26 Dekabr 2024

Cümə axşamı, 04:32

ONUN YANDIRDIĞI ÇIRAQLAR

Venesiya kinofestivalında Qarabağ faciəsindən bəhs edən "Nabat" filminin dünya premyerası baş tutub

Müəllif:

16.09.2014

Venesiya beynəlxalq kinofestivalında Azərbaycan kinematoqrafının istehsalı olan "Nabat" bədii filminin dünya premyerası baş tutub. Tammetrajlı bədii film festivalın əsas proqramlarından olan "Üfüqlər" proqramı çərçivəsində təqdim edilib. Müsabiqəyə İtaliya, Fransa, Böyük Britaniya, Almaniya, ABŞ, İran və başqa ölkələrdən olan dünya şöhrətli kino ustalarının müəllifi olduğu 18 kinolent çıxarılmışdı. Azərbaycandan isə tədbirdə "Nabat" filminin rejissoru Elçin Musaoğlu, baş rolun ifaçısı Motamed Arya və filmin prodüseri Müşfiq Hətəmov qatılmışdı. 

Qeyd edək ki, "Nabat" filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında çəkilib. Filmin ssenari müəllifləri Elçin Musaoğlu və Elxan Nəbiyev, quruluşçu operatoru Əbdülrəhim Beşaratdır. 

Rollarda Vidadi Əliyev, Ramin Zeynalov, Sabir Məmmədov və Rövşən Ağayev çəkiliblər.

 

Dünya belə tənhalıq görməmişdi...

Nədən və kimdən bəhs edir bu ekran əsəri? Nabat adlı sadə bir Azərbaycan kəndlisindən, ağır dərdlə üz-üzə qalmış qürurlu bir xanımdan. O xanımdan ki, onun dərdindən daha acısı olmur bu fani dünyada. Onun oğlu gedib. Həmişəlik. Müharibəyə. Daha doğrusu, müharibə onu aparıb. Nabat şəhid anasıdır... Oğlunun tək bir şəkli var idi, o da yoxa çıxıb. İtib qarışıqlıqda. Kimsə götürüb, qaytarmayıb. Axı sənə kim demişdi onun şəklini divardan çıxar ki, axırı da belə olsun... Axı onun bundan başqa şəkli yox idi... Filmin ilk dəqiqələrindən tamaşaçı insani dəyərlərin, hisslərin əsarətinə düşür. Daha doğrusu, insanlıqdan daha üstün dəyərlərin. 

Günə iki qab süd satırdı Nabat. Çörəyi bundan çıxırdı. Daha doğrusu, əvvəllər belə idi. İndi kimə satacaqdı ki? Artıq kənddə heç kim yox idi... Qaynamış südün içinə bayat çörək qırıqlarını doğrayıb xəstəlikdən əldən düşmüş ərinə yedirirdi. O isə çörək boğazına tıxansa da, xanımının xətrinə dəyməmək üçün yeyirdi. Sonra o, yuyunmaq istədi. Görünür, səhərə yaxın əbədiyyətə qovuşacağı ürəyinə dammışdı və dünyadan pak getmək istəyirdi. Lakin Nabat onun kəndi tərk etmək xahişini yerinə yetirmədi, daha doğrusu, buna gücü çatmadı. O, kənddə tək qaldı, səma ilə baş-başa... Dünya hələ belə tənhalıq görməmişdi. 

Budur o, leysan yağışın suları altında, sanki bir anda kiminsə səhlənkarlığından məhv olmuş xoşbəxt həyatının xatirələrinin işığında ərinə qəbir qazır. Artıq onun səhəri də həyatı kimi qaranlıq olacaqdı... 

İndi o təkdir. Bütün kənddə ondan başqa heç kim yoxdur. Bir inəyi var idi, o da itib. Ha axtarır, hey çağırır, fayda vermir... 

Həmin gecə lap yaxınlıqda qurd ulayırdı. Sən demə, gecənin boşluğunu da kadrda vermək mümkün imiş. Dumanlı bir boşluqda ağlamaqdan qızarmış gözlər ətrafa boylanır... Adamı vahimə basır. Axı bu artıq, ölü bir kənddir. Hər yan boşluqdur və bu boşluq hər tərəfdən sənin üstünə gəlir. Bu boşluğun özü də filmin bir qəhrəmanıdır... Sükutu pozan qapının cırıltısı, sanki nəsə demək, nədənsə xəbər vermək istəyir. Bu zaman o, qərar verir: bütün kəndin çıraqlarını yandırmaq lazımdır və boş qalmış evlərdə çıraqları bir-bir alışdırır. Çıraqlarımız sönməməlidir. Bu, doğru deyil... 

Bir evin pəncərəsindən qlobus görünür. Kənd ziyalısının evidir. Nabat evə baxıb ah çəkir, lakin dünya onun ahını hələ ki, eşitmir. Daha doğrusu, hələ də. Dünya kardır. Özü də görünür, əbədi... Bu isə emalatxanadır, yerli fotoqrafın emalatxanası. Böyük, kiçik, aydın və solğun, əzilmiş, yanmış və salamat şəkillərlə doludur bura. Onlar kimlərinsə həyatının əksidir. O isə bir qalaq şəklin içində öz həyatının bir parçasının, oğlunun yeganə şəklini axtarır. Həmin o şəkli ki, qəlbinin dərinliklərində qorusa da, müharibədən qoruya bilməmişdi...

O elə hey çıraq yandırırdı. Axı insan tək yaşaya bilməz. Yaşamamalıdır da. Çıraqlar yanaraq qaranlıqda evləri işıqlandırır. Sanki heç kim heç yana getməyib, hamı buradadır. Tənha qadın isə öz evinin pəncərəsindən işığı gələn evlərə baxır. Lap müharibədən əvvəlki xoşbəxt günlərdə olduğu kimi. Düşmən isə pəncərələrdə işıqların yandığını görüb, kəndin sağ qaldığını düşünürdü! 

 

Onun yandırdığı çıraqlar...

"Ruhən güclü, çətinliyə sinə gərə bilən insan mövzusu mənim üçün daha maraqlıdır. Vəziyyətə təsir etmək, özü də müsbət  təsir etməkdən yaxşı nə ola bilər həyatda?! O, bütün kənddə tək qalaraq, onu öz nəfəsi ilə isitdi. Düz, 40 gün...", - deyə filmin rejissoru Elçin Musaoğlu bildirib. 

Ümumiyyətlə, "Nabat" filmi haradasa sənədli əsərdir və bu da təsadüfi deyil. E. Musaoğlunun özü sənədli film rejissorudur. Onun sənədli film yaradıcılığı hələ Oberhauzen beynəlxalq kinofestivalında uğur qazanmış qısametrajlı "Şüşə oyuncaqlar" filmindən başlayıb. Bu film internatda yaşayan lal-kar uşaqlardan bəhs edir. Burada da bir boşluq, karlıq, heç kimin eşitmədiyi bir haray, heç kimin keçə bilmədiyi göylərə ucalan bir sədd var. Elçin üçün Qarabağ mövzusu yeni deyil. O, bu mövzuya artıq bir dəfə birbaşa olmasa da yaxınlaşıb. Bu yerdə onun Qarabağdan köçkün düşmüş uşaqlara həsr olunan "Qamış şəhərin yuxuları" filmi yada düşür... 

Elə ilk işlərindən başlayaraq, onun filmləri potensial tanınma baxımından çox ümidverici idi. Bu işlərdə olan gizli daxili psixologizm böyük kinoda özünü tam büruzə verdi. Söhbət 5 il bundan əvvəl çəkilmiş, 40-dan çox beynəlxalq festivala dəvət almış və müxtəlif nominasiyalarda 11 mükafat qazanmış "40-cı qapı" filmindən gedir.

 

İtirilən ruhun dirçəlişi

"Nabat" E. Musaoğlunun bu qəbildən olan ikinci işidir. Burada bugünkü kinoda görməyə alışdığımız heç nə baş vermir. Süjet hətta varsa da, bir qədər astagəldir. Mətn çox azdır. Elə hərəkətlər də: o, sadəcə dağın başındakı evinə gedib, geri qayıdır... İrəli-geri var-gəl edir, vəssalam! Lakin onun ayaqları altındakı cığıra bir ömürboyu baxmaq olar. Hər şeydə bir rəmzilik var, bu rəmzlər az danışır, lakin hər şeyi aydın göstərir.

Filmdə yataq səhnələri, maliyyə fırıldaqları və mütləq cismani dirçəliş yoxdur. Bu deyilmiş, sən demə, insanı ekran qarşısında saxlayan. Burada qəhrəmanın ruhu dirçəlir. Beləliklə, iki saat bir göz qırpımında keçir. Sanki ən yüksək nöqtədə donub-qalırsan və oradan dünya tamam başqa görünür. Müharibə haqqında filmi bax, belə çəkmək lazımdır - monoqəhrəman və sükut. Bir də bu sükutu pozan mərmi partlayışları.

Filmin mistik ruhu isə həyatın özündən qaynaqlanır. Qəribə və bəzən izahı olmayan anların üzərində baş sındırmağa dəyməz. Elə çəkiliş prosesini mistik hadisələr müşayiət edib. Məsələn, rejissor deyir ki, adətən, sentyabrın sonlarından qar altında qalan kənddə (Lahıcdan 7 km yuxarı) çəkiliş qrupu düz, dekabrın sonunadək qar gözləməli olub. Filmin daha bir qəhrəmanı dumandır və sənədli kinodan gəlmiş       E. Musaoğlu burada  öz ənənəsinə sadiqdir - filmi film edən elə onun detallarıdır! Boş süd qabları, inəyin qurumuş yelini, küləyin aşırdığı vedrə, sahibinin üzünə həsrət qalmış evin masası üzərindəki dişlənmiş yumurta... Hətta paltar ipindəki sancaqlardan asılmış damcılar da atılmış yerlərin göz yaşlarını xatırladır. Filmin başqa, bəlkə də baş qəhrəmanı isə çıraqdır. Xeyirxahlıq kimi. O  xeyirxahlıq ki, qadına qurda güllə atmağa imkan vermir, çünki qadın onun yanında yenicə doğulmuş balalarını görür. Elə həmin xeyirxahlığı sayəsində qadın canavara taxta uzadaraq onun dərədən çıxmasına kömək  edir. Həmin o canavara ki, onun son ümid yeri olan inəyini yemişdi... 

Baxış zamanı adamın bir çox şeyə yanaşması dəyişir. Məsələn, düşünürsən ki, bir belə filmlə onilliklərlə sürən danışıqlardan daha çox şeyə nail olmaq mümkündür. Film, insanın öz səsini çatdırmaq vasitəsidir. Çünki burada kadrlar haray salır. Axı həqiqət bu qədər aydın olduğu halda, hansı danışıqlardan söhbət gedə bilər?!  Nəyi aydınlaşdırmaq, nəyi sübut etmək lazımdır?! Məgər aydın deyil ki, başqasının torpağını zəbt edib, insanları yurd-yuvalarından qovmaq, onları qırmaq olmaz?! 

Ömrünə son qar düşənədək ümidini itirməyən anaya bu iztirabları yaşatmaq hansı ikili, üçlü standarta sığır?! 

 

Aktrisa

Müəllifin bu düşüncələrini həyata keçirə biləcək aktrisa tələb olunurdu və rejissor onu Tehranda tapdı. Fatimə Motamed Arya teatr və kinoda yaratdığı obrazlarla təkcə öz vətənində tanınmır. Onu demək kifayətdir ki, xoşməramlı səfir və ənənəvi Kann kinofestivalının münsiflərindən olan aktrisa həm də Brext teatrında oynayır. "Nabat" filminə gəldikdə isə, burada aktrisanın ruh halı onun canlandıracağı qəhrəmanın ruh halı ilə tam üst-üstə düşməli idi və qeyd etmək lazımdır ki, onda bu alındı. Fatimə Motamed Aryanın bu filmdə yaratdığı qəhrəmanın dərdinə şərik olmamaq mümkün deyil. Bu obrazı canlandırmaq üçün aktyor peşəkarlığı ilə yanaşı, yaxşı fiziki hazırlıq da tələb olunurdu. Axı qəhrəman bütün filmboyu ora-bura gəzməli idi. Fatimə xanım bu işdə əziyyət çəkmədi, çünki həyatda piyada gəzməyi xoşlayır. 

Yeri gəlmişkən, məxsusi olaraq çəkilişlər üçün o, Azərbaycan dilini də öyrənib. Son səhnə isə ümumiyyətlə çətinliklə ərsəyə gəlib. Aktrisadan 3 dəqiqə 20 saniyə ərzində nəfəs almamaq tələb olunurdu. Özü də birdəfəyə. Bunun üçün rejissor nə az- nə çox, düz 19 dubl çəkməli olub. "Sən faşistsən!" - deyə aktrisa E. Musaoğluna sataşırdı. Lakin filmin çəkilişləri zamanı çətinliklər bununla bitməyib. Məsələn, dişi canavar tapmaq üçün rejissor Qazaxıstana yollanmalı olub. 

Daha bir vacib məqam isə gözəl yerinə yetirilmiş operator işidir. Yalnız bir kadra nəzər salmaq kifayətdir: günün qürub çağında ağır yüklənmiş arabanı ikiqat olub dartan qadının yorğun silueti çox şeyə dəyər. Sanki karandaşla çəkilib, göyün üzündə qrafikanı xatırladır dünyanı qəmə qərq edən qürub. 

Filmboyu belə tapıntılar az deyil. İnsan təsəvvürünü heyrətə gətirən kamera həssaslığı... 

Janra gəldikdə isə, burada hər şey qeyri-müəyyənliklə yuyulub. Film, əslində, reallıqdan bəhs edən pritçanı, özü də keçmişi deyil, indiki zamanı əks etdirən pritçanı xatırladır. Bir sözlə, sənədli natural realizmdir...

 

Ümid abidəsi

Bu gün insanlararası dialoqun açarı itirilib. Buna əmin olmaq üçün gündəlik xəbərlərin anonslarını izləmək kifayətdir. Belə bir vaxtda Azərbaycan kinematoqrafçılarının bu filmi çox yerinə düşüb. Bunun üçün çox şey tələb olunmurdu: sadəcə, bir insanın acısını hər kəsin acısına çevirmək. Dinindən və dərisinin rəngindən asılı olmayaraq, hər kəsin acısına. İstər ərəb ol, istər ukraynalı və ya azərbaycanlı. Heç kimin övladı düşmən gülləsinə tuş gəlməməlidir.

...Filmin qəhrəmanı bir yuxu görür. Eyni yuxunu... Ana yuxuda öz oğlunu görür. Budur, o, çayda atını suvarır və dönüb anasına gülümsəyir. Bu kadrda isə qadın yaraşıqlı oğlunun getdiyi qapıya boylanır. Qara çərçivədə onun uzaqlaşan kürəyi görünür... Bu, bir insan ömrüdür - beşikdən-qəbirə qədər...

İndi həmin beşik evlərin birindədir. O, boş qalıb və açıq pəncərə çərçivəsindən əsən küləyin təsiri altında paslanmış mismarların üzərində yellənir. Ölüm isə Nabatın getdiyi cığırın hər döngəsindədir... O, evdən-evə gəzir, donmuş barmaqları ilə islanmış kibriti birtəhər alışdırıb, çıraqları yandırır... Bununla tənha qadın müharibəyə sinə gərir... Hərçənd, burada qəribə nə var ki? Ocağı qadın deyil, bəs kim qorumalıdır?! Rejissor əmindir ki, faciəni zərrə-zərrə bərpa etmək lazımdır və sonda bu zərrələrdən monumental bir əsər meydana gələcək. Bütün bunları bu dramdan xəbəri olmayan və ya qonşularımızın saxtalaşdırılmış təqdimatında ordan-burdan nəsə eşidən insanlara çatdırmaq çox vacibdir. Hərçənd film onlardan, daha doğrusu, yalnız onlardan bəhs etmir. Söhbət qlobal və üzücü şərdən gedir. Rejissor da məhz bunu göstərməyə müvəffəq olub. 

Onun üçün ikinci dərəcəli heç nə yoxdur. Filmin qəhrəmanının Nabat adlandırılmasından tutmuş, bir çox "yenilik"lərə qədər. Məsələn, Nabat sözü başqa dillərdə "təbil" anlamına gəlir. Elə filmin ilk dəqiqələrindən başlayaraq, kadrarxası sükutdan adamın qulağına Müslüm Maqomayevin "Buhenvald nabatı"nın (təbili) sədaları, onun "Dünyanı qoruyun!", "Bir dəqiqəlik qalxın, ey insanlar!" çağırışları gəlir. Kinolentin daha bir üstünlüyü odur ki, iki saat ərzində bir dəfə də olsun Qarabağ sözü işlənmir, çünki şərin regional ölçüləri yoxdur.

Və əlbəttə ki, Atəşə pərəstiş... Artilleriya atəşinə yox, dinc atəşə, həmin o çırağa. Atəşgah... Atəşkəs... Gündüz-gecə-gündüz... Həyatımız da elə bundan ibarətdir.

Gün gecədən doğur, çünki Günəş hər zaman Ölümdən Doğuşa doğru gedir. Hər zülmət gecənin bir işıqlı sabahı olur... Həmin bədnam 40-cı gün isə hər şey tam başqa cür idi... Doğma ocağını tərk etməyən tənha qadın evinin yanındakı oturacaqda qarın içində donub-qalmışdı. Bu, onun Ümid abidəsidir. Dondurulmuş münaqişə kimi... Elə tamaşaçılar da donub-qalmışdılar və alqış sədaları dərhal eşidilmədi. Ümumiyyətlə, həmin an alqışlar, hətta artıq görünürdü. Bir dəqiqəlik sükut daha yerinə düşərdi. Sən demə, belə də olurmuş... Premyera-rekviyem... Bu, film-fəryadda  sakit və səs-küylü, anlaşılmaz bir sinxronluq idi. Bu, müasir serial "dramatizmi"nin bulanıq axınındakı həqiqət anı idi.



MƏSLƏHƏT GÖR:

765