
XALÇA DÖŞƏNMİŞ YOLLA
Azərbayjan Xalça Muzeyi dünyada ən böyük kolleksiyaya və dekorativ-tətbiqi injəsənət nümunələrinə malikdir
Müəllif: Nərminə VƏLİYEVA Bakı
Hər bir xalqın mədəni tarixində onun zəngin mənəvi dünyasını, ona məxsus qədim xarakterik cəhətləri, intellekti, dünyagörüşünü, estetikanı və həyat fəlsəfəsini özündə əks etdirən sənət var. Azərbaycan xalqı üçün bu, xalçaçılıqdır. Xalça yalnız məişət əşyası yox, həm də onun bədii özünüifadəsinin əsas formalarından biridir. Buna bir neçə gün əvvəl yeni mənzilə köçmüş Azərbaycan Xalça Muzeyinə baş çəkməklə əmin olmaq mümkündür.
Xalça Muzeyinin yeni binasının açılışının Azərbaycan üçün böyük əhəmiyyət kəsb etdiyini mərasimdə ölkə Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı da təsdiqləyir.
"Biz öz xalçamızı, xalçaçılıq sənətimizi qoruyuruq. Azərbaycan xalçasının qorunması və inkişaf etdirilməsi haqqında müvafiq qanun da qəbul edilib. Bu, bizim böyük sərvətimizdir və əlbəttə çalışmalıyıq ki, gənc nəsil bu sənətə maraq göstərsin. Biz bunu təşviq etməliyik", - deyə Prezident İlham Əliyev yeni binanın açılış mərasimində qeyd edib.
Azərbaycan Xalça Muzeyinin direktoru, sənətşünaslıq doktoru, professor Röya TAĞIYEVA "R+"a müsahibəsində muzeyin dəyərli eksponatları, onun inkişaf perspektivləri və prioritetləri haqda danışıb.
- Zəhmət olmasa, Xalça Muzeyinin yeni binası haqda danışın. O, nə dərəcədə funksional və rahatdır?
- 2004-cü ildə "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" qanunun qəbulundan sonra Azərbaycan hökuməti bu milli sənət növünün dəstəklənməsi və inkişafı ilə bağlı kursunu aydın şəkildə müəyyənləşdirdi. Azərbaycan xalçasının qorunması və inkişafı sahəsində həyata keçirilən dövlət tədbirlərindən biri əsası 2008-ci ildə qoyulmuş yeni muzey binasıdır.
Binanın forması bükülmüş xalçanı xatırladır. Yeni muzeyin uzunluğu 121, eni 22, hündürlüyü 18 metrdir. Onun sahəsi, təxminən, 18,5 min kvadratmetrdir. Muzeyin eksponatları - xalçalar 3 mərtəbədə yerləşir. Yeraltı mərtəbədə isə inanılmaz zərgərlik kolleksiyası ilə tanış olmaq mümkündür. Elə oradakı ən müasir texnikalarla təchiz edilmiş müasir anbarlarda muzeyin fondları yerləşir. Bina müasir multimedia avadanlıqları, siqnalizasiya, xalçaların konservasiyası və bərpası üçün yaradılmış emalatxanalarla, kitabxana, suvenirlər mağazası və təqdimat zalı ilə təchiz edilib.
Yeni Xalça Muzeyi nəinki dünyada bu tipli ən iri muzey olmağa iddialıdır, o, həm də Azərbaycanın ən önəmli gəzməli yerlərindən biri olacaq. Binanın forması muzey haqda artıq çox şeyi deyir. Dünyada ilk dəfə olaraq, xalçalar ellipsvari divarda nümayiş olunur. Azərabaycanın mədəni həyatında xalçanın tarixi əhəmiyyətini və yenilənmiş muzeyin rolunu nəzərə alsaq, onun ekspozisiyasının keyfiyyəti ən yüksək beynəlxalq standartlara cavab verdiyini deyə bilərik.
- Xalça Muzeyinin mövcud olduğu bütün dövr ərzində hansı işlər görülüb? Muzeyin nailiyyətləri və uğurları haqda danışın...
- Azərbaycanda Xalça Muzeyinin əsası 1967-ci ildə qoyulub. Bu, dünyada xalçaçılıq sənətinin nümayişi üçün nəzərdə tutulmuş ilk ixtisaslaşmış muzeydir. Muzey fəaliyyətə başladığı ilk günlərdən Azərbaycan xalçalarının, yerli xalçaçılıq ənənələrinin öyrənilməsi və təbliği sahəsində əsas ixtisaslaşmış mərkəzə çevrilib. Bu iş həm də beynəlxalq səviyyədə aparılıb. Muzey fəaliyyəti dövründə dünyanın 30-dan artıq ölkəsində sərgilər təşkil edib. Azərbaycan xalçalarının xaricdə təbliği məqsədilə muzeyin kolleksiyası Fransada, Avstriyada, Almaniyada, İsveçdə, Danimarka, Belçika, Hindistan, Yaponiya, İsrail, Böyük Britaniya və bir sıra digər ölkələrdə nümayiş olunub. Muzeyimiz elmi mərkəz olaraq bir sıra nəhəng beynəlxalq tədbirin təşkilində də iştirak edib. Söhbət Şərq və Azərbaycan xalçaları üzrə simpoziumlardan gedir. İlk belə simpozium 1983-cü ildə YUNESKO-nun himayədarlığı ilə Bakıda keçirilib ("Şərq xalça sənəti"). Sonrakı simpoziumlar - "Azərbaycan xalça sənəti" (1988), "Azərbaycan xalçası və xalq-tətbiqi sənəti" (2003), Lətif Kərimovun 100 illiyinə həsr olunmuş "Azərbaycan xalça sənəti" (Paris, YUNESKO-nun mənzil-qərargahı, 2007-ci il) də dünyanın bu sahədən olan mütəxəssislərinin diqqətini çəkib.
Muzey fəaliyyəti dövründə YUNESKO, Beynəlxalq Qırmızı Xaç Komitəsi və Beynəlxalq Muzeylər Şurası (İKOM) kimi beynəlxalq təşkilatlarla tərəfdaşlıq halında Bakıda mədəni irsin və muzey menecmentinin qorunmasına həsr olunmuş bir sıra konfranslar təşkil edib.
- Bu gün muzeydə nə qədər eksponat var?
- Xalça Muzeyi Azərbaycan xalq sənətinin bütün zənginliklərini və müxtəlifliyini özündə cəmləşdirib. Bu muzey dünyada ən böyük xalça kolleksiyasına və Azərbaycanın dekorativ-tətbiqi incəsənət nümunələrinə malikdir. Bu gün muzeydə təxminən 15 min sənət əsəri saxlanılır. Kolleksiyanın əsasını xovlu və xovsuz xalçalar təşkil edir. Onların sayı 6 mindən artıqdır. Amma muzeydə həm də ənənəvi kostyumlar, zinət əşyaları, mis qab-qacaq və sair saxlanılır.
- Muzeyin ən qədim və maraqlı eksponatları muzeyə necə gəlib çıxıb və həmin əşyaların nadirliyi nədən ibarətdir?
- Xalçaların toplanması, uçotu, qorunması və elmi baxımdan öyrənilməsi sahəsindəki fəal işi ilə əlaqədar olaraq, muzeyimiz Azərbaycan milli mədəniyyətinin xəzinəsinə çevrilib. Azərbaycanın bütün regionlarında təşkil olunmuş çoxsaylı elmi-tədqiqat ekspedisiyalarına, o cümlədən xalqdan xalçaların, xalq tətbiqi sənət nümunələrinin yığılması istiqamətində aparılan ciddi işlərə əsasən, muzeydə böyük bir kolleksiya yaradılıb. Eksponatlar arasında görməli nümunələrdən biri kolleksiyanın ən qədim xalçasıdır. Bu, Qarabağ xalçaçılıq məktəbinə məxsus XVII əsrə aid "Əjdaha xalçası"dır. 2013-cü ildə muzey Avropa və Amerikadan olan kolleksiyaçılar üçün Azərbaycana xalça turu təşkil edib. Qonaqlar arasında ABŞ-dan gəlmiş xanım Beverli Şilts də var idi. O, xalça kolleksioneri və Çikaqodakı şərq xalçası və parçası cəmiyyətinin üzvü olmuş mərhum həyat yoldaşı Hrover Şiltsenin xatirəsinə muzeyimizə "Əjdaha" xalçasını, həmçinin XIX əsrə aid "Salhan xiləsi" Şirvan xalçasını hədiyyə etdi. Bu cür xalçanın hərracda qiyməti yüz minlərlə dollara çata bilər.
- Muzeydə xalça sənətinin müasir nümunələrinə də yer verilibmi?
- İki min il boyunca mədəni-tarixi, fəlsəfi və dini baxımdan baş verən dəyişikliklər Azərbaycan mədəniyyətində çox şeyi dəyişib. Amma Azərbaycan xalçaçılıq ənənələri Lətif Kərimov, Kamil Əliyev, Eldar Mikayılzadə, Məmmədhüseyn Hüseynov, Lətifə Qarayeva, Cəfər Mücri, Aydın Rəcəbov, Qulam Babayi və digərlərinin işlərində inkişafını davam etdirib. Bu sənətdə yeni istiqamətlərdən biri məşhur rəssam Tahir Salahovun yaradıcılığıdır. Onun xalçalar üzərində əks olunmuş əsərlərini bizim ekspozisiyalarımızda görə bilərsiniz.
- Azərbaycan xalçaları Avropada Qafqaz xalçaları kimi təqdim olunur. Onların Azərbaycan xalçaları kimi qəbul edilməsi üçün hansı addımlar atılmalıdır?
- Azərbaycan sənətinin təbliği sahəsində fəal iş aparılmalıdır. Azərbaycan Xalça Muzeyi, Mədəniyyət və Turizm Nazirliyi və Heydər Əliyev Fondu bu istiqamətdə böyük işlər görür. Onlar tərəfindən hər il Avropa ölkələrində Azərbaycan xaçlalarının sərgiləri təşkil olunur. Bu istiqamətdə ciddi nailiyyətlərdən biri 2010-cu ildə Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsin reprezantativ siyahısına salınmasıdır. Bütün bunlar muzeyimizin, Mədəniyyət və Turizm Nazirliyinin zəhmətinin bəhrəsidir. Xalçalarımızın bu siyahıya salınması Azərbaycanın milli mədəni irsin beynəxalq mədəni məkana inteqrasiyası və mədəni mübadilə, xalqlararası həmrəyliyin dialoq vasitəsilə həvəsləndirilməsinə yönəlmiş uzun illik siyasətinin davamıdır. Bu hadisə nəinki Azərbaycan milli mədəniyyətinin mirvarisi olan xalçaçılıq sənətinin əhəmiyyətini göstərir, həm də Azərbaycan xalçaçılıq ənənələrinin qorunması və gələcək nəsillərə ötürülməsinə kömək edir.
- Fikrinizcə, muzeylərin missiyası nədən ibarətdir? Müasir dünyada onların hansı rolu var?
- Şübhəsiz, muzeyin vacib vəzifələrindən biri bəşəriyyətin mədəni irsinin gələcək nəsillər üçün qorunub-saxlanılmasıdır. Lakin muzeyin ənənəvi funksiyası - qorunma, öyrənilmə və maarifləndirmə - müasir nəzəriyyədə və təcrübədə daha geniş, detallı traktovka alır. Bu, həm mühüm əsərlərin saxlanıldığı depozitariy, həm irs haqqında müxtəlif biliklərin yer aldığı informasiya mərkəzi, həm milli tarixin bir hissəsi kimi, irsin tarixini açan maarifləndirici institut, həm də peşəkar sənət adətlərinin və ənənələrinin qorunub-saxlandığı mərkəzdir. Yeri gəlmişkən, bəşəriyyət üçün mədəni irsin qorunması haqqında: muzeyimizdəki elm mərkəzində ziyarətçilərə xalçaların tarixindən, xalqtətbiqi sənətinin xüsusiyyətlərindən, əsas xalçaçılıq məktəblərindən və toxuculuq texnologiyalarından danışılır. Bütün bunlardan əlavə, bizim muzey müxtəlif təlim proqramları da təklif edir. Onların arasında xalçaçılığın öyrənilməsi üzrə dərnəklər, seminarlar, uşaq və ailə proqramları var.
- Fikrinizcə, Xalça Muzeyinin vəzifələri, onun fəaliyyətinin prioritetləri nədən ibarətdir?
- Xalça Muzeyi ənənəvi xalçaçılıq mədəniyyətinin qorunması və inkişafı, onun Azərbaycanın müasir mədəniyyətinə daxil edilməsi üçün tarixi potensialından istifadə edir. Muzeyimizdə xalçaya geniş mədəni konteksdə yanaşılır, o, ənənəvi həyat tərzinin digər elementləri ilə bir tutulur. Xalça kolleksiyasının formalaşdırılması ilə yanaşı, muzey xalça və xalçaçılıqla bağlı qeyri-maddi irsin qorunmasına da böyük diqqət ayırır. Buraya əfsanələrin, adət-ənənələrin, xalçanın semantikası və estetikasına dair ənənəvi və müasir biliklər, həmçinin xalçaçılığın sirləri aiddir. Muzeyin əsas maarifçilik işi xalçanın milli adət-ənənə və həyat tərzinin ayrılmaz hissəsi kimi qəbul edilməsinə nail olmaqdır. Xalça yalnız milli deyil, həm də ümumdünya irsinin vacib elementi olduğundan, muzey digər ölkələrin analoji işlə məşğul olan mütəxəssisləri, muzeyləri və digər təşkilatları ilə də tərəfdaşlıq münasibətlərini inkişaf etdirir.
- Muzeyin gələcək planlarına nələr daxildir?
- Xalça Muzeyi bundan sonra da sərgi fəaliyyəti ilə yanaşı, elmi mərkəz kimi də inkişafını davam etdirəcək. Ziyarətçilərin, turistlərin Azərbaycanın xalq tətbiqi sənətinin tarixi, xüsusiyyətləri, xalçaçılıq məktəbləri, toxuculuq texnologiyaları haqda məlumatlandırılması üçün layihələr həyata keçiriləcək. Layihələr çərçivəsində insanların xalçanın sirləri - rənglər, toxuma texnikası, naxışlar ilə tanış olmaları üçün ustad dərsləri təşkil olunacaq. Ziyarətçilər özlərini xalça toxucusu kimi sınaya da biləcəklər. Qarşıya qoyulmuş vəzifələrdən biri itirilmiş toxuculuq və boyama texnologiyalarının bərpası istiqamətində işlərin davam etdirilməsi, Azərbaycan Xalça Muzeyindəki kolleksiyadan olan xalçaların eksklüziv surətinin yaradılmasıdır.
MƏSLƏHƏT GÖR: