Bu dəfə bütün heyət ümidləri puç etdi. Qapıçı Kamran Ağayev hər iki qol zamanı heç nə ilə yadda qalmadı. Təkbətək epizodda millini xilas edə bilmədi. İkinci qolun vurulması anında isə qapıçı daha irəli çıxaraq topu uzaqlaşdıra bilərdi. Təcrübəli Rəşad Sadıqov da özünə bənzəmədi. Hər zaman yığma üzvlərinə dayaq olan kapitanımız çoxlu sayda səhvə yol verdi. Bəlkə də, "Qarabağ"ın heyətində Avropa Liqası, milli çempionat oyunlarında iştirakı Sadıqovun yorğunluğuna səbəb olub. Milliləşdirilən Ufuk Budak növbəti dəfə yığmaya lazım olmadığını sübut etdi. Rüfət Dadaşov, Ruslan Abışov heç nə ilə yadda qalmadı. Azərbaycan millisinin heyətində Qara Qarayev və Mahir Şükürov müəyyən mənada seçildi. Mahir dəqiq asmalarla iki dəfə komanda yoldaşlarına fərqlənmək imkanı yaratsa da, ötürmə nəticəsiz oldu. Qara isə ikili mübarizədə yaxşı təsir bağışladı. 

Bütün deyilənləri nəzərə alaraq baş məşqçi Berti Foqtsun işinin çətin olacağını əminliklə söyləmək olar. İlin sonuna qədər millimiz daha 3 rəsmi oyunda iştirak edəcək. Bunlar oktyabrda səfərdə İtaliya və Xorvatiya, noyabrda isə evdə Norveçə qarşı matçlardır. Bu görüşlərdə yığmamızın xal qazanacağı sensasiyaya bərabərdir. Belədə bu il millidən uğur gözləməyə dəyməz. Sözsüz ki, yığmanın uğursuzluğunda futbolçuların zəif oyununun rolu çoxdur. 

Foqtsun hazırlıq dönəminin az olmasından gileylənməsi isə gülüncdür. Bütün dünyada milli komandalar 3-4 günlük hazırlıq keçir. Bizdə isə ona 10 günlük hazırlıq üçün şərait yaradılır. Məhz Foqtsa görə daxili çempionatın təqvimi tanınmaz hala salınıb. Oyunların çoxunun vaxtı dəyişib. 

Əgər kifayət qədər potensial yoxdursa, Foqts özü də dəyişiklik etməyə çarəsizdir. Gərək, azarkeşlərə "Avro-2016"ya getmək istədiklərini söyləməklə boş vədlər verməzdilər. Bolqarıstan yığması da qrupda 3-cü yer uğrunda yarışır. Əsas rəqibimizə doğma meydanda uduzmaqla biz şansımızı heçə endirdik.

 

 

İLK MƏNBƏDƏN 

 

"Azərbaycan millisindən belə zəif oyun gözləmirdim. Biz oyuna 1 aydan çox hazırlaşmışdıq və taktiki cəhətdən komandanızı yaxşı təhlil etmişdik. 1 xal qazansaydıq da, mən hesabla razı olardım".  

Lyuboslav PENEV, Bolqarıstan millisinin baş məşqçisi

 

"İki kobud səhvə yol verdik. Rəqib də bundan yararlandı. Hesabı bərabərləşdirsək də, təəssüf ki, qol buraxdıq. 70 dəqiqə rəqiblə bərabər səviyyədə oynadıq. Sonra güc qalmadı və səhvlərə yol verdik. Müdafiədə çətinliklər var idi. Vladimir Levin, Elnur Allahverdiyev kimi təcrübəli futbolçular yox idilər. 10 gün ərzində futbolçularda fiziki hazırlığı yüksək səviyyəyə gətirə bilmərəm. Avrokuboklarda klubların oyunları təxirə salınır. Ona görə də bu qısa müddətə mən onların səviyyəsini qaldıra bilmərəm. Bu matçdan sonra işimiz çətinləşdi. Mən qələbə qazanacağımıza inanırdım. Amma belə olmadı. Unutmayaq ki, əlimizdə olan futbolçulardan istifadə etməliyəm". 

Berti FOQTS, Azərbaycan millisinin baş məşqçisi

 

"Bolqarıstana evdə uduzuruqsa, deməli, iddiamız ciddi deyil. Məğlubiyyətə əsas səbəb yanlış taktika seçilmişdi. Foqts deyib ki, 10 gün hazırlıq üçün azdır. Deməli, biz klubları ləğv etməliyik, çempionatı saxlamalıyıq - təkı milli hazırlaşsın. Hələ onda da bilinmir ki, milli necə oynayacaq? Dünyanın heç bir ölkəsində milli komandaya hazırlıq üçün 10 gündən artıq vaxt verilmir. Artıq komandamızda məğlub psixologiyası formalaşıb. İtaliya və Xorvatiyadan səfərdə xal almağımıza inanmıram. Bolqarıstana evdə uduzuruqsa, 3-cü yer barədə düşünmək düzgün deyil".

Böyükağa HACIYEV, "Neftçi" klubunun sabiq baş məşqçisi

 



MƏSLƏHƏT GÖR:

518