
XÜSUSİ STATUS
Qorşenin İnstitutunun (Ukrayna) vitse-prezidenti Viktor SOKOLOV ilə müsahibə
Müəllif: Ceyhun NƏCƏFOV Bakı
Ukrayna prezidenti Pyotr Poroşenko Donetsk və Luqansk regionlarına Ukraynanın tərkibində "xüsusi status" hüququ verən qanun layihəsini Ali Radanın müzakirəsinə təqdim edəcəyini açıqlayıb. Ukraynada prezidentin bu qərarı birmənalı qarşılanmayıb. Bəziləri sözügedən bölgələrə xüsusi statusun verilməsini sadəcə kapitulyasiya sayır, digərləri isə onu müharibədən ləyaqətlə çıxmaq imkanı hesab edir. Unitar ölkədə regiona xüsusi statusun verilməsinin nələri nəzərdə tuta biləcəyini müstəqil araşdırmaçı qurum olan Qorşenin İnstitutunun (Ukrayna) vitse-prezidenti Viktor Sokolovdanöyrənməyə çalışmışıq.
- Kiyev separatçı anklavlara hansı "xüsusi status"u təqdim etməyə hazırdır?
- Sentyabrın 5-də Minskdə münaqişə tərəfləri arasında imzalanmış barışıq sazişinin hüquqi statusu ilə bağlı bir çox şübhələr var. Orada qiyamçı regionlara xüsusi statusun verilməsi nəzərdə tutulur. Məsələ ondadır ki, bir tərəfdən protokolu Ukraynanın rəsmi nümayəndəsi imzaladığı halda, münaqişə tərəfi kimi sənədə imza atmış qarşı tərəfin kimi təmsil etdiyi aydın deyil. Birincisi, protokolda "DXR" və "LDR" anlayışlarına rast gəlinmir, ikincisi, danışıqlarda Donetski və Luqanskı təmsil edən şəxslər tez-tez dəyişir. Daha bir vacib məqam həmin sənəddə Rusiya tərəfinin, şəxsən prezident Vladimir Putinin dilə gətirdiyi bir çox arzular əks olunub. Bunlardan biri Ukraynanın federallaşdırılmasıdır. Ukraynanın desentralizasiyası haqda çoxdan danışılır və burada söhbət regionlara geniş iqtisadi azadlığın verilməsindən gedir. Rusiyanın anlayışında isə Ukraynanın federallaşdırılması bir sıra regionların Ukraynadan ayrılmasını, daha sonra Kiyevin müstəqil subyektlərlə yeni qarşılıqlı münasibətlər haqda danışıqlara başlamasını nəzərdə tutur. Sənəddə hazırda Ukrayna hökuməti tərəfindən reallaşdırılmaqda olan desentralizasiya maddəsi Rusiya ilə Ukrayna arasında kompromisin özünəməxsus formuludur. Hələlik bunun qanunvericiliklə necə reallaşdırılacağı bəlli deyil. Hökumətin bu qanunun qəbulu ilə bağlı təklifini Ukraynanın heç də bütün siyasi qüvvələri dəstəkləmir. Onun qəbulu problem yarada bilər. Bu halda ortaya əsaslı suallar çıxacaq: regionlardan birinə xüsusi status verilirsə, digər regionlar nədən eyni statusu əldə edə bilməzlər? Xüsusi status kimə verilir? Bütünlükdə Donetsk və Luqansk regionlarına, yoxsa yalnız işğal altındakı zonalara? Xüsusi hüquqlar kimə verilir? Bu regionları kim təmsil edəcək? Separatçı qruplar arasında öz aralarında düşmənçilik edənlər var, səhra komandirləri, Rusiya vətəndaşları və sair var.
Bir məqamı qeyd etmək vacibdir ki, Rusiya Krımdan fərqli olaraq, Donetsk və Luqanskın işğalında maraqlı deyil. Moskva bu regionların Ukraynanın tərkibində qalmasını istəyir. Bu, Rusiyanın müharibədən dağılmış bu bölgələrin dirçəldilməsinə iqtisadi imkanlarının olmaması ilə bağlıdır. Donbasın sosial-iqtisadi problemlərini Ukraynanın üzərinə qoymaqla Moskva, eyni zamanda istəyir ki, ukraynanın bu hissəsi Kiyevin qəbul etdiyi qərarlara müəyyən veto hüququ qazansın. Rusiya Ukraynanın cənub-şərq regionlarının işğal altında olan bölgələr statusu daşımasını yox, muxtariyyət statusu ilə qalmasını istəyir. Bu halda həmin muxtariyyatlar vasitəsilə Kiyevin Avropa İttifaqına və NATO-ya üzvlük kimi qərarlarının qarşısını almaq mümkün olacaq. Başqa sözlə, onlar Ukrayna ərazisində Rusiya tərəfindən idarə olunan ərazilər olacaqlar. Daha bir vacib məqam - Donetsk və Luqansk muxtariyyət əldə etməklə, Ukraynanın həmsərhəd bölgələrində separatizmin yayılması üçün əlverişli məkana çevriləcəklər. Bu, Moskvanı daha çox maraqlandırır. Söhbət, ilk növbədə, Xarkovdan, Dnepropetrovskdan, Zaporojetsdən, Nikolayevskdən, Hersonskdan gedir.
Bizə məlumdur ki, bu bölgələrdə separatçılığın yayılması istiqamətində fəal iş aparılır, separatçı hərəkatlara ciddi dəstək verilir. Ukrayna hökuməti əlində olan imkanlardan istifadə edərək, belə halların qarşısını almağa çalışır. Təəssüf ki, Minskdə imzalanmış protokolun məzmunu uzun müddət ictimaiyyətdən gizlədilib. Oradakı ziddiyyətlər Ukraynanın şərqində Dnestryanı və Dağlıq Qarabağ münaqişələri kimi problemin yaranmasına aparıb çıxara bilər. Bəlkə də bu, uzun illər ərzində "dondurulmuş qalacaq" münaqişələr olacaq. Əldə olunmuş barışıq çox etibarsızdır.
- Güman ki, Kiyev "xüsusi status"da separatçılara şaquli münasibətlər təklif edir...
- Hələlik bu regionların necə idarə olunacağı ilə bağlı aydın mexanizm yoxdur. Böyük ehtimalla, Ukrayna hökuməti onlarla şaquli münasibətlər qurmağa çalışacaq. Bəlkə də Kiyev regionların bərpası üçün oraya vəsait yönəldəcək, regionlar isə büdcəyə heç nə ödəməyəcəklər. Düşünürəm ki, razılaşma prosesi çox ağrılı keçəcək.
- Bəs "xüsusi status"lu regionlara görə məsuliyyəti kim öz üzərinə götürəcək? Prezident, parlament, yoxsa ümumxalq referendumu keçiriləcək?
- Ukraynanın ərazi quruluşu məsələsi Ali Radanın səlahiyyətlərinə aid deyil. Ümumukrayna referendumu da keçirilməyəcək, çünki bu, Poroşenko hakimiyyətinə qarşı mənfi reaksiyalara səbəb olacaq. Krımda olduğu kimi, Donetsk və Luqanskda da silahlıların təzyiqi ilə psevdoreferendumlar keçirilib. Prezident Poroşenko, çətin ki, bu sənədi imzalamaq istəsin. Çünki bu halda o, bütün mümkün fəsadlara görə məsuliyyəti öz üzərinə götürməli olacaq. Güman ki, məsələni parlamentlə razılaşdırmağa çalışacaq. Amma parlamentarilər də özlərini təhlükə altına qoymaq istəməyəcəklər və qanun layihəsi iflasa uğrayacaq. Bunun ardınca yeni qarşıdurma, yeni hərbi əməliyyatlar başlayacaq.
Belə hallar artıq olub. Məsələn, Rusiya Moldovaya Kozak memorandumunu zorla qəbul etdirməyə çalışırdı. Orada söhbət Dnestryanı münaqişənin Moldovanın federallaşdırılması yolu ilə həllindən gedirdi. Bu sənəd Dnestryanı bölgəyə muxtariyyət statusunun verilməsini, Moldovanın silahsızlaşdırılmasını, Moldova ərazisinə Rusiya hərbçilərinin yerləşdirilməsini və s. nəzərdə tuturdu. Kozak memorandumu imzalansa da, ona əməl edilmədi. Donbasla bağlı razılaşmada belə variantın ortaya çıxması mümkündür. Nəticədə, münaqişə "dondurulmuş" mərhələyə keçir, Kiyevin xarici siyasəti qərarından asılı olaraq o, ya fəallaşır, ya da yenidən "dondurulur". Dağlıq Qarabağda, Abxaziyada və digər bölgələrdə, təxminən, eyni vəziyyətdir.
- Avqustun sonlarında Poroşenko Ukraynanın xarici təcavüzə məruz qaldığını bəyan etsə də, belə hallarda olduğu kimi, ölkədə hərbi vəziyyət elan olunmadı...
- Həqiqətən də prezident Poroşenko Ukraynanın Rusiya tərəfindən təcavüzə məruz qaldığını bəyan edirdisə, hərbi vəziyyət elan olunmalı idi. Amma digər yandan, bu halda Rusiyanın əlindən kozırı düşəcəkdi. Bu halda Moskvanın Ukraynaya nə hərbi kontingent yeritməsinə və Kiyevə doğru hücumlara başlamasına heç nə mane olmayacaqdı. Ukraynada ictimai rəy iki yerə bölünmüşdü - hərbi vəziyyət elan olunmasının tərəfdarları və əleyhdarları. Fikrimcə, münaqişə zonasında hərbi vəziyyət elan olunmalı idi. Üstəlik, Mariupol rayonunda artıq hərbi vəziyyətin ayrı-ayrı elementləri müşahidə olunurdu: hərəkət məhdudlaşdırılmışdı, komendant saatı elan olunmuşdu və s. Bütün bunların Luqansk və Donetskdə də təkrarlanması vacib idi. Təəssüf ki, Ukrayna hökumətində fövqəladə vəziyyətlərə dair qərar qəbul etmək iqtidarında olan şəxslər azdır. Üstəlik, növbədənkənar parlament seçkisinin keçiriləcək olması ölkədə hərbi vəziyyətin elan olunmasına imkan vermir. Əksər siyasətçilər elektoratın fövqəladə vəziyyətin elan olunmasına mənfi münasibət göstərəcəyindən ehtiyatlanırlar.
- Bəs parlament seçkisi hadisələrin gedişinə necə təsir göstərəcək? Ukraynalı siyasətçilərin şərhlərindən belə çıxır ki, yeni Radanın seçilməsi, az qala, ölkənin şərqində suverenliyin bərpasının əsas şərtidir.
- Problem ondadır ki, hazırkı parlament özündə Ukrayna cəmiyyətinin strukturunu qətiyyən əks etdirmir. Orada yerlərin 50%-ni Regionlar Partiyasının üzvləri tutur. Sosioloji sorğular isə bu partiyanı əhalinin cəmi 2%-nin dəstəklədiyini göstərir. Avromaydandan və Yanukoviçin ölkədən qaçışından sonra parlamentdəki deputatların çoxu artıq heç bir qüvvəni təmsil etmir. Bu üzdən də parlament seçkisi lazımdır.
Bəs antiterror əməliyyatlarının həyata keçirildiyi bir vaxtda parlament seçkisinə ehtiyac varmı? Bu, başqa məsələdir. Ukraynadakı hazırkı ağır dönəmdə parlamentə ehtiyac var. Hazırkı Rada vacib siyasi, iqtisadi və hərbi qərarlar qəbul etmək iqtidarında deyil.
BİZİM ARAYIŞ
*Qorşenin İnstitutu müstəqil, qeyri-kommersiya analitik-araşdırma mərkəzidir. O, Ukraynada və dünyada baş verən ictimai və siyasi proseslərin öyrənilməsi ilə məşğuldur
MƏSLƏHƏT GÖR: