Müəllif: Fuad HÜSEYNƏLİYEV Bakı
"Qış yaxındadır". Populyar "Taxt-taclar oyunu" serialındakı Starklar ailəsinin bu şüarı Ukrayna-Rusiya münasibətlərində böhranın dərinləşməsi fonunda Avropanın Rusiya qazının idxalı ilə bağlı narahatlıqlarını tam xarakterizə edir.
Ukrayna özü artıq bir neçə ay əvvəl qiyməti baha olduğu üçün Rusiya qazından imtina edib. Min kubmetri 485 dollar olan Rusiya qazından imtina etmiş Kiyev bunun əvəzində Avropanın bir sıra ölkələrindən - Polşa, Slovakiya, Macarıstan - qaz idxalı məsələsini həll edib, eyni zamanda, Rusiyanın qiymət məsələsində Kiyevə qarşı ayrı-seçkilik etməsilə bağlı Stokholm Arbitraj Məhkəməsində iddia qaldırıb. Rusiya vergi rüsumunun ləğvi şəklində qiymətdə 100 dollar endirim təklif etsə də, Ukrayna tərəfi bununla razılaşmır. Kiyevdə hesab edirlər ki, 2009-cu ildən qüvvədə olan və bu cür yüksək qiymətlə qaz satışını nəzərdə tutan 10 illik razılaşma yenidən bağlanmalıdır. Bu məsələdə Kiyevin mövqeyini başa düşmək olar - Rusiya artıq özünün Qara dəniz donanması üçün Sevastopol bazasının icarəyə verilməsi qarşılığında 100 dollarlıq endirim edib. 2013-cü ilin sonlarında isə qiyməti 260 dollaradək azaldıb. Amma bu, güzəştli qiymətə rübdə bir dəfə yenidən baxılması şərti ilə edilib. Lakin sonradan Krımın Rusiyaya birləşdirilməsi ilə Sevastopol avtomatik olaraq Rusiyanın regionlarından birinə çevrilib və Moskva Kiyev üçün etdiyi endirimlərin hamısını aradan qaldırıb. Beləliklə, Ukraynaya satılan qazın min kubmetrinin qiyməti yenidən 485 dollara yüksəlib. Belə olan təqdirdə, Kiyev qazın qiymətinin Rusiya hökumətinin ayrı-ayrı qərarlarından asılı olmaması üçün onun sənədlərlə, uzun müddətə təsdiqlənməsini istəyir.
Bütün bunlarla yanaşı, Ukraynanın Rusiya qazı olmadan, enerjiyə qənaət və kömür istismarını artırmaqla yaşadığı bir vaxtda, qışın gəlişi bu məsələni aktuallışdırır. Ukraynada təhsil alan azərbaycanlı tələbələrin "R+"a bildirdiklərinə görə, bu tədris ilində ölkənin ali məktəblərində qış tətilinin ənənəvi 1-2 həftədən düz 2 aya - yanvar və fevral - uzadılacağı güman edilir. Səbəb ölkədə qaz təchizatı ilə bağlı yarana biləcək problemlərdir.
Bundan başqa, qışda Avropanın da başı öz tələbatını ödəməyə qarışacağından Ukrayna avropalıları o qədər də maraqlandırmayacaq. Hər halda, Rusiyadan Avropaya qaz ixracının 50%-nin Ukraynanın qaz nəqli şəbəkəsi ilə həyata keçirildiyi heç kəsə sirr deyil. Kiyevlə Moskvanın münasibətlərində gərginliyin artması ilə Avropaya qaz ixracı tamamilə dayandırıla bilər. Hər halda, yaxın keçmişdə bu hal artıq baş verib. Brüssel isə hələ də nəinki fasiləsiz qaz təchizatına zəmanət almağa, hətta Kiyevlə Moskvanı danışıqlar masası arxasına əyləşdirməyə belə, nail ola bilmir.
Avropa "Qazprom"un inhisarından yaxa qurtarmağa nə qədər can atsa da, yaxın illərdə buna nail ola bilməyəcək. Nüfuzlu "Fitch Ratings" reytinq agentliyinin hesabatında Avropanın, ən azı, növbəti 10 ildə Rusiyadan qaz asılılığını azalda bilməyəcəyi deyilir. Bununla yanaşı, asılılığın daha uzun çəkə biləcəyi də proqnozlaşdırılır. Avropanın enerji təhlükəsizliyini Rusiyadan asılılığın azaldılması yolu ilə gücləndirə bilməsi üçün ya "mavi yanacaq"a olan ümumi tələbat azaldılmalı, ya alternativ mənbələrdən idxal ciddi şəkildə artırılmalılır. "Fitch Ratings" analitikləri isə bu variantların baş tutma ehtimalının çox az olduğu qənaətindədirlər.
Bununla yanaşı, Avropa iqtisadiyyatının dirçəlişi ilə enerji daşıyıcılarına təlabat da artacaq.
"Fitch" 2020-ci ilin ortalarınadək Avropada təbii qaza tələbatın artımının cüzi olacağını proqnozlaşdırır. Ondan sonra isə tələbat sürətlə arta bilər. Çünki artıq qazla işləyən elektrik stansiyaları köhnə, kömürlə işləyən stansiyaları və atom stansiyalarını əvəzləməyə başlayacaq. Amma kömürlə işləyən elektrik stansiyalarına və atom enerjisinə üstünlük verilərsə belə, enerji təhlükəsizliyinin təmininə bunun təsiri az olacaq. Çünki Aİ-nin daş kömürə olan tələbatının da 26%-i Rusiya tərəfindən ödənilir. Üstəlik, Rusiya bir neçə ölkədə fəaliyyət göstərən atom stansiyaları üçün yeganə enerji tədarükçüsüdür.
"Fitch" analitikləri Avropada şist qazı hasilatının kifayət qədər inkişaf etmədiyini, bunun üçün, ən azı, 10 il vaxtın lazım olduğunu düşünürlər. O zaman şist qazı güman ki, sadəcə regionun ənənəvi qaz yataqlarından hasilatın azalmasını kompensasiya edəcək.
"Digər bazarlardan boru xətti ilə qaz idxalında da güman ki, məhdudiyyətlər olacaq. Hesab edirik, Transanadolu qaz kəməri Rusiyadan yan keçən yeganə perspektivli layihədir. O, 2026-cı ildən başlayaraq, 31 milyard kubmetr qazın nəqlini reallaşdıra bilər. Amma bu, qeyd olunan dövrdə artacağı gözlənilən tələbatı ödəmək üçün kifayət deyil. Rusiyadan qaz tədarükünün hər hansı formada əvəzlənməsi haqda isə danışmağa belə dəyməz", - deyə "Fitch Ratings" agentliyinin açıqlamasında bildirilir.
Üçüncü alternativ mayeləşdirilmiş təbii qazdır (MTQ). "Fitch"in proqnozuna görə, 2017-ci ilin sonlarına dünyada MTQ istehsalının həcmi ildə, təxminən, 70 milyard kubmetr artacaq. Amma bu istehsalçıların əksəriyyəti təchizatla bağlı uzunmüddətli müqavilələrdən asılı vəziyyətdə olacaqlar. Güman ki, dünyada azad MTQ istehsalçıları o qədər də çox olmayacaq və onlar yalnız onlarca milyard kubmetr MTQ istehsal edə biləcəklər.
"Fitch Ratings" analitiklərinin bu fikri ilə razılaşmamaq çətindir. Avropaya potensial qaz ixracatçıları arasında İranı, İraqı, Türkmənistanı və ABŞ-ı göstərmək olar. Lakin bu regionlardan qaz tədarükü ilə bağlı, demək olar ki, bütün mümkün layihələr ya siyasi məsələlər, ya da qiymət amili üzündən problemli görünür.
Ötən həftə Bakıda keçirilən "Xəzər şelfi" konfransında Gürcüstan Milli Neft-Qaz Şirkəti rəhbərinin müşaviri Liana Jervalidzenin də dediyi kimi, İran və Türkmənistan dünyanın ən nəhəng qaz ehtiyatına malik ölkələri sırasındadırlar - müvafiq olaraq, 33 və 17 trilyon kubmetr.
Amma İran artıq illərdir ki, Qərbin sərt sanksiyaları ilə yaşayır. Tehranın nüvə proqramı ilə əlaqədar tətbiq edilmiş bu sanksiyaların bir hissəsi hələ də qüvvədədir. İndi, hətta bu sanksiyaların aradan qaldırılması belə, İran qazının tezliklə Avropa bazarlarına çıxarılmasına yardım etməyəcək. Çünki bunun üçün hasilat və nəql sahəsinə külli miqdarda investisiyalar yatırılmalıdır. Doğrudur, nəql məsələsində Azərbaycan qazının Avropaya daşınması layihəsi çərçivəsində yaradılmış Cənub qaz dəhlizi sistemi (Trans-Anadolu və Trans-Adriatik boru kəmərləri) işə yaraya bilər.
Türkmənistana gəlincə, L.Jervalidzenin sözlərinə görə, bu ölkə artıq indi Avropa bazarlarına 30 milyard kubmetrədək qaz ixrac etməyə hazırdır. Türkmənistan əsas qaz yataqlarının yerləşdiyi şərq regionlarından qərbə, Xəzər sahilinə doğru boru xətti çəkir. Amma prosesin davamı Trans-Xəzər qaz kəmərinin inşasına və Aşqabadın qazı öz sərhədlərində satmaq istəyinə "ilişir". Çünki Xəzərin şərq sahillərində bu qazı kimin almalı olduğu aydın deyil - Azərbaycan, Türkiyə, yoxsa enerji mənbələrinin şaxələndirilməsində maraqlı olan Avropa ölkələri?
İraq qazına gəlincə, onun Aİ-yə nəqlinə bu ölkədəki siyasi qeyri-sabitlik, İraqın kürd muxtariyyətinin fəaliyyətini Bağdadla razılaşdırmaması mane olur. Orada kürd muxtariyyəti ilə mərkəzi hökumət arasında səlahiyyət, karbohidrogen resurslarının ixracından əldə olunan gəlirin bölünməsi məsələsində fikir ayrılıqları davam edir.
ABŞ-dan nəql olunacaq şist qazı isə Jervalidzenin fikrincə, çox baha başa gələcək. O, quyunun ağzında xeyli ucuz olsa da, istehlak bazarına çox başa gəlib çıxacaq. Çünki qazın mayeləşdirilməsi-durulaşdırılması üçün terminalların, qaz tankerlərinin yaradılması külli miqdarda investisiya tələb edir. Bu baxımdan, ABŞ-ın şist qazının qiyməti Avropanın "mavi yanacaq"ı ilə bağlı rəqabət aparması çox çətin olacaq.
Bütün bunları nəzərə alsaq, hazırkı mərhələdə Avropaya enerji nəqlinin şaxələndirilməsində ən real mənbə Azərbaycandır. O, İtaliyayadək uzanan qaz nəqli infrastrukturunun mövcudluğu ilə yanaşı, "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsinə də başlayıb. Bununla yanaşı, istehlak həcminin sabit olaraq artması, dayanıqlı qiymətin olması baxımından Avropa bazarı Azərbaycan üçün daha cəlbedicidir.
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin eksperti Gülmirə Rzayevanın fikrincə, Avropa bazarı müxtəlif boru xətti interkonnektorlarına çıxış deməkdir və bu, qazın bir çox bazarlara ixracına imkan verir. "Bu mənada İtaliya digər ölkələrlə sərfəli kəsişmədir. Orada İsveçrə, Almaniya kimi ölkələrə tranzit boru kəmərləri ya mövcuddur, ya da tikilir. Bu, Avstriya və Fransaya da çıxış imkanı verir. Azərbaycan qazının Avropanın digər ölkələrinə ixracını təmin etmək üçün yeganə görülməli olan iş İtaliyanın cənubundan şimalına əks axının təminidir. Bu məqsədlə Avropa Komissiyası 150 milyon avro ayırmağa hazırdır. Bütün bunları nəzərə alan İtaliya cənub qaz xabı strategiyasını hazırlayır və bu strategiyada Azərbaycan qazının öz payı olacaq", - deyə o, qeyd edib.
G.Rzayeva hesab edir ki, Rusiya qazının Avropaya nəqlinin sabitliyi ilə bağlı yaranmış narahatlıqlar Azərbaycan üçün böyük potensial açır. Məsələn, Balkan ölkələri bir mənbədən asılı olmaq istəmirlər və artıq 2015-ci ildən Azərbaycandan qaz almağa hazırdırlar. "Şahdəniz" yatağındakı qaz ehtiyatının həcmi Avropa bazarı üçün o qədər böyük olmasa da, bu, son 10 ildə əlavə mənbədən ilk qaz alışı olacaq. Bununla yanaşı, Azərbaycan qazı Balkan və Cənubi Avropa bazarlarına istiqamətlənib. Bu regionlarda qaza tələbat o qədər də böyük deyil və onlar hələ də yalnız bir mənbədən "mavi yanacaq" alırlar.
Məsələn, bu yaxınlarda Makedoniya baş nazirinin müavini Zoran Stavreski ölkəsinin TAP layihəsindhə iştirakda maraqlı olduğunu bildirib.
G.Rzayevanın fikrincə, TAP layihəsinin reallaşdırılması Yunanıstan və İtaliya iqtisadiyyatına ciddi təsir göstərəcək, eyni zamanda böhrandan ən çox zərər görmüş bu ölkələrdə yeni iş yerlərinin açılması ilə nəticələnəcək: "Gələcəkdə Cənub Qaz Dəhlizi Avropaya İraq qazının, İsravil şelfində aparılan işlərin fonunda Yaxın Şərq qazının, uzaq perspektivdə isə İran qazının nəqli üçün imkanlar açacaq".
Bununla yanaşı, artıq indidən söyləmək olar ki, Azərbaycanın qaz resursları "Şahdəniz" yatağı ilə məhtudlaşmır.
"Xəzər şelfi" konfransındakı çıxışında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib ki, son illərdə "Şahdəniz", "Abşeron", "Ümid" və bir sıra digər yataqların aşkarlanması sayəsində ölkənin qaz ehtiyatının həcmi 2,5-3 trilyon kubmetrə çatıb: "Perspektiv strukturlar isə bizə daha böyük qaz ehtiyatları ilə bağlı proqnozlar vermək imkanı yaradır. Son illərdə dərin quyuların qazıntısı, əsasən, qaz ehtiyatlarını üzə çıxarır. Prinsipcə, karbohidrogen yataqların formalaşdırılması ilə bağlı dünya təcrübəsi və geoloji şərait dərin quyularda əsasən neft deyil, qaz ehtiyatlarının olduğunu göstərir. Odur ki, perspektiv strukturlarımızı da nəzərə alaraq, yaxın illərdə Azərbaycanın qaz ehtiyatının 6 trilyon kubmetrədək arta biləcəyini söyləmək olar".
X.Yusifzadə sentyabrın 20-də Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağının işlənməsi üzrə müqavilənin imzalanmasının 20-ci ildönümünü qeyd edəcəyini xatırladıb. O, bu müqaviləni ölkənin inkişafının əsas lokomotivi adlandırıb. Cənub Qaz Dəhlizi layihəsinin təməlqoyma mərasiminin həmin günə təyin edilməsi təsadüf deyil. Mərasim marşrutun başlandığı Səngəçal terminalında düzənlənəcək.
"Ümummilli liderimiz tərəfindən "XX əsrin müqaviləsi" adlandırılan bu müqavilə neft sənayesinin inkişafında yeni mərhələ olub. Birincisi, bu, Azərbaycanın sabit dövlət olduğunu, orada işləməyin mümkünlüyünü göstərib - bu, müqavilənin siyasi əhəmiyyəti idi. Onun iqtisadi əhəmiyyətinə gəldikdə isə, əgər biz 1997-ci ildə cəmi 9 milyon ton neft hasil edirdiksə, 2010-cu ildə bu rəqəm artıq 51 milyon ton idi. Həmin müqavilədən sonra Azərabaycanın neft resurslarının işlənməsi ilə bağlı daha 32 saziş imzalanıb və nəticədə, ölkənin yalnız neft sahəsinə 50 milyard dollardan artıq sərmayə cəlb olunub", - deyə X.Yusifzadə bildirib.
Onun sözlərinə görə, Azərbaycanda neft hasilatının perspektiv imkanları, ilk növbədə, quruda yerləşən strukturlarla bağlıdır: "İndi texnologiya ciddi şəkildə inkişaf edib və biz "Statoil", "Total", "Conoco" şirkətləri ilə birlikdə işləyəcəyik. Əvvəllər biz orada kəşfiyyat aparmışıq, 350 quyu qazmışıq, lakin heç bir nəticə əldə edə bilməmişik. İndisə müsbət nəticə olacağını düşünürük. Bundan başqa, "SOCAR Noble Oil" və "ExxonMobil" şirkətləri ilə birlikdə şist neft və qaz yataqlarının axtarışını da həyata keçirir".
Beləliklə, "Azəri-Çıraq-Günəşli" yatağının işlənməsi Azərbaycana geniş iqtisadi inkişaf imkanları verib. Bu layihənin işlənməsi çərçivəsində Azərbaycan Dövlət Neft Fonduna daxilolmalar 100 milyard dolları ötüb. Bu vəsaitlər nəinki Azərbaycanın hazırkı inkişafını təmin etmiş vacib sosial-iqtisadi layihələrin həyata keçirilməsinə imkan verib, həm də gələcək nəsillər üçün investisiyaların toplanıb-saxlanmasına şərait yaradıb. Məsələn, Dövlət Neft Fondu Londonda, Parisdə, Moskvada, Seualda elit daşınmaz əmlaklar alıb, bu strategiyanın daha da genişləndirilməsi imkanları nəzərdən keçirilir.
Azərbaycanın qapılarını xarici investorların üzünə açmış "XX əsrin müqaviləsi" hesabına ölkə Avropanın qaz bazarında da vacib oyunçuya çevrilir. Azərbaycan Prezidenti İlham Əliyevin Cənub Qaz Dəhlizinin inşası ilə birlikdə "Şahdəniz-2" layihəsinin reallaşdırılmasını XXI əsrin müqaviləsi adlandırması da təsadüf deyil.
MƏSLƏHƏT GÖR: