
İLK MEDAL VƏ İLK LİSENZİYA
Yelena Vistropova: “London olimpiadasının qəhrəmanlarından birinə çevrilmək istəyirəm”
Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
Azərbaycan boksçusu Yelena Vistropova Çin Xalq Respublikasının Quançjao şəhərində keçirilən Dünya Çempionatında finala vəsiqə qazanmaqla London Yay Olimpiya Oyunlarına lisenziya əldə etdi. Bu, ölkəmizin Olimpiadaya əldə etdiyi 52-ci lisenziya oldu. Yarımfinalda İsveç idmançısı Anna Laurellini məğlub edən təmsilçimiz finalda uduzsa belə, adını Azərbaycan idman tarixinə yazdı. Vistropova medal qazanan ilk qadın boksçumuz olmaqla yanaşı, Olimpiadaya vəsiqəyə layiq görülməklə də ilkə imza atdı.
Çindən Bakıya qayıdandan sonra Yelena Vistropovayla görüşmək qərarına gəldik. Müsahibə zamanı xanım boksçu Dünya Çempionatındakı uğurundan, eləcə də Olimpiadada medal qazanmaq şansından danışdı.
- Sizi artıq Olimpiya Oyunlarının iştirakçısı kimi təbrik etmək olar. İlk təəssüratlarınızı bilmək istərdik...
- O qədər həyəcanlıyam ki, fikirlərimi ifadə etməkdə çətinlik çəkirəm. Bir qədər inanılmaz olsa da, məqsədimizə çatdıq. Olimpiadaya lisenziya qazanmaq üçün uzun yol keçdik. Çətinliklərimiz az olmadı. Təlim-məşq toplanışları, ağıq məşq-lər. Sevinirəm ki, əziyyətimiz hədər getmədi. Sizinlə artıq Olimpiya komandasının üzvü kimi danışıram. Milli komandaya cəlb olunanda Olimpiadaya getmək istədiyimi bildirmişdim. Başa düşürdüm ki, çətindir. Gərgin məşqlərdən sonra, Londona gedəcəyimi hiss etmişdim. İndi artıq buna nail olduq.
- Finala kimi irəliləmək üçün dörd döyüş keçirdiniz. Ən çətin görüşünüz, yəqin ki, yarımfinal oldu. Çünki bu görüşdə qələbə sizə lisenziya verirdi...
- Hər hansı bir görüşümü fərqləndirmək istəmizdim. Bu, Olimpiya Oyunlarına vəsiqə verən Dünya Çempionatı idi. Belə yarışlarda zəif rəqib olmur. Lisenziya uğrunda isveçli rəqiblə görüş çox maraqlı oldu. 4-cü raundda rəqibi nokdauna salsam da, sonda cəmi 1 xal fərqlə qalib gəldim. Hansı hesabla qalib gəlməyim mənim üçün o qədər vacib deyil. Əsas qələbə qazanmaqdır. Etiraf edim ki, məşqçimlə isveçli rəqibin döyüşlərinə baxmışdıq. Onun hansı üslubda döyüşdüyünü bilirdim. O, irəli atılmağı xoşlayan, daim hücum etməyi sevən boksçudur. Ona görə əks-hücuma üstünlük verdim. İsveçli xanım belə döyüş gözləmirdi.
- Mötəbər yarışda gümüş medal qazanmaqla Azərbaycana medal gətirən ilk qadın boksçu oldunuz. Bunu bilirdiniz?
- Düzü, bilmirdim. Sonradan məşqçilər dedi. Çox sevinirəm ki, tarixə düşdüm. Lisenziyaya qədər bütün fikrim rəqiblərdə idi. Yalnız finala vəsiqə qazanandan sonra bu barədə düşünə bildim.
- Finalda məğlub olmağınızın səbəbi nədir? Bəlkə lisenziya qazanandan sonra arxayınlıq yarandı?
- Finala kimi irəliləyib həlledici görüşdə uduzmaq istəməzdim. Azərbaycana qadın boksunda ilk dünya çempionunu bəxş etmək istəyirdim. Qızıl medal uğrunda rəqibim İngiltərə idmançısı oldu. Ondan zəif deyildim, sadəcə, belə alındı. Bir idmançı kimi hakimlər barədə danışmaq istəməzdim. Ona görə döyüşə baxanlar hər şeyi gördülər. Səbəb aydın oldu.
- Londonda rəqabət daha güclü olacaq...
- Olimpiya Oyunları tamamilə fərqli yarışdır. Orada zəif rəqib olmur. Planetin ən güclüləri bu yarışa vəsiqə qazanır. İndidən bu haqda danışmaq tezdir. Bəzən elə gözlənilməz rəqiblərdən ciddi müqavimət görürsən ki, bütün proqnozlar alt-üst olur. Azərbaycanı Londonda layiqincə təmsil etməyə çalışacağam. Axı bu həm də tarixi yarışdır. Qadın boksu ilk dəfə Olimpiya Oyunlarının proqramına daxil edilib. Mən də bu tarixi hadisənin qəhrəmanlarından birinə çevrilmək üçün əlimdəm gələni edəcəyəm.
- Ölkəmiz Londona 52 lisenziya qazanıb. Olimpiya komandasının üzvləriylə tanışsınız?
- Tanış deyiləm. Yəqin, Londonda olduğumuz müddətdə ünsiyyət yaratmağa imkan olacaq. Orada bir-birimizə dəstək olarıq. Azərbaycan kişi boksçularının Londona 7 lisenziya qazanması yaxşı haldır. Boksçularımız güclüdür. Məhəmmədrəsul Məcidovdan, eləcə də Teymur Məmmədovdan uğur gözləyirəm. Ümumiyyətlə, hər bir idmançımız Londona medal üçün yollanacaq. İstərdim ki, boksçularımız daha çox medal qazansınlar. Təbii ki, mən də olanların arasında olum.
- Başqa hansı idman növlərindən medal gözləyirsiniz?
- Olimpiada böyük idman bayramıdır. Bu bayramın hər bir iştirakçısı qalib olmaq istəyir. Fikrimcə, güləş, boks, cüdo, avarçəkmədə medallar olacaq. Xüsusilə güləşi qeyd etmək istərdim. Bu idman növü Azərbaycanda çox sevilir. Sizin Rövşən Bayramov kimi güclü idmançınız var. Həm də cüdoda Elnur Məmmədliyə inanıram. O, yenə azarkeşləri sevindirmək imkanına malikdir.
MƏSLƏHƏT GÖR: