24 Noyabr 2024

Bazar, 20:35

SIFIR TULLANTI

bp və SOCAR Azərbaycanda karbohidrogenlərin hasilatı və daşınmasında ekoloji təhlükəsizliyi sərtləşdirir

Müəllif:

16.09.2014

ABŞ-ın Yeni Orlean (Luiziana ştatı) şəhərinin federal məhkəməsi Meksika körfəzində neftin dağılmasının dördillik tarixinə yekun vurub. Məhkəmə qərar çıxarıb ki, 2010-cu ildə qəza bp-nin kobud etinasızlığı nəticəsində baş verib və buna görə əsas məsuliyyəti şirkət daşıyır. Məhkəmənin qərarı bp-ni əlavə cərimələr qarşısında qoyur. Xatırladaq ki, platformada partlayış 11 nəfərin ölümünə və daha iki nəfərin isə itkin düşməsinə gətirib çıxarmışdı. Partlayışdan hissələrə parçalanan quyunu qəzadan ancaq 152 gün ötəndən sonra yenidən betonlamaq mümkün olub. Quyunun qarşısı alınana qədər oradan Meksika körfəzinə, təxminən, 5 mln. barrel neft axıb. 

Bu məsələ ilə bağlı məhkəmənin qərarının ədalətli olması nə qədər mübahisə doğursa da, təəssüf ki, bu artıq nə həlak olanları qaytarmağa, nə də regionda olduqca uzun müddətə pozulmuş ekoloji balansı bərpa etməyə imkan verəcək. 

Baş verənlərin neft hasilatıyla məşğul olan ölkələr və şirkətlər üçün əsas dərsi isə yerin altından karbohidrogenlərin çıxarılmasına dair işlərin aparılmasında təhlükəsizlik  səviyyəsinin yüksəldilməsindən ibarət oldu. Etiraf etmək lazımdır ki, neft və qaz hasilatı üzrə iri layihələrin operatoru olmaqla, bp şirkəti hər zaman məhz ekoloji akspetlərə böyük diqqət ayırırdı. "Xəzər Şelfi" konfransında "bp-Azerbaijan" şirkətinin Ətraf Mühit Departamentinin baş mütəxəssisi Amrita de Souzanın  dediyi kimi,  şirkət 2004-2014-cü illər ərzində Azərbaycanda ətraf mühitin 116 monitorinq tədqiqatını aparıb.

"Monitorinqlər təkcə platformalarda deyil, həm də boru kəmərləri boyunca, Səngəçal terminalında da həyata keçirilir. Bu da bizə işlərin bütün mərhələlərində ekoloji təhlükəsizliyin tələblərinə uyğunluğunun səviyyəsini müəyyən etmək, ətraf mühitə təsir dərəcəsini, onun trayektoriyasını qiymətləndirməyə yardım  edir. Bununla da mümkün pozulmalara daha tez reaksiya verməyimizə şərait yaradır", - deyə A. de Souza qeyd edib. Onun sözlərinə görə, 92 ekoloji monitorinq dənizdə, 38-i quruda, 24-ü isə sahilboyu zonada aparılıb.

Eyni zamanda bp istər yerli, istərsə də əcnəbi mütəxəssislərin cəlb edilməsi ilə tədqiqatlar aparır, bütün analizlər yerli laboratoriyalarda keçirilir. Şirkət bp-nin Meksika körfəzində idarə etdiyi platformada baş verən hadisəyə bənzər fövqəladə halların qarşısının alınması üzrə iş aparır. Belə ki, bp-nin nümayəndəsinin sözlərinə görə, bu yaxınlarda Azərbaycanın bütün həssas nöqtələrində, xüsusilə "bp-Azerbaijan"ın reallaşdırdığı layihələr çərçivəsində boru kəmərlərinin keçdiyi yerlərdə ətraf və sosial mühitin qiymətləndirilməsini nəzərdə tutan böyük layihənin həyata keçirilməsi başa çatdırılıb. A. Souzanın qeyd etdiyi kimi, bu iş neft dağılmalarının qarşısını almaq məqsədilə həyata keçirilib. Şirkət işlərin nəticələrini Fövqəladə Hallar Nazirliyi və SOCAR-a (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) təqdim edib. Məqsəd fövqəladə hallar zamanı kollektiv reaksiya vermə və neftin dağılma mənbələrinin sürətli şəkildə aradan qaldırmaqdan ibarətdir.

Bundan öncə bp şirkətinin nümayəndəsi Faiq Əsgərov qeyd etmişdi ki, Meksika körfəzindəki yataqda məlum iri qəzadan sonra, Britaniyanın neft nəhəngi iştirak etdiyi bütün layihələrdə ekoloji tələbləri sərtləşdirib. "Azərbaycanda son dərəcə əlverişli vəziyyətdir. Bu vaxta qədər ətraf mühitə vurulmuş heç bir ciddi ziyan qeydə alınmayıb", - deyə F. Əsgərov bildirib. O, qeyd edib ki, hasilat meydanlarında mütəmadi şəkildə müvafiq testlər, ekoloji vəziyyətin qiymətləndirilməsi həyata keçirilir, ISO14001 standartı əsasında sertifikatlaşdırma aparılıb, ətraf mühitə mümkün zərərlərin qarşısının alınması üçün yüksək texnologiyalardan istifadə olunur. Bununla bərabər,  A. Souza Azərbaycanda ekoloji təhlükəsizliyin təmin olunmasına dair şirkətin fəaliyyətinin daha bir aspektini vurğulayıb. Onun sözlərinə görə, hazırda "bp-Azerbaijan"ın idarə etdiyi neft platformalarında məşəllərdə hasil edilən səmt qazının ümumi həcminin 2%-i yandırılır. "Bu, standart normalardan kifayət qədər aşağıdır və təhlükəsizlik məqsədi ilə həyata keçirilir. Bəzən səmt qazının müəyyən həcmini məşəldə yandırmaq onun utilizasiyasından daha təhlükəsizdir", - deyə A.Souza qeyd edib.

SOCAR-ın Ekologiya İdarəsinin baş mühəndisi Yaqub Ağasıyevin fikrincə, Dövlət Neft Şirkəti "0 tullantı" proqramı çərçivəsində yataqlarda səmt qazı tullantılarının həcmini minimuma endirilməsi üzrə fəal işlər görür. Aşağı təzyiqli səmt qazının atmosferə tullantılarının həcminin azaldılması üçün yataqlarda, habelə dənizdə zəruri kompressor gücləri yaradılıb. Yeni güclər səmt qazının tutulmasını və onun quruya,  sonra isə ölkənin ümumi qazpaylayıcı şəbəkəsinə ötürülməsini təmin edir.  Y. Ağasıyev "Neft Daşları" yatağında və "Günəşli" yatağının dayaz hissəsində kompressor güclərinin tikintisi sahəsində aparılan işləri qeyd edib: "Səmt  qazlarının yığılması məsələsi kifayət qədər öz həllini tapıb. Pratiki olaraq bu göstəricini sıfıra endirmək mümkün deyil, amma biz bu göstəriciyə yaxınlaşırıq". 

SOCAR 2015-ci ilə qədər aşağı təzyiqli səmt qazlarının atmosferə tullantılarının həcmini sıfıra endirməyi planlaşdırır. Şirkətdəki mənbənin verdiyi məlumata görə,  ölkədə səmt qazı tullantılarının həcmi 1 -1,5% səviyyəsindədir. Həmin həcm əsasən quru yataqların payına düşür. Tullantıların kiçik həcmi onların tutma prosesini çətinləşdirir. "Bundan savayı, tutma prosesinin özü olduqca bahalıdır", - deyə mənbə iddia edir.

Qeyd etmək lazımdır ki, iki iri şirkət - SOCAR və bp - bu gün karbohidrogenlərin hasilatı və nəqlinə dair işləri aparmaqla, ətraf mühitin təhlükəsizliyinin təmin edilməsi sahəsində uğurla əməkdaşlıq edirlər. Belə ki, Britaniya neft nəhəngi sərmayələrinin bir hissəsini Bakının Qaradağ rayonunda neft tullantılarının idarə olunması Mərkəzinə yatırır. Bu mərkəz buruq şlamının utilizasiyasını həyata keçirəcək. "Layihə üzrə iş gedir, avadanlığın alınması və quraşdırılması həyata keçirilir", - deyə Y. Ağasıyev bildirib. Ümumilikdə, bu layihə 60-70 mln. manat həcmində qiymətləndirilir. Bir sözlə, Meksika körfəzinin verdiyi dərsdən neft şirkətləri tamamilə nəticə çıxarıblar. Və artıq dəqiq aydın olub ki, mümkün ekoloji fəlakətlərin əvvəlcədən qarşısının alınması təkcə mənəvi və fiziki olaraq yaxşı deyil, həm də onların aradan qaldırılmasına çəkilən xərclər və cərimələrdən qat-qat ucuzdur.



MƏSLƏHƏT GÖR:

696